04.06.2021, 09:24 - Baxış sayı: 723

Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX –XX əsrlər, III hissə): Faiq Ələkbərlidən daha bir töhfə


Vüqar Əhməd
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor.


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,tanınmış filosof alim Faiq Ələkbərli ölkəmizdə və onun hüdudlarında kənarda tanınmış tədqiqatçılardan biridir.
On beş il öncə “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edən Faiq Ələkbərli “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü”(2007), “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” I hissə (2011), “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” II hissə (2014),“Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq”(2017), “Azərbaycan-Türk fəlsəfi və ictimai fikir tarixi” (I hissə), "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər”(II hissə) kitabları, həmçinin ölkəmizdə və xaricdə dərc edilmiş yüzlərlə elmi və publisistik məqalələri ilə xalqımızın elmi-fəlsəfi irsini daha da zənginləşdirmişdir.
Bu günlərdə Faiq Ələkbərlinin”Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər) adlı sanballı monoqrafiyasının 3-cü cildi də işıq üzü görmüşdür. Bu kitab, II Qarabağ Vətən müharibəsində Azərbaycan bütövlüyü və birliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrinə ithaf olunub.
Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu əsərdə filosof Güney Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil etmiş, uğurlu tədqiqat aparmışdır. Burada həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə araşdırmış, eyni zamanda bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxuculara təqdim etmişdir.
Faiq Ələkbərlinin ”Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər) adlı kitabının 3-cü cildi üç fəsildən ibarətdir. Müəllif çox məharətlə həmin fəsillərdə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilmişdir. Belə ki, Faiq Ələkbərli bilavasitə ictimai-fəlsəfi fikrin təhlilinə keşməzdən əvvəl XX əsrdə Güney Azərbaycanda ictimai-siyasi və mədəni mühitin ümumi mənzərəsin verir, sonrakı fəsillərin mövzularını da məhz bu kontekstdə araşdırır.
“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı moniqrafiyasının üçüncü hissəsində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikirinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur.
Müəllif göstəriri ki, hazırda Bütöv Azərbaycanın önəmli hissəsi olan Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixini (XIX-XX əsrlər) öyrənmək öz aktuallığını qoruyub saxlamaqdadır. Çünki bu günə qədər tədqiq etdiyimiz dövrlə bağlı Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi əsasən, elmi tədqiqatlara cəlb olunmamışdır. Ən yaxşı halda Azərbaycanın güneydəki mütəfəkkirlərinin ədəbi-bədii görüşləri tədqiq olunmuş, çox az hallarda onların fəlsəfi dünyagörüşlərinə müraciət olunmuşdur.Müəllif burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir:
1. Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi,Tağı Ərani, Tağıxan Rüfət, Əlirza Nabdil və başqaları);
2.Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (Mirzə Əli Möcüz Şəbüstəri, Məhəmmədəli Tərbiyət, Məhəmmədhüseyn Şəhriyar, Səhənd, H. Bülluri, Həbib Sahir, Həmid Nitqi, Cavad Heyət və başqaları);
3.İslam fəlsəfəsi və islamçılıq (Əbülqasım əl-Xoyi, Məhəmmədhüseyn Təbatəbati, Məhəmmədkazım Şəriətmədari, Mirzə Tağı Cəfəri, Cəfər Sübhani və başqaları).
Bu kitabda müəllif ilk növbədə Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikrində Qərb mədəniyyəti, Qərb fəlsəfəsinin (sosializm, sosial-demokratizm, demokratizm, liberalizm və s.) yerini və rolunu tədqiq etməyə çalışmışdır. Məlum olduğu kimi, Qərb mədəniyyət Azərbaycanın quzeyindəki mütəfəkkirlərimiz kimi, Azərbaycan güneyindəki aydınlarımızın şüurlarına, onların yaradıcılıqlarına xeyli dərəcədə də təsir göstərmişdir.
Faiq Ələkbərli yazır: “Kitabın üçüncü bölümündə Güney Azərbaycan Türk mütəfəkkirlərinin yalnız yaradıcılıqlarını və dünyagörüşlərini deyil, eyni zamanda onların daima dəyişən regionun və dünyanın eli mühitində necə əhəiyyətli yer tutduğunu da ifadə etmək istəmişik. Yeni nəsil Türk aydınları da sələfləri kimi, hər hansı cərəyanlara və ideyalara tapınmalarından asılı olmayaraq, əsas Türk çəyirdəyindən, Türk nüvəsindən, Türk dünyagörüşündən heç bir zaman uzaqlaşmayacaqlar. Bu baxımdan tədqiq etdiyimiz dövrdə yaşayıb yaratmış Azərbaycan Türk mütəfəkkirlərinin mədəni-fəlsəfi irsi hər birimiz üçün önəmlidir”.
Faiq Türkoğlunun qələmə aldığı bu kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin Ümum Türk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur. Əziz dostum, zəhmətkeş tədqiqatçı, layiqli vətən oğlu, istedadlı alim Faiq Türkoğluna həyat və sənət uğurları arzu edirəm.