23.04.2021, 10:54 - Baxış sayı: 537

Milli maraqlarımızı təmin etmək üçün lazımi addımlar atılır


Hüseyn İBRAHİMOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə doktoru

İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün dövlətimizin qarşısında duran bir nömrəli məsələdir. Artıq bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Prezident İlham Əliyev də mütəmadi olaraq bu barədə ictimaiyyətə məlumat çatdırır. Bu günlərdə dövlət başçısı Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsində də həm bərpa prosesi, həm də Ermənistanda böyük ajiotaja səbəb olmuş Hərbi Qənimətlər Parkı, burada sərgilənən eksponatlar, o cümlədən “İskəndər-M” raket sisteminin hissələri haqqında danışıb.
Prezident deyib ki, artıq Qarabağ ərazisində avtomobil və dəmir yollarının çəkilişi gedir. Bütün güclər səfərbər olunub ki, bu layihələr icra edilsin. Azad edilmiş ərazilərin elektrik təchizatı, dövlət başçısının sözlərinə görə, bu ilin sonuna qədər başa çatacaq. Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli–Şuşa yolu, Zəfər yolu tikilir. Yaxın gələcəkdə Horadiz–Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Bərdə–Ağdam, Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yollarının tikintisinə artıq başlanıb və bununla paralel olaraq Bərdə–Ağdam və Horadiz–Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir: “Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi icra edilir.
Hərbi Qənimətlər Parkı haqqında danışan Prezident deyib ki, bunda əsas məqsəd Azərbaycan xalqının bu vəhşiliyi unutmamasıdır: “Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Dövlət başçısı “İskəndər-M” raketləri ilə bağlı məsələyə toxunaraq deyib ki, Rusiya Müdafiə Nazirliyinin bununla bağlı cavabı qaneedici deyil. Çünki əsas suala – ixrac üçün qadağan edilən “İskəndər-M” raketlərinin Ermənistanın əlinə necə düşməsinə cavab verilməyib. Prezidentin fikrincə, bu raketlərin Ermənistanda peyda olmasının iki yolu var: ya qaçaqmalçılıq, ya da beynəlxalq normaların və qaydaların pozulması. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni ixrac variantı ola bilər. 500 kilometr məsafəni vuran “İskəndər-M” raketləri Ermənistanda ola bilməzdi. Azərbaycan xalqı bu suala cavab gözləyir.
Azərbaycan lideri təəssüf hissi ilə qeyd etdi ki, bu raketlərlə bağlı yaranmış vəziyyət xoşagələn deyil. Çünki Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətirilib: “Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli bəyanat da Azərbaycan tərəfindən tam icra edilib”.
Hazırda həmin “İskəndər-M” raketləri Qənimətlər Parkında nümayiş etdirilir. Ona görə də artıq bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Eyni zamanda, Azərbaycanda yaxşı bilirlər ki, bu raketlər necə və nə vaxt atılıb. Dövlət başçısının bununla bağlı konkret adlar çəkməsi də bir çox mətləblərə aydınlıq gətirir. Bütün hallarda inanırıq ki, Azərbaycan lideri İlham Əliyevin siyasi iradəsi bu məsələnin də həllinə gətirib çıxaracaq.

"Xalqqazeti.com"