24.02.2017, 13:55 - Baxış sayı: 1007

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat verib.
Xocalı soyqırımı ilə bağlı faktların hüquqi, sosioloji və humanitar aspektdən araşdırıldığını söyləyən İ.Məmmədzadə bu istiqamətdə analitik, publisistik, elmi yazılara daha çox yer ayırmağın vacibliyini önə çəkərək faciənin beynəlxalq aləmdə tanıdılması üçün xarici dillərdə kitab və məqalələrin çapının artırılmasının zəruriliyini vurğulayıb. İ.Məmmədzadə qeyd edib ki, bu məqsədlə rus və ingilis dillərində daha çox kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar səslənməlidir.
İnstitutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli Xocalı faciəsinin bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu bildirib: “Xocalıda törədilən bu soyqırımı vəhşiliyin görünməmiş bir təzahürüdür. Həmin tarixdən 25 il ötsə də, kədərli faciənin ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsi bir daha yad edilir, tarixi olaylara yenidən nəzər salınır”.
Daha sonra fəlsəfə üzrə elmlər doktorları Xatirə Quliyeva, Fizuli Qurbanov, sosiologiya üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, elmi işçi Yasəmən Qaraqoyunlu çıxış edərək erməni silahlı qüvvələrinin qəddar əməllərindən, Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən söz açıblar.