14.01.2021, 20:38 - Baxış sayı: 455

Filosof alimin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub


Filosof alimin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunubFəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Rabiə əl-Ədəviyyə və Edit Stein düşüncələri əsasında eşqin sufi fenomenologiyası” (“The Sufi Phenomenology of Love Based on the Thoughts of Rabia al-Adawiyya and Edith Stein”) adlı məqaləsi yüksək impakt faktorlu “Beynəlxalq İslam təfəkkürü” jurnalında nəşr edilib.
Malayziya Beynəlxalq Universitetinin Teologiya və Fəlsəfə şöbəsinin və Müsəlman Filosoflar və Teoloqların Beynəlxalq Cəmiyyəti (ISOMPT) tərəfindən nəşr edilən akademik jurnal “Scopus”, “Web of Science” və başqa yüksək indekslərin bazasına daxildir.
Məqalədə Könül Bünyadzadə sufi mütəfəkkiri Rabiə əl-Ədəviyyənin və alman fenomenoloqu Edit Steynin görüşləri əsasında sufi fenomenologiyanı yeni fəlsəfi doktrina kimi təqdim edir.
Tədqiqatda da vurğulandığı kimi, sufi fenomenologiya bir eklektik birləşmə, yaxud hər iki fəlsəfənin subyektiv birləşməsi deyil, müasir düşüncə xəttinin hər iki fəlsəfə əsasında təhlili və təqdimi, düşüncə trayektoriyasının yeni mərhələsinin izahıdır. Başqa sözlə desək, Rabiə əl-Ədəviyyə və Edit Steinin görüşləri əsasında hər iki fəlsəfənin kəsişmə məqamları yeni baxış bucağından şərh edilir. “Könül - noematik nüvə kimi”, “Ümid rasional mərhələdən irrasional mərhələyə keçid kimi”, “Eşq fenomenoloji reduksiya kimi” başlıqlardan ibarət olan məqalədə fenomenoloji reduksiya və ruhani təcrübə arasında paralel aparılır.
Nüfuzlu jurnalda dərc edilən məqalə Könül Bünyadzadənin yeni fəlsəfi nəzəriyyəni təqdim edən silsilə yazılarından ikincisidir.

"Science.gov.az"