31.12.2020, 19:01 - Baxış sayı: 705

31 dekabr tarixi dünya azərbaycanlılarının birliyinin carçısıdır!


Günel Məlikli,
Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru,
AMEA YAP İdarə heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri


Milli günlər və bayramlar xalqın yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günün şәrәfinə qəbul edilir. Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünəinam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur.
31 dekabrda millətimizin varlığının, qüdrətinin mühüm günü olan Dünya Azәrbaycanlılarının Hәmrәyliyi gününü keçiririk, həm də yeni 2021-ci ili qarşılayırıq.
Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayaraq, bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.
Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür!
Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür!
Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır!
Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etdi.
Beləliklə, 1992-ci ilin 31 dekabrından Dünya Azərbaycanlılarının Həmrəyliyi günü bayram olaraq qeyd edilir.
Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir"
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi.
"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir.
Dünya azərbaycanlıları üçün vidalaşdığımız 2020-ci il ümumilikdə uğurlu il olmuşdur.
Mən də hər bir gənc kimi çox sevinir, yeni ilə hazırlaşır, özümü ilk öncə azərbaycanlı olduğum üçün çox xoşbəxt sayıram. Biz əldə etdiyimiz bu uğurlarımzı ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, xilaskar qəhrəman lider, möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq.
Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” – deyərək, ictimai fəaliyyətə başlayan dövlət başçımızın hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Prezident İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Heydər Əliyevin strateji xəttini yaradıcı şəkildə davam etdirərək, Azərbaycanın qloballaşan dünyada layiq olduğu yerini möhkəmləndirmək üçün ölkənin iqtisadi potensialını intellektual kapitala çevirmək istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. İlham Əliyevin Prezident kimi fəaliyyətinin 17-ci ilində Azərbaycanın keyfiyyətcə tam yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur.
Onun dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü, müasir Azərbaycandır.
Prezident İlham Əliyevin inkişaf strategiyasının, onun idarə etdiyi dövlətin yeni siyasətinin və prioritet təşkil edən milli layihələrin əsas mahiyyəti bundan ibarətdir.
Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazdı.
Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli Ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi.
Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır.
Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
Qarabağ hamımızındır! Qarabağ bizimdir!
Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyev çıxışında qeyd etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bu yerdə ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətindəki “ona özüm qədər inanıram” inamını ifadə edən Ulu Öndərin ruhu qarşısında müzəffər Ali Baş Komandan hesabatını verdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
"Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.
Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə iqtisadiyyatını yenidən qaldırmaq, inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır.
2021-ci ildə də qarşıya qoyulan məqsədlərə cənab Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində uğurla nail olunacaq.

"İkisahil.com"