14.06.2021, 20:13 - Baxış sayı: 561

Milli Qurtuluş Günü - Azərbaycan xalqının xilaskarlıq və zəfər tarixi


Sənan Həsənov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
YAP Fəlsəfə və Sosiologiya İnstitutu
üzrə Ərazi partiya təşkilatının sədri


1993-cü il 15 iyun dövlətçiliyimizin iflasa uğrama təhlükəsindən xilas tarixi kimi yeni bir dövrün başlanğıcıdır. 1991-ci il 18 oktyabr tarixində “Müstəqillik Aktı”nın qəbul edilməsinə baxmayaraq cəmi 1 il yarım ərzində Azərbaycan dərin siyasi-iqtisadi böhranla üzləşdi. Tarixin müxtəlif dönəmlərində olduğu kimi bu zaman da daxili çəkişmələrin və bundan istifadə edən xaricdəki məkrli qüvvələrin əməlləri nəticəsində dövlətçiliyimizə çox ağır zərbələr vurulmuşdu. Növbəti belə vəziyyət XX əsrin 90-cı illərində Azərbaycanın bölüşdürülməsi və onun bir dövlət kimi tarix səhnəsindən silinməsi planının davamı idi. Ona görə də Milli Qurtuluş Günü ilə bağlı təhlillər apararkən biz həmin dövrün hadisələrinə dərin məntiq və əsaslı müqayisələrlə yanaşmalı, bu əsasda aparılan siyasətin mahiyyətinə varmalıyıq. Ona görə ki, müstəqilliyimizin və milli birliyimizin sarsıldığı tarixi bir məqamda Heydər Əliyev dühası xalqını xilas etmək missiyasını yerinə yetirməklə öz taleyini Azərbaycan xalqının canı qanı bahasına əldə etdiyi müstəqilliyinin qorunmasına həsr etdi. Əslində Milli Qurtuluş günü zəfər tariximizə aparan yolun dönüş nöqtəsidir. Heydər Əliyev xilaskarlığının əsl mahiyyətinin dərk edilməsi ü çün tarixi ger çəkliklərin təhlili həmişə zəruri vəzifədir. Bu gün biz xalqımızın siyasi yetkinliyinə səbəb olan vahid ideologiyanın, dövlətçilik şüurunun gücünə söykənən qüdrətli siyasi varisliyin və xalq-lider- ordu birliyinin nəyə qadir olduğunun nəticələrindən tarix yazırıq. Bu tarixdən doğan reallıqlar gözümüzün önündədir. O, Azərbaycanı yenidən parçalamaq uğrunda hələ 1990-cı illərdən yenidən mübarizəyə başlayan məkrli qüvvələrin niyyətlərini iflasa uğradan müdrik siyasətin qələbə və zəfər fəlsəfəsidir. Bu fəlsəfənin əsl mahiyyətində bir vacib həqiqəti də bilməliyik ki, Milli Qurtuluşdan başlayan xilaskarlıq, inkişaf, tərəqqi məhz Vətən müharibəsində, qələbə və postmüharibə dövründə Azərbaycanın yeni geosiyasi reallıqlara etdiyi təsirləri tamlaşdırıb, dolğunlaşdırıb, onu əbədi olaraq xalqın tarixi yaddaşına çevirib.
SSRİ dağıldıqdan sonra bir sıra xarici və daxili siyasi qüvvələr elə vəziyyət yaratdılar ki, rus qoşunlarının Azərbaycandan çıxarılması o vaxtkı hakimiyyət tərəfindən çox kəskin şəkildə qoyuldu. Lakin bu qüvvənin çıxarılmamasının tərəfdarları da vardı. Çünki bəzi qruplar bundan Azərbaycandakı vəziyyəti nəzarətdə saxlamaq üçün istifadə etmək istəyirdilər. Bu məsələyə dair müzakirələr həmin vaxt Azərbaycanla-Rusiya arasındakı münasibətləri bir qədər də soyutmağa səbəb oldu. Nəticə etibarilə canlı qüvvə çıxarıldı, texnika saxlanıldı. Çox təəssüflər olsun ki, həmin texnikanın güçü ilə daxilimizdə siyasi avantüra təsiri altına düşmüş bir sıra qruplaşmalar dəfələrlə dövlət çevrilişi etməyə sövq edildi, xarici qüvvələrin təsiri ilə Azərbaycanı parçalamaq yolu tutaraq hərə bir vəzifə idiasına düşdü. Dövlət idarəçiliyinin məsuliyyətini dərk etmədən, regiondakı siyasi prosesləri analiz edə bilmədən onları bu işə təhrik edən qüvvələrin məkrli planlarının qurbanına çevrildilər. Nəticədə belə vəziyyət vətəndaş müharibəsinə, dövlətə və onun qanunlarına itaətsizliyə gətirib çıxardı. Bu Azərbaycanı asanlıqla bir necə yerə parçalamaq üçün hazırlanmış planın həyata keçirilməsinə münbit şərait yaratmış oldu. Anarxiyanın baş alıb getməsi ilə həmin planın həyata keçirilməsi Azərbaycanı tarixdən silməyin bir addımlığına gətirib çıxarmışdı. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac verdilər. Cənubda “Talış-Muğan respublikası” elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın qərbində mərkəzdən qaçma meylləri plan olaraq ortaya atılmış və demək olar ki, dövlətin parçalanması baş vermişdi. Belə bir vəziyyətdən çıxış yolu tapmaq ona görə ikiqat tarixi məsuliyyəti yaratmışdır ki, öz havadarlarının köməyi ilə Azərbaycanın tarixi ərazisi kimi Dağlıq- Qarabağın işğal edilməsinə dair siyasəti və Azərbaycanın müstəqilliyini sarsıtmağı həyata keçirmək istəyən bir sıra böyük dövlətlər eyni vaxtda növbəti dəfə zəif erməniçilik sindromundan istifadə etdilər. Daxili çəkişmələrin dövlətçiliyimizi zəiflətməsi ilə Dağlıq Qarabağda tarixi ərazilərimizin ard-arda itirilməsi böyük siyasi oyunçuların çirkin niyyətlərini reallaşdırmağa imkan yaratdı. Yüzlərlə faktın biri kimi deməliyik ki, 1992-ci ildə İran İslam Respublikasında həmin ölkənin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs haqqında sənədin mürəkkəbi qurumamış qədim Azərbaycan şəhəri Şuşa dərhal xarici qüvvələrin dəstəyi ilə işğal edildi. Həmin vaxt İİR Prezidenti Rəfsəncaninin Ter-Petrosyanla bu barədə danışıqlarında ermənilərin bu işdə xarici qüvvələrin əlində siyasi vasitə olmasını etiraf etməsi faktiki olaraq Azərbaycanın tarix səhnəsində qalıb-qalmamasını sual altında qoyurdu.
Bu gün hər birimiz peşəsindən asılı olmayaraq düşünməliyik ki, həm də naşı idarəçilik, siyasi səbatsızlıq vəziyyəti bu həddə çatdırmışdır və o dövrdə vəziyyəti nəzarətdə saxlamaq üçün heç bir yol qalmamışdır. Tarixin bu çətin məqamında Azərbaycan xalqı öz müdrikliyini göstərərək dövlətçiliyimizin tarix səhnəsindən silinmə anında xalqının xilaskarlığını öz üzərinə götürə biləcək yeganə siyasi liderinə- Heydər Əliyevə etibar etdi. Xalqın istəyinə üyğun olaraq o vaxtkı hakimiyyətin və ziyalıların tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Çox çətin siyasi vəziyyətin hökm sürməsinə baxmayaraq böyük siyasətə başladı. Xüsusi qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyevin dahiliyi onunla özünü təsdiq etdi ki, o xalqı uğrunda əlində heç bir qüvvə olmadan, böyük risklərə gedərək siyasət meydanına girmişdir. Bu vaxt onun ideyalarından yaranmış Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu dövlətçilik rüşeymləri tez bir vaxtda ziyalıları, təfəkkür sahiblərini bir araya gətirdi və Heydər Əliyevin ideyaları xalq içərisində güclü sosial baza topladı. Odur ki, onun dahiliyi siyasi təcrübəsi az vaxtda öz bəhrəsini verdi. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ilin 15 iyun tarixindən bayram kimi qeyd olunur. Bəli haqlı olaraq qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur, 1998-ci ildən isə Milli Məclisin qərarı ilə rəsmi dövlət bayramı statusu alaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdür.

Milli Qurtuluş Günü - milli özünüdərk fəlsəfəsi

Xalqımızın zəfər salnaməsinə başlanğıc verən bu tarix haqqında hesab edirik ki, müxtəlif peşə sahibləri, dövlət xadimləri və mütəfəkkirlər öyrənməkdədirlər və yenə də öyrənməyə borcludurlar. Tarix bizi yeni sınaqlara çəkdikcə biz bu mövzuya müraciət edəcəyik. Sübuta ehtiyacı olmayan həqiqəti həmişə hər yerdə deməliyik ki, Heydər Əliyevin qayıdışı tariximizin, milli varlığımızın mənfur qüvvələrdən xilası, qüdrətli gələcəyimizə aparan yolun isə təməlidir. Azərbaycanın müasir tarixinin yeni mərhələsinin başlandığı bu gün bizi hər an zəfərə qələbəyə, qüdrətli ordu quruculuğuna nəhayət vətənpərvərliyin Azərbaycan nümunəsinə qovuşdurdu. Qısa müddətdə aradan qaldırılan xaos, anarxiya sabitliyi təmin etdi, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın dövlətçiliyi nəinki qorunub saxlanıldı o, dünya səhnəsinə yeni mədəniyyət gətirən, zəngin mənəvi xəzinənin bəşəri dəyərlərlə sintezini yaradaraq qədim köklərə mailk bir xalqın öz tarixi haqqını özünə qaytardı. Bu siyasət xalqımızın bəşəriyyət qarşısında öz layiqli yerini tapmasına dair fündamental bir tarix yazdı. Elə bir tarix ki, o bizi uzun əsrlər qoruyacaq, müşayiət edəcək və xalqımızı istəməyən qüvvələrə tutarlı cavab verərək onların mənfur fikirlərini alt-üst edəcək. Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi varisi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin dünyada günü-gündən atdığı uğurlu addımlar QƏLƏBƏ və ZƏFƏR tariximizdə müdrik siyasətin sarsılmaz iradə ilə harmoniyasını sübut etdi. Azərbaycanın iradəsi ilə yaradılan yeni reallıqlar həm də onu sübuta yetirdi ki, Heydər Əliyev Azərbaycanla yanaşı böyük bir regionun taleyinin xilaskarlıq missiyasını həyata keçirmişdir. Dünyada və regionda həmrəylik, sabitlik, inkişaf, tərəqqi çağırışları dahi siyasi xadimin varislik prinsipinə ərmağan etdiyi xəzinə ilə bəşəriyyətə faydalar gətirdi. Bu xəzinə İlham Əliyev fenomeni, İlham Əliyev müdrikliyi, İlham Əliyev siyasi təfəkkürüdür. Bu gün bəşəriyyətin Heydər Əliyev Məktəbini xəzinə olaraq öyrənməyə və praktiki baxımdan tətbiq etməyə çox böyük ehtiyacı vardır.

"ikisahil.az"