12.02.2021, 13:12 - Baxış sayı: 507

Gənc alim təltif edilib


Gənc alim təltif edilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın YAP Ərazi Təşkilatının üzvü, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Mükafatına layiq görülürək, diplomla təltif edilib. O, 2020-ci ildə elm sahəsində qazandığı uğurlara görə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bu mükafata layiq görülüb.
G.Məlikli söhbət zamanı bildirdi ki, respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyev 2 fevralı Azərbaycan Gəncləri Günü elan etdi. Ulu öndərdən yadigar qalan bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür.
Ulu öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: “Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamlılığını son 18 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayır, fəal milli maarifçilik xətti yeridərək, dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır.
2020-ci il Azərbaycan xalqı üçün uğurlu qalibiyyət ili, haqqın ədalətin zəfər aldığı il oldu. Biz əldə etdiyimiz bu uğurlarımıza görə, möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azadlığı uğrunda ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsinə gənclər, bütövlükdə xalq inanırdı. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazıldı. Bu böyük Qələbə dövlət başçımızın yorulmaz əməyinin, ardıcıl surətdə yürütdüyü müdrik siyasətinin nəticəsidir.
G.Məlikli qeyd etdi ki, bir gənc kimi, çox xoşbəxtəm ki, cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldum. Həmçinin “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” dissertasiya işinin tədqiqatçısı və “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” kitabının müəllifi olmağımla qürur duyuram.
Xatırladaq ki, G.Məlikli AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetinin “Politologiya və sosiologiya” kafedrasının müəllimi, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru vəzifəsində çalışır, dövlət siyasətini həm təbliğ və tədris edir.
G.Məlikli daha sonra bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günün gəncliyinə ünvanlanmış, “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir. Bizim üzərimizə düşən isə daha da əzmlə çalışmaq, biliyimizdən, potensialımızdan lazımınca istifadə etməkdir.

Arzu ƏLİYEVA,
“Respublika”