24.12.2020, 12:47 - Baxış sayı: 530

Azərbaycan-Bolqarıstan elmi-mədəni əlaqələri: mövcud vəziyyət və perspektivlər


Turana qılıncdan daha kəskin, daha ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Hüseyn Cavid

Bu günlərdə Bolqarıstan Elmlər Akademiyasının təşəbbüsü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illiyinə həsr olunmuş onlayn rejimdə beynəlxalq elmi konfrans keçirilib.Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə dərin və geniş elmi əlaqələrə malikdir, hələ SSRİ dövründən institutun bir qrup alimi Varna şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.
Azərbaycan və Bolqarıstanı birləşdirən ümumi mədəni, iqtisadi, ictimai-siyasi və sosial əlaqələrin mövcudluğu hələ XIV-XV əsrlərdən məlumdur. Tarixin müxtəlif dövrlərində həm Bolqar çarlığı, həm də Azərbaycan gah Monqol imperiyasının, gah Əmir Teymur dövlətinin, gah da Osmanlı imperiyasının, ən yenitarixdə isə Rus imperiyasının tərkibinə daxil olduqları üçün ortaq dini-mədəni və sosial iqtisadi əlaqələr qurmuşdular. Qeyd etmək lazımdır ki, sufiliyin ən geniş yayılmış və çoxsaylı qollara malik təriqətlərindən biri olan xəlvətilik, əslən Azərbaycandan olan mütəsəvvif və xəlvətiyyə təriqətinin qurucusu Seyid Yəhya Şirvaninin (Bakuvi) Osmanlı imperiyasının Balkan,o cümlədən Bolqarıstan fəthləri ilə sürətli bir şəkildə bu ərazilərdə də yayılmağa başladı. Maraqlı bir fakta da toxunmaq istərdik: Əsası Fəzlullah Nəimi (Astarabadi) - (1340-1394) tərəfindən qoyulan hürufilik islam dünyasında kəskin tənqidlərlə üzləşdikdən sonra öz yaşamını məhz Balkanlarda davam etdirə bilmişdir.
Yeni yüzilliyin əvvəllərindən bu əlaqələr daha dinamik xarakter kəsb etmişdir. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bolqarıstanın Sofiya Universitetində 2014-2015-ci illərdə “Şərq dillərinin öyrənilməsi mərkəzində” Azərbaycan multikulturalizminin öyrənilməsi kursları təşkil edilmişdir.
Bununla əlaqədar konfrans iştirakçısı olan professor Boqdana Todorova öz çıxışında multikulturalizm məsələsinə toxunaraq qeyd etdi ki, Avropadan fərqli olaraq Azərbaycanda multikulturalizm özünə fəal bir model tapmışdır.Onun fikrincə,Azərbaycanda filosofun yeri və rolu multikulturalizmə bağlıdır.Filosoflar multikulturalizmdə xüsusi humanist məzmun aşkara çıxarmaq üçün onun əsas məğzini təhlildən keçirməlidirlər. O, professorİlham Məmmədzadəyə istinad edərək qeyd etdi ki,”ənənəvi şüur və mədəniyyətin dərk olunmasının mövcud olduğu ölkədə filosof üçün yalnız özgə mədəniyyətlər deyil, eyni zamanda çagdaş müasir şüur istiqamətində də irəliləmək zəruridir.Bu işin öhdəsindən yeni məna və obrazların, o cümlədən müasir filosof və fəlsəfə obrazının yaradılması vasitəsi ilə gəlmək olar. Fəlsəfə - bu cür rasionallıq və mənəviyyatın özünəməxsus bir vəhdətidir.”
2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo inzibati ərazisində yerləşən “Trapezitsa” muzey-qoruğu bərpa edilmişdir. Eyni zamanda fond tərəfindən 158 metrlik Cənub Divarının, 880 metrlik turist xiyabanının, Milli İrs Mərkəzinin və 3 orta əsr kilsəsinin bərpasına da maddi dəstək göstərilmişdir.
13 oktyabr 2017-ci il tarixində Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfəri zamanı iki ölkə rəhbərliyi arasında bu əlaqələrin, ələlxüsus da iqtisadi və ticari əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılması haqqında razılıq əldə olunmuşdur.
20 sentyabr 2018-ci il tarixində Azərbaycan Parlamentinin 100 illiyi münasibəti ilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfər edən Bolqarıstan Milli Assambleyasının Sədri xanım Sveta Karayançeva Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib.
2017-ci ildə AMEA və BEA arasında imzalanmış birgə memorandumla «Qaradəniz və Xəzər dənizi regionlarının mədəni irsinin öyrənilməsi» məqsədi ilə layihə təsdiq edilmişdir. Layihəyə əsasən hər iki tərəf bir məqsəd kimi əməkdaşlığın yeni mərhələsinə və fənlərarası mübadiləyə başlamaq qərarınagəlmişlər. Bu layihənin məqsədi milli identiklik, mədəni müxtəliflik və mədəni irsin tədqiqi, Azərbaycan və Bolqarıstanın timsalında demokratikləşmə prosesinin izlənilməsidir.Oxşar regional tədqiqatlar da elmi nəzəriyyəni zənginləşdirir. Qeyd edilməlidir ki, adı çəkilən layihə ümumavropa məkanında birincidir. Layihənin həyata keçirilməsini stimullaşdıran birfaktor da onun icrasına digər Avrova ölkələrinin cəlb edilməsinin mümkünlüyüdür.Təbii ki, bu beynəlxalq aləmdə yeni əməkdaşlığın yaranmasına da təkan verməlidir. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın açılış mərasimində çıxış edərək bildirib ki, keçən yüzilliyə nəzər saldıqda məlum olur ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu fəlsəfə, tarix, etika və estetika, sosiologiya sahəsində böyük nailiyyətlər əldə etmişdir.
“Mədəniyyətlərarası dialoqda qarşılıqlı anlaşmaya necə nail olmalı?”,“Mədəniyyətlər dialoqunun əsasını nə təşkil edir?” kimi suallar ətrafında diskussiyalar konfrans iştirakçılarının maraq mərkəzində idi.Hər bir insana gərək olduğu kimi, istənilən mədəniyyətin də yaşaması və inkişafı üçün ünsiyyət, dialoq və qarşılıqlı fəaliyyət gərəkdir. Mədəniyyətlərin dialoqu ideyası mədəniyyətlərin bir-birinə açıq olmasını nəzərdə tutur. Ancaq bu bir sıra şərtlərin yerinə yetirilməsi ilə mümkündür: bütün mədəniyyətlərin bərabərliyi, hər bir mədəniyyətin başqalarınadan fərqlənmək hüququnun tanınması, yad mədəniyyətlərə hörmət.
İş ondadır ki, yad mədəniyyət özünü yalnız digər mədəniyyətə nəzərən daha bütöv və dərindən göstərə bilir (ancaq bütün tamlığı ilə yox, çünki onun yerinə daha çoxunu görüb anlayacaq mədəniyyətlər gələcəkdir). Bir məna o biri ilə təmas edərək öz ənginliklərini aşkarlayır: onların arasında sanki bu anlamların, mədəniyyətlərin qapalılığını dəf edən bir dialoq başlanır... İki mədəniyyətin bu cür dialoji görüşü zamanı onlar nəinki qaynayıb-qovuşmur,əksinə, hər biri vəhdət və aşkar bütövlüyünü qoruyub saxlayır, həmçinin qarşılıqlı zənginləşirlər.
Qeyd etmək yerinə düşər ki, qloballaşma şəraitində bütün mədəniyyətlərin qarşılıqlı fəaliyyəti ilə bağlı nə varsa, müasir dünyanın ən aktual problemlərində öz əksini tapmışdır. Qloballaşma prosesi hökmranlıq və tabeçilik prinsipləri üzərində bərqərar olan iyerarxik münasibətlər sistemindən demokratiya, plüralizm və tolerantlıq prinsiplərinə əsaslanan münasibətlər sisteminə keçidi nəzərdə tutur. Lakin qloballaşmanın bir sıra ilkin şərtləri də vardır ki, bunlar mədəniyyətlər dialoqunu çətinləşdirir: dünyanın getdikcə artan müxtəlifliyi, dünyanın yüksəlməkdə olan qütbləşməsi, dini təməlçilik və davakar millətçiliyin güclənməsi, yeni şəraitdə mövcud sosial institutların hər hansı bir etnik mədəniyyəti müdafiə edə bilməməsi. Buna görə də şəxsi maraqların yalnız digərinin maraqlarını nəzərə almaqla qane edilə biləcəyinin dərkini nəzərdə tutan konsensusa tələbat yaranır.
Əlbəttə, özünün bütün unikallığı və özünəməxsusluğu ilə istənilən milli mədəniyyət uzunmüddətli bir inkişafın nəticəsidir.Və yalnız onun hansı bir mərhələsindəsə, o müxtəlif mədəniyyət, din və etnosların təzadlı, lakin yenə də qarşılıqlı fəaliyyət və kəsişmə prosesi kimi qəbul edilməyə başlayır. Tarixən, bizim ənənələrə, həyat tərzinə və inanclarımıza mədəniyyətlərin və uzaq keçmişdə ölkəyə yayılan atəşpərəstlik, xaçpərəstlik və müsəlmanlıq kimi müxtəlif dinlərin ənənələrinin dialoq və ənənələri hökm edir.Belə bir düşüncə qaynaqlarına müraciət Azərbaycan tolerantlıq modelinin spesifikasını görməyə və mədəniyyətlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyətini, eyni zamanda da bu və ya digər ölkənin və mədəniyyətin mədəni müxtəlifliyində ümumi olanı etiraf etməyə imkan verir, - deyərək, İ.Məmmədzadə öz çıxışında bildirdi.Mübahisəsizdir ki, fəlsəfə millətin özünüdərki, milli identiklik, tarixi və mədəni irsiliyin qorunub saxlanması ilə möhkəm bağlıdır, ancaq o həm də milli mədəniyyətə inkişaf və mənəvi zənginləşmə üçün digər fəlsəfə və mədəniyyətin təcrübəsini gətirə bilər.
Bəs biz mədəniyyətlərin qarşılıqlı fəaliyyətini necə görürük? Çoxları üçün bu proses təhlükəsizlik və bu proseslərə nəzarətlə bağlıdır. Mədəniyyətlərin qarşılıqlı fəaliyyəti təhlükəli də ola bilər, çünki o mədəniyyətin siyasi, hərbi, iqtisadi və hətta mədəni (mədəni imperializm) məqsədlərlə istifadəsinin üstündən xətt çəkmir. Ancaq o olmasa, mədəniyyət də inkişaf edə bilməz, bunu isə yalnız bu və ya digər mədəniyyətin keçmişdə necə qarşılıqlı fəaliyyət göstərdiyinin, indi necə fəaliyyət göstərdiyinin və inkişafının fəlsəfəsi və təhlilinin köməyi ilə sübut etmək olar.
Qlobal ictimaiyyətin siyasi, iqtisadi və mədəni münasibətlərində hələ ki, bircürlük meyli üstündür. Unifikasiya istehlak strukturu və formalarını, həyat tərzini, bədii zövq və tərcihləri ehtiva edir. Kütləvi informasiya vasitələrinin (televiziya, sosial şəbəkələr) yayımladığı verilişlər heç birsərhəd tanımır, “turizm bumu”, vahid kompüter proqramları və vahid kommunikasiya dili isə, yavaşca da olsa, yerli mədəni ənənələri aşındırmaq üzrədir.Qərb tipli kütləvi istehlak mədəniyyəti,“universallıq” və tələbat taparaq bütün ölkələr üzrə yayılır. “Yad” mədəniyyətlərlə təmasların artması identikliyin mürəkkəbləşməsinə aparır və insanın şəxsiyyətindən asılı olaraq ya başqa dünya mənzərələri ilə “məhdudlaşma”, ya da məqbul sayıla biləcək norma, tərz və üslubların qəbul edilməsi baş verir.
Konfrans iştirakçılarının ümumi rəyincə, insan yad mədəniyyətlərin zəruri elementlərini elə seçib götürməyi öyrənməlidir ki, bu onun fərdi və etnomədəni(lokal) identikliyinə xələl gətirməsin. Mədəni müxtəliflik isə insanın özünüdərkinin vacib şərtidir: o,nə qədər mədəniyyət tanısa, nə qədər ölkə gəzsə, nə qədər dil öyrənsə, özünü bir o qədər yaxşı başa düşəcək və onun mənəvi dünyası da bir o qədər zəngin olacaq.Mədəniyyətlərin dialoqu tolerantlıq, hörmət, qarşılıqlı yardım, mərhəmət kimi dəyərlərin formalaşdırılması və möhkəmləndirilməsinin ilkin şərtidir. Mədəniyyətlərarası ünsiyyətdə tolerant yanaşma o deməkdir ki, fərd və ya qrupun bu və ya digər mədəni xüsusiyyətləri yalnız çoxsaylı xüsusiyyətlərdən ancaq biridir və onlar yerdə qalanların hamısını özünə tabe edə bilməz və o fərqlərin qorunub saxlanılmasının bir şərti, fərqlənmək, oxşamamaq hüququ kimi çıxış edir.Belə bir yanaşmada yad mədəniyyətin qavranılması yad mədəniyyət elementlərinin öz mədəniyyətinin oxşar elementləri ilə eyni vaxtda rasional və hissi-emosional əsasda müqayisəsilə baş verir. İnsanın hissləri onun anlayışına ya güc verir, ya da mane olur, onuməhdudlaşdırır.Bu qarşılaşdırmada yad mədəniyyət aləminin mənimsənilməsi baş verir.Xalqın öz milli mənsubiyyətini aşkar etməsi isə yalnız mədəniyyətlərin qarşılıqlı fəaliyyəti ilə baş verə bilər ki, bundan ötrü də ən vacibimüxtəlif etnik vahidlərin özünədəyər, bərabərhüquqlu ortaqlar kimi çıxış etdiyi mədəniyyətlərarası dialoqdur.
BEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Albena Nakova elmi əlaqələrin icmalınıyekunlaşdıraraq qeyd etdi ki, layihə üzrə Sofiya və Bakı,Varna və yenidən Sofiyada dörd beynəlxalq konfrans keçirilmiş,Bolqarıstanın “Postmodernism Problems“, Serbiyanın«Geopolitics in the Black Sea Region – tendencies and challenges“və Azərbaycanın “Scientific Works» adlıelmi nəşrlərində 21 məqalə dərc edilmişdir.
Qaradəniz və Xəzər dənizi regionlarında sosial-humanitar və mədəni irsin öyrənilməsinin gələcək perspektivləri mövcud vəziyyətin dəqiq qiymətləndirilməsindən və mümkün istiqamətlərin hərtərəfli inkişafından asılıdır. Ümidvarıq ki, Azərbaycan və Bolqarıstanın müvafiq strukturları, alim və mədəniyyət xadimləri bu işə öz layiqli töhfəsini verəcəklər.

Dr.Zöhrə Əliyeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Beynəlxalq əlaqələr şöbəsinin müdiri