05.02.2021, 12:41 - Baxış sayı: 719

XX əsrin və müasir Azərbaycan-İran tarixi reallığına söykənən monoqrafiya


Əli İbrahimov
AMEA, Fəlsəfə və Sosiologiya İnstitutu, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


Tarixi fakt deyilən bir termin tarixi gerçəkliyin mövcudluğunun yalnız tarixi həqiqətlərin faktları əsasında öyrənilməsi ilə nəticələnir. Tarixi gerçəkliyin tarixi şüurda inikası tarixi faktların kəmiyyət və keyfiyyətindən asılıdır. XX əsrin və müasir Azərbaycan-İran tarixi reallığını əsaslandıran elə hadisələr, elə məsələlər olmuşdur ki, bunları bizim üçün qaranlıq qalan faktların açılması, şərh edilməsi və dərindən araşdırılması kimi ciddi elmi tədqiqatlara, mülahizələrə girişməkdən ötrü ehtiyacdan irəli gələn bir vəzifə kimi dəyərləndirmək olar. Tarixi faktlar mülahizələri, inqilabları, iqtisadi, ictimi və siyasi hadisələri özündə ehtiva etməklə onların mahiyyətini, məzmununu, xarakteri və xüsusiyyətlərini açmaqda mühüm rol oynayır. Sovet dövrü ideologiyasının, xüsusən XX əsrə aid Azərbaycan-İran tarixi həqiqətlərinin tam açılmasında maraqlı olmaması, yaxud İran tarixşünasların, əksər paniranist tarixçilərin bu sahəyə qərəzli münasibətlər bildirmələri üçün geniş şəraitin yaradılması səbəbindən həmin dövrü yaşayan nəsillərin və onların davamçılarının baxışlarında bir çox qaranlıq və üstüörtülü məsələlərə aydınlıq gətirmək lazım idi. Bunları geniş şəkildə araşdırmaqla monumental bir elmi monoqrafiyanın işlənib geniş oxucu kütləsinə çatdırılmasında AMEA Fəlsəfə İnstitutunun direktor müavini, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Eynulla Yadulla oğlu Mədətlinin xüsusi xidmətlərini qeyd etmək lazımdır. Müəllif müdafiə etdiyi dissertasiyasının mövzusu ilə son dərəcə bağlı ərsəyə gətirdiyi monoqrafiyasının müdafiədən əvvəl 2017-ci ildə buraxdığı 286 səhifəli “Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında (XX əsrin əvvəlləri)” adlı digər monoqrafiyasının bir çox vacib tarixi faktları ilə zənginləşdirmiş, mündəricatı, ön söz, giriş, 6 fəsil, 10 paraqraf, nəticə və mənbəşünaslıqdan ibarət şəkildə təqdim etmişdir.
“Azərbaycan tarixi məsələlərinə İran tarixşünaslığında ümumi baxış” adlı 1-ci fəsil “Azərbaycanın tarixi coğrafiyası və dövlətçilik tarixi məsələləri” və “Azərbaycan xalqının, dilinin və mədəniyyətinin təşəkkülü məsələləri” paraqraflarını özündə ehtiva edir. Akademik Yaqub Mahmudov müəllifin monoqrafiyasının tarixi reallığa söykəndiyini, mənbə materiallar üzərində müəllifin səylə çalışmasının rolunu qeyd etmiş, elmi dövriyyəyə ilk dəfə gətirilən ilkin mənbələrin bolluğu baxımından bu monoqrafiyanın daha zəngin olmasını göstərmişdir. Girişdən məlum olur ki, müəllif əsas diqqəti bu geniş şaxəli monoqrafiyasının 14 maddədən ibarət əsas tədqiqat məqsədindən irəli gələn vəzifələrə yönəltmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, 1-ci fəsildə E.MədətliV.Mustafayevin, Məhəmməd Əli Tərbiyətin, M.Ə.Rəsulzadə, Əhməd Kəsrəvi və digər bəhs edilən İran tarixçilərinin Azərbaycanın tarixi coğrafiyası ilə bağlı elmi və qeyri-elmi fikirlərini sübut etmək üçün bir sıra qədim və orta əsr müəlliflərinin əsərlərinə, həmçinin Rusiyada Çarizm dövründə nəşr edilmiş kitablara istinad edərək guya 1918-ci ilə qədər yazılmış sənədlərdə də Arranın və Şirvanın heç vaxt Azərbaycan adlandırılmadığını, bəzi hallarda bu vilayətlərin Qafqaz hesab edildikləri barədə detallarını hərtərəfli araşdırmışdır. Böyük demokrat M.Ə.Rəsulzadənin Azərbaycan terminin Araz çayının hər iki tərəfində yerləşən əraziləri əhatə etdiyini sübut edən fikirləri də müəllifin nəzərindən yayınmamış, İran Azərbaycan alimi, ürək cərrahı, Azərbaycan ədəbiyyatşünası və tarixçi Cavad Heyətin də sonrakı dövrlərdə istər sovet, istərsə də müstəqillik illərində Azərbaycan tarixçilərinin Azərbaycan tarixi coğrafiyası ilə bağlı qərəzli fikirlərini faktlarla, elmi dəlillərlə təkzib edən bir çox əsərləri təhlil edilmişdir.
Tədqiqatçı-alim sovet dövründə və müstəqilliyi yenidən qazanmış XX əsr Azərbaycanının 90-cı illərində yaddaşlarda İran, Azərbaycan, Türkiyə və Rusiya ilə bağlı tarixi hadisələr, proseslərə yanaşmanın bir çox acı nəticələrinə yenidən baxılmağı qarşıya bir məqsəd qoymuş, düzgün araşdırılan mənbələrdən, səhih, ağlabatan məlumatlar toplayaraq oxucuları sevindirmiş, əsl tarixi araşdırmalara düzgün dəyər vermişdir.
XX əsrin və müasir Azərbaycan-İran tarixi reallığına söykənən monoqrafiya“Azərbaycan xalqının, dilinin və mədəniyyətinin təşəkkülü məsələləri” paraqrafında göstərilir ki, İranda Qacarlar dövlətinin həm daxili səbəblərdən, həm də ölkədə maraqları toqquşan beynəlxalq güclərin amansız rəqabəti üzündən tamamilə zəifləməsi nəticəsində 1925-ci ildə hakimiyyətə gətirilən Rza xanın ilk gündən qondarma “Pəhləvi” soyadını götürərək Azərbaycan türklərinə və türk dilinə qarşı təzyiqlərə başlaması, İranın bütövlüyünü, Sasanilər zamanındakı kimi “ariyaçılıq” ruhunu canlandırmaq, “bir millət-bir dil” varlığına nail olmaq əzmi ilə vurnuxması nəticədə ölkənin 2-ci böyük dili olan Azərbaycan türkcəsinin və digər dillərin – ərəb, kürd və başqa dillərin sıxışdırılması və qadağan edilməsinə gətirib çıxarırdı. Adları sadalanan xalqlar bu qərardan məyus olsalar da, buna biganə qalmamışlar. Əslində, peşəkar hərbi xidmətçi, yoxsul türk Dadaş bəyin oğlu Rza xanın Pəhləvilərlə heç bir əlaqəsinin olmadığı və həyata keçirdiyi tədbirlərin öz hakimiyyətini qoruyub saxlamaq və daha da möhkəmləndirmək məqsədi daşıdığını tədqiqatçı çox gözəl açıqlayır.
Azərbaycan-İran tarixşünaslığının bəzi məsələlərinin sovet dövründə bayağı, saxtalaşdırılmış tərzdə insanlardan gizli saxlanılması barədə söhbətlər qismən gedirdisə də oxucular bunu tarixi mənbələrdən yox, Azərbaycan və İran Azərbaycanı müəlliflərinin, xüsusən şair və yazıçıların əsərlərindən öyrənirdilər. Məsələn, Azərbaycan yazıçısı M.S.Ordubadi “Dumanlı Təbriz” romanında İran demokratik hərəkatının banisi, “Sərdari-milli” adı ilə məşhur Səttar xanın inqilabi mübarizəyə qoçaq, cəsur bir sərkərdə kimi başçılıq etməsindən bəhs edərkən bu əsər qəhrəmanının dəstəsinə qoşulmaq istəyənlərin müraciətinə cavabını onun öz dilində belə ifadə edir: “Mən çətin günlərin Səttarxanıyam, asan günlərin Səttarxanı çox olar.” Müəllif XIX əsrin sonu XX əsrin ilk illərində Azərbaycan türklərinin milli kimlik şüurunun inkişafına, milli hüquqları uğrunda mübarizəsinə fars millətçilərinin mənfi əks reaksiyasını həm Səttərxan hərəkatı dönəmində, həm də Güney Azərbaycanını “Azadistan” adlandırılanŞ.M.Xiyabaninin hərəkatı mərhələsi ilə bağlı şərhlərində hərtərəfli işıqlandırmışdır. Tədqiqatçı eyni zamanda XX əsrin reallıqlarını anlayan Rza şahın təhsili olmasa da öz ölkəsində maarif və mədəniyyətin inkişafı üçün qonşu Tükiyə Respublikasında Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlara bənzər islahatlar aparılmasının zəruriliyini başa düşüb dövrün savadsız İranı üçün müəyyən fəaliyyət göstərməsini, məktəblər açdırması, müxtəlif kurslar təşkil etdirməsini, digər tərəfdən təhsil nazirliyinə verdiyi tapşırıqlar əsasında Azərbaycan ostanının məktəblərində nəinki dərs prosesində, hətta tənəffüslərdə belə Azərbaycan türkcəsində danışmağın qadağan olması barədə fərmanlarından sitatlar gətirir. Bu mürtəce mövqenin XX əsrin 40-60-cı illərində Əmir Əhmədi, İsa Şəhabi, Davud Pirniya, MohitTəbətəbai, Məhəmmədhəsən Gənc, Ələkbər Rizvan, MoctəbaMinəvi və başqalarının müdafiə etməsini qeyd edən müəllif yeri gəlmişkən Turac Atabəyi, Əhməd Kəsrəvi, Qulamrza Quşçi, Cavad Heyət kimi tədqiqatçıların, eyni zamanda Quzey Azərbaycanın alimlərindənƏ.Dəmirçizadə, Tofiq Hacıyev, Nizami Xudiyev, Aydın Məmmədov, Mahmud İsmayılovun, Türkiyə alimi Osman Tunanın İran mədəniyyətinin təşəkkülündə farslarla bərabər, Azərbaycan türklərinin də əhəmiyyətli rol oynamasından bəhs etdiklərini tədqiqata cəlb etmişdir.
XIX əsr rus tənqidçisi NikolayKonstantinoviçMixaylovski qeyd edirdi ki, “həyat elmin qarşısında məqsəd qoyur, elm də həyat yolunu işıqlandırır” (İpə-sapa düzülməmiş incilər kit. ADN, B-1981, səh.178)
Tədqiqatçının yuxarıda göstrilən on dörd maddədən ibarət qarşısına qoyduğu tədqiqatdan məqsədi də eynilə N.Mixaylovskinin göstərdiyi kimi zərurətdən, ehtiyacdan irəli gələn tarixi həyat yolumuzun işıqlandırılması naminədir, həyatın əsl, ədalətli elmi problemlərinin araşdırılıb həqiqətin üzə çıxarılmasını sübut etməkdir və o, buna deyərdim ki, tam nail ola bilmişdir.
Tədqiqatçı kitabın II, III, IV, V fəsillərində indiyə qədər Azərbaycanın bir sıra tarixi məsələlərinin az işlənilib başa çatdırılmayan problemlərinə tam aydınlıq gətirməklə İran tarixçilərinin əsərlərində, İran tarixşünaslığında 1905-1911-ci illər Milli Demokratik hərəkatın Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti (1918-1920-ci illər), AXC-nin Qacarlar dövləti ilə qarşılıqlı əlaqələri, Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkatı, Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin qurulması və fəaliyyəti (1945-1946-cı illər), eyni zamanda Azərbaycan SSR-nin İranla münasibətlərinin İran tarixşünaslığında əksi mövzularının işıqlandırılmasında tarixi reallığa söykənmiş, özünün spesifik tədqiqat üslubu ilə mənbəşünaslığa, tarixi-ədəbiyyatlara müqayisəli-tənqidi münasibətlər bildirmiş, sanballı təhlillər aparmışdır.
Azərbaycan Demokratik Firqəsinin sədri S.C.Pişəvərinin siyasi, inqilabi fəaliyyəti və onun müəmmalı ölümü barədə indiyə qədər qırıq, pərakəndə məlumatlara son qoymaqla müəllif doktor NüsrətullahCahanşahlının, Həmid Mollazadənin, Turac Atabəyinin, Cəmil Həsənli, Firudin İbrahiminin və digər ictimaiyyətçi alimlərin əsərlərinə, elmi mülahizələrinə, eyni zamanda məlumatlarına əsaslanır, bu sahədə qeyri-obyektiv, qərəzli informasiyaların üstünə xətt çəkməklə Quzey Azərbaycanda və İranda mütərəqqi obyektiv mövqeli tarixçilərin, milli ruhlu ziyalıların əsərlərindən doğan fikirləri ümumiləşdirir və Azərbaycan milli hərəkatının tarixi, o cümlədən 21 Azər (12 dekabr 1945) hərəkatı haqqında S.C.Pişəvərinin başçılığı ilə qurulan, bir il fəaliyyət göstərən Azərbaycan Milli Hökumət tarixinin geniş və hərtərəfli tədqiqat mövzusuna çevrilməsinə böyük əmək sərf etmiş, S.C.Pişəvərinin ölümünə səbəb olan əsil amillərin obyektiv araşdırılmasına müvəffəq olmuşdur.
Monoqrafiyanın 14 səhifədən ibarət nəticə hissəsindən bəlli olur ki, müəllif Quzey Azərbaycanın istər uzaq və yaxın keçmişini, istərsə də XX, XXI əsrin əvvəllərindəki mərhələli inkişafını izləyən İran dövlət məmurlarının, tarixçilərin qeyri-fars xalqlara və etnik qruplara paniranizm siyasəti mövqeyindən yanaşmalarını təsdiqləyən çoxsaylı monoqrafiyaları, kitabları, dövlət sənədlərini bütövlükdə təhlil edərkən onlardakı fikirlərlə daban-dabana zidd olan bir çox başqa mənbəşünaslıq ədəbiyyatlarını aşkar etmiş, İran rəsmilərinin dövlətimizə ikili standartlardan yanaşma hallarını tənqid edən müəlliflərin əsərlərindən elmi-məntiqi sitatlar verməklə monoqrafiyasını zənginləşdirmişdir. Monoqrafiyada müəllifin fikrincə İran hökumətinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə özünün ziddiyyətli mövqeyinin faktiki olaraq Ermənistanın maraqlarına uyğun olmasını vurğulaması da onların I Qarabağ Vətən müharibəsi dövründəki qeyri-səmimiliyindən xəbər verir. Hazırda 2-ci Qarabağ vətən müharibəsində torpaqlarımızın, Dağlıq Qarabağımızın işğaldan azad olması və erməni ordusunun kapitulyasiyasını sona yetirən 44 günlük savaşımızın parlaq qələbəsi qarşısında İran rəsmilərinin çaşbaş qalaraq əsil həqiqəti – Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını etiraf etməsi də yürütdükləri siyasətin ikili standartlara uyğunluğunu nümayiş etdirir. Bir çox məziyyətlərinə görə bu monoqrafiya gerçək tarixi həqiqətlərin öyrənilməsində əvəzsiz bir vəsaitdir.