09.06.2021, 10:32 - Baxış sayı: 814

Qeyri-səlis məntiq və postneoklassik elm: Lütfi Zadə və Rafiq Əliyev təlimi – Yeni Sivilizasiyanı yaradan bilik xəzinəsi


Əbülhəsən Abbasov
Fəlsəfə elmləri doktoru, professor

Nəhənglik tək-tək şəxsiyyətlərin tale qismətidir. O, sadəcə, bir bəxşiş, İlahi tərəfindən ərməğan edilmiş pay-hədiyyə deyil. Məncə, Uca Tanrı öz müqəddəs işarə-müjdəsilə yalnız şans və ilkin passionarlıq elementləri verir. Nəhənglik, əsasən, insanın özü təfəfindən qazanılır və onun dərəcəsi cəmiyyətə-dövlətə, dünyaya-bəşəriyyətə, insana və insanlığa verilmiş töhfələrlə, xeyirlə ölçülür. Elm adamlarının böyüklüyü də, yeri və rolu da elə bu meyarlarla qiymətləndirilir. Verdikləri xeyirlə! Bu mənada, tam əsas və inamla, Lütfi Zadə və Rafiq Əliyevi müasir elmin nəhəngləri, klassikləri adlandıra bilərik. Hər ikisi də fevral ayında dünyaya göz açıb. L. Zadə 04.02.1921-ci il, R. Əliyev 10.02.1942-ci il tarixində. Bu il Lütfi Zadənin 100 illik yubileyini qeyd etdik. Əslində, 2021-ci il onun ilidir. Gələn il, inşAllah, Rafiq müəllimin 80 illik yubileyini keçirəcəyik. Allah ona möhkəm cansağlığı, sevinclərlə bol uzun ömür versin! Amin!
Hər bir tarixi dövrdə elmin və fəlsəfənin simasını, daxili məzmun-mahiyyətini, təməl elementlərini və aparıcı ideya-ideallarını, prinsiplərini rəhbər tutulan epistemologiya müəyyən edib. Epistemologiya dedikdə, ontologiya, metodologiya, qnoseologiya və aksiologiyanı, habelə, müvafiq kateqorial aparatı, leksika və prosedurları özündə ehtiva edən nəzəri biliklər sistemi nəzərdə tutulur. Tarixən müxtəlif elmi inkişaf mərhələrini əhatə edən epistemoloji paradiqmaları bu ardıcıllıqla təsnifatlandırmaq olar: klassikaya qədərki, klassik, neoklassik və postneoklassik epistemoloji paradiqmalar. Paradiqma özündə konkret tarixi dövrdə elmin inkişafını müəyyənləşdirən imperativ və idealları, ideya və prinsipləri, norma və qanunları, ənənə və yönümləri, elmi rasionallıq tiplərini və meyarlarını, habelə, müvafiq konsepsiya və nəzəriyyələri, yanaşma və metodları özündə ehtiva edir.
Postneoklassik epistemologiya və onun qeyri-səlis məntiqlə köklü əlaqə və bağlantıları üzərində dayanmaq, hətta xüsusi məqsədli müvafiq tədqiqatlar aparmaq, fikrimcə, müasir elmi idrakın məzmun-mahiyyətini, səciyyəvi xüsusiyyətlərini, evristik gücünü və rolunu anlamaq üçün olduqca əhəmiyyətli bir vəzifədir. Postneoklassik epistemologiya və qeyri-səlis məntiq əlaqələri nədən ibarətdir, bu əlaqənin özül bağlantılarını, dominant elementlərini, özünəməxsusluq səciyyəsini və daşıyıcı fəlsəfi nüvəsini nə təşkil edir?
Məqsədyönlü araşdırmalar və müvafiq dəlil-sübutların nəticəsində gəldiyim qənaət bundan ibarətdir: postneoklassik epistemologiyanın və qeyri-səlis məntiqin (ümumən, qeyri-səlis riyazi təlimin) uzlaşma, dərindən çarpazlaşma “nöqtə”sini, məna-mahiyyət nüvəsini mürəkkəblik fenomeninə və mürəkkəb sistemlər dialektikasına tam yeni, qeyri-ənənəvi baxış və dərketmə sistemi təşkil edir. Əgər XX əsrin 60-cı illərinə qədən “mürəkkəblik”, İ. Kantın təbirincə desək, fəlsəfə və elmdə yalnız bir noumen kimi çıxış edirdisə, artıq 1965-ci ildən başlayaraq xüsusi məqsədli, hərtərəfli tədqiqatlara ehtiyaclı və layiq fenomen qismində ümumdünya elminin gündəliyinə çıxır. Dünya elminin bütün istiqamət və qollarında, dissiplinar, habelə, multidissiplinar axarlarında və onun praktiki-əməli tətbiqi yollarında mürəkkəbliklə bağlı illər, əsrlər boyunca toplanıb, formalaşmış problemlərin daha dərindən dərki, habelə, onların bilavasitə ciddi öyrənilməsinə və həllinə yönəlmiş fəaliyyət başlayır. Sanki, yeni nəfəsliklər, baxış-təhlil pəncərələri açılır. Riyazi elmlərdə, məntiq elmində, fizika və kimyada, təbiətşünaslığın digər sahələrində, o cümlədən, biologiya və psixologiyada, habelə, ictimai və humanitar elmlərdə əsaslı bir dönüş yaranır ki, tam yeni elmi müstəvi və fəzaların, fəlsəfi dərketmə sistemlərinin, qeyri-ənənəvi epistemoloji axınların formalaşması, qərarlaşması baş verir və bu proses, bir reallığa çevrilməklə, artan sürətlə indinin özündə də davam edir.
Əvvəla, tarixi ədalət və elmi dəqiqlik naminə vurğulayım ki, mürəkkəblik fenomeninə və məkan-zamanda mürəkkəbləşmə məsələsinə ilk dəfə prinsipial, həssas, fikir orijinallığı və zənginliyi cəhətdən təqdirəlayiq diqqət yetirən mütəfəkkir Hegel olmuşdur. Bu mənada onun “Təbiətin fəlsəfəsi” və müəyyən qədər də “Ruhun fəlsəfəsi” adlı əsərləri xüsusi qeyd olunmağa layiqdirlər. Böyük filosof həmin əsərlərdə elmi-fəlsəfi fikrin gələcəyə hədəflənmiş inkişafı kontekstində mürəkkəbliyə dair elə əhəmiyyətli əqlinəticələr, qənaətlər söyləmişdir ki, iki əsr sonra öz inandırıcı təsdiqini tapmaqla yanaşı, bütövlükdə, müasir elmi düşüncənin, fəlsəfi refleksiyanın keyfiyyətini şərtləndirmişdir. Əslində, bu şərtləndirməni mühüm əhəmiyyətli bir inqilabi, impulsverici təsir kimi də dəyərləndirə bilərik. Hegel gələcək əsrlərin üfüqündən doğan Həqiqəti duyur və görürdü, çünki, ümumən, həqiqətin daim inkişafda-dinamikada olduğunu və bu prosesin necə cərəyan etdiyini hamıdan yaxşı anlayır və bilirdi. Belə ki, artıq elm tarixində möhtəşəmliyik zirvəsində yüksəlmiş “Ruhun fenomenologiyası”nı (1807-ci ildə) bəşəriyyətə bəxş etmişdir. Yaxından bələd olanlara məlumdur ki, elə həmin əsərdə Hegel sübyekt və obyekt eyniliyini (ahəngdarlıq və sinergizmini) idrakın başlıca məqsədi elan etmişdir. Hegelin qənaətinə görə, həqiqi fəlsəfi şüur aləmi yad gerçəkliyə çevirib, onunla daimi qarşıdurma, düşmən münasibətində ola bilməz.
“Təbiətin fəlsəfəsi” əsərində Heqel, təqdim etdiyi ideyaların tezliklə elmi mühitdə qərarlaşa bilmədiyini gözəl anlayaraq, yazırdı: “Mən təbiət qanunlarının zəka vasitəsilə dərk olunmasını ölçünün azad şahlığı kimi izzah etmişəm. Müxtəlif ixtisaslar üzrə təbiətşünaslar belə dərketmə barədə düşünmürlər. Lakin, vaxt yetişəcək ki, onlar zəka anlayışını öz məxsusi əsasında götürüb-silahlanan elmə olan zərurəti duyacaqlar” . Hegelin bu sözləri ictimai və humanitar elmlər sahəsində çalışanların ünvanına da söylənilə bilər. Əfsuslar ki, əksəriyyət üçün həmin proqnozlaşdırılan vaxt, gözlənilən tarixi zaman gəlib çatmayıb. İctimai və humanitar elmlərdə müşahidə edilən bir çox xoşagəlməz halların, ikrah hissi doğuran əlamətlərin, o cümlədən, təhrifedici reduksionizmin, bəsit şərhçiliyin və fikir refleksiyası üzərində subyektiv diktatın başlıca səbəblərindən biri də elə bundadır.
Analoji durum, ümumən, fəlsəfənin ictimai şüurun xüsusi bir forması kimi tədqiqinə və tədrisinə də aiddir. “Mürəkkəblik” fenomeninə doğru hərəkət çox ləng gedir. Ayrı-ayrı təşəbbüslər, fərdi fəallığa və fədakarlığa söykənən nailiyyətlər var, ancaq geniş əhatəli və dərin layları tərpədən axın müşahidə olunmur. Sanki, pozitiv axının, köklü dönüş və yeniləşmənin qarşısında dəfedilməz bir maneə yaranıb.
Düzdür, müasir Azərbaycanda fəlsəfi düşüncənin formalaşmasında və fəlsəfənin tədrisində müəyyən pozitiv yeniliklər hiss olunmaqdadır: bir sıra yeni mövzular və problemlər diqqət mərkəzinə alınmış, sovet dövrünə xas olan və aparıcı rol oynayan marksist-leninçi tədris üslubu, metod və formaları dövrün tələblərinə uyğun şəkildə yenilərilə əvəzlənmiş, fəlsəfi mülahizələrdə, fikir refleksiyasında plüralizm meylləri özünü göstərməyə başlamış, ümumdünya fəlsəfi irsinə, xüsusən də İslam-Şərq fəlsəfəsinə, Azərbaycan ictimai fikir tarixinə maraq və həssaslıq artmışdır.
Lakin, vəziyyəti obyektiv qiymətləndirsək, görərik ki, narahatedici problemlər heç də az deyil. Durumun qeyri-qaneediciliyi həm fəlsəfənin nəzəri biliklər sistemi kimi inkişafına, həm əldə edilmiş tədqiqat nəticələrinin tətbiqinə, həm də fəlsəfənin fundamental əhəmiyyətli ontoloji təlim, qnoseoloji zəminlər və vasitələr sistemi, nəhayət, dünyagörüşü, metodologiya, aksiologiya kimi tədrisinə aiddir. Hələ də tədqiqatlarda səthi-primitiv icmalçılıq, sitatçılıq, konyuktur uyğunlaşma, arqumentasiya zəifliyi, adekvat məntiqi-qnoseoloji şəbəkənin yoxluğu və yaxud zəifliyi, qabaqçıl ölkələrdə fəlsəfə sahəsində təqdirəlayiq tədqiqat və təqdimat təcrübəsinə laqeyd münasibət, faydalı nümunələrin lazımınca əxz edilməməsi özünü göstərməkdədir. Ən başlıcası, fəlsəfi təfəkkür tərzi və üslubunda, aparılan araşdırmaların epistemoloji təminatında zəruri yeniləşmə ləng gedir və bütün bu səbəblər ucbatından fəlsəfəmiz arzulanan peşəkərlıq, elmi qüdrət və eleqantlıq, evristik güc səviyyəsini əldə edə bilmir.
Nəticə olaraq, fəlsəfi fikrin inkişafı həyatın ümumi inkişaf sürətindən geri qalır, fəlsəfə müasir dünyanın çağırışlarına cavab verə bilmir, qlobal və ölkədaxili ictimai transformasiyaların doğurduğu problemlər qarşısında aciz və süst olur. Mühüm əhəmiyyətli sosial-iqtisadi, siyasi və geosiyasi, mədəni-mənəvi hadisə və proseslər lazımınca qiymətləndirilmir, vacib təhlil və ümumiləşdirilmələr aparılmır, sanki, bütün bu baş verənlərin fəlsəfəyə və filosofa aidiyyəti yoxdur. Beləliklə də, gedişat daha çox fürsətçil “politoloq”, “hüquqşünas”, “siyasətçi”lər və peçəkarlığı, elmi hazırlığı şübhə doğuran “ekspert”lər tərəfindən şərh və təqdim edilir. Fəlsəfənin və filosofların (tək-tək istisnaları nəzərə almasaq!) aktual məsələlərə fikirləri bildirilmir, necə deyərlər, “səsləri eşidilmir”. Aydındır ki, belə olduqda, fəlsəfə müasir ictimai fikrə və proseslərin cərəyanına öz müdriklik qatqısını gətirə bilmir, passiv müşahidəçi, seyrçi rolunu üzərinə götürmüş olur. Onun zəruri inteqrativ gücü və rolu hiss edilmir.
Bir sözlə, ictimai reallıq, baş verən qlobal transformasiyalar, ortaya çıxan taleyüklü mürəkkəb problemlər yetərincə tədqiq olunub öyrənilmir. Nəticədə həm vacib məsələlər inteqrativ fəlsəfi təhlildən kənarda qalaraq optimal həllini tapmır, həm də fəlsəfənin cəmiyyətdə yeri və rolu zəifləyir. O, öz idraki, proqnostik, metodoloji və aksioloji funksiyalarını həyata keçirə bilmir. Beləliklə, fəlsəfə və həyat arasında günbəgün dərinləşən uçurum yaranır ki, vəziyyət gələcəkdə də bu cür davam edərsə, çox mənfi nəicələr silsiləsinin baş verməsi qaçılmaz olacaq. Əlbəttə ki, hər şeyi talenin ümidinə buraxaraq, bununla barışmaq olmaz. Operativ, ardıcıl və sistemli tədbirlərin vaxtı çoxdan çatıb, həm təşkilati-idarəetmə, həm də nəzəri-praktiki səviyyələrdə müvafiq işlər aparılmalı, səmərəli yeniləşmə həyata keçirilməlidir. Başlıca çıxış və gediş istiqamətini isə mən ümumən mürəkkəblik fenomeninə adekvat münasibətdə və tarixi zamanla ayaqlaşa bilməyən təfəkkür üslubu ilə, idrakı arsenalla, düşüncə determinantları ilə vidalaşmada görürəm. Yeniliklərə müasir idraki vasitələrlə silahlanaraq sahiblənmək olar. Elmi və ictimai tərəqqi təfəkkür ətaləti, emosianal kütlə psixozu, qisasalma təşnəsi üzərində qurula bilməz. Və bu təfəkkür ətalətindən, kütlə psixozundan uzaqlaşmaq üçün, fikrimcə, L. Zade təlimi ən səmərəli idraki mənbələrdən biridir.
Yuxarıda qeyd etdiyim kimi, XX əsrin 60-cı illəri mürəkkəbliyə yanaşmada elmi idrak və məntiq üçün inqilabi yeniləşmənin başlanğıc dövrü olmuşdur. Bu qənaətin faktoloji dəlil-sübutu mənasında elm tarixindən (müxtəlif fənnlərin inkişafına dair) kifayət qədər misal-nümunələr göstərə bilərik, məsələn:
1962-ci ildə SSRİ EA-nın “Известия” jurnalında (31.12.1962) görkəmli riyaziyyatçı, adademik A.N. Kolmoqorovun “Mürəkkəbliyə sadəlik” adlı əlamətdar məqaləsi nəşr edilmişdir . Üç il conra, 1965-ci ildə, amerikalı riyaziyyatçı Q. Çeytin (müstəqil olaraq) və sovet riyaziyyatçısı A. Kolmoqorov, öz yetirmələri ilə birgə, alqoritmik mürəkkəblik anlayışını və müvafiq olaraq, alqoritmik mürəkkəblik kosepsiyasını təklif etmişlər ki, bu konsepsiya, ümumən, mürəkkəblik nəzəriyyəsinin inkişafında özünəməxsus müsbət rol oynamışdır . Görkəmli riyaziyyatçı Andrey Nikolaeviç Kolmoqorovu “mürəkkəblik” fenomeni ilə bilavasitə üzləşdirən əsas səbəb ondan ibarət idi ki, o, öz tələbələri-həmkarları ilə birgə artıq xeyli müddət ərzində sistem mürəkkəbliyinin gizlinlərini aşkarlamaqla məşğul olmuşdur. Belə ki, mexanika və fizikada turbulentlik vəziyyətlərilə, dinamik sistemlərdə baş verən hadisələrlə, biologiyada riyazi metodlar problemi və sairə məsələlərlə bağlı tədqiqətlər aparırdı. Ədalət və dəqiqlik naminə qeyd edim ki, “alqoritnik mürəkkəblik” anlayışı ilk dəfə ABŞ alimi Q. Çeytin tərəfindən işlənilmiş və elmi-riyazi leksikona gətirilmişdir.
Həmin 60-cı illərdə riyazi və fiziki elmlərdə, biologiya və təkamül nəzəriyyəsində dayanıqlıq, fluktuasiya və bifurkasiya, kritik (xüsusi) anlar, faza keçidləri və yenidənqurmalar, fəlakətlər və entropiya, turbulentlik hadisələri və nizam məsələləri yeni baxış prizmalarından təhlil edilir və öyrənilirdi. Məşhur bioloq Lüdviq Fon Bertalanfinin ümumi sistemlər nəzəriyyəsi, akademik-fizioloq P.K. Anoxinin funksional sistemlər nəzəriyyəsi , görkəmli psixiatr-filosof Viktor Franklın loqoterapiya nəzəriyyəsi , D.N. Uznadze məktəbinin görkəmli davamçıları A.S. Pranqişvili və xüsusən də A.E. Şeroziyanın insan psixikasının bütövlüyünə dair əhəmiyyətli tədqiqatları və sairə orijinal mahiyyətli işlər də bu qəbildəndir. Bu kontekstdə görkəmli psixoloq-filosof, Beynəlxalq Psixoanaliz Akademiyasının üzvü A.E. Şeroziyanın geniş elmi ictimaiyyətə məlum olmayan fundamental əsərlərinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim . O, insan psixikasının mürəkkəblik dialektikasına aid olduqca əhəmiyyətli tapıntılar, kəşflər etməklə yanaşı, həm də, özünün ideya sələfləri saydığı bir sıra dəyərli alimlərin baxışlarını inkişaf etdirmiş, dərin mənalı orijinal fikirlər söyləməyə müvəffəq olmuşdur.
Hələ sağlığında canlı klassik sayılan, üçüncü Vyana məktəbinin banisi (Z. Freydin psixoanaliz və A. Adlerin individual psixologiyasından sonra) Viktor Emil Frankl misilsiz dəyərə malik loqoterapiyanı (məna vasitəsilə müalicə!) yaratmaqla insan psixikasının bir fövqəl mürəkkəblik kimi tədqiqi və dərki, habelə, insan varlığının pozitiv məcrada inkişafı baxımında böyük töhfələr vermişdir. Təsadüfi deyildir ki, ekzistensial psixologiya və psixoterapiyanın müasir dünyada dinamik inkişaf edən yeni istiqaməti məhz Franklın loqoterapiyasına əsaslanır.
Əlbəttə ki, bu misal-nümunələr sırasında belçikalı fizik-kimyaçı, Brüssel məkdəbinin banisi, Nobel mükafatı laureatı (1977-ci il, kimya üzrə) İlya Priqojinin müstəqil və öz həmkarları ilə (Q. Nikolis, İ. Stengers) müştərək yaradıcılığı xüsusi yer tutur. Eynilə, mürəkkəblik fenomeninin dərindən və sistemli surətdə öyrənilməsində görkəmli alman fiziki, Ştutqart məktəbinin banisi German Hakenin misilsiz rolu olmuşdur . Hər iki məktəbin əvəzsiz xidmətləri haqqında vaxtilə nəşr edilmiş kitab və məqalələrimdə ətraflı təhlil-məlumat verdiyimdən, burada onların üzərində geniş dayanmıram.
1965-ci ildə Lütfi Zadə tərəfindən qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qeri-səlis məntiq anlayışı irəli sürülmüş və ümumən qeyri-səlis riyaziyyatın ilbəil artan sürətlə qərarlaşması baş vermişdir . Qeyri-səlis məntiq nəzəriyyəsinin gözəlliyi idrak subyektinin təsviri-tədqiqi prosesində riyazi həllərin çoxluq təşkil etməsindən və konkret situasiyalara uyğun müxtəlif cavab variantlarının təqdim olunmasından ibarətdir . Bu xüsusiyyət, vurğulayım ki, postneoklassik epistemologiyanın mühüm keyfiyyətlərindəndir və nəzəri sistemlər yaradıcılığında zəruri qeyri-vahidliyin ifadəsidir. Qeyri-vahidlik prinsipinin, yəni, həllər çoxluğu ideyasının günbəgün elmi idrakda qərarlaşması və güclü təsiri nəticəsində varlıq təliminin özündə elə inqilabi keyfiyyət dəyişiklikləri baş vermişdir ki, yeni-yeni ontoloji sistemlərin yaranmasını stimullaşdırmışdır.
O cümlədən, radikal xarakterli nəzəri konseptlər, mövqelər formalaşmışdır. Buna misal olaraq, Avstriya mənşəli amerikalı alim, elm fəlsəfəsi üzrə tanınmış mütəxəssis Pol Feyerabendin “epistemoloji anarxizm” adlı relyativist konsepsiyasını göstərmək olar. Bu “anarxist idrak nəzəriyyəsi” əsasən onun “Metoda qarşı” kitabında sərgilənmişdir. P. Feyerabendin yanaşmasında biliyin həqiqiliyinin hansısa universal meyarının olmaması təqdir edilir, belə meyarların dövlət və yaxud cəmiyyət tərəfindən diktəsi isə elmin azad inkişafı üçün maneə sayılır. Onun fikrincə, hər bir alim öz ideyasını (nə qədər absurd və qeyri-adi görünsə də!) sərbəst inkişaf etdirməkdə iradəlidir və hər kəs, öz növbəsində, bu nəzəriyyələr çoxluğundan seçimdə, onlardan hansınısa bəyənməkdə və rəhbər tutmaqda azaddır. Epistemoloji anarxizmin təəssübkeşi hər hansı ictimai təşkilata və yaxud ideologiyaya tərəfdaş olduğunu elan etməyə borclu deyil. P. Feyerabend konsepsiyasında elm, əslində, anarxik bir müəssisədir. Bu konsepsiyanın təqdimatında nəzəri anarxizm sərt qanunlara və nizama söykənən öz alternativləri ilə müqayisədə daha humanistik və mütərəqqidir.
“Metoda qarşı” kitabına professor Coz Aqassi tərəfindən verilmiş rəyə cavab məktubunda («Philosophia», mart, 1976-cı il) Feyerabend yazırdı: “Mən kitabımda demişəm – “Anarxizm epistemologiya və elm fəlsəfəsi üçün əla dərmandır. Mənanın dəqiqliyinə fikir verin, mən deməmişəm ki, epistemologiya və elm fəlsəfəsi anarxist olmalıdır. Söyləmişən: bu fənnlərin hər ikisi də xəstədir və müalicəyə ehtiyacları var. Və burada anarxizm bir dərmandır. Lakin, dərman elə bir şey deyildir ki, daimi qəbul edəsən. Onu müəyyən zaman müddətintə qəbul edirlər və sonra istifadəsini dayandırırlar” . P. Feyerabendə görə, anarxizm xəstə olan epistemologiyanı sağalda bilər və məhz bundan sonra biz rasionallığın daha maarifçi və liberal formasına sahiblənə bilərik. Gördüyümüz kimi, onun başlıca qayəsi idraki çərçivələri genişləndirməkdən, təhlil-tədqiq prosesində sıxışdırıcı məhdudiyyətləri zərərsizləşdirməkdən, təfəkkür texnologiyasını məhsuldar maarifçi-liberalist istiqamətdə sağlam əsas və elementlər hesabına zənginləşdirməkdən ibarət olub.
Dərin məntiqi təhlil əsasında belə bir qənaət hasil olur: P. Feyrabendin idraki qəlibləri sarsıdan “epistemoloji anarxizm” konsepsiyası məna təyinatı baxımından xeyli dərəcədə L. Zadə təliminin aşıladığı yeni rasionallıq, elmi adekvatlıq, gerçəkliyə həssaslıq və humanizm ideyaları ilə müttəfiqlik təşkil edir. O ideyalarla ki, postneoklassik epistemologiyanın məzmun-mahiyyətini səciyyələndirir. Burada, yeri gəlmişkən, bir mühüm məqamı da vurğulamaq istərdim: epistemologiya və elm fəlsəfəsi sahəsində anarxizmi bir dərman kimi ( müəyyən miqdarda və konkret zamanda!) məqbul və hətta zəruri bilən P. Feyerabend heç vaxt siyasi anarxizmin tərəfdarı və tərənnümçisi olmamışdır. O, həmçinin, şəxsi maraq və niyyətlərdən qaynaqlanan, “intellektual səmimilik” adı altında yeridilən, mahiyyətcə totalitarizmə və ifrat ayrı-seçkiliyə rəvac verən humanizm, liberal-demokratiya haqqında boşboğazlığı kəskin tənqid etmişdir.
L. Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi, hər şeydən öncə, məntiq və riyazi elmlərdə yaranmış dərin böhrandan ən optimal və qeyri-standart çıxış yollarından biri, bəlkə də, ən əhəmiyyətlisi idi. Yaranmış böhran və onun həlli barədə o dövrdə tanınmış alimlər, o cümlədən, məntiq və riyaziyyat sahəsində çalışanlar yazırdılar. Bu kontekstdə, məsələn, riyazi məntiq üzrə görkəmli alim Uillard Van Orman Kuaynı və onun “Müasir məntiqin fəlsəfi əhəmiyyəti” (1958) əsərini, yaxud formalistik məktəbin nümayəndəsi Haskell B. Karrini və onun 1963-cü ildə nəşr edilmiş “Riyazi məntiqin əsasları” kitabını qeyd edə bilərik. Bunlardan öncə isə günbəgün dərinləşən böhran barədə riyazi formalizm cərəyanına və çoxluqlar nəzəriyyəsinə əvəzsiz töhfələr vermiş Con fon Neyman hələ 1940-cı illərin axırlarında öz məqalələrində fikirlər söyləmişdir. O dövrün ən məşhur riyaziyyatçısı Rixard Kurant bir sıra məqalələrində, riyaziyyatın nəzəri və tətbiqi aspektlərdə mövcud vəziyyətindən danışarkən, həmin problemdən söhbət açmış və qarşıda duran aktual vəzifələrdən yazmışdır. Ümumi narahatçılıq və yaranmış problemlərə münasibət tanınmış başqa alimlərin (F. Deyvis. U. Soyyer, M. Kats, F. Dayson, E. Mur, R. Stoun, R. Bellman, S. Ulam) əsərlərində də ifadə olunmuşdur . Bəs, sürətli elmi inkişafdan doğan böhranın məğzi, səciyyəsi nədə idi?
Əvvəla, qeyd edim ki, məntiq və riyaziyyatın böhranı ikili, bir-birilə çarpazlaşan istiqamətdə özünü göstərirdi: həm bu elmlərin öz daxili təkamülü müstəvisində, həm də elmi-nəzəri biliklərin praktikaya tətbiqi, ayrı-ayri fəaliyyət sahələrinə, yəni, real həyata münasibəti və istifadəsi müstəvisində. İkili xarakterli bu böhran o dövrdə fəaliyyət göstərən hər bir aparıcı riyazi-məntiqi cərəyan (orqanisizm, logisizm, intuisioniz) üçün xarakterik idi. Və böhrandan əsas çıxış yolu kimi çoxluqlar nəzəriyyəsinin inkişafı nəzərdə tutulurdu. L. Zadə də bu istiqaməti vacib bilirdi, lakin onun məsələyə yanaşmasında köklü fərqlər, prinsipial məqamlar var idi. O, problemə tam başqa baxış bucağından yanaşmış və riyaziyyatın “itirilmiş” müəyyənliyini qeyri-ənənəvi, başqa həmkarlarının heç ağıllarına gəlmədiyi bir idraki fəzada bərpa etməyə çalışmış və inqilabi uğur əldə etmişdir. Onun üçün aparıcı idraki prinsip bundan ibarət idi: riyaziyyatın “düzgünlüyü”, keyfiyyət gücü onun gerçəkliyin özünəməxsus məntiqinə uyğunluğu və real dünyaya tətbiq edilmə səviyyəsi ilə ölçülür; reallığın ehtiyaclarını ödəmək – gerçəkliklə təfəkkür ahəngdarlığına, üzvi sinergizminə nail olmaq deməkdir; bu qarşılıqlı həssaslıq və sinergizm varsa, deməli, riyaziyyatın öz bətnində, daxili inkişafında da sağlamlaşma və təkmilləşmə daha da qaneedici və mümkün olar.
Beləliklə, L. Zadə üçün əsas məqsəd reallığı fəth etmək yox, ona uyğun olmaq, onunla nəcib, harmonik, qarşılıqlı məmnunluğu artıran sinergetik təmaslar, ünsiyyət qurmaqdan ibarət idi. Klassik formal məntiqin və ənənəvi çoxluqlar nəzəriyyəsinin (indiyə qədərki bütün modifikasiyaları səviyyəsində!) reallığı təhrif edən məhdudlaşdırıcı qanun və prinsiplərdən uzaqlaşmaq, obyekt–subyekt münasibətlərində yeni, məhsuldar, qarşılıqlı fayda verən əməkdaşlığa, razılığa-rahatlığa nail olmaq idi . Ümumi götürdükdə, L. Zadə təlimində təfəkkür–gerçəklik, subyekt–obyekt münasibətlərində daha çox qayğıkeşliyə, tolerantlığa, həssaslığa təşnəlik vardır ki, bütövlükdə, səbəb-nəticə (determinasiya), zaman-məkan, elmi rasionallıq, tam–hissə nisbətləri, təsbitolunma və müəyyənləşmə, özünütəşkil və nizam məsələlərinə, habelə, dəyərlər probleminə də yeni yanaşmaların, epistemoloji baxış bucaqlarının formalaşması üçün güclü təkan vermişdir.
Belə deyə bilərəm: bütün bu yeni yanaşma və baxışların ümumi məxrəcini, ideyadaşıyıcı özüllərini insanlığı və insaniliyi artırmaq qayəsi təşkil edirdi. Ağıla ünvanlaşmış tövsiyə bundan ibarət idi: “hə” – “yox” arası seçimdə və axtarışda qradasiyaları, dərəcələri, incəlikləri, “vergüldən sonra” gələnləri unutma, onları hesablamaqda və onlarla ünsiyyətdə həssas, nəzakətli ol; aləmlə əlaqələrdə özün üçün məmnunluğu və rahatlığı başqalarının rahatlığını və məmnunluğunu təmin etməklə tapa bilərsən; gerçəkliyi öyrənmək adı ilə onu təhrif etmə, şikəst vəziyyətə salma, onun öz mənası-məzmunu ilə azad və dolğun yaşamasına çalış!
L. Zadə təlimi elmlər kompleksinə, elmi təfəkkür üslubuna və texnologiyalarına tamamilə yeni abı-hava, qnoseoloji zəminlər, metodoloji yanaşmalar, aksioloji imperativlər gətirməklə, faktiki, ontologiya sahəsində elmi idrakın kreativlik-emercentlik gücünü artırmış və ciddi yeniliklərin baş verməsinə səbəb olmuşdur. Bu əsasda bir sıra artıq mövcud olan və yaxud təzəcə formalaşan epistemoloji cərəyanlar qeyr-ənənəvilik statusuna yüksəlmiş, öz idraki adekvatlığını və məhsuldarlığını artırmışlar. Misal olaraq, bunları göstərə bilərik: D. Sempbell. K. Popper, St.Tulminin evolyusionist epistemologiyası; T.Kunun tarixi-evolyusionist epistemologiyası; J.Piajenin qenetik epistemologiyası, M.Polaninin antropoloji epistemologiyası, C.Holtonun tematik və U.Kuaynın naturallaşdırma epistemologiyaları, habelə, gipotiko-deduktiv, kumulyativist, relyativist və başqa epistemoloji modellər.
Onu da qeyd edim ki, postneoklassik epistemologiya bu epistemoloji cərəyan və modelləri özünəməxsus bir üzvi forma-məzmunda ehtiva edir. Belə deyə bilərik, böyük evristik gücə malik postneoklassik epistemologiya digər qeyri-ənənəvi epistemoloji modellərə (“hissələrə”) münasibətdə vahid bir “Tam” statusunda çıxış edir. Lakin bu mənada yox ki, o, həmin hissələrin cəbri məcmusu-toplamıdır! Qətiyyən belə deyil! Burada “Tam” hissələrin additiv cəminə müncər edilə bilməz. O, bir idraki-instrumental sistem kimi, özlüyündə bu cəmdən çox-çox böyük və intəhəsizdir. Dialektik inkişafda olan dinamik çoxluqdur!
Nəhayət, professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texniki-texnoloji inkişafa, ictimai praktikaya, dünyanın təsərrüfat sisteminə təsir etmiş və təsir göstərəcək fundamental təlim yaratmış dahi bir şəxsiyyətdir. Müasir informasiya cəmiyyətinin formalaşmasında, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisində, intellektual sistemlərin inkişafı və idarə olunmasında, müasir təhsil və tərbiyə prosesinin tam yeni əsaslarda təşkilində, süni intellektlə əlaqədar bir çox problmlərin həllində onun rolu və xidmətləri danılmazdır.
Süni intellekt nəzəriyyəsi və texnika-texnologiyası bu gün müasir bəşəri inkişafın aparıcı istiqaməti olaraq insan fəaliyyətinin ən müxtəlif sahələrini əhatə edir. Görkəmli alim Rafiq Əliyev və professor Rəşad Əliyev “Soft Kompütinq” adli irihəcmli fundamental əsərdə süni intellektin əsas problemi kimi bunu göstərirlər: “elə qurğuların, o cümlədən, əqli mühakiməyə malik elə kompüterlərin yaradılmasıdır ki, onlar qeyri-dəqiq və qeyri-müəyyən mühitdə insanın qəbul etdiyi qərarlara oxşar qərarlar qəbul edə bilsinlər” . Alimlərin fikrincə, ənənəvi süni intellekt sistemləri hard-kompütinq texnologiyası əsasında yaradılmışdır. Bu sistemlər simvolların emalına və müxtəlif obrazların tanınmasına, təbii dilin anlaşılmasına, teoremlərin avtomatik isbatına, ekspert nəticələrinin alınmasına imkanlar yaratsalar da, müəyyən məhdudiyyətlərdən azad deyildilər, çünki bütövlükdə klassik riyazi (hesabi) metodlara – ədədi üsullara söykənirdilər. “Təbiidir ki, belə məhdudiyyətlər çərçivəsində qurulan ənənəvi intellektual sistemlər yüksək maşın intellekti əmsalına (MİQ) malik ola bilməzdilər. Elm, texnika və texnologiyada intellektual sitemlər yaradılmasının yeni üsuluna, yeni nəzəriyyəsi və texnologiyasına kəskin tələbat duyulurdu” . Məhz bu tələbata cavab olaraq, R.Ə. Əliyev və R.R. Əliyevin qeyd etdikləri kimi, L. Zadə bir çox əhəmiyyətli real problemlərin həllinə imkan verən Soft Kompütinq texnologiyasını təklif etmişdir.
Qeyri-səlis məntiq, neyrokompütinq, evolyusion kompütinq və xaos kompütinq kimi intellektual paradiqmlərin üzvi kombinasiyasından ibarət Soft Kompütinqi süni intellektlə bağlı elm-texnika-texnologiya sahəsində danılmaz bir inqilabi hadisə hesab etmək olar. Bu gün Soft Kompütinq intellektual sistemlərin yaradılmasında evristik gücü günbəgün artan ağırlıq mərkəzini təşkil edir. Hazırda Soft Kompütinqlə, onun ayrı-ayrı aspektləri ilə bağlı müxtəlif dillərdə xeyli ədəbiyyət mövcuddur. Azərbaycan dilində ilk kitab professor R.Ə. Əliyev və R.R. Əliyevin müəllifliyi ilə 2004-cü ildə nəşr edilmiş yuxarıda adını çəkdiyim fundamental əsər olmuşdur. Bu dəyərli kitaba “Ön söz” yazmış L. Zadənin bəzi fikirlərini hörmətli oxucuların diqqətinə çatdırmaq istərdim. Düşünürəm ki, onlar kifayət qədər maraqlı və əhəmiyyətlidir.
Beləliklə, L. Zadə yazırdı: “İnsan fəaliyyətinin bir çox sahələrində olduğu kimi, elmdə də milliliyə meyl vardır. Bəzən müəyyən bir metodologiyanı əsas kimi götürüb onun alternativlərindən daha üstün olduğu iddia olunur. Bu cəhətdən Soft kompütinq konsepsiyası anti-millidir. Bu konsepsiya süni intellektlə bağlı müxtəlif metodologiyaların arasında sərt rəqabətin mövcud olduğu zəmində meydana gəlmişdir. Lakin məndə belə hiss yaranmışdır ki, rəqabət deyil, kooperasiya vasitəsilə hər hansı bir metodologiyanın üstünlüyünün təsdiqi və ya təkzibindən danışmaq olar. Soft kompütinq nədir? Əvvəla qeyd edək ki, soft kompütiq, sadəcə, vahid metodologiya deyil. Əksinə, onu mühitin real qeyri-dəqiqliyini qəbul edən müxtəlif metodologiyalar koalisiyası və ya konsorsiumu adlandırmaq olar. Onun əsas məqsədi traktabillik, robastlıq və səmərəli həll əldə etmək üçün qeyri-dəqiqliyə tolerantlıq yaratmaqdır...Soft kompütinqin mühüm cəhəti odur ki, onun komponentləri bir-birilə yarışmaqdan çox, bir-birini tamamlayır. Beləliklə, Soft kompütinqin əsas xüsusiyyəti odur ki, daha yaxşı nəticələri onun tərkibindəki metodologiyaların ayrı-ayrılıqda deyil, onların kombinasiyası şəklində istifadə edməklə əldə etmək olar” .
Olduqca əhəmiyyətli fikirlərinin davamı olaraq L. Zadə belə bir ehtimal da səsləndirir: “Hal-hazırda ən çox yayılmış Soft kompütinq üsulu neyro-qeri-səlis paradiqmaya əaslanan üsuldur. Populyarlığı artan digər üsullar isə neyro-genetik, neyro-qeyri-səlis-genetik, həmçinin, neyro-xaotik yanaşmaya əsaslanan üsullardır. Ehtimal ki, yaxın illərdə yüksək səviyyəli maşın intellektinə malik olan sistemlərin əksəriyyəti hibrid sistemlər olacaqdır, yəni, onlar Soft kompütinq metodologiyalarının müxtəlif kombinasiyalarından istifadə etməklə yaradılacaqdır” .
Böyük alim-riyaziyyatçı daha sonra görkəmli həmyerlilərimizin kitabını bu cür dəyərləndirir: “Bu mövqedən baxarkən, professorlar R.Ə. Əliyev və R.R. Əliyevin müəllif olduqları “Soft Kompütinq” kitabının əhəmiyyətini qiymətləndirmək çətindir. Sistem analizi, qərar qəbuletmə və qeyri-səlis məntiq sahəsində iki məşhur alimin yazdığı “Soft Komütinq” kitabı dərinliyi, əhatəliyi və yüksək anlaşıqlığı ilə seçilir, konsepsiya, nəzəriyyə və əməli üsullar da daxil olmaqla geniş materialı əhatə edir. Bütün bunlar müəlliflərin geniş elmi tədqiqat və təhsil təcrübəsini nümayiş etdirir. Kitaba çoxlu misal və məsələlər, neyro-qeyri-səlis, neyro-genetik və qeyri-səlis-neyro-genetik sistemlər haqqında xeyli faydalı informasiyanın daxil edilməsini də qeyd etmək lazımdır” .
Belə bir atalar misalı var: “zər qədrini zərgər bilər”. Mən də bu həqiqəti rəhbər tutaraq L. Zadədən iqtibaslar gətirdim. Yaqin ki, razılaşarsınız, Soft kompütinqə həsr olunmuş dərin məzmunlu və geniş əhatəli kitaba ən adekvat, obyektiv və ədalətli rəyi məhz onun özü – L. Zadə verə bilərdi. Burada mən, həm də, daxili narahatlığımı ifadə edən mövqeyimi qabarıq surətdə bildirmək istədim. Ciddi narahatlıq ondan ibarətdir ki, həttə L. Zadə kimi klassikin, mötəbər alimin mənacan olduqça sanballı müsbət rəyinə baxmayaraq, professorlar R.Ə Əliyev və R.R. Əliyevin “Soft Kompütenq” kitabı öz vətənimizdə layiqincə dəyərləndirilməyib və müfafiq istiqamətdə zəruri nəzəri-praktiki işlərin təşkilində istifadə olunmayıb. Müasir elmin, təfəkkür texnologiyalarının, təhsil-tərbiyə, sivil davranış və ünsiyyət sistemlərinin özüllərindən olan bu kitab, faktiki, nəzər-diqqətdən kənarda qalıb. Bu, bağışlanılmaz və dözulməz münasibət, yanaşmadır. Belə münasibətlə biz həm fərdi, həm də ictimai-ümumi müstəvilərdə elmimizə, təhsilimizə, cəmiyyətimizə xəyanət etmiş oluruq. Özümüz öz əllərimizlə geriliyə, cəhalətə doğru gedirik, kütləvi uğursuzluqlara, faciələrə yol açırıq.
Bu səbəbdəndir ki, indi hər şeyin önündə öz çığır-bağırı, həyasızlığı, mənfəətdar vətənşüvənliyi ilə səfehləri cəlb edən Yalan və qarşılıqlı Şiddət gedir. Səthi adamlar Yalana tez inanır, ona aludə olur və bu durumda kütlə psixozunun, qaragüruh zehniyyətinin total hökmranlığına daha çox şərait yaradırlar. Belə ictimai axında və fəallıqda heç bir ixlaskarlığa, insaniliyin intibahına yer qalmır. Yalan və Şiddət məngənəsində sıxılıb-əzilən, boğulan Həqiqət artıq heç kimə və heç nəyə lazım olmur. Və onun hərtərəfdən müasirəyə alınmış, özlərinə qapadılmış tək-tük daşıyıcıları da Yalanın diktə etdiyi “İşıqlı Yol”u yalnız seyr etmək zorunda qalırlar. Bu nadir bəndələrdən lap tək-tək adamlar tapılar ki, səmimi hörmət bəslədiyim Kəramət Böyükçöl kimi, anadangəlmə istedada, cəsarətə, düşüncə-qəlb açıqlığına, rasional-evristik təfəkkürə, necə deyim, İbn Xəldun “əssəbiyyə”sinə sahib olsun və bu bədnam “İşıqlı Yolu” qılınclasın.
Azərbaycan dilində ilk nəşrindən (2004) sonra “Soft Kompütinq” kitabı indiyə qədər, ən azından, beş-altı dəfə yenidən işlənilmiş və daha da zənginləşmiş təqdimatda böyük tirajla çap edilməli, elmi təşkilatlarda və dövlət qurumlarında, tədris müəssisələrində, təhsil-tərbiyə ocaqlarında yayılmalı, təbliğ-təşviq olunmalı idi. Bütövlükdə, görkəmli alim Rafiq Əliyevin elmi nailiyyətləri ilə əlaqədar xüsusi qaydada, optimal həcmdə hazırlanmış informaiya, prinsipal məqamları əks etdirən material dərsliklərə salınsaydı, sistemli surətdə yeniyetmələrə, gənclərə, böyüyən nəsillərə çatdırılsaydı, təqdirəlayiq mühüm bir iş sayılardı.
L. Zadənin və Rafiq Əliyevin ayrı-ayrılıqda və müştərək gördükləri iş, ortaya qoyduqları nəticə-nailiyyətlər adi, trivial səviyyədə dəyərləndirilməli töhfə deyil. Bu, dünyanı, tarixi və sosial zamanı köklü surətdə yaxşılığa, xoşbəxtliyə, tərəqqiyə doğru çəkən, dəyişən möhtəşəm Təlimdir. Həmin Təlimin, o cümlədən, “Soft Kompütinq” kitabının, hər şeydən öncə, aşıladığı məram-mətləb, düşüncə və davranış yönümü, təfəkkür üslubu-texnologiyası, dünyaya və gerçəkliyə baxış tərzi, habelə, bu zəmində bəşəriyyət üçün püxtələşdirdiyi və sərgilədiyi yeni (həqiqi və dayanıqlı) humanizm, tolerantlıq, demokratiya, haqq-ədalət konsepsiyası, ideya-ideallar sistemi nəinki yalnız texniki, riyazi-fiziki elmlərdə, kimya və biologiyada, qərar qəbuletmə və idarəetmə sahəsində, habelə, ictimai və humanitar elmlərdə, ümumən, insanların dünyagörüşündə, ictimai və fərdi fikrin məzmun-mahiyyətində əhəmiyyətli katarsis yaratmağa, əsaslı yeniləşməyə təkan və güc verməyə, sinergetik-emercent mənbə və axınları formalaşdırmağa qadirdir. Və, əslində, bu proses artan sürətlə gedir – bütün obyektiv və subyektiv xarakterli maneələrə baxmayaraq! Müasir dünya tam yeni bir Məntiqlə, Təfəkkür Üslubu və Texnologiyası ilə yaşayır və yaxud yaşamaq cəhdindədir – Yaponiya və Çindən tutmuş ABŞ və Avropa ölkələrinə kimi! Artıq işıqlı üfiqlərə apara biləcək yollar, konsepsiya və paradiqmlər, ictimai və iqtisadi meqatrendlər bu Məntiq, bu Təlim əsasında və vasitəsilə hesablanır, dəqiqləşdirilir və müəyyənləşdirilir. Gəlir-qazanclar da böyükdür – həm maddi-maliyyə, həm də mənəvi-mədəni baxımdan.
Əfsuslar ki, biz sahib olduğumuz öz xəzinəmizdən, xüsusən də elm-bilik xəzinəsindən, yerində və vaxtında bəhrələnə bilmirik, vərdişlər ətaləti üzrə hərəkət edərək kol-kosda ilişib qalırıq, ağlasığmaz israfçılığa yol veririk, daim intensiv inkişafı yox, ekstensiv mövcudolmanı seçirik, yetkin yaşlarımızda da, uşaq kimi, iməkləməyi sevirik, çox təəssüf! Cəsarət və fədakarlığımızmı, ağıl və haqqpərəstliyimizmi, təpər və iradəmizmi çatışmır? Böyük Kişilər yaxşı deyiblər: ağılın ən mühüm məsləhəti – hər şeydə, zərrə qədər də olsa, iradə və cəsarət, fədakarlıq, həssaslıq göstərməkdir. Müstəsna əhəmiyyət kəsb edən xəzinədən ağıllı istfadədə elmi-akademik toplum əlini ağdan-qaraya vurmursa, məsuliyyətini anlayıb narahat olmursa, kənarda düşmən axtarmaq – eyni dərəcədə, yanlışlıq və ciddi səhv deyilmi!?
Yox-yox, məqsədim qətiyyən kimlərisə və nələrisə qınamaq, tənqid etmək deyil! Rəhmətlik babam Hüseyn müəllim demişkən, hər kəs bildiyini danışır və bacardığını edir. Sadəcə, bu yazımla zəngin bir Xəzinəyə, danılmaz perspektivi olan Təlimə yenidən ictimaiyyətimizin nəzər-diqqətini çəkəmək istədim. Eyni dərəcədə, kifayət qədər nikbinəm, ümidli və inamlıyam. Çünki, hörmətli Rafiq müəllimin vaxtilə müjdəsini verdiyi Yeni Sivilizasiya artıq zəfər çalmaqdadır! O, Dünyanı, Zəmanəni, Epoxanı dəyişməkdədir!

1. Гегель. Энциклопедия философских наук. Т. 2. Философия природы. М., 1975, с. 115.
2. Колмогоров А.Н. Простоту сложному // «Известия» АН СССР. 31. 12. 1962.
3. Bax.: Колмогоров А.Н. Три подхода к определению понятия «количество информации» // Проблемы передачи информации. М., 1965, т. 1, вып. 1. Məsələyə dair faydalı mənbə kimi bu kitabı tövsiyə edərdim: Юдин Д.Б., Юдин А.Д. Число и мысль. Вып. 8. (Математики измеряют сложность). М., 1985.
4. Bax.: Анохин П.К. Кибернетика и интегративная деятельность мозга (Доклад на XVIII Международном психологическом конгрессе в Москве, 1966) // Анохин П.К. Философские аспекты теории функциональной системы. Избр.труды. М.: Наука. 1978.
5. Bax.: Франкл В. Человек в поисках смысла. Сборник: Пер. с англ. и нем. М.: Прогресс, 1990.
6. Bax.: Шерозия А.Е. К проблеме сознания и бессознательного психического. Опыт исследования на основе данных психологии установки. Т. 1. Тбилиси, 1969; Шерозия А.Е.К проблеме сознания и бессознательного психического. Опыт интерпретации и изложения общей теории. Т. 2. Тбилиси, 1973; Шерозия А.Е. Психика. Сознание. Бессознательное: к общей теории психологии. Тбилиси. 1979.
7. Məsələn: Пригожин И. От существующего к возникающему. М.: Наука, 1985; Пригожин И., Стенгерс И. Порядок из хаоса. М., 1986; Николис Г., Пригожин И. Познание сложного. М.: Мир, 1990; Пригожин И. Переоткрытие времени // Вопросы философии, 1989, № 8,
8. Хакен Г. Синергетика. М., 1980; Хакен Г. Синергетика: Иерархии неустойчивостей в самоорганизующихся системах и устройствах. М., 1985.
9. Bax.: Abbasov Ə.F. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə. Bakı: “MBМ”. 2006; Аббасов А.Ф. Философия сложности. Баку: «МВМ». 2007.
10.Bax.: Zadeh L.A.Fuzzy sets: Inform. аnd Control. 1965. № 8.
11. Bax.: Заде Л.А. Понятие лингвистической переменной и его применение к принятию приближенных решений. М., 1976; Заде Л.А. Основы нового подхода к анализу сложных систем и процессов принятия решений // Математика сегодня. М., 1974.
12. Bax.: Feyerabend P. K. Against Method. Outline of an anarchistic theory of knowledge. London, 1975. Rusca: Пол Фейерабенд. «Против метода. Очерк анархистской теории познания» // Фейерабенд П. Избранные труды по методологии науки. М., 1986.
13. https://gtmarket.ru/library/basis/6634/6637
14. Математика в современном мире / Сборник. Пер. с англ. Н.Г. Рычковой. М.: «МИР».1967.
15. Dəyərli ədəbiyyat-mənbə qismində bu kitabları məsləhət bilərdim: Алиев Р.А., Алиев Р.Р. Нечеткие множества в моделях управления и искусственного интеллекта. М., 1986; Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: “Çaşıoğlu”. 2004.
16. Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: “Çaşıoğlu”. 2004, s. 5.
17. Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: “Çaşıoğlu”. 2004, s. 5.
18. Lütfi Ə. Zadə. Ön söz. Əliyev R.Ə., Əliyev R.R. Soft Kompütinq (nəzəriyyə, texnologiya və praktika). Bakı: “Çaşıoğlu”. 2004, s. 3.
19. Yenə orada.
20. Yenə orada.