29.03.2021, 10:53 - Baxış sayı: 943

Cəlaləddin Rumi yaradıcılığında eşq və əxlaqın nisbəti


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam Fəlsəfəsi”
şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.


از خدا جوييم توفيــق ادب بي‌ادب محـروم ماند از لطف رب
بي‌ادب تنها نَـه خود را داشت بـد بـلکــــه آتـش در همــــه آفـاق زد (مثنوی معنوی، دفتر اول: 78-77).
Xülasə
Məlum olduğu kimi eşq və əxlaq irfan və təsəvvüfün əsas mövzularından biridir. Məhz bu baxımdan Cəlaləddin Rumi yaradıcılığının da əsas məzmunu eşq və onun fəlsəfəsidir. Ümumiyyətlə, eşq Rumi yaradıcılığına əsasən daha çox tədqiq olunur, amma eşq və əxlaq arasında olan əlaqədən çox az bəhs olunur. Halbuki, Ruminin hər bir misrası hikmətlə yanaşı, həm də etik dəyərlərin göstəricisidir.
“Məsnəvi”nin əsas sütunu olan eşq nur, bilik və əxlaq mənbəyidir. Rumi eşq və sevgini pisliklərdən xilas olub, mələkut aləminə yaxın olmaq üçün yeganə çıxış yolu hesab edir və bütün varlıqların cövhərini məhz sevgidə axtarır. Ruminin vəsf etdiyi eşq həm də əxlaqi dəyərlərə əsaslanır. O yeganə arifdir ki, eşq və əxlaq arasında mövcud olan bağlılığı həm məntiqin, həm fəlsəfənin və həm də irfanın dili ilə bəyan etmişdir. Mövlananın kəlamlarından əsas məqsəd insanları pak, mükəmməl və gözəl əxlaqa sahib olan bir varlıq kimi görməkdir.
Məsnəviyə görə eşq əzəlidir, əxlaq isə ərəzdir, yəni sonradan yaranır. Məhz eşqin vasitəsi ilə insan əxlaqi dəyərlərə sahib olur və ilahi sevgiyə çatır. Təbii ki, burada eşq dedikdə zahiri eşqdən söhbət getmir, çünki Ruminin nəzərində eşq iki cürdür: məcazi – zahiri eşq və həqiqi – İlahi eşq. Burada eşq və əxlaqın nisbəti dedikdə də məhz həqiqi – İlahi eşq nəzərdə tutulur. Ruminin nəzərində əgər eşqin mövcudluğunda sübuta ehtiyac olsaydı, onda eşqin varlığına sübut elə eşqin özüdür. Rumi deyir ki, eşqdən üz döndərməyin, çünki eşq, sevgi hər şeydə mövcuddur və heç bir varlıq eşqsiz və sevgisiz deyildir. Əgər biz eşqi digər varlıqlarla müqayisə etsək, bu halda elə bil günəşi kölgə ilə müqayisə etmiş oluruq. Məhz bu eşqdir ki, insan İlahi varlığa yaxın olmaqla əxlaqi dəyərlərə sahib olur. Rumi deyir ki, aləmi, külli kainatı lərzəyə salan və təhrik edən eşqdir; məhz aləm eşqin vasitəsi ilə coşur, qaynayır. Eşq bütün varlıqlarda mövcuddur və bütün varlıqlara güc və qüvvə verən, onları kamilliyə və əxlaqi dəyərlərə sahib edən yalnız və yalnız eşqdir.
Açar sözlər: Cəlaləddin Rumi, “Məsnəvi”, eşq, əxlaq, insan.
Müqəddimə
Məlum olduğu kimi eşq ariflərin nəzərində əsas üsul və təlimlərdən biridir. Ariflərin bir çoxu eşqi İlahi dərgaha çatmaq və onun vüsalına qovuşmaq, həmçinin əxlaqi (manner or virtues) dəyərlərə sahib olmaq üçün əsas şərt hesab etmişlər. Məhz bu baxımdan Cəlaləddin Rumi irfanında bu məsələyə daha geniş yeri verilmişdir. Çünki onun nəzərində eşq mövcud aləmin – varlıqların yaranmasının əsasını təşkil edir; külli kainatın təməli məhz eşqin cazibəsinə əsaslanır. Rumi “Məsnəvi”də eşqi insanın əxlaqi dəyərlərə sahib olması və əbədi səadətə qovuşması üçün əsas şərtlərdən biri hesab edir. Burada “Məsnəvi” kitabı və eşq anlayışı mükəmməl olaraq bir-birini tamamlayır. Rumi bu dəyərli əsərini yazmaqla İslam irfanında eşq məfhumunu daha da sevdirdi və gələcək nəsillərin bu barədə tədqiqat aparmalarına maraq oyatmaqla yanaşı, həm də yeni bir yol acidı. Digər tərəfdən, “Məsnəvi”ni eşq, sevgi və əxlaq anlayışı olmadan təsəvvür etmək qeyri – mümkündür. Çünki İlahi eşq “Məsnəvi”nin əsası olaraq həm də əxlaqi dəyərləri aşılayır və üstün cəhətləri tərənnüm edir.
Mövzunu təhlil etdikcə bir sıra suallar qarşıya çıxır: nəyə görə Mövlana bu qədər eşqi vəsf edir? Onun nəzərində eşqin varlığından məqsəd maddi eşqdir ya mənəvi eşq? Eşqin həddi varmı? Ümumiyyətlə, eşq tərif oluna bilərmi? Mövlana özü aşiqdir ya ancaq məşuqu vəsf edir? Eşq və aşiq məfhumu Allah-Təala yanında hansı dərəcəsi vardır? Digər mühüm sual da bundan ibarətdir ki, eşq və əxlaq arasında bağlılıq mümkündürmü, əgər mümkündürsə bu hansı hallarda mövcuddur? Biz çalışmışıq bu tədqiqat işində eşq və əxlaq arasında olan nisbətdən əlavə, həm də bu iki məfhumun bağlılığından bəhs edək. Çünki eşq və əxlaq hər ikisi birlikdə insanın saflaşmasından əlavə, həm də kamilləşməsidir. Burada digər mühüm məsələ ondan ibarətdir ki, eşq və sevgi ilə bağlı mövzulara diqqət etdikdə, bu mövzuların daha çox təhlil olunmasının şahidi oluruq. Amma qəbul etmək lazımdır ki, aşiqin ədəbindən və sevginin etik dəyərlərindən çox az bəhs olunur. Bu mövzuya müraciət etməyimin əsas səbəbi Cəlaləddin Rumi yaradıcılığında təkcə aşiqin məşuquna olan sevgisi, onun vüsalına qovuşmaq və onun yolunda çəkdiyi iztirablar deyil, burda əsas hədəfim Ruminin nəzərində aşiqin necə böyük fəzilətə, etik və əxlaqi keyfiyyətlərə və ən əsası ilahi əxlaqa sahib olmasını “Məsnəvi”nin dili ilə bəyan etməkdir.
“Məsnəvi” kitabına qısa baxış
Cəlaləddin Rumi və Mövlana adları ilə məşhur olan (h.q.604-672/1208-1274 m.) Muhəmməd bin Muhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi hələ həyatda olduğu zamanlarda “Cəlaləddin”, “Xudavəndqar” (Allah, şah, sahib) və “Mövlana Xudavəndqar” ləqəbləri ilə məşhur olmuşdur. Mənbələrin yazdığına görə sonralar (IX əsrdən sonra) ona “Möləvi”, “Mövlana”, “Rumlu Mövləvi” və “Rumlu Mövla” adları verilmişdir (2.p.193).
Cəlaləddin Ruminin həm həyatının və həm də yaradıcılığının əsasını təşkil edən “Məsnəvi” əsəridir. Kitabın əsil adı “Məsnəviy-e Mənəvi – مثنوی معنوی”. Həm ruhun və həm də cismin mənəvi qidası olan bu əsər iyirmi yeddi min beytdən və altı hissədən (altı dəftər) ibarətdir (3.p.306). Bəzi mənbələrdə isə “Məsnəvi”nin iyirmi altı min beytdən ibarət olduğu göstərilir (4.s.37). Bir çoxları “Məsnəvi”ni irfanın ədəbi irsində ən böyük əsər adlandırmışlar (5.p.361).
“Məsnəvi” Mövlananın ömrünün axırlarında yazdığı əsərdir. Bu kitab böyük və tanınmış arif Həsaməddin Həsən Çələbinin (h.q.622-683/1225-1284m.) xahişinə əsasən yazılmışdır. Bu kitabın altı hissəsinin yazılması on beş il müddətinə uzanmışdır (6.s.13). “Məsnəvi” ritmik bir ayə, rəbbani həqiqətləri tam şəkildə bəyan edən qəlbin səsi və həmçinin ilahi sirlərin və Quran ayələrinin tam mənasını əks etdirən saf, ülvi duyğulardır. İlahi elmlərdə ilahi bir fəsil olan Məsnəvi elmi şəhvət və cismani şəhvətdən tamami ilə uzaqdır, yəni Rumi kəlamları təsirli və ecazkar olmaqla yanaşı, həm də əxlaqi və mənəvi bir qidadır; bu elə bir qidadır ki, Mövlana bunu ruhun və nəfsin dərmanı hesab etməklə yanaşı, həm də İslam düşüncəsinin bütün əxlaqi və mənəvi komponentlərini vəsf etmişdir – “Məsnəvi” yaradıcısı islami dəyərlərdən çox məharətlə istifadə etmişdir. Məhz bu səbəbdən də o bəzən arif, bəzən həkim – mütəfəkkir, bəzən fəqih (islam alimi, hüquqşünas, şəriətçi) və bəzən isə hekayətçidir. Cəlaləddin Rumi “Məsnəvi”də batini həqiqətləri və zahiri gerçəkləri qəlbi və zehninin mükəmməl ahəngdarlığı ilə tam mənada ifadə etmişdir və bu harmoniyada onun işinin əsas fonunu təşkil edən nəfsani (ing: sensual) istəklərə qarşı olan qəlb, etik dəyərlər və ən əsası isə ilahi sevgidir. Bu kitabı oxuyan hər bir kəs burdakı kəlmələrin mənasına diqqət etsə, bu kəlmələrin təkcə zahiri mənalarını deyil, həm də batini mənalarını fəhm etsə, ən əsası mənəvi ruhunu hiss etsə bu əsərin nə qədər böyük olduğunun şahidi olacaq və həm də onun ecazkarlığını dərk edəcəkdir. “Məsnəvi”nin bu qədər məşhur olmağı və ölməzliyi ədəbi quruluşuna görə deyil, bəlkə kəlmələrdə olan mənaların sonsuz dərinliyidir. Məhz buna görə də “Məsnəvi” fars ədəbiyyatının ən yaxşı ədəbi nümunələrindən olan Firdovsinin “Şahnamə”si, Hafizin “Divanı” və Sədinin “Bostanı” ilə eyni cərgədə deyil. Çünki bu əsər adi bir əsər deyil; Rumi burada İlahi zatın əxlaqı keyfiyyətlərini, bəndələri ilə ünsiyyətini və fövqəltəbii təmsillərini nəzmin – şerin dili ilə deməyə çalışmışdır. Ruminin Məsnəvidəki şerləri yalnız daxili atəşi ifadə edən vasitə deyil, bu həyəcan, ilahi sevgidən məst olmaq, fədakarlıq, ürəkaçanlıq və özünü görməmək, bir sözlə eşq və eşqdir... eşq elə bir məfhumdur ki, onu sözlə, eşitməklə ifadə etmək olmaz, o bir dəryadır ki, dərinliyinə baş vurduqca daha dərinliklərə gedirsən:
درنگنجد عشق در گفت و شنید، عشق دریایی است قعرش ناپدید. (مثنوی معنوی، دفتر پنجم: 27-31).
Mövlana “Məsnəvi”ni vəsf edərkən demişdir: Məsnəvi kəlamları nəyi isə daşımaq və təkrarlamaq deyil, bəlkə ayağa qalxaraq, daha ucalara – asimana doğru hərəkət etmək, batini həqiqətləri və bu həqiqətlərin özəyi olan İlahi eşq və sevgini dərk etməkdir(7.c.2.s.14).
“Məsnəvi”də eşq və əxlaqın bağlılığı
Cəlaləddin Ruminin hər bir misrası hikmətlə yanaşı, həm də etik dəyərlərin göstəricisidir. Rumi eşqin fəlsəfəsindən bəhs edərkən əxlaqi xüsusiyyətləri önə çəkmiş, aşiq və məşuq arasında olan bağlılığın köklərini məhz etik münasibətdə axtarmışdır. Çünki “Məsnəvi” irfani bir əsərdir, əxlaq və etik normalar irfanın daxilindədir; yəni bir arif həm də etik və əxlaqi dəyərlər göstəricisidir və etik dəyərlərə sahib olmayan alim arif ola bilməz. Mövlana “Məsnəvi”nin birici hissəsində (birinci dəftər; bu hissədə əsas mövzu nəfsdir) nəfsin xüsusiyyətlərini, onun dərəcəsini və növlərini (əmmarə nəfs – carnal soul; ləvvame nəfs – morally conscious mind; mutməene nəfs – self at peace) müəyyən edir və nəfslə bağlı olan pis xislətləri isə ilahi əxlaqa sahib olmaq üçün maneə, yəni qarşısıını alan səbəb kimi bəyan edir. Mövlana “Məsnəvi”nin başanğıcında əsas mətləbə keşməzdən əvvəl irfan elmində olan ruhi və psixoloji, həmçinin mərifətşünaslığı – epistemoloji tərəfləri önə çəkir:
سينـه خواهـم شرحـه شرحـه از فـراق تـا بـگــــويــم شـــــرح درد اشـتـيـــق
هر کسي کو دور ماند از اصل خويش باز جـويــد روزگـار وصـــل خــويـش (مثنوی معنوی، دفتر اول: 4-1)
Ruminin nəzərində, insan ola bilər əxlaqi keyfiyyətlərə sahib olsun, amma arif olmasın. Yüksək mənəviyyata çatmaq üçün insan ancaq əxlaq səviyyəsini aşaraq, ariflərə xas olan suluk (conduct), yəni ən yüksək əməl və davranışlara nail olmalıdır. Burada iki məsələ mövcuddur: birincisi sekulyar – dünyəvi əxlaq, ikincisi isə ilahi əxlaqdır ki, Mövlana “Məsnəvi”də vəsf etmişdir. Rumi deyir ki, insanın İlahi varlığa yaxın olması və əxlaqi olması üçün ən əsas mütləq varlığa tərəf üz tutmalıdır, yəni ona tərəf getməlidir; ona tərəf getməklə insan əxlaqi xüsusiyyətlərə sahib ola bilər və ruhunu pisliklərdən çəkindirə bilər. Çünki mütləq vücudla rabitə olmadan ruhun saflaşması qeyr – mümkündür. Amma ona tərəf gedəndə isə ilk mərhələdə ruh təzələnir, insan dürüst və saleh əməl sahibi olur. Məhz burda hər iki əxlaq – sekulyar və ilahi əxlaq arasında böyük fərqin olduğu özünü göstərir. “Məsnəvi”də vəsf olunan əxlaq ilahi əxlaqdır ki, onun əsası, məhvəri və hərəkətverici qüvvəsi yalnız mütləq Təaladır. Ruminin kəlamlarında əxlaq irfana giriş və ən yüksək mərtəbədə pərvaz etməyin başlanğıcdır. Arifin kəlamları da məhz buna işarə edir:

صحت اين حس بجوييد از طبيب صحت آن را بخـواهيــد از حبيب (مثنوی معنووی، دفتر اول: 304).
Qeyd olundu ki, “Məsnəvi”nin əsas sütunu eşq, ilahi nur, əxlaq və mərifətdir. Mövlana yeganə aşiqdir ki, eşq və əxlaqın vəhdətini həm məntiqin, həm fəlsəfənin və həm də irfanın dili ilə bəyan etmişdir. Onun əsas hədəfi insanları pak, mükəmməl və gözəl əxlaqa sahib olan bir varlıq kimi görməkdir. Məhz bu səbəbdən də eşq və onun anlayışı islam mədəniyyətinin əsas elmlərindən olan irfan və təsəvvüfün ən mühüm mövzularından biri hesab olunur və zaman keçdikcə, daha da dərindən və müxtəlif çalarlara öyrənilməsinə səy göstərilir. Eşq elə bir məfhumdur ki, onu tərif etmək mümkün deyil, çünki eşq mövcud aləmdə pünhandır. Məhz buna görə də mütəfəkkirlər çalışmışlar ki, bu pünhanı zahir edib, öz baxışlarına əsasən vəsf etsinlər. Bəs eşqin əsası haradan qaynaqlanır və onun zatını necə tanımaq olar? Filosoflar və ariflər eşqin mənşəyini qeyb aləmi ilə əlaqələndirmişlər. Bəziləri eşqi fəzilət və bəziləri isə rəzilət hesab etmişlər. Amma Ruminin bəyanı irfanidir, yəni o çox sadə və lətif şəkildə bəyan etmişdir. Onun nəzərində bütün kamil xüsusiyyətlər Allahın sifətidir; insan hər bir işi ki, yerinə yetirir Allah Təalanın cilvəsidir. Bütün kamil xüsusiyyətlər Allaha məxsus olan sifətlərdir və Allahdan başqa heç bir şey sevgiyə layiq deyil. O, mövcud aləmdə olan bütün aşiqləri rədd edir və bütün varlıqların yalnız bir varlığa ehtiyacı olduğunu bildirir. Burada əsas hədəf də bundan ibarətdir ki, həm tövhidin və həm də İlahi əxlaqın mövcudluğunu göstərsin. Çünki onun nəzərində yalnız bir varlıq – mütləq varlıq mövcuddur, mütləq varlığın sahib olduğu əxlaq ən üstün əxlaq hesab olunur və bu sifət əxlaqın ən böyük göstəricisidir. Ruminin nəzərində İlahi eşqlə, bəşər eşqi arasında böyük fərq vardır. Fərqi ondan ibarətdir ki, İlahi eşq pak, sabit və dəyişməzdir, amma insana xas olan eşq dəyişəndir və qeyri-sabitdir. Məhz buna görə də bəşər eşqi heç vaxt dəyişməyən pak və sabit eşqə ehtiyacı vardır. Rumi iddia edir ki, eşq Allahı vəsf etməkdir və heç bir insan onun varlığını dərk edə bilməz, ancaq aşiq olan onun varlığını dərk edə bilər. Amma bunu dərk etmək çox çətindir, çünki eşq bəzən aşkarda və bəzən isə gizlindədir. Mövlana təkid edir ki, külli kainatın yaranmasından məqsəd eşqdir; eşq elə bir həqiqətdir ki, bəşər təfəkküründə təcəlli edir, əgər eşq olmasa aləm yaranmazdı, eşq daimi həyatdır, yəni insanın vücudu eşqə bağlıdır; o eşqdir ki, insanın vücudunu yaşadır, ona həyat verir; həqiqi aşiq eşqin susuzluğu ilə yaşayır. Ruminin dediyi kimi:
چون به عشق آیم خجل باشم از آن، هر چه گویم عشق را شرح وبیان
لیک عشق بی زبان روشنتر است، گرچه تفسیر زبان روشنگر است
چون به عشق آمد قلم بر خود شکافت، چون قلم اندر نوشتن می شکافت (مثنوی معنوی، دفتر اول: 23-21).
Rumi irfanında eşq insanın və bütün varlıqların yaranmasına səbəb olan əbədi həqiqətdir. Ruh və həyat kimi bütün varlıqları öz əhatəsinə almışdır; eşq bütün varlıqların yaşamasına səbəb olan kainatın zərrələrinin cazibəsidir (8.s.6). Rumi, “Məsnəvi”də eşqi həyat, mənşə və məqsəd olaraq xatırladır və onu tövhid üsullarından biri olaraq, hətta ağıldan da üstün olduğunu bildirir. Çünki onun fikrincə, ağıl fərqləndirir və ayırır; amma eşq isə ziddiyyətli məsələləri aydınlaşdırır və bunları bir-birinə bağlayır və məhz buna görə də eşqin məqamı daha ucadır.
Göründüyü kimi Rumi elə bir arifdir ki, bütün kəlamlarında eşq və sevgiyə hədsiz diqqət etmiş, eşqin cazibəsini, aşiq və məşuqun iztirablarının mövcud aləmdə daim var olduğunu bildirmişdir. Kainatda olan bütün varlıqlar öz varlıqları baxımından İlahi zata xas olan həqiqi sevgidən məhrum deyillər; kainatın bütün canlıları həqiqi sevgiyə – öz məşuqlarına qoşulmaq istəyirlər. Bəli, Ruminin bütün əsərlərinin əsas məzmunu eşq və onun əxlaqi xüsusiyyətləridir. Eşq “Məsnəvi”nin əsas sütunu, əxlaqın və mərifətin mənbəyidir. Mövlana insanın mələkut aləminə, ilahi varlığa çatması üçün səy göstərir; onun nəzərində bu mərtəbəyə çatmaq üçün eşq qurtuluşun yeganə yoludur və o bütün varlıqların cövhərini eşqdə axtarır. Rumiyə görə eşq əzəlidir və həmişə olub, amma əxlaq isə ərəzdir, yəni sonradan insanda yaranır. Məhz eşqin vasitəsi ilə insan əxlaqi dəyərlərə sahib olur və ilahi sevgiyə çatır. Eşq elə bir məfhumdur ki, əzəldən olub və olacaqdır da... onu axtaranlar saysız-hesabsızdır, amma qiyamət günündə o şəxslərin ki, qəlbində ilahi – rəbbani eşq olmayıb, onlar inkar olunacaqlar, yəni həqiqi aşiqlərin sırasından kənarlaşdırılacaqlar (9.Divan: Şəms Təbrizi). Necə ki, Rumi deyir:
عشق از ازل است و تا ابد خواهد بود، جوینده عشق بی عدد خواهد بود
فردا که قیامت آشکارا گردد، هرکس که نه عاشق است رد خواهد بود (دیوان شمس تبریزی، رباعیات: 762-764).
Ruminin fikrincə, eşqdən üz döndərmək olmaz, çünki eşq, sevgi hər şeydə mövcuddur və heç bir varlıq eşqsiz və sevgisiz deyildir. Əgər biz eşqi digər varlıqlarla müqayisə etsək, bu halda elə bil günəşi kölgə ilə müqayisə etmiş oluruq. Məhz bu eşqdir ki, insan İlahi varlığa yaxın olmaqla etik xüsusiyyətləri özündə birləşdirir:
آتش عشق است كاندر ني فتاد، جوشش عشق است كاندر مي فتاد (مثنوی معنوی، دفتر اول: 17)
Burada eşq od olaraq təşbih olunur, yəni atəş, od eşqdir. “ نی- ni” və “می - mi” kəlmələrindən məqsəd bütün aləm – kainatdır. Rumi deyir ki, aləmi, külli kainatı lərzəyə salan və təhrik edən eşqdir; məhz aləm eşqin vasitəsi ilə coşur, qaynayır. Eşq bütün varlıqlarda mövcuddur və bütün varlıqlara güc və qüvvə verən, onları kamilliyə və əxlaqi dəyərlərə sahib edən yalnız və yalnız eşqdir. Digər bir yerdə isə eşqi odla müqayisə edir və bildir ki, eşq elə bir atəşdir ki, alovlandığı vaxt məşuqdan başqa hər şeyi məhv edib aradan aparar; mütləq vücuddan başqa hər nə varsa fanidır, əbədi olan yalnız mütləq vücuddur.
چيست تعظيم خدا افراشتن خويشتن را خوار و خاکى داشتن
چيست توحيد خدا آموختن خويشتن را پيش واحد سوختن (مثنوی معنوی، دفتر اول: 58-55).
هر چه گويد مرد عاشق بوى عشق از دهانش می جهد در کوى عشق (مثنوی معنوی، دفتر اول: 56-55).
Cəlaləddin Ruminin dahi əsəri olan “Məsnəvi”ni oxuduqda şahidi oluruq ki, Mövlana eşqi bütün dərdlərin dərmanı hesab edir, yəni o dərdlər ki, bəyənilməyən və qəbul olunmayan əxlaqla əlaqədardır. Çünki əxlaq dedikdə, söhbət təkcə yaxşı əxlaqdan getmir, Ruminin nəzərində pis əxlaq da mövcuddur; həsəd, özündən razı olmaq, qürur, özündən başqa heç kimi bəyənməmək və bu kimi xüsusiyyətlər insanlarda pis əxlaqın göstəricisidir. Rumi hesab edir ki, bunların saflaşması yalnız və yalnız eşqlə mümkündür. Bu həmin eşqdir ki, insanın ruhunu və mənəviyyatını cilalayır, təmizləyir onu özünəməxsusluqdan başqa bir aləmə və oradan da ərşi əlaya – İlahi məhvərə yaxınlaşdırır; səadət və xoşbəxtlik qapılarını onun üzünə açır:
هرکه را جامه زعشقی چاك شد، او زحرص وعیب کلی پاك شد
شاد باش اي عشق خوش سوداي ما، اي طبیب جمله علت هاي ما
اي دواي نخوت وناموس ما، اي تو افلاطون و جالینوس ما (مثنوی معنوی، دفتر اول: 22-24).
Rumi deyir ki, insanın ruhu həmişə sevgi və məhəbbətə susayır və buna ehtiyacı vardır. O, Qurani-Kərimə işarə edərək burada İlahi sevgidən bəhs edir və təkcə insanın deyil, Allahın da bəndələrinə sevgisini ifadə etdiyini bildirir: “Allah onları sevir və onlar da Allahı sevir” . Mövlana Quran ayəsinə əsasən eşqi külli kainatın yaranmasının əsası hesab edir. O eşqin varlığının məhz Allah-Təalanın vasitəsi ilə yaranmasını bildir və həmçinin eşqi Allahın sirri hesab edir:
علت عاشق ز علتها جداست، عشق اصطرلاب اسرار خداست(مثنوی معنوی، دفتر اول: 20-19).
Məcazi eşq və Həqiqi eşq
Məcazi – zahiri eşq: Ruminin nəzərində eşq iki növdür: məcazi – zahiri eşq və həqiqi – İlahi eşq. Mövlana məcazi eşqi həqiqi eşqə çatmaq üçün bir təcrübə yolu hesab edir. Amma burda aşiqin əsas vəzifəsi ondan ibarətdir ki, aşiqlik ədəb (beautiful behavior) və əxlaq qaydalarını bilsin və etik dəyərlərə sahib olsun. Çünki aşiq olan kəs əgər əxlaqi dəyərlərə sahib olmasa onu aşiq adlandırmaq olmaz. Bundan əlavə, Rumi məcazi eşqdə ilahi bir qüvvənin olduğunu bildirir və buna inanır. Rumiyə görə məcazi eşq ilahi eşqin nuru və onun parıltısıdır ki, külli aləmə öz şölələrini saçır, amma bununla belə dünyəvi məşuqə bağlanmaq olmaz, çünki o keçici və müvəqqəti bir nişanədir ki, gec ya tez özünə qayıdar, davam edə bilməz və tez bir zamanda da aradan gedər. Mövlana təkid edir ki, məcazi eşqin ilahi eşqə sahib olması üçün mövcudluğu mütləqdir. Çünki məcazi eşq məşuqun cisminin fani olması deyil, bu eşq məşuqun ruhuna və psixologiyasına bağlı olan güclü bir qüvvədir; daha aydın desək, Rumi cismin zahirinə diqqət etmir, çünki irfanda əsas ruhdur; necə ki, haqq Təala bu barədə buyurmuşdur:
“نَفَختُ فِیهِ مِن رُوحِی” – mən ona öz ruhumdan nəfəs verdim, üfürdüm (Qurani-Kərim, 38/72). Bu mühüm və əhəmiyyət kəsb edən ayədir ki, Rumi məhz bu ayəyə işarə edərək deyir:
این رها کن عشق هاي صورتی نیست بر صورت نه بر روي پستی
آن چه معشوق است، صورت نیست آن خواه عشق این جهان و آن جهان (مثنوی معنوی، دفتر دوم: 703-702).
Məlum olur ki, məcazi eşq gözəl bir şəkildə olaraq qızıl kimi parıldayar, amma daxildə isə tüstü kimidir. Elə ki, bu parıltı aradan getdi, tüstü görünməyə başlayar və belə olan halda məcazi eşqin yoxluğu tamami ilə özün göstərər.
Həqiqi – İlahi eşq: Ruminin baxışlarında, həqiqi eşq insanın əqli inkişafında (intelektual), kamilləşməsində və ən əsası rəftar və davranışında özünü tam olaraq göstərir. Məhz bunun nəticəsində insanın dünyagörüşü, ağlı, kamalı və həyat gücü müxtəlif formalarda özünü göstərir. Rumi deyir ki, insan öz varlığının bir zərrəsini, hətta bir damlasını sonsuz ilahi dəryaya bağlayarsa, mütləq varlıqla öz arasında ayrılığa son qoyarsa və özünün əsil varlığına qayıdarsa, onda insan özünü özündən azad etməlidir; yəni ilahi vüsala qovuşmaq üçün özünün həm düşüncəsində və həm də əxlaqında dəyişikliklər etməlidir və tam olaraq özünü ilahi varlığa tabe etməlidir. Həqiqi eşqə çatmaq üçün, yəni ağıla və etik dəyərlərə söykənən eşqə sahib olmaq üçün bu yeganə yoldur. Rumi həqiqi eşqi bütün kainatın, canlıların və əsas olaraq insan varlığının təbibi adlandırır. O, eşqi bütün bəd xüsusiyyətlərin (xudpəsənd, təkəbbür, həsəd, paxıllıq, pis niyyət və s...) əlacı hesab edir. Onun nəzərində, aşiq olan kəs heç vaxt pis əxlaqa sahib ola bilməz. Çünki eşqin sehirli gücüdür ki, insan artıq özünü heç görmür, yalnız və yalnız arzusunda olduğu və vüsalına çatmaq üçün hər an çarpışdığı məşuquna qovuşmaq istəyir. Necə ki, rumlu arif “Şəms Təbrizi” divanında deyir:
عمر که بی عشق رفت، هیچ حسابش مگیر آب حیات است عشق، در دل و جانش بریز
هرکه به جز عاشقان، ماهی بی آب دان مرده پژمرده است گرچه بود او وزیر (دیوان شمس تبریزی، رباعیات: 4-1).
Rumi izhar edir ki, həqiqi eşqə çatmaq, onun vüsalına qovuşmaq üçün işraq – ilahi nurun və şühudun (təsəvvufdə: intuition; irfanda: presentiment) mövcud olması mütləqdir, burada təkcə hiss və ağıl kifayət etmir. Çünki ilahi eşqə və ya həqiqi eşqə çatmaq üçün aşiq məşuqu üçün yanmalı və onun yolunda fəna olmalıdır. Aşiq olan kəs aləmdə hər nə varsa mütləq vücuda nisbət verməli və hər şeyin ona aid olduğunu həm əqlən və həm də ruhən qəbul etməlidir. Çünki cümlə aləm özü Allahdır və ondan başqa nə varsa zahiri görüntüdür, Ruminin dili ilə desək pərdədir. O, cümlə aləmi məşuq, aşiqi isə həmin məşuqun kölgəsi – pərdəsi adlandırır; məşuq həmişə yaşar, diridir və əbədidir, amma aşiq isə aradan gedən və fanidir:
جمله معشوق است و عاشق پرده ای، زنده معشوق است و عاشق مرده ای (مثنوی معنوی، دفتر اول،60-59).
Rumi deyir ki, məşuqa olan eşq həqiqi və əbədidir, həqiqi və əbədi olan eşq gərək daim mütləq varlığın ardıyca hərəkət etsin. Eşq Allah-Təalanın sifətlərindən biri olduğu üçün heç bir şeyə ehtiyacı yoxdur. Əgər aşiq ondan başqasını sevərsə, deməli bu daimi eşq olmayacaqdır, daimi və əbədi eşq yalnız Allaha olan eşqdir, bu sönməz, qırılmaz bir duyğudur ki, daim əbədiləşər və yaşayar...
غرق عشقى ام که غرق است اندر ین عشقهاى اولين و آخرین (مثنوی معنوی، دفتر اول: 34-33).
اين چه بلبل اين نهنگ آتشى است جمله ناخوشها ز عشق او را خوشى است
عاشق آل است و خود آل است او عاشق خويش است و عشق خويش جو (مثنوی معنوی، دفتر اول: 56-53)
Göründüyü kimi Mövlanın vəsf etdiyi eşq tamam vücudu ilə batini və şühudi bir eşqdir. Bu elə bir eşqdir ki, aşiqi məşuqun yolunda həlak və qərq edir, aşiq bütün əxlaqi keyfiyyətləri özündə birləşdirərək, yalnız müqəddəs varlığa doğru hərəkət edir. Rumi eşqi haqqın xüsusiyyətlərindən (صفت حق) biri və Allahın bəndəsinə olan ən yaxşı və ən gözəl hədiyyəsi hesab edir. O, məşuqun dastanında aşiqi sınağa çəkir və ondan soruşur: “özünü daha çox istəyirsən ya məşuqunu”? Aşiq cavab verir: mən öz məşuqumun varlığında elə həlak və qərq olmuşam ki, mənim adımdan (aşiq) başqa bir şey qalmayıb:
گفت معشوق به عاشق ز امتحاندر صبوحی که فلان ابن افلان
مر مرا تو دوست تر داري عجب یا که خود را راست گو یا ذالکرب
گفت من در تو چنان فانی شدم که پرم از تتو ز ساران تا قدم
بر من از هستی من جز نام نیست در وجودم جز تو اي خوش کام نیست
زان سبب فانی شدم من این چنین همچو سرکه در تو بحر انگبین
همچو سنگی کو شود کل لعل ناب پر شود او از صفات آفتاب (مثنوی معنوی، دفتر پنجم: 2025-2020).
Bu misralarda Ruminin əsas hədəfi həqiqi eşqi tanıtmaq və onu bəyan etməkdir. Burda aşiqin özünü tam olaraq məşuquna fəda etməsi və onun yolunda məhv olması, bütün varlıq və yoxluqları ancaq və ancaq Mütləq Vücudda – məşuqunda axtarmasıdır. Məhz buna görə də Mövlana həqiqi və məcazi eşqi müqayisə edərək belə nəticəyə gəlir ki, həqiqi eşq insanı öz istək və tələblərindən uzaqlaşdırır, onu azad və ehtiyacsız edərək yalnız Allaha yaxınlaşdırır; məşuq odur ki, diri və canlı olsun, əbədi bir varlıq olsun; necə ki, Quran-Kərim bu barədə buyurur: Allah daha yaxşı və daha əbədidir (Qurani-Kərim, 20/73) . Amma məcazi eşqə gəldikdə isə Rumi məcazi eşqi həqiqi eşqə çatmaq üçün pillə hesab edir və inanır ki, əgər eşqin məcazi forması aradan gedərsə, belə olan halda aşiqdə mütləq eşq zahir olacaq; çünki eşqin əsası və mənbəyi mütləq həqiqətə – ilahi varlığa bağlıdır.
Nəticə
Cəlaləddin Rumi kəlamlarını oxuduqda buradan belə nəticəyə gəlmək olar ki, eşq onun nəzərində yüksək və ali bir məqamdır. Onun baxışlarında yalnız bir məşuq vardır və bu da Allah-Təaladır ki, onun bütün yaradıcılığının qayəsini təşkil edir. “Məsnəvi”ni oxuduqda görürük ki, Mövlana yalnız zahiri və həqiqi eşqə inanır. Onun fikrincə, zahiri eşq həqiqi eşqə çatmaq üçün bir vasitədir; yəni mütləq zata çatmaq və onun dərgahına yaxın olmaqdır. Çünki Rumi şerlərinin hər bir misrası ilahi duyğularla bağlıdır və insanı həqiqi eşqə sahib olmaq üçün hazırlayır. Mövlana Allah-Təalanı bütün varlıqların sahibi və onun həm aşiq və həm də məşuq olduğunu bildirir. Aşiq ona görə hesab olunur ki, Allah-Təala mövcud aləmi eşq ilə yaratmış; sevərək, aşiq olaraq yaratmışdır; yaratdıqlarından heç bir məqsəd, mənfəət güdmədən, yalnız onları böyük və əzəmətli bilərək yaratmışdır:
من نکردم امر تا سودی کنم
بلک تا بر بندگان جودی کنم
Bəli, Allah bütün varlıqları eşq və sevgi ilə yaratmışdır və hər birinə özünə xas sima və forma vermişdir; bu varlıqların ən üstünü insanı qərar vermişdir; insana gözəl əxlaq, onu həmd edəcək natiqlik məharəti vermişdir. Rumi deyir ki, külli kainat onun yaratdıqları olduğu üçün və həmçinin yaratdıqlarına xüsusi bir surət bəxş etdiyi üçün məhz buna görə O həm aşiqdir və həm də məşuqdur. Amma onun yaratdıqları içərisində onu həmd edən və ona aşiq olan bəndələri vardır ki, onun vüsalına qovuşmaq üçün özlərini fəda edərlər. Məhz buna görə də aşiq və məşuq arasında olan bu əlaqə heç vaxt qırılmaz və üzülməz. Bu bağlılıq səbəb olur ki, bəndə – aşiq hər an məşuqunu görməyə can atsın və haqq Təalaya çatmağı özünün səadəti hesab etsin. Rumi deyir ki, eşq bütün varlıqların həyatında mövcuddur; eşq kainatda mövcud olan bütün varlıqların, canlıların həyatını mənalandırır, maraqlı edir, onların yaşamaq şövqünü artırır və ən əsası isə həyatı dadlı, şirin və zəngin edir.
Təbii ki, Ruminin nəzərində eşq əxlaqi dəyərlərlə birlikdədir; yəni sevən və aşiq olan kəs ədəb qaydalarına sahib olan aşiqdir. Əxlaqi xüsusiyyətlərə söykənməyən eşq həqiqi eşq ola bilməz və mütləq varlığa nisbət verilə bilməz. Çünki Rumi eşqi insanın yüksək əxlaqi xüsusiyyətlərə sahib olması və əbədi səadətə qovuşması üçün əsas meyar hesab edir. Ruminin kəlamları təkcə eşq və sevgidən deyil, eyni zamanda burada əxlaq anlayışı və onun digər xüsusiyyətlərindən geniş bəhs olunur; yəni ”Məsnəvi”də eşq və əxlaq arasında olan nisbətin mövcudluğu hər bir beytdə özünü açıq-aşkar göstərir. Çünki həqiqi eşqə – ilahi eşqə sahib olmaq üçün əxlaqi keyfiyyətlərin olması mütləqdir. Məhz bu keyfiyyətlər – eşq və əxlaq hər ikisi insanın saflaşması və həm də kamilləşməsidir. Cəlaləddin Rumi kəlamlarının digər güc və qüdrəti ondadır ki, hər bir beyti insana doğru və düz yolu göstərməklə yanaşı, həm də bu yolun insan üçün nə qədər vacib olduğunu aşılayır və bəşər səadətini yalnız və yalnız düz yolda görür və bu həmin yoldur ki, onun başlanğıcı zahiri və həqiqi eşq və sevgidən keçərək ərşi əlaya çatır...

İstifadə edilmiş ədəbiyyatlar
Qurani-Kərim
2.Annemarie Schimmel, The Triumphal Sun: A Study of the Works of Jalaloddin Rumi. New York: Suny Press, 1993, 513 p.
3.Franklin Lewis. Rumi: Past and Present, East and West. Oneworld Oxford 2008, 686 p.
5.J.T.P. de Bruijn. Comparative Notes on Sanai and Attar. The Heritage of Sufism, L. Lewisohn, 2012, 361 p.
1.مولوی، جلال الدین محمد بلخی. مثنوی معنوی. به کوشش نیکلسون. انتشارات مولی، تهران 1369. 1143 ص.
4.زرین کوب، عبدالحسین. پله پله تا ملاقات خدا. ) دربارهٔ زندگی، اندیشه و سلوک مولانا جلال الدّین رومی. تهران: علمی، هش. 1380/2002 م. 400 ص.
6.ستارزاده، عصمت. شرح کبیر انقروي بر مثنوي معنوي. جلد دوم و سوم. تهران: بزرگ زرین، هش. 1352/1974 م. 728 ص.
7.قاسم، غنی. تاریخ تصوف در اسلام. جلد دوم، تهران: زوَار، هش. 1386/2008 م. 726 ص.
8.اصغر، برزي. دیباچهاي بر عرفان و تصوف.تهران: اعظم بناب. هش. 1376/1998 م. 184 ص.
9.مولوی، جلال الدین محمد بلخی. دیوان شمس تبریزی یا دیوان کبیر. محققان: بیژن بیژنی و توفیق هاشم پور سبحانی. تهران: انجمن آثار و مفاخر فرهنگی. هش. 1389/ 2011 م. 1070 ص.

Xəzər Universiteti, Mövlana Ədəbi Fəlsəfi Araşdırma Mərkəzi, NAB Holding A.Ş.-in birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Konfransın materiallarında nəşr olunub. Mövlananın Fəlsəfəsi və Poeziyası, 12 mart 2021.