31.12.2020, 19:04 - Baxış sayı: 1200

Nəriman Nərimanovun dünyagörüşü


Əlikram Tağıyev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Məntiq”
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor


Azərbaycanın ictimai-siyasi həyatında və fikir tarixində özünəməxsus yer tutan N.Nərimanovun zəngin ideya-nəzəri irsi ətrafında bu gün ciddi polemikalar gedir. Bu mübahisələrdə iştirak edən qələm əhlini əslində üç yerə bölmək olar:
1. N.Nərimanovu tam qəbul edənlər;
2. N.Nərimanovun mənfi və müsbət cəhətlərini təhlil etmək əsasında onun obyektiv qiymətini verənlər;
3. Ümumiyyətlə, N.Nərimanovda heç bir müsbət cəhət görməyib onu qəbul etməyənlər.
Əslində, bu üçüncüləri ictimai-siyasi fikrimizə münasibətdə ideoloji təxribatçılar da adlandırmaq olar. Məsələ burasındadır ki, belə adamların fəaliyyəti hazırki böhranlı şəraitdə ideoloji mübarizənin bir qolunu da daxilə yönəltmək zərurəti yaratmışdır. Daha aydın desək, elm və mədəniyyət sahəsində bu bir qrup adamın fəaliyyəti getdikcə daha çox narahatçılıq doğurur, çünki onlar millətin ideyasına və şüuruna hakim kəsilmək uğrunda mübarizə aparır, xalqın məfkurəsini düzgün yoldan sapdırmağa çalışırlar. Belə adamlar real tarixi hadisələrə və şəxsiyyətlərə qiymət verilməsi məsələsində də dolaşıqlıq yaratmaq, yaranmış vəziyyətdən yarınmağa və hətta böyük-böyük şəxsiyyətlərimizin özlərinə belə böhtan atmağa, onları ləkələməyə, onların ictimai-siyasi fikir tariximizidə oynadıqları rolu qaralamağa səy göstərirlər. Bu yeni diletant-ideoloqlar mədəniyyət tariximizdə özlərinə məxsus yeri olan A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundov, N.Nərimanov. S.Vurğun və onlarla başqaları haqqında yerinə düşməyən sözlər və ifadələr işlədir, onları ruslara və sovetlərə “xidmət etdiklərinə görə” qınayır və xalqda onlara qarşı etimadsızlıq yaratmağa çalışırlar. Əgər millətə “Kimə və nəyə xidmət etmək” pizmasında yanaşmalı olsaq onda açıq deməliyik ki, biz çoxlarına “xidmət göstərmişik”. Məsələn, onda gərək Azərbaycana işğalçı kimi gəlmiş Monqol-hülakilərin sarayında çalışan bir sıra alimlərimizi, eləcə də məsələn Nəsrəddin Tusini də tarixin arxivlərində elə gizləyək ki,əsərləri işıq üzü görməsin. Azərbaycan özünün keçdiyi uzun tarixi inkişaf yolunda müxtəlif istilaçılarla üzləşmiş, onlar burada ya yerli xalqla qaynayıb qarışmış, ya da çıxıb getməli olmuşlar. Bu mütəfəkkirlər və siyasətçilər onlarla xalq arasında bir növ körpü yaratmış, xalqın dərd-sərinə şərik olmuş, ona əl tutmuş, böyük-böyük qırğınların və bəlaların qarşısını almağa çalışmışlar. Necə ki, S.Vurğun, M.P.Vaqifin dili ilə dostu Vidadinin onun sarayda qulluq etdiyinə görə məzəmmətinə cavabən demişdi:
Mən orda olmasam qar çıxar dizə,
Quşlar da ağlayar ellərimizə
Yaxud elə N.Nərimanovun dediyi kimi, o Bakıya gələnədək “hər yanı güllələyirdilər, hamını tutub damlayırdılar”. Təbii ki, N.Nərimanov bütün bunların qarşısını tez bir zamanda almış, xalqın canını təhqir olunmaqdan qurtarmışdır. Tarixi şəxsiyyətlərə, mütəfəkkirlərə və eləcə də N.Nərimanova qiymət vermək üçün ondam çıxış etmək lazımdır ki, tarixi xidmətlərə qiymət verilərkən, tarixi xadimlərin müasir tələblərə nisbətən verməmiş olduqları şeylər deyil, öz sələfilərinə nisbətən vermiş olduqlari yeni şeylər əsas götürülməlidirlər. Ona diqqət yetirmək lazımdır ki, həmin mütəfəkkir hansı tarixi şəraitdə və kimlərlə birlikdə fəaliyyət göstərmişdir. Xalqın tərəqqisində onun real rolu nədən ibarət olmuşdur.
N.Nərimanov həqiqi xalq xadimi idi. O, xalqı istismarın, cəhalətin, nadanlığın, zülm və zorakılığın, bir sözlə xalq səadətinə mane olan mürtəce qüvvələrin pəncəsindən xilas etmək üçün müxtəlif mübarizə üsullarından istifadə edirdi. O, Azərbaycan xalqının milli mübarizəyə çıxmasında mühüm rol oynamışdır.
Onun iştirak etdiyi mətbuat orqanları müxtəlif sinif və təbəqələrin mənafelərini güdürdü . Məsələn, “hümmət”, “füqəra-fyüzatı”, “Bakinski raboçi”, “Tərcüman”, “Kaspi”, “Həyat”, “irşad”, “Bəsirət”, “İqbal” və s. kimi müxtəlif istiqamətli qəzetlərdə çap etdirdiyi məqalələrdə xalqı inkişafa və azadlığa, sosial tərəqqiyə çağırırdı. N.Nərimanov öz demokratik fikirlərini həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. O, xalqını elmə, təhsilə, maarifə səsləyən bir marifçi ideoloq idi. Onun maarifçilik xidmətlərindən birini də Bakıda H.Zərdabi ilə birlikdə təşkil edib keçirdikləri “Birinci müəllimlər qurultayı” idi (1906). N.Nərimanov gah teatr tamaşalarında iştirak edir, gah dərsliklər yazır, tərcümələr edir, gecə kurslarında dərs deyir və gah da xalqa savad öyrədirdi. Lakuerin yazırdı ki, N.Nərimanovda Sun yat Sen kimi kommunistlərin sol, yəni milli qanadına mənsub idi, onun məfkurəsi daha çox beynəlmiləlin milliliklə əlaqələndirilməsinə yönəldilmişdi. Beynəlmiləlçiliyə o, milli platformadan yanaşır, “öz millətini sevməyən başqasını da sevməz” deyirdi. N.Nərimanov sözsüz ki, marksist-leninçi idi. Lakin o, marksizm-leninizmi Şərq şəraitinə tətbiq etməyə, yerli Azərbaycanın milli mədəniyyət məsələlərinin həllində yerli amili nəzərə almağı lazım bilirdi. Ona görə də A.Lunaçarski onu “Şərqçi kommunist” adlandırmışdır. Qərbin bir sıra burjua alimləri N.Nərimanovu, S.Quliyevi, Xocayevi və b. “Müsəlman milli komunistləri” adlandırırdılar. Yəni onlar kommunizmin yerli islam ənənələrinə uyğun variantını tətbiq etmək istəyirdilər. S.Quliyev hətta “Müsəlman kommunist partiyasının” yaradılması tələbilə çıxış edir və C.Əfqanidən sonra “İslam sosializminin” mümkünlüyünü əsaslandırırdı. N.Nərimanovun yaşayıb fəaliyyət göstərdiyi dövr – XIX əsrin sonu XX əsrin əvvəlinci rübü hər şeydən əvvəl təbaddülat, millətlərin yaranması və inkişafı, Azərbaycan türklərinin bir millət halında yeni bir intibah dövrünün başlanması dövrü idi. Şübhəsiz ki, N.Nərimanov da zəmanənin bu zaman dəyirmanında üyüdülən problemlərindən kənarda qala bilməzdi. Dövrünün siyasi-mədəni hadisələrindən vaxtında baş çıxaran bir mütəfəkkir kimi N.Nərimanov başa düşürdü ki, millət özünün azadlıq hərəkatında yeni bir mərhələyə qədəm qoymaqdadır. Belə ki, N.Nərimanov milli məsələyə dair bir neçə məqalə yazmışdır: onlardan “Milli məsələ”, “Türküstanın ayrılması”, “Jenin və Şərq”, “Ucqarlarda İnqilabımızın tarixinə dair” Nərimanov məqaləsində milli məsələni sinfi məsələnin tərkib hissəsi kimi nəzərdən keçirmiş, onu milli zülmün aradan qaldırılması ilə əlaqələndirmişdir. N.Nərimanov yazırdı: “Bizim idealımız nəinki millətləri zülmdən xilas etməkdir, bəlkə millətləri birləşdirmək,beynəlmiləl tarixi səhifəsini açmaqdır. Bizim idealımız bütün insanları qardaş etməkdir” . O, özünün “Lenin və Şərq” məqaləsində “öz adını belə unutmuş” millət və xalqın öz tarixi hüquqlarını bərpa etmək, onların milli müstəqilliklərinin, dil və mədəniyyətlərinin azad surətdə inkişaf etdirmək hüququnun tanınması və təmin olunması zərurətini xüsusi qeyd edirdi. N.Nərimanovun milli məsələ sahəsindəki zəngin nəzəri irsinin və yorulmaz fəaliyyətinin indinin özündə də öyrənilməsinə dərin ehtiyac duyulur. Buradakı səmərəli toxumlıardan istifadə olunması, təsbit edilməsi, nümunə götürülməsi çox şeylər var və onun praktikasından bəhrələnmək olar.
N.Nərimanov “Bahadur və Sona” əsərində “Firəng dilində danışıb, Əfsərə ərə getmək” ideyası ilə yaşayan türk qızlarını tənqid edirdi. Yenə də həmin əsərində N.Nərimanov ədəbi dildə ərəb-fars tərkiblərini işlədənlərə işarə edərək yazırdı: “Bizim əhli-qələm fikirlərini bir yerə qoyublar ki, inşalarını həmişə fəsahət, bəlağətlə yazsınlar, çünki sadə türk dili ilə yazanları nadan hesab edirdilər”.
N.Nərimanov da “Molla Nəsrdəddin”çilər kimi bədii danışıq dilinin təbiiliyini, canlılığnı, əlvanlığını saxlamaq tərəfdarı idi. O, xalqdan gələn sözləri çox cürətlə ədəbi dilə, əsərlərinə daxil edirdi. O, Azərbaycan ədəbi dilini canlı xalq danışıq dili əsasında formalaşdırmağa çalışırdı. Bu mənada o da Molla Nəsrəddinçilər kimi “ Türkün təmiz ana dilində” yazmağı tövsiyə edirdi. “Bu gün” məqaləsində yazırdı: “Ana dili nə qədər rəfiq, nə qədər ali, hissiyatlı-qəlbiyyə oyandıran bir kəlmə. Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə. Ana dili. Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madərisinisənsə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhunun ən dərin guşələrini nəqş bağlayıbdır. Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun möhtac olduğunu məvadi o dildə tələb eləyibsən”.
N.Nərimanov dil məsələsini milli məsələnin tərkib hissəsi kimi, siyasi məsələ kimi başa düşürdü. Nərimanov bilirdi ki, çarizmin milli zülm siyasəti milli dillərin, eləcə də Azərbaycan dilinin sıxışdırılmasına və təhqir olunmasına yönəlmişdi. Ona görə də, o həmvətənlərini və bütün ziyalıları bu dili qoruyub yaşatmağa, onun keşiyində dayanmağa çağırırdı. “Məgər görmürdün?, Anlamırdın?, Yəni gözəl romanlardan hansını öz dilinə tərcümə etdin?, Hansını oxudun?, Uşaqlarımız təzhibiəxlaq və dəibə dair hansı hekayələri öz dillərində oxudular?, Keçən ilədək hansı bir dərdini ana dilində yazıb oxuyubsan? Lakin haqqı batil edə bilməyəcəklər. Analarımızın laylalarını qulaqlarımızdan çıxarmayacaqlar. İllər ilə türk dilini bir şey kimi ayaq altına atdıqları o gövhəri qiymətdən saqit etməyəcəklər. Ana dilimiz hər halda qüvvət tapacaqdır. Yeni Füzulilər, Vaqiflər, Zakirlər, Vidadilər, Seyidəzimlər meydana gələcəklər. Tolstoy, Turgenev, Qoqol, Viktor Hüqo, Zolya, Bayron, Şekspir, Şiller, Hete kimilər olmağını bilməyə öz lisanımız vasitə olacaqdır”. N.Nərimanov bu istiqamətdə öz fəaliyyətini sonralar da davam etdirmiş, ana dilinin tədrisinə xüsusi fikir vermişdir. N.Nərimanov habelə vahid ədəbi dilin formalaşması üçün də çox işlər görmüşdür. O, ədəbi dilin müxtəlif qollara və ləhcələrə bölünməsi əleyhinə çıxır, Azərbaycan milli ədəbi dilinin bir istiqamətdə inkişafına çalışırdı. Bu münasibətlə vahid ədəbi dilin “Türk-çəmbərəkəndi” nə və ya “Türki-içərişəhər”ə ayrılmasını məqbul saymırdı. N.Nərimanov yazırdı: “Bir millət özünü tanımaz isə, özü ilə qeyrisinin tərzini düşünməyə qadir olmaz isə, xüsusi məsələnin dalınca yeriş edə bilməz. Bu yolla yerinə yetməz isə ümummüqəddəs məslək nə olduğunu da düşünməz. “1922-ci ildə N.Nərimanov “Bakimski raboçi qəzetində belə yazırdı: “ Türk dili Azərbaycanda dövlət dili elan olunub və o, bu dilin hüquq və üstünlüklərindən bütünlüklə yararlanmalıdır. Heç kəs onu aradan götürə bilməz, bunu bacarmaz. Azərbaycan bildiyimiz siyasi, iqtisadi mülahizələrə uyğun olaraq özünün torpaqlarından, təbii sərvətlərindən keçə bilər, ancaq doğma dilindən keçə bilməz və o, heç kimin Azərbaycanda bu dili gözdən salmasına yol verməz.
Qoy Azərbaycanda çeşidli bəhanələrlə türk dilinə qarşı çıxanların hamısı bunu yaxşı-yaxşı bilsin”.
N.Nərimanov xalqı elmə və maarifə çağırırdı. Köhnəlmiş adətləri, cəhaləti, geriliyi kəskin tənqid edirdi. O yazırdı: “hansı millət ki, elm və mərifət dalınca düşüb, indi, bu zəmanədə xoşbəxtlik ilə gün keçirir. N.Nərimanov əlifba islahatı məsələsinə də xalqın tezliklə və elliliklə savadlanmalı işinin tərkib hissəsi kimi baxırdı.
N.Nərimanov həm də istedadlı bir müəllim idi. O, müəllimə daim xalqın və millətin tərəqqisi yolunda əzab-əziyyətlər çəkməli olan bir adam kimi baxırdı. Çalışırdı ki, millətin gələcəyi kimi yetişsinlər. Bu mənada bir sıra qərb pedaqoqlarını, eləcə də Pestalotsi kimi öz xalqının həqiqi münəvvər oğullarını yüksək qiymətləndirir, onu nümunə göstəriridi. N.Nərimanov milli və mədəni ədəbi irsə həssas və diqqətlə yanaşmağı ondan öyrənməyi çox vacib sayırdı. M.Füzuli, M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə mütəfəkkirlərin ədəbi-bədii irsindən nümumə kimi istifadə edərək, Azərbaycan xalqının elm və mədəniyyətlə, təhsillə əhatə olunmasında müstəsna xidmətlər göstərmişdir. Məsələn, 1922-ci ildə M.Ə.Sabirə heykəl onun təşəbbüsü ilə qoyulmuşdur. O zamanlar bəziləri M.Ə.Sabirə başqa yüksəkliklərdən baxıb ona dodaq büzürdülər. “Bəzi yoldaşlara cavab” məqaləsində o, bu kimi meylləri tənqid edirdi. C.Məmmədquluzadənin Təbrizdən qayıdıb “Molla Nəsrəddin”i və bəzi digər ədiblərin yaradıcılıqlarını davam etdirilməsində onun xüsusi rolu olmuşdur. N.Nərimanov beynəlmiləlçi, vətənpərvər və materialist bir şəxsiyyət idi. Lakin onun materializmi dinə münasibətdə tutduğu mövqeyi o vaxtkı kommunist rəhbərlərinin mövqeyindən fərqli xarakter daşıyırdı Dinə qarşı mübarizəni dindarlara qarşı mübarizəyə çevirənləri ciddi tənqid edərək o, ateizm təbliğində inandırma metodunu zorakılıqdan daha üstün tutur, adamların dini hissləri ilə oynamağı təhlükəli sayırdı. “Dinə qarşı materialist kimi çıxış etmək bir şeydir. Bu mərasimləri icra etməyi qadağan etmək məqsədi ilə silahlı qüvvə tətbiq etmək başqa şey” – o yazırdı. Beləliklə də o, birincini məqbul sayır, ikincini isə inkar edirdi. N.Nərimanovun zəngin elmi-nəzəri irsinin bir əhəmiyyətli cəhəti də vardır ki, bu irs azərbaycanlı milli ideyasının bünövrə daşlarından birini təşkil edirdi. Çünki bütövlükdə N.Nərimanovun ictimai-siyasi fəaliyyəti və azadlığı, istiqlalı və müstəqilliyi işinin təmin olunmasına doğru yönəldilmişdir. Məhz onun bu meylləri onu əhatə edən qeyri milli qüvvələri razı salmadığından onu tezliklə Azərbaycandan uzaqlaşdırdılar. İkinci bir tərəfdən , o, maarifçi-demokrat idi. Azərbaycan maarifçiliyinin bir xüsusiyyəti isə onun sırf burjua hərəkatı olmamasında, bütün xalqın və millətin mənafeyinə xidmət etməsində idi. Bu mənada N.Nərimanov kulturçu-türkçü idi və onun məqsədi təmsil etdiyi xalqı dünya svilizasiyasına qovuşdurmaq idi. Millətin yolunda yorulmadan çalışan N.Nərimanov onun qüvvəsinə inanır və bilirdi ki, xalq gec-tez belə adamları qiymətləndirməyi bacarır. Özünün “Nadir Şah” faciəsində əsərin qəhrəmanı kimi deyirdi” ... hər bir padşah iki düşməndən xilas deyil, vətən, millət qeyrəti çəkməyən… padşah əcəlini millətdən gözləsin”.
Milli məsələdə federalizm prinsipləri mövqelərində dayanan N.Nərimanov, S.M.Kirovun, S.Orcanikidzenin, M.D.Hüseynovun, L.Mirzayanın, A.Mikoyanın, Ə.Q.Qarayevin, P.Axundovun bu nöqteyi-nəzəri ilə şərik deyildi ki, Azərbaycana müstəqillik lazım deyil və o muxtar bir qrum kimi RSFSR-in tərkibinə daxil olamlıdır. Bu suala cavab verərkən o, “Ermənistan və Gürcüstan sovetləşənədək Azərbaycan müstəqil olamldır, sonrasına isə baxarıq” demişdir.
N.Nərimanov beynəlmiləlçiliklə milliliyi vəhdətdə təsəvvür edir və hər cür beynəlmiləl olanın mərkəzində və əzəlində milli olanın dayanmalı olduğu zərurətini qeyd edirdi. Bu mənada 20-ci illərdə Azərbaycanda yaranmış vəziyyət onu narahat etməyə bilməzdi. Özünün qeyd etdiyi kimi o zamanlar azərbaycanlıların “ana dili dərslərinin sayı süni olaraq azalmışdır.” O, mərkəzə yazdığı məktublarında təqaüdçü tələbələr haqqında statistik məlumatlar gətirir, tərkibinin çox az faizini yerli əhali təşkil edən Bakı Sovetinin məsul işçilərinin siyahısını göstərirdi. N.Nərimanova görə milli siyasətdə buraxılan bu nöqsanlar yerli millətin mərkəzə olan etimadsızlığını artırır və inamsızlıq yaradır. Böyük incəlik və nəzakət tələb edən milli münasibətlər həm də iqtisadi bərabərlik tələb edirdi. N.Nərimanov çox kəskin hiss edirdi ki, gündəlik həyatda ən xırda sapmalar belə, millətlərarası münasibətlərdə dərin iz qoyur, milli özünə qapılma yaradır. Buna görə də Siyasi Büro qarşısında məsələ qaldırdı ki, neft məhsullarının müəyyən faizi Azərbaycan üçün ayrılsın. Belə ki, bu münasibətlə o yazırdı: “Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını gördükdə, tənə, ittiham eşitməyə məcbur olursan. Mən həmişə bu nöqsanları göstərirəm və əlbəttə millətçi adını qazanmışam”.
Şübhəsiz ki, bu sözləri demək və yazmaq o dövr üçün böyük mərdlik, cəsarət tələb edirdi. Bunlar isə N.Nərimanovda var idi. Sosialist inqilabı, dünyanı inqilabiləşdirmək və kommunistləşdirmək haqqında N.Nərimanovun öz dövrü üçün çıxardığı nəticələr Lenin tərəfindən yüksək qiymətləndirilmişdir. Nərimanov Qərbə təsir göstərmək üçün birinci növbədə inqilabi Şərqdə genişləndirməyi və beləliklə də Qərb ölkələrini ucuz xammal, işçi qüvvəsi və bazarlardan mərhum etmək istəyirdi. Bunun üçün isə Azərbaycanı və Türküstanı nümunəvi milli qabaqcıl inkişaf etmiş sovet respublikalarına çevirmək lazım idi.
Şərq, xüsusən İslam Şərq xalqları Şərqin qapısı sayılan Azərbaycandan nümunə götürüb, öz ölkələrində sosializm quruculuğu yoluna keçə bilərdilər. O zamanlar sosialist inqilabının illuziyası həqiqətən də belə bir şərait yaratmışdı və İslam Şərqi xalqlarının bir çoxu hətta Leninin simasında yeni bir peyğəmbərin zühur etməsinə inanırdılar. Məsələn, Mirzəli Möcüz yazırdı ki “yapışaq Leninin ətəyindən ona pənah aparaq biz” Əgər Sovetlər Nərimanovun konsepsiyası üzrə axıracan getsə idilər, Şərqdə nəyə isə nail ola bilərdilər. Lakin xoşbəxtlikdən Sovetlər böyük bir səhvə yol verib, Şərqin əhəmiyyətini lazımınca qiymətləndirə bilmirdilər, qərblə yaxınlaşmaq kursunu əsas götürürdülər. Bu da əslində Şərq xalqlarını bolşevizmdən xilas etdi. Onlar öz milli azadlıqlarının yiyəsi oldular. İran, Əfqanıstan, Türkiyə, Hindistan, Çin, Ərəb ölkələri öz müstəqil inkişaf yollarını seçdilər və bolşevizmin təklif etdiyi kosmopolitizm yolundansa özlərinə sərfəli olan milli inkişaf yolunu seçdilər. Beləliklə, N.Nərimanov Azərbaycanın müstəqilliyi məsələsini Şərq siyasəti ilə bağlayır və yazırdı; mən isə yenə də öz məqsədimi irəli sürürəm: Azərbaycandan Şərq üçün nümunəvi Sovet respublikası yaratmaq və bununla da Şərqin məzlum xalqlarını tez bir zamanda öz tərəfimizə Cəlb etmək, azadlıq hərəkatını alovlandırmaq və bu yolla Avropa kapitalizmini öz iqtisadi bazasından məhrum etmək, Avropa fəhlələrinin həyatındakı böhranı dərinləşdirmək, tezləşdirmək və beləliklə də Avropada arzu etdiyimiz inqilabı sürətləndirmək. Öz qarşıma qoyub həll etmək istədiyim başlıca vəzifə bundan ibarətdir”. Nərimanov gileylənirdi ki, “Biz Qərbə həddən artıq aludə olub, Şərqdən uzaqlaşırıq” yaxud bunun üçün milli məsələni həll etmək zəruri idi. Çox təssüf ki, bizdə indiyə qədər həll olunmamışdır ki, Şərq xalqlarının diqqətini özünə cəlb etsin. “Çünki Orcakinidzenin nəzəriyyəsinə görə, əlbəttə, məhv etmək olar, lakin onda respublika kimlərdən ibarət olacaqdır?”. N.Nərimanov mərkəzdən göndərilən Mirzəyan, Sərkis və b. nəzərdə tutaraq onların yeritdiyi siyasəti tənqid edərək yazırdı: Əziz Vladimir İliş, məgər “Müstəqil Azərbaycan” şüarı sizin dilinizdən çıxmamışdırmı?
Mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Həmişə Denikin müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlikdə Azərbaycanın ərazilərini almışdır… Üç respublikalardan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan həm ərazisini, həm də müstəqilliyinu itirir.
Vladimir İliç, çoxmillətli əhalinin hüquq və hissləri ilə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbycan kəndliləri? Mən qəti surətdə bildirirəm: Əgər siz də bizim dəlillərə diqqət yetirməsəniz məcbur olacağıq ki, bizim geri çağrılmağımız barədə mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixin dolaşıq milli məsələlərini belə asanlıqla həll edənlər bura gəlsinlər. O zaman bilərik ki, bizim mənasız Şərqə doğru çağrışımız nə deməkdir? Belə olan halda Şərqə necə gedəcəyik?
Azərbaycan xalqı özünün hətta indiki respublikası üçün də ADR və Türkiyə Cümhuriyyətinə borcludur. Çünki Ermənistanda Sovet hakimiyyətinin qurulmasının səhəri günü (1 dekabr 1920) Azərbaycan kommunist rəhbərliyi “Bəyanat” qəbul edib, orada Ermənistanla münasibətinin bitdiyini, ona hər cür yardım etməyə hazır olduğunu, sərhədlərin aradan qaldırıldığını, Dağlıq Qarabağda plebestit keçiriləcəyini, hətta Zəngəzur və Naxçıvanın “Ermənistanın ayrılmaz tərkib hissəsi” kimi tanıdığını elan etdi.
Azərbaycan rəhbərlərinin bu səxavətinə qarşı erməni-sovet lideri Nazaretyan demişdir: “Браво Азербадижантсы – кричат в просе начнем”. Lakin sonra yaxşı ki, Türkiyə işə qarışdı. 1921-ci ilin 16 martında bağlanmış Türk-Sovet müqaviləsində Moskva Naxçıvanın Azərbaycan yuridiksiyasında qalması şərtilə Sovetlərə güzəştə gedildiyi bildirildi. Bu “Bəyanatda” da N.Nərimanovun nə dərəcədə iştirak etməsi məsələsi doğurdan da şübhəlidir. Çünki N.Nərimanovun Dağlıq Qarabağın Azərbaycan SSRİ tərkibində qalması üçün etdiyi səylər məlumdur. Belə bir şəxsin ola bilsin ki, heç o “bəyanat”dan xəbəri olmamış olsun. Çünki onun Leninə, Stalinə, oğlu Nəcəfə yazdığı məktublarından görürük ki, ona heç bir müstəqil fəaliyyət azadlığı verməmişlər. Onu elə əhatə elmişlər ki, o heç nə edə bilmirdi. Axırda da vəzifəsini böyütmək adı ilə ümumiyyətlə, Azərbaycandan uzaqlaşdırdılar. İkinci bir tərəfdən çox güman ki, yaranmış tarixi şərait və dünyanı kommunistlşdirmək eyforiyası amili də öz təsirini göstərməmiş deyildi. N.Nərimanov sadəlövcəsinə, bəlkə də fanatikcəsinə bolşeviklərə və onların ideyalarına inanmışdı. Fəqət, bu idealın süquta uğraması artlq onun günahı deyildi.
“Otuz illik ədəbi, ictimai və inqilabi həyatında yalnız bir həqiqəti dərk etmişəm. Bu həqiqət Leninizimdir” – deyən N.Nərimanov ömrünün sonlarına yaxın artıq inanmış olduğu boşevizmin gələcəyini şübhə altına alır. 1925-ci ilədək başqaları üçün yaşadığını etiraf edərək, oğluna yazdığı məktubunda qeyd edirdi ki, “sən bu sətirləri oxuyan vaxt bəlkə də bolşevizm olmayacaq”. N.Nərimanov görürdü ki, bolşevizm getdikcə öz ideallarından uzaqlaşır. Öz keçmiş həyat yolunu təhlil edən N.Nərimanov qısa şəkildə onu belə yekunlaşdırırdı: “Mən bütün varlığım ilə harda olursa, olsun köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım.