Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda etik prinsiplər (fəlsəfi, hüquqi, ictimai-siyasi təhlil)
Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
pashayeva.ph@mail.ru
“Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin də əsasını təşkil edən qanunlardır. Ona görə bizim hamımızın üzərinə çox vəzifələr düşübdür”.
Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra demokratik, hüquqi və etik normaları özündə birləşdirən güclü bir dövlətə ehtiyac duyulurdu. Belə bir zamanda təkcə təcrübə və siyasi elmlərə yiyələnmək və bunların funksiyalarını bilmək kifayət etmirdi, burada uzun illər bu sahədə dayanmadan çalışan, bütün sahələrdə millətinə xidmətlər göstərən, xalqın etimadını qazanan və ən əsası isə dövlət və dövlətçiliyi dərindən bilən nüfuzlu bir şəxsiyyətin olması tələb olunurdu. Belə çətin və acınacaqlı bir dövrdə dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar azadlıq meydanına gələrək, Heydər Əliyevin hakimiyyətə rəhbərlik etməsini, yəni belə bir vəziyyətdə ölkənin rəhbərliyini öz üzərinə götürməsini xahiş etdilər. Çox keçmədi ki, dahi şəxsiyyət yenidən bu böyük və çox çətin məsuliyyəti öz üzərinə götürdü və daim xalqının yanında olmasına söz verdi. O, Azərbaycan və Azərbaycançılıq ideyalarını birləşdirərək vahid, Müstəqil Azərbaycan Respublikasının hüquqi dövlətini yaratmaqla yanaşı, həm də ölkəmizi beynəlxalq aləmdə nüfuzu olan və inkişaf edən ölkələr sırasına daxil etdi.
Hazırki tədqiqatda, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi əsasında yaranan hüquqi dövlət və onun etik normalara əsaslanan prinsipləri, həmçinin dövlət, hakimiyyət və hüquqi dövlət anlayışları, bunların arasında olan fərqli cəhətlər, hüquqi və əxlaqi dəyərlər həm fəlsəfi və həm də hüquqi, ictimai-siyasi aspektdə təhlil olunmuşdur.
Açar sözlər: Müstəqil Azərbaycan Respublikası, Ulu Öndər Heydər Əliyev, dövlət, hüquqi dövlət, hakimiyyət, etik prinsiplər, ictimaiyyət.
Müqəddimə
Müstəqil ölkədə yaşayan hər bir insan yaşadığı ölkəni, onun qayda-qanunlarını, bu qayda-qanunların necə yarandığını, hansı qurumlar tərəfindən idarə olduğunu və bunların fəaliyyəti barədə tam məlumata sahib olmalıdır. Elə bu səbəbdən də insanı daim düşündürən məsələlərdən biri də bizi əhatə edən, həyatımızın əsasını təşkil edən haqlar-hüquq və buna mənsub olan qanunlardır; yəni burada hüquqla bağlı olan üstün cəhətlərdir ki, insanı daim düşündürür. Çünki hüquq təkcə ictimaiyyətdə qanunların işlənmə mexanizmi deyil, hüquq təkcə cinayət, mülki məcəllə və mülki prosessual məcəlləsi deyil, bu hüququn görünən və zahiri tərəfləridir ki, bunları bizə hüquq elmi təlim edir, hüquq eyni zamanda insanın ruhuna bağlı olan müqəddəs bir əmrdir; hüquq bütün varlıq aləmini özündə birləşdirən və bu varlıqları müəyyən ölçüyə (qanunlara) tabe edən vahid bir sistemdir. Nəzərə almaq lazımdır ki, əsrlər boyu haqlar təkcə dövrə uyğun olaraq öyrənilməmiş, həm də ictimaiyyətdə tətbiq olunmasına səy göstərilmişdir. Haqların daim zaman və məkana uyğun olaraq etik məsələlərlə birlikdə işlənməsi hazırki əsrimizdə Müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda da özünü tam olaraq göstərir.
Müstəqil Azərbaycan Respublikasında hüquqi dövləti və ona mənsub olan qanunları təhlil edərkən məlum olur ki, Ulu Öndər Heydər Əliyev hüququn bütün sahələrini əhatə edən normativ aktlara xüsusi diqqət etmiş və daim işlənməsinə zəmin yaratmışdır. “Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm” (1.s.75).
Ulu Öndərin həyat və fəaliyyətini öyrənərkən diqqəti cəlb edən mühüm və daim təhlil olmasına ehtiyac olan mövzulardan biri də bu böyük şəxsiyyətin Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda gördüyü və heç vaxt unudulmayan misilsiz xidmətləridir. Müstəqil və davamlı inkişafa əsaslanan hüquqi dövlət təkcə ictimai-siyasi və hüquqi məsələləri deyil, ən başlıcası əxlaq normalarını əsas tutaraq daim irəliləmişdir. Şübhəsiz ki, dahi şəxsiyyətin hüquqi dövlət quruculuğunda misilsiz siyasəti və xidməti zaman-zaman təhlil olunaraq yeni ictimai-siyasi nəzəriyyənin yaranmasına səbəb olacaqdır. Çünki bu nəhəng insanın elmin bütün sahələrinə aid olan əhatəli fikirlərini oxuduqda, məlum olur ki, söylədiyi kəlamlarda elə ifadələr mövcuddur ki, bu ifadələr təkcə bu günümüzü deyil, həmçinin gələcək dövrün ictimai-siyasi, mədəni həyatını da əks etdirir. O, hüquqi dövlət quruculuğunda əxlaqi, ictimai və siyasi prinsipləri rəhbər tutaraq, bunların həyatda tətbiq olunmasına nəinki nail olmuş, hətta müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda bu prinsiplərin təməlini qoymuşdur.
Tədqiqatın hədəfi. Müstəqil Azərbaycan Respublikasının hazırki dövrümüzdə hər bir sahəsinin səmərəli və davamlı inkişafı, dövlətin apardığı nəhəng miqyaslı və hərtərəfli siyasəti ilə yanaşı, həm də dövlət hakimiyyətin əsaslandığı, ictimaiyyətdə mövcud olduğu hüquqi dövlət normalarının tətbiq olunması və yerindəcə işlənməsidir. Ölkəmizin davamlı inkişafının tədqiq və təhlil olunması nəinki müasir dövrümüzdə və bundan sonra da zaman-zaman öyrənilməsinə ehtiyac vardır.
Tədqiqatın aparılmasında əsas məqsəd dahi rəhbər Heydər Əliyevin dövlət quruculuğunda insana, onun şəxsiyyətinə verilən dəyərlərini göstərmək və ən əsası isə hüquqi dövlətdə mövcud olan etik prinsipləri araşdırmaq və təhlil etməkdir.
Hüquqi dövlət anlayışı və onun əsas prinsipləri
Hüquqi dövlət və onun prinsiplərini təhlil etdikdə, ilk olaraq dövlətin statusuna diqqət etmək lazımdır. Dövlət istər xüsusi və istərsə də ümumi mənada olsun hüquqi statusa, yəni xüsusi və müstəqil bir səlahiyyətə malikdir. Çünki ictimaiyyət dövlət nəzarəti altında qərara gəlir, dövlətin müəyyənləşdirdiyi vəzifələri yerinə yetirir və bu mənada ictimaiyyət dövlətin mühüm bir hissəsi hesab olunur. Elə buna görə də dövlətin hüquqi statusundan bəhs edərkən ictimai prinsipləri nəzərdən qaçırmaq olmaz, çünki dövlət ictimaiyyət əsasında hüquqi statusa və səlahiyyətə sahibdir.
Məlum olduğu kimi hər bir insan şəxsiyyət olaraq özünə xas olan iradəyə malikdir. O, müstəqil olaraq qərara gəlir və hər hansı bir məsələni yerinə yetirməkdə azad və müstəqil iradəyə əsaslanır. Bundan əlavə, insan haqlara, müxtəlif öhdəliklərə yiyələnir və insan çalışır ki, onun üçün müəyyən edilmiş normalara söykənsin və təbii ki, o qanunlara doğru hərəkət edir. Amma hüquqi şəxsi fiziki şəxslə müqayisə etsək, hüquqi şəxsin səlahiyyətləri müəyyən həddə əsaslanır. Burada hüquqi şəxs dedikdə dövlət nəzərdə tutulur, yəni dövləti idarə edən şəxs əslində hüquqi səlahiyyətə malik deyil, çünki dövlətin hüquqi səlahiyyəti fiziki şəxslə müqayisədə məhdud hesab olunur. Səbəbi odur ki, dövlətə səlahiyyəti verən şəxsdir, ictimaiyyətdir; əgər ictimaiyyət olmasa dövlət hansı səlahiyyətdən, hüquqdan və hakimiyyətdən danışa bilər? Buna görə də dövlət məfhumunu və onun prinsiplərini təhlil etdikdə, ilk növbədə ictimai məsələlər önə çəkilməlidir. Burada ictimai məsələlər dedikdə, kütlələrin bir-birinə bağlılığı nəzərdə tutulur. Bu bağlılıqlar arasında xüsusi bir tələbat mövcuddur və həmin tələbat hüquqi-siyasi bir məfhumdur ki, bunun vasitəsi ilə insanlar bir-birlərinin ətrafında toplaşaraq müəyyən bir qurum yaradırlar; yəni insan təbii varlıq olduğu üçün bəzən ətrafda olanları təbii olaraq qəbul etmək istəyir. Onun təbiətindən yaranan bu istək onu digər insanlarla qarşılaşdırır. Belə olan halda bu istəklər daha da genişlənərək böyük bir toplunun yaranmasına səbəb olur. Bu kütlələrin iradəsi və istəyi müəyyən bir qurumun yaranmasına təkan verir və bu həmin hüquqi qurumdur ki, bu gün biz onu dövlət adlandırırıq (2.s.110-111).
Hüquq elmində, dövlət və hüquq nəzəriyyəsində hüquqi dövlət anlayışı və onun prinsipləri adətən vətəndaşın hüquq və azadlıqlarını ifadə edən bir sistem kimi göstərilir. Hüquq elminin verdiyi tərifə əsasən: “hüquqi dövlət elə bir fəaliyyət formasıdır ki, hüquq normaları əsasında fərdlərlə və onların birlikləri ilə qarşılıqlı münasibətdə qurulur, hüququn köməyi ilə məhdudlaşır və hüquqi normalarda həyata keçirilir” (3.s.182-183). Təbii ki, hüquqi dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin olunması deməkdir. Amma bir az da dərindən düşünsək məlum olar ki, hüquqi dövlət dedikdə burada təkcə vətəndaşın hüquq və azadlıqlarının təmin olunması deyil, bütün hallarda insan və dövlət arasında olan qarşılıqlı münasibətlər sistemi nəzərdə tutulur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hüquq və dövlət geniş və əhatəli məfhum olaraq, həm də dövlət və hakimiyyətin hərtərəfli, əhatəli fəaliyyət sistemidir.
Hüquqi dövlət anlayışı və onun əsas prinsipləri dedikdə dövlət məfhumuna xüsusi diqqət yönəltməliyik. Məlum olduğu kimi dövlət siyasi bir təşkilatdır və bu barədə əgər filosoflara müraciət etsək görərik ki, İmanuel Kant və Volfqanq Fredman dövləti sadə bir formada tərif edir. Onların fikrincə, dövlət çoxlu insan toplusundan ibarətdir (4.pp.65-67) və ictimaiyyət hüquqi qaydalar əsasında idarə olunur (5.pp.67&68). Amma həqiqətdə isə etik normalar dövlətin bütün qərarlarında özünü göstərir; yəni etik normaları və hüququn prinsiplərini, dəyərlərini dövlət üzərində görməmək mümkün deyil. Hegelin təbirincə desək: “dövlət etik ideyaların praktiki reallığıdır” (6.pp.131&134). Ümumiyyətlə, bəzi filosoflar dövləti ümumi hüququn əsas məfhumlarından biri hesab edirlər. Bu ixtisasda olan bütün məsələlər insan və dövlət arasında olan əlaqələri əks etdirir. Dövlət sadə bir məfhumdur və hər bir insan bunu ictimai həyatında dərk edir. Çünki dövlət nizam-intizam yaradır, ölkənin maraqlarını müdafiə edir, qanunsuzluğa yol verənləri cəzalandırır, mənsub olduğu imtiyazı tələb edir, qanunlar hazırlayır, həmçinin ümumi xidməti öz öhdəsinə götürür, milli sərvətləri idarə edir və qoruyur (7.стр.105). Bundan əlavə, bir çox hallarda dövlət “qüdrət” və “hakimiyyət” adlandırılır; daha dəqiq desək, bir qrup filosoflar və hüquqşünaslar (legal philosophers) dövləti böyük qüvvə adlandırmış və digər hissəsi isə dövlətin qüdrətini məhz hüquqi qaydalar vasitəsi ilə idarə olunduğunu bildirmişlər (8.pp. 259 & 261). Əgər bu barədə Hegelin Hüquq fəlsəfəsinə müraciət etsək, məlum olar ki, Hegel dövlət və hüququ ictimai birliklərlə əlaqələndirir: ümumi qanunlar dövlətlə bağlı olan təşkilatlardan yaranır və şəxs vicdanla bağlı olan məsələlərdə gərək özünü qanuna və ictimai tələblərə tabe edib dövlətin üzvü olmaqla yaşayış tərzini qursun. Dövlət hər hansı bir şəxsin tələb olunan ehtiyaclarının ən son hədəfidir və dövlətdə baş verən hər nə varsa xüsusi bir reallığa əsaslanır (9.pp.155 &156).
Buradan məlum olur ki, dövlət və qanunun mövcudluğu cəmiyyətdə tutduğu dərəcə ilə müəyyənləşir və dövlətin mövcudluğu təkcə adına görə deyil, əsas funksiyasına görədir. Burada dövlətin hər hansı bir qərarı hüquqa, etik normaya uyğun olmalıdır və bunlardan kənar hər hansı bir əmr hədəfə çata bilməz. Daha aydın desək, burada ictimaiyyət və hakim qüvvə nəzərdə tutulur; yəni dövlət hüquqi, ictimai-siyasi bir məfhum olaraq, ölkənin etik dəyərlərini əks etdirir və bu dəyərlər həm dövlətin ictimai-siyasi fəaliyyətində və həm də normativ aktlarda mövcuddur. Normativ aktların etik prinsiplərə əsaslanması Müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda özünü daha çox göstərir.
Hüquqi dövlət – ictimai, siyasi və etik prinsiplər
Tarix baxımından dövlət (hakimiyyət) və qanun həmişə yanaşı mövcud olmuş və inkişaf etmişdir. Qəbul etmək lazımdır ki, bir çox hallarda hakimiyyət qanunu üstələmiş və öndə getmişdir. Dövlət hakimiyyəti ilk olaraq qanunla deyil, mübarizə ilə yaranır; daha dəqiq desək, dövlət ictimai-siyasi proseslər və tarixi hadisələr nəticəsində meydana gəlir və yalnız sonradan qanunla təsbit olunur. Dövlət yarandığı vaxtdan hüquqla bağlı olan məsələlərə, o cümlədən ictimai nizam-intizama ehtiyac olmuşdur (2.s.27). Amma mənbəyinə, təkamülünə görə isə üstünlük hakimiyyətə məxsusdur. Bununla belə, özbaşınalığın qarşısını almaq üçün qanun hakimiyyətə nəzarət etməli və qanunun aliliyi xalqın ümumi iradəsinə əsaslanmalıdır. Belə olan halda qanunverici dövlətin yaranması ehtiyacı önə çəkilir. Burada qanunverici dövlət dedikdə, yəni qanunvericilik üçün nəzərdə tutulan dəyərli bir dövlət təşkilatı nəzərdə tutulur. Həmçinin, deyilir ki, hüququn əsasları dövlətin iradəsini əks etdirir və burada əsas məqsəd dövlət təşkilatı nəzərdə tutulur ki, bu təşkilat hüquqi qaydaların yaranmasında səlahiyyətə malikdir. Təbii ki, bunlar ümumi mənaya dəlalət edir. Bunları dövlətin xüsusi məfhumu ilə səhv salmaq olmaz.
Dövlətlə bağlı olan prinsipləri təhlil edərkən, Azərbaycan Respublikasının əsaslandığı hüquqi dövlətə, onun xüsusiyyətlərinə və funksiyalarına diqqət etmək zəruridir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra demokratik, hüquqi və etik normalara əsaslanan hüquqi dövlətin yaranmasına ehtiyac olduğunu bilərək, bu yolda çalışmağı qarşıya məqsəd qoydu. Amma unutmaq olmaz ki, Müstəqil Azərbaycan Respublikasında mövcud olan hüquqi dövlətin yaranması heç də asan olmamışdır. Məlum olduğu kimi Azərbaycan müstəqilliyin ilk illərində tarixin ən mürəkkəb və gərgin dövrlərini yaşamışdır. Məhz belə bir çətin və acınacaqlı şəraitdə təcrübəli, ictimai-siyasi məsələləri dərindən dərk edən, dövlətçilik- dövlət quruculuğunu bilən, həm həyat və həm də ictimai-siyasi təcrübədə tam məlumatlı olan nəhəng bir şəxsiyyətə ehtiyac duyulurdu. Şübhəsiz ki, belə bir şəxsiyyət Ulu Öndər Heydər Əliyev idi. Belə bir zamanda dahi rəhbərin apardığı hərtərəfli, davamlı və uğurlu siyasətin nəticəsində Azərbaycan Respublikasının dövlət və hakimiyyəti yeni və müasir tələblərə cavab verən ictimai-siyasi bir qurum kimi təsdiqləndi.
Uzun illərdir ki, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu prosesi davam edir. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq sisteminin ilk mərhələsi yaranmışdır. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədi ilə Ulu Öndərin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci ilin noyabr ayının 12-də referendumda xalq tərəfindən qəbul edilmişdir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması, həmçinin insanın hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılması, insanların təmin edilməsində dövlət siyasətinin həlledici istiqaməti və bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi təsbit edilmişdir (10.s.84-85).
Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət yalnız ədaləti, vicdanı, insafı, azadlığı, bərabərliyi, qarşılıqlı əlaqəni, hüquq və etik normaları rəhbər tutan dövlət təşkilatıdır. Bu təkcə siyasi və dövlətin vəzifələrini yerinə yetirən təşkilat deyil, ən əsası ictimai və hər bir qərarında əxlaq normalarını önə çəkən, ona söykənən, insanların iradəsini ifadə edən ümumi milli bir təşkilatdır. Burada ümumi milli dedikdə, təkcə vətəndaşların tələb və arzuları nəzərdə tutulmur, həm də bütün hallarda insanların tarixi kökləri, milli dəyərləri, adət və ənənələri, bu adət və ənənələrin öyrənilməsi, tətbiq olunması nəzərdə tutulur. Milli ideologiyaya elmi əsaslarla yiyələnmək hər bir insanın mənəvi tələbidir. Ulu Öndər bu barədə çıxışlarının birində buyurmuşdur: “Milli ideologiyamız mənəvi sərvətimizdir. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissəsidir” (1.s.53).
Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin digər dövlətlərdən üstünlükləri təkcə bununla bitmir, ən əsası hüquqi dövlətdə əxlaq normaları daha çox özünü göstərir. Çünki hüquqi dövlətdə hər hansı bir qanun, siyasi qərar və ya fəaliyyət proqramı qəbul olunarkən insan amilinə xüsusi diqqət olunmalıdır. Hüquqi dövlətin yaranmasında əsas məqsəd vətəndaşların öz hüquq və azadlıqlarını reallaşdırması və müstəqil olaraq fəaliyyət göstərmələridir; yəni burada əsas məqsəd insan azadlığının gerçəkləşməsi və həyata keçirilməsidir. Bəzən digər dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqları barədə geniş bəhs olunur və buna çox yer verilir. Bu cür səthi xarakterli yanaşmalar və hüquqi sənədlərin mövcudluğu hələ ölkədə hüquqi dövlətin yaranması demək deyil. Hətta qayda-qanunlara ciddi riayət edən dövlətlər belə hüquqi hesab olunmur; yəni qanuna əsaslanmaq hüquqi dövlət qurmaq demək deyil, hər şeydən əvvəl qanun özü özlüyündə humanist olmalı, bütün kateqoriyalarda insanın hüquq və azadlıqlarını təmin etməli və onun ictimaiyyətdə reallaşdırılmasına xidmət göstərməlidir. Amma əgər verilən bəyanat yalnız kağız üzərində olsa, dövlət bunun real həyatda tətbiqinə diqqət ayırmasa və bu maddənin tələblərinin yerinə yetirilməsi üçün iradə nümayiş etdirməsə, onda hüquqi dövlətdən söhbət belə gedə bilməz. Hüquqi dövlətin əsas hədəfi insan faktoru və insan haqlarının bütün hallarda tətbiq olunması və qorunmasıdır. Bu barədə Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində oxuyuruq: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (11.maddə12).
Diqqət etmək lazımdır ki, konstitusiyada göstərilən maddə adi bir bəyanat deyil, burada hər hansı bir maddənin tələblərinin yerinə yetirilməsində yüksək iradə tələb olunur. Hüquqi dövlətdə bütün hakimiyyət orqanlarının, vəzifəli şəxslərin fəaliyyətləri insanların bütün təbəqələrinin maddi və mənəvi həyatının yaxşılaşdırılmasına istiqamətlənir. İnsan ona mənsub olan haqları öyrənməli və yeri gələndə ona verilən imtiyazdan istifadə etməlidir. Dövlət səlahiyyəti çərçivəsində ondan asılı olan hər bir şeyi vətəndaşı üçün yerinə yetirməli və konstitusiyada təsbit olunan maddəni gerçəkləşdirməlidir: Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır(1.s.17).Bizim konstitusiyamız xalqın konstitusiyasıdır (1.s.63). Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir(1.s.63).
Təbii ki, hər hansı bir maddənin gerçəkləşməsində təkcə dövlət deyil, vətəndaşın da dövlətlə qarşılıqlı əlaqəsi olduqca zəruridir. Dövlət vətəndaşının təminatçısı olduğu kimi vətəndaş da öz növbəsində bir sıra öhdəliklərin yerinə yetirilməsində bocludur və bunun üçün ciddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının vətəndaşı olan hər bir insan, hər bir gənc ölkəsinə, dövlətinə onun təsbit etdiyi bütün qanun və qərarlarına hörmətlə yanaşmalı, kənar qüvvələrin təsirinə düşməməli, dövlətini onun bütün simvollarını, həm daxildə və həm də xaricdə üstün tutmalıdır. Bu, vətəndaşın mənsub olduğu ölkəsi və dövləti qarşısında ən mühüm vəzifəsidir: Gəncliyimizin mətanətli, qüdrətli, məqsədyönlü xarakteri onların vətən məhəbbətində, əməyə vicdanlı münasibətlərində və xalqın düşmənlərinə qarşı barışmazlığına təcəssümünü tapır (1.s.63).
Hüquqi dövlətin əsas və mühüm xüsusiyyətlərindən biri də iqtisadiyyatla bağlıdır. Burada dövlətin əsas fəaliyyətindən biri insanların sosial vəziyyətinin, onların rifah halının yaxşılaşdırılmasıdır. Hüquqi dövlətin siyasəti hər şeydən əvvəl insanların sosial problemlərinin həll olunmasına yönəlmişdir. Sosial problemləri həll edən dövlət cəmiyyətin hər bir ləyaqətli üzvünün inkişafını təmin etmiş olur. Ulu Öndər hüquqi dövlət quruculuğunda təkcə vətəndaşın hüquq və azadlıqlarının təmin olunmasını deyil, ən əsası vətəndaş və onun bütün tələblərini, sosial ehtiyaclarını və istəklərini nəzərə alaraq, əxlaqi və siyasi prinsipləri önə çəkmiş və bütün hallarda buna riayət olunmasını tələb etmişdir: Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik(1.s.59).
Ulu Öndərin əsasını qoyduğu hüquqi dövlətin etik prinsiplərindən bəhs edərkən, burada dövlət və vətəndaş arasında olan qarşılıqlı münasibəti və əlaqəni nəzərdən qaçırmamalıyıq. Bu inkar edilməzdir ki, dövlət leqal güc tətbiq etmək imkanlarına sahib olan yeganə təşkilat olmaqla yanaşı, həm də vətəndaşla qarşılıqlı münasibətdə üstünlüyə sahibdir. Amma hüquqi dövlətdə bu fərq aradan qalxır; yəni hüquqi dövlətdə vətəndaşlar yüksək vətəndaşlıq mövqeyinə nail olaraq, daha çox müstəqilliyə sahib olur, mənsub olduğu haqlarda daha çox irəliləyir. Hüquqi dövlətin digər bir üstün cəhəti də ondan ibarətdir ki, burada vətəndaşın dövlət orqanlarının qanunsuz işinə münasibətdə iddia irəli sürmək üçün real imkanı təmin olunur və hüquqi dövlətin vətəndaşı olan hər bir fərd dövlət işlərində müstəqil iştirak etmək hüququna malikdir və dövlətin idarə olunmasında vətəndaşın iştirakı vacibdir: Hər bir şəxs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir (1.s.64). Dahi rəhbərin fikirlərini oxuduqda məlum olur ki, hüquqi dövlət və onun etik normalara əsaslanan prinsipləri hər hansı bir insanın və onun yaşadığı məkandan asılı olmayaraq mütəmadi və mükəmməl şəkildə qanunun aliliyini qəbul etməsi deməkdir.
Bu mövzuda mühüm məsələlərdən biri də hüquqi dövlətdə ədliyyə sistemidir. Hüquqi dövlətin yaranmasında ədliyyə sisteminin formalaşması mühüm şərtdir; yəni güclü ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi və onun hər kəs tərəfindən icrası, etibarlı təmin olunmasıdır. Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə Ədliyyə Nazirliyinin fəaliyyəti yenidən təşkil olunmuş və Azərbaycan ədliyyəsi tarixində yeni mərhələ başlamış, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli liderin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı. İlk növbədə penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza və tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi: (12.http://www.justice.gov.az/news/1158). Respublikamızda hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir (1.s.76). Məhz ümummilli liderimizin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin hüquqi dövlət və demokratiya quruculuğunda, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında öz baxışı, yəni özünə xas yanaşma və tətbiq etmək tərzi vardır. O, ölkənin hərtərəfli tərəqqisini dövlət və ictimaiyyət arasında olan vəhdətdə görür. Cənab Prezident insan və ictimaiyyət, ictimaiyyət və dövlət arasında olan məsuliyyəti nəinki hiss edir, hətta hər bir çıxışında ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğunun mövcudluğunu, bunun hər bir anda ali məqsəd olduğunu diqqətə çatdırır: “Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması bizim başlıca məqsədimizdir. Harada tərəqqi, inkişaf varsa, o yerdə demokratik cəmiyyət mövcuddur. Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir”(13.s.53-54).
Nəticə. Nəticə olaraq qeyd etmək lazımdır ki, hüquqi dövlət əsas iki aspektdə tədqiq olunmalıdır: fəlsəfi-hüquqi, ictimai-siyasi. Çünki təkcə hüquq, etik normalar, dövlət, ictimaiyyət, ictimai məsuliyyət və digər məsələlərə diqqət etmək mövzunu tam olaraq əhatə etmir; daha aydın desək, yəni məsələyə ancaq hüquqi, ictimai siyasi baxımdan yanaşmaq bəzi məsələlərin tədqiqdən kənarda qalmasına gətirib çıxarır. Çünki hüquq, əxlaq, dövlət, ictimaiyyət və mövzu ilə bağlı digər sözlər müxtəlif mənalara dəlalət etdiyi üçün burada fəlsəfi düşüncə tələb olunur. Çünki bunlardan biri-hüquq zati və digəri isə-əxlaq nəfslə bağlı olan bir məfhumdur.
Hüquqi dövlətin əsaslandığı ən mühüm məsələ insan və ona verilən dəyərlərin real həyatda tətbiqidir. Hüquqi dövlətin əsaslandığı etik prinsiplər hüququn bütün sahələrini əhatə etmişdir. Hüquq və əxlaq arasında qarşılıqlı əlaqə həm dövlətə və həm də ictimai münasibətlərə təsir edir. Bir az da dərindən düşünsək, görərik ki, bu iki məfhum həm söz və həm də məna baxımından fərqli olsa belə, amma hüquqi, ictimai-siyasi baxımdan hədəf eynidir. Əxlaq və ona mənsub olan xüsusiyyətlər insanın nəfsi ilə bağlı olan və sonradan yaranan üstün cəhətlərdir ki, biz buna əxlaq deyirik. Əxlaq zati məfhum deyil, sonradan yaranan və nəfslə bağlı olan bir xüsusiyyətdir. Amma haqlar-hüquq əxlaqdan fərqli olaraq zati bir məfhumdur ki, insan yarandığı vaxtdan onunla birlikdə yaranır və heç bir qüvvə də onu insandan almağa qadir deyil, çünki bu onun təbii haqqıdır. Məhz bu səbəbdən də haqlar bütün həyati və ictimai-siyasi məsələlərdə həmişə özünü göstərmişdir və hətta insan istəməsə belə bu təbii istəklər onu haqqa-təbii tələblərinə doğru yönəltmişdir.
Amma məsələnin hüquqi, ictimai və siyasi tərəflərinə gəldikdə isə, (burada həm də mənəvi cəhətlər özünü acıq-aydın göstərir) burada dahi şəxsiyyət Heydər Əliyevin başlıca məqsədi hüquqi dövləti yaratmaqdan əlavə, həm də ən əsas məqsədi Azərbaycan ölkəsini, onun insan haqlarına tam olaraq cavab verə bilən və etik normalara əsaslanan konstitusiyasını dünyaya tanıtdırmaq idi. Çünki Azərbaycan dövlət qanunvericiliyi hər bir addımında insana onun haqlarına, qnunun aliliyinə diqqət etmiş, bütün hallarda haqların və qanunun müqəddəsliyini həm nəzəriyyədə və həm də əməldə qorumuşdur. Hüquqi dövlətin əsasını təşkil edən qanunların hər bir maddəsi, bəndi əxlaqi dəyərlərə söykənir: ədalət, insaf, vicdan, bərabərlik, azadlıq, humanizm və digər insani keyfiyyətlər Müstəqil Azərbaycan Respublikasının bütün qanunlarında təsbit olunmuşdur. Etik normalara əsaslanan Azərbaycan qanunvericiliyi hər bir qərarında bu normalara riayət etməyi nəinki qarşıya məqsəd qoyub, hətta yerindəcə tətbiq olunmasına ciddi əmrlər vermişdir. Əxlaqi dəyərlərin mövcudluğunda, davamlı inkişafında təbii ki, insan və dövlət, dövlət və ictimaiyyətin vəhdəti əsas şərtlərdən biridir. Dahi rəhbərin əsas hədəflərindən biri bu idi ki, insan dövlətə yaxın olsun; yəni dövlət və ictimaiyyət arasında bağlılıq yaransın və həmişə çıxışlarında dövlətin xalqa xidmət etməsini təkidlə bildirirdi. Çıxışlarının birində dərin məna kəsb edən – xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” tarixi cümləsi məhz bu mənaya dəlalət edir.
İstifadə edilmiş ədəbiyyatlar
1.Heydər Əliyev: Dövlət xalq üçündür. Bakı: “Adiloğlu”, 2008.
2.Əntiqə Paşayeva. Hüququn fəlsəfəsi. Bakı: “Avropa”, 2019.
3.Eldar Həsənov. Azərbaycanın dövlət və hüququnun əsasları. Bakı: Azərnəşr, 2009.
4.Kant, İmmanuel. “The Moral Law: Kant’s Groundwork of the Metaphysic of Morals”. A new translation with analysis and notes by H. J. Paton, London: 1956.
5.Wolfgang Gaston Friedmann. “Legal Theory”. Stevens & Sons, Limited. London: 1947.
6.Friedrich, Carl Joachim. “The Philosophy of Law in Historical Perspective”. The University of Chicago Press 1969.
7.Антига Пашаева. Философия права. Перевод с азербайджанского С. Саттарова. Украина, Сватово: Соборность, 2019.
8.Cairns, Huntington. Leqal Philosophy from Ploto to Hegel. The Johns Hopkins Press, Baltimore 1949.
9.Hegel, Georg Wilhelm Friedrich. Philosophy of Right. Translated with notes by T. M. Knox. Oxford University Press, London 1967.
10.Rəşad Hüseynov. Hüquqi dövlət və vətəndaş cəmiyyəti. Bakı: “Elm və təhsil”, 2017.
11.Azərbaycan Respublikasının Konstitusiyası. Dövlətin ali məqsədi, maddə 12.
12.http://www.justice.gov.az/news/1158.
13.İlham Əliyev: İqtibaslar və təhlil. Tərtib edənlər: Elnur Aslanov, Fərhad Məmmədov və Ceyhun Osmanlı. Bakı: “Azərbaycan nəşriyyatı”, 2006.
Пашаева А.Н.,
доктор философии по философии, доцент, старший научный сотрудник отдела «Исламская философия» института Философии и Социология НАНА.
Резюме
Этические принципы в построении правового государства Великим Вождем Гейдаром Алиевым
(философский, правовой, общественно-политический анализ)
После обретения независимости Азербайджанской Республикой, чувствовалась потребность в сильном государстве, которое объединяло бы в себе демократические, правовые и этические нормы. В такое время одно лишь владение опытом и политическими науками и знание их функций было недостаточным, здесь требовалась влиятельная личность, которая длительное время трудилась на этом поприще, во всех сферах служила своему народу, заслужила доверие народа и, что самое главное, глубоко знала государство и государственность. В такое трудное и мрачное время все люди, независимо от их религии, языка и национальной принадлежности, собрались на площади, выступив с требованием возвращения Гейдара Алиева к руководству страной, и требовали, что он принял на себя руководство страной, которая находилась в таком положении. Очень скоро гениальная личность взяла не себя такую огромную и весьма тяжелую ответственность на себя и обещал постоянно быть рядом со своим народом. Объединив Азербайджан и идею азербайджанства, он создал правовое государство единой, Независимой Азербайджанской Республики, также наравне с этим, включил нашу страну в список влиятельных и развивающихся стран на международной арене.
В настоящем труде правовое государство, созданное под руководством Великого Вождя Гейдара Алиева, и его принципы, основанные на этические нормы, а также понятия государства, власти и правового государства, отличающие их качества, правовые и нравственные ценности анализируются и с философского, и с правового, общественно-политического аспекта.
Ключевые слова: Независимая Азербайджанская Республика, Гейдар Алиев, государство, правовое государство, власть, этические принципы, общественность.
Pashayeva A.N.,
PhD in philosophy, associate professor, senior researcher at the Department "Islamic Philosophy", Philosophy Institute and Sociology of NA of AR,
Summary
Ethical principles of the Great Leader Heydar Aliyev in the establishment of legal state
(philosophical, juridical, socio-political analysis)
There was a need for a strong state that incorporated democratic, legal and ethical norms after the Republic of Azerbaijan became independent. At such a time, it was not enough just to gain experience and political knowledge and to be closely acquainted with their functions, but it was required to have an influential person who had worked in this area for many years and had served the nation in all areas, and most importantly, it was asked for an authoritative personality, who had gained the confidence of the people with a deep knowledge of state and state organization. In such a difficult and deplorable time, all people, regardless of their religion, language and nationality, gathered to the square and they put forward a demand for Heydar Aliyev to rule the government and to take over the leadership of the country in such a situation. Then, the genius personality again assumed this great and difficult responsibility and promised that he would always be with his people. He united the ideas of Azerbaijan and the statehood, not only creating a unified, independent state of the independent Republic of Azerbaijan, but also making our country among the most influential and developing countries in the world.
The legal state, established by the Great Leader Heydar Aliyev, and its principles based on ethical norms, as well as the concepts of state, government and legal state, the differences between them, legal and moral values were analyzed by the present research in the philosophical, juridical and socio-political aspects.
Keywords: Independent Republic of Azerbaijan, Heydar Aliyev, state, legal state, government, ethical principles, the public.