24.06.2021, 10:15 - Baxış sayı: 522

“Bir millət, iki dövlət” konsepsiyasının reallaşması mərhələləri (tarix və müasirlik)


Əlikram Tağıyev
AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun “Məntiq” şöbəsinin
Müdiri, fəlsəfə elmləri doktoru, professor


İkinci Qarabağ savaşında çaldığımız qələbə Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən “bir millət, iki dövlət” konsepsiyasının əldə rəhbər tutulması nəticəsində bir reallığa çevrildi. Türk tarixində türklərin birləşib yadellilərə qarşı mübarizə aparmaları anları olmuşdur. “Məgər Türk Sulatnı II Mehmet Papa Piyə yazmırdımı ki, İtalyanların birləşib bizə qarşı çıxmaları məndə təcüüb doğurur. Məgər biz də eynilə sizin kimi Troyalılarnan eyni bir kökdən deyilikmi? Məgər bizimdə məqsədimiz Sizin kimi yunanlardan Hektorun qanını almaq deyildimi?” (Mişel Monten ) Sultan II Mehmet Troyanı türk şəhəri hesab edirdi və ona görə də türk təssübkeşliyi onu məcbur edirdi ki, İtalyaya qoşun çıxarıb oranı fəth etsin, amma həm satqınlıq, həm də dənizdəki hava şəraiti buna mane oldu. Sultan isə bu münasibətlə Papanı başa saldı ki, o, gələcəkdə öz niyyətini həyata keçimək əzmindədir. Məsələ belə olmuşdur: Troya şəhərinin şahzadəsi Paris Yunanısatnda olanda Yunan gözəli Yelenaya vurulur və onu öz şəhərinə gətirir. Bundan əsəbləşən yunan hökmdarı Agamenon Troya üzərinə hücuma keçir. Vuruşmada yunan sərkərdəsi Axilles Parisin qardaşı Hektoru öldürür, amma onun atası Priamın ¬¬¬xahişilə meyidi atasına verir. Amma Troya şəhərini hiylə ilə alıb yandırırlar. Sultan da məhz yunanların bu hərəkətlərindən narazı qalmışdı. Bütün bunlar Honerin “İlliada”sında verilmişdir. Türklər isə bunu mif deyil, həqiqi bir tarix kimi qəbul etmiş və ona görə də yunanlardan intiqam almağı qərara almışlar. Bu hadisə türk təssübkeşliyinin canlı nümunəsidir. Türklərin Azərbaycanı 1918-ci ildə və indi işğalçılardan xilas etmək uğrunda olan fəaliyyətləri bir daha bu təssübkeşliyinin həqiqiliyini sübut etdi. Homer isə “İlliada” da bütün dünya xalqlarının bu mifdə nəyisə axtardıqlarını, hətta öz köklərinin də bu miflərdə olduğu qənaətinə gəlir və bu münasibətlə II Mehmetin Piyə yazmış olduğu məktubu misal gətirir. Bu məktubun konkret olaraq II Qarabağ müharibəsilə əlaqəsi olmasa da bizim türk tarixinin dərinliklərinə baş vurub orada türk təssübkeşliyinə aid bir nümunə tapmağımızın müəyyən bir siyasi mənası vardır və onu bizim öyrəndiyimiz “bir millət iki dövlət” konsepsiyası ilə bağlamaq olar.
Türkiyənin hərbi, sosial-siyasi və iqtisadi-mədəni inkişafı onun regionda söz sahibi olmasına gətirib çıxarmışdır. Qarabağın azad olunmasında bu amil əhəmiyyətli rol oynadı. Ruslarla birlikdə montiorinqin həyata keçirilməsi, türk-Azərbaycan siyasi-mədəni əlaqələrin genişləndirilməsi bir sıra qüvvələrin Qarabağ problemlərinə qarışmaq istəyinə mane oldu. Əksinə, türklərin bu işdə bizə köməklik göstərmələri bir sıra islam ölkələrinin ürəyincə olmuş və onlar da öz köməkliklərini təklif etmişlər. Öz torpaqlarını düşməndən azad edən Azərbaycan əslində üstündən biabırçı məğlubiyyət yükünü atmış, nəhayət üzü ağ və alnı açıq gəzmək hüququnu özünə qaytarmışdır.
Amma bu müharibə dövründə baş verən olaylar tamamilə yeni bir iqlim yaratmışdır. Burada yalnız hərb amili deyil, başqa sosial siyasi, mədəni-idealoji amillər də mühüm rol oynadı. Əgər birinci Qarabağ savaşında yuxarıda dediyimiz amillər düşmənin xeyrinə işləyirdisə, sonralar onlar tədricən dəyişməyə başladı və sonda Azərbaycan tərəfi üstünlüyə nail oldu. Buda hər iki türk dövlətinin və onların siyasi liderlərinin bir nöqtəyə vurmaları nəticəsində bir reallığa çevrildi. Bu amillər içində informasiya amilidə mühüm rol oynayırdı və onu da Azərbaycan öz xeyrinə yönəltməyə nail oldu. Burada Azərbaycan ideyası qalib gəldi. O, türkçülüklə culğaşdı. Bu proses göstərdi ki, “Bir millət, iki dövlət” konsepsiyası özünü tamamilə doğrultmuşdur və hətta qarşısı alınmaz bir inkişafın axarına düşmüşdür. Əleyhidarlarımız hər vəchlə bu birliyin qarşısını almağa cəhd göstərdilər, qorxdular ki, bu ideya “tək bir millət, tək bir dövlət” anlamına doğru olan yoldadır. Buradan da “türk milləti bölünməz bir bütövdür” şüarı meydana gələ bilər. Bunların nəticəsində üfüqdə türk münəvvərlərinin dedikləri turançılıq ideyaları görünməyə başlayar. Bu da regionun ab havasına təmamilə yeni bir reallıq gətirə bilər.
Anadolu türkləri köçəri türkmənlərin kayı tayfasından və ona qoşulan qohum tayfalardan təşəkkül tapıb bir xalq halına düşmüşdür. Bu prosesdə onlarla qaynayıb qarışan qıpçaqların və Balkan türklərinin bir qismi, türkləşmiş yunan və slavyan elementləri, macarlar, avropalıların bir hissəsi, məsələn İtalyada troyalılar (yaxud trukkilər –Ə.T.), Türkiyədə çerkez kimi tanınan Şimali Qafqazlılar və b. müasir türk millətinin formalaşmasında iştirak etmişlər. Amma etnoqenezin əsasını Anadolu türkləri təşkil edirdi, daha aydın desək etno-sosial orqanizm (ESO) türk etnosundan ibarət idi. Azərbaycandakı türk etnosunun tarixi də müxtəlif və maraqlı idi. Burada tarixən yaşamış türk tayfaları oraya gələn xəzərilər, səlcuqlar, monqollar, müxtəlif türkmən tayfaları (qaraqoyunlu, ağqoyunlu, əfşar, qacar, səfəvilər) ilə culğaraşıb müxtəlif dövlət birlikləri yaratmış və bütün hallarla da burada da ESO-nun əsasını Azərbaycan-türk etnosu təşkil etmişdir.
Azərbaycan xalqı da bu əsasda formalaşmış və millət halına gəlmişdir. Deməli, “bir millət, iki dövlət” konsepsiyasının əsasını da məhz bu ideya və gerçəklik təşkil edir. Sonrakı illərdə həm Anadoluda, həm də Azərbaycanda yaşayan türk etnosları milli mənlik şüarına malik olmuş və eyni bir millətin iki qolu olduğunu dərk etmışlər. Hərçənd ki, onlar arasında təfriqə salanlar da olmuş və çox təssüf ki, onlar bəzən müəyyən uğurlar da qazanmışlar. Lakin xoşbextlikdən bu heç də daimi olmamış və türk milləti inkişaf edərək müasir şəklə düşmüşdür. Hər iksinin kökündə oğuz qıpçaq kimliyi dayanır və bədii irsi Dədə Qorqudda birləşib bütövləşir.
İkinci Qarabağ savaşında qazandığımız qələbə həmdə və əsasən Azərbaycançılığın təcəssümüdür. Bu savaşda iştirak edən gənc əsgərlər respublikanın bütün guşələrindən gələn könüllülər idilər. Onlar heç bir dini və milli fərqlərə baxmadan vahid və bütöv bir ölkənin ümumi maraq və mənafelərini qorumaq üçün gəlmişdilər və istədiklərinədə nail oldular, qələbədən sonra fəxr və qürurla evlərinə qayıdanlar da oldu, Şəhidlik zirvəsinə qalxanlarda. Onların hamısını “təki Azərbaycan yaşasın!” şüarı birləşdirdi. Bu müharibədə bütün millət və xalqlar bir yumruq kimi birləşdilər, çünki onlar dərk edirdilər ki, bizim xilasımız ancaq birliyimizdədir. Ona görə də onlar əlbir hərəkət edib düşməni əzdilər, onları Qarabağdan iti qovan kimi qovdular, torpaqlar azad oldu. Azərbaycançılığın mahiyyəti də elə məhz bundan ibarətdir, daha doğrusu Azərbaycançılığın mahiyyəti onun multikulturalizmindədir. Müxtəlif soylar və onların mədəniyyəti eyni bir ideya uğrunda birləşib bütövləşirlər.
Ermənilər isə özlərini multikulturalizmin düşməni kimi göstərdilər. Öz ölkələrində olan qeyri erməniləri ölkədən qovdular, rus mədəni və təhsil müəssisələrini belə bağladılar. Onlardan fərqli olaraq Azərbaycanda rus dilində təhsil və mədəniyyət sahəsində mövcud olan bütün mərkəzlər indi də fəaliyyət göstərirlər. Respublika əhalisinin müəyyən bir qismini ruslar təşkil edirlər. Azərbaycanda rus dilli əhali, hətta 30 mindən çox erməni yaşayır və onlar Respublikada mövcud olan bütün vətəndaş hüquqlarından istifadə edirlər. Halbuki Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Onlar öldürülmüş və yaxud ölkədən qovulmuşlar.
Məlumdur ki, hər bir millətdə az və ya çox dərəcədə millətçilik elementləri olur. Onun birincisinə mütərəqqi millətçilik, ikincisinə isə şovinizm deyilir. Birincisi vətənpərvərlikdən yaranıb formalaşmış amillərdir və onları millətin həyatından ayırmaq olmaz. Birincilər zülmə, istismara və müstəmləkəçiliyə qarşı yönətdilmişdir- türkçülük kimi. İkincisi isə hakim millətin şovinizmidir ki, onlar özlərindən başqa millətlərin əzilməsinə haqq qazandırmaq üçün yaradılmışdır – erməni şovinizmi kimi.
Türklərin özləri kimi ideyaları da həmişə təqib olunmuşdur. İstər Çar Rusiyasında, Sovetlər dönəmində, İranda, Çində və s. ölkələrdə indi işlətdiyimiz şüarlardan istifadə etmək qeyri mümkün idi. Amma indi bizim regionda bu şüarın işləməsi üçün real imkanlar açılmışdır. Yaxşı ki, türklərdə qisasçılıq və yaxud revanşizm hissləri yox dərəcəsindədir və ona görə də onları vaxtilə repressiyaya məruz qoyanlardan intiqam almaq fikrində deyillər. Daha doğrusu vaxtilə “mən türkəm” deməyin özü bir qəhrəmanlıq tələb edirdi. İnsanları məhz bu milli xüsusiyyətlərinə görə təqib edirdilər. Yəni Türklərin türk olmalarını sübut eləməyin özü bir problem idi, onda da qalmış “bir millət iki dövlət” şüarını irəli sürəsən.
Türklər istər Türkiyədə, istərsə də Azərbaycanda elə həmən türklərdir ki var. Farsların bir misalı var: “mən həmən xakəm ki həstəm” (yəni “mən elə həmin torpağam ki varam”) Türklərin tarixi Azərbaycanda daha qədimdir. Çünki türklərin bir qismi Şərqi Asiyadan əvvəlcə Azərbaycana gəlmiş, burada min illərlə müxtəlif dövlətlər qurmuş, şəhərlər salmış, maddi və mənəvi mədəniyyət yaratmış, buradan isə Anadoluya köçmüşlər. Əvvəlcə Konyada Səlcuq türk dövlətini, 1299-ci ildən isə başlayaraq Osmanlı türk dövlətini yaratmışlar. Türklərin dili də əvvəlcə Azərbaycanda ədəbi dil halına düşmüş, sonra isə Anadoluya keçmişdir. Məsələn Həsənoğlu, Qasi Bürhavəddin, Xətai, Nəsimi, Fizuli və b. Sonrakı tarixi inkişaf prosesində xeyli dəyişmələr baş vermişdir: istər dildə, adət-ənənələrdə və dində. Azərbaycanda şiəlik, Türkiyədə isə sünnilik hakim dini görüşə çevrilmişdir. Strategiya və istiqamət eyni olmuşdur: türklük. Amma onun yerinə yetirilməsi taktikası fərqlidir, hər ölkənin öz maraqlarının yerinə yetirilməsi mənasında. Necə deyərlər əvvəl evin içi, sonra isə çölü. İndi turancılığı iqtisadi maraqlar önləyir. Türkçülük ideyaları tarixən ən çoxu mədəni-mənəvi sahələrdə özünü göstərirdi və bu da sosial-siyasi sahələrə sirayət edirdi. İndi laqistika, iş birliyi, biznes sahələrində önə çıxmaq vacibdir. Türk dövlətlərinin potensialı böyükdür, onlardan düzgün istifadə edilsə bu biz türkləri dünyanın ən güclü iqtisadi rayonuna çevirə bilər. Bunun üçün sülh və əminamanlığın təmin olunması ən vacib şərtlərdəndir.
Orta əsrlərin qanlı-qadalı illəri, mənəm-mənəmlik, imperiyaların yaranması və genişlənməsi, siyasi liderlərin iddiaları və s. kimi olaylar öz tarixi izlərini və mən hətta deyərdim ki, ləkələrini də biz türklərdən əsirgəməmişdir. Gah İran gah daTuran önə çıxmış, Firdovsi kimi İrançı təssübkeşlərdə bu müharibələri daha da qızışdırmış və nəticədə onların azman hakimləri bir-birinə düşmən kəsilmişdir. Məsələn, Əmir Teymur Toxtamışı əzməklə Rusiyanı və Şərqi Avropanı sərbəst buraxmış, Sultan İldırım Bəyazidi əsir tutmaqla Bizansa və Qərbi Avropaya düz 50 illik bir müddətdə rahat yaşamağa imkan vermişdi. Almanların İrandakı ovatk səfirideyərdi ki, “bizimlə ölüm arasında İran dayanmışdır”. İranın Osmanlı dövlətinə etdiyi ardıcıl hücumlar Osmanlıları vadar edirdi ki, öz qüvvələrini Avropadan geri çağırıb İrana qarşı yönəltsinlər. Bu mənasız qarşıdurmalar hər iki ölkəyə və onların xalqlarına çox baha başa gəlirdi. Bu ideologiyaya da təsir göstərirdi və nəticədə ölkələrin və xalqların yolları ayrılırdı. Nadir şah ideologiyada olan bu boşluqları doldurmağa çalışır və “Allaha şükür edin ki, mənim soyumdansınız, yoxsa gəlib İstanbulu başınıza uçurardım” deyərdi. Nadir Şah Cəfəriliyi hər iki ölkə üçün məqbul sayırdı, amma Türkiyənin din xadimləri onu qəbul etmədilər, Nadir Şah öldürüləndən sonra isə (1747) şiəlik yenidən dirçəldildi və Şah Qacarın vaxtında və sonaralar da elə dəyişməz olaraq qaldı.
İstər Türkiyə türkləri, istərsə də Azərbaycan türkləri həm birlikdə, həm də ayrı-ayrılıqda böyük-böyük imperiyalar, dövlətlər, xanlıqlar, bəyliklər və s yaratmışlar. Qaraqoyunlu-Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərinə azərbaycanlılar, osmanlı Sultanlarının yaratdıqları imperiyalara isə Anadolu türkləri imza atmışlar. Ümumən türklər Çingiz xandan, Teymurdan, Səlcuq Sultanı Toğruldan, Şeybani Xandan, Moğol Baburdan üzü bəri 16 imperatorluq yaratmışlar. Şarl Möntöskyö düzgün olaraq yazırdı ki, bu xalqı allah sanki hökmranlıq üçün yaratmışdır. Monqolların saray dili uyğur dili olduğundan onlar Azərbaycana gələndə öz dillərilə eynilik təşkil edən türk dilinə rast gəldilər və ona görə də onun inkişafı üçün hər cür şərait yaratdılar. Heç də təsadüfü deyildir ki, Azərbaycan ədəbi dilinin yaranması məhz monqol işğalı illərinə təsadüf edir.
“Bir millət, bir neçə dövlət” və yaxud “Bir dövlət, bir neçə millət” (xalq, tayfa və s) hələ o vaxtlar da mövcud idi. Sadəcə olaraq bu tarixi prosesləri tədqiq edib öyrənmək və təbliğ etmək ənənəsi yox idi. Bunu həyata keçirəcək siyasətçilər və alimlər də yox idilər. İndiki mövcud reallıqlar o illərin məntiqi davamından ibarətdir. Yəni o vaxt da türklər var idi və onların müxtəlif dövlətləri də var idi. İndi də mövcud türk ölkələrində türk millətləri yaşayır və onların birləşib bir dövlətdə yaşamaları da mümkündür. Lakin indi belə bir birliklərin yaranması o xalqlardan və ölkələrdən daha çox mövcud qeosiyasi durumdan, beynəlxalq şəraitdən, qonşuların münasibətindən və s. amillərdən çox asılıdır.
XX əsrin əvvəllərində panislamizm, osmanizm və pantürkizm ideyalarının tuğyan etdiyi dövr idi. Onların içində pantürkizm daha perspektivli idi və özünü doğrultdu. Türkçülər “ Türk vətəni bir bölünməz bütündür!” şüuru ilə çıxış edirdilər. Doğurdan da Türkiyə türkləri bizi iki dəfə ermənilərdən qorudu, biz də onları Çanaqqala döyüşündə və milli azadlıq hərəkatında. Yəni türklər artıq siyasi bir millət səviyyəsinə çatmış və siyasi milli şüura sahib olmuşlar.Türkçülük və turançılıq ideyalarının bir qolu olan azərbaycançılıq nəşət tapdı. Bu, ən çoxu Azərbaycanın dövlət müstəqilliyi və onda yaşayan xalqların vahid birliyi məsələsilə bağlı olan bir məsələdir. O da türkçülükdür, amma bizim ölçülərlə. Bu heç də türkçülüyə qarşı deyil, əksinə onun yeni variantıdır, amma açığını deyək ki, tam turançılıq da deyil. Bizə turançılıq özümüzü tanımaq, türk xalqları ilə əməkdaşlığı genişləndirmək üçün lazımdır. Necə deyərlər bu milli mənəvi turançılıqdır. Özbəklər Əmir Teymurun türkçülük ideyalarını bir qalxana çevirmişlər. Həqiqətən də Əmir Teymur böyük türkçü idi. Halbuki Əmir Teymur özbək deyildi, monqol kökənli idi və Çingizxana qohumluğu çatırdı, ona görə də Kürgan (Kürəkən) adlanırdı. Özbək xanlığı Orta Asiyada Şeybanilər dövründə parladı. Teymur isə Çingizə olan böyük hörmətinə görə heç vaxt “xan” adını qəbul etməmiş, adına “Əmir” sözünü əlavə etmişdi. Özünü “türk”, “böyük türk” adlandıran əmir Teymur türklüyn şərəf və ləyaqətini hər şeydən uca tutmuşlar. Əmir Teymur Tusdan keçəndə böyük Firdovsinin qəbrini ziyarət etmiş, amma ona məzəmmətlə, “Qoca, dur bu daim məğlub gördüyün türkü də gör” demişdi. “Axı biz dünya millətlərinin alisi, Türküstanın sahibiyik” Əmir Teymurun ideyalarını heç indinin özündə də köhnəlmiş saymaq olmaz. Orta əsrlərin türkçü siyaaət və elm xadimlərinin əsərləri indi də qiymətlidir. Nizaminin, Nəvainin, Xəqaninin, Biruninin, İbn Sinanın əsərlərində türklərə məhəbbət motivləri geniş yer almışdır. Bu dövrün hökmdarları bir-birlərinə həm tükcə, həm də farsca məktublar yazardılar. Səfəvilərin sarayında işlər türkcə gedirdi. Bir sıra türk hakim saraylarında işlər farsca getsə də, orduda və xalq içində danışıq dili tük dili idi, türk dilində zəngin ədəbiyyat yaranırdı.
İndi də dünyanın böyük bir hissəsində türk xalqları yaşayır. Türkiyədən tutmuş uzaq Uygurustana qədər bu aralıqda yaşayan Azərbaycan, Qazaxıstan və ümumi Türküstan ölkələrində hər birinin özünə uyğun milli mənafeləri var və onlar bu maraqları romantik turan ideyasına qurban verməyə meyilli deyillər. Hərçənd ki, belə bir zəhmli birliyin yaranması onun qonşuları tərəfindən heç də yaxşı qarşılanmaz. Bunun əvəzində qarşılıqlı istifadə, əməkdaşlıq, hərbi siyasi yaxınlaşma, mədəni mübadilə daha çox fayda vermiş olar. Belə ki, bir millət bir neçə dövlətə bölünür ki, onların da hər biri “bir millət, iki dövlət” şüarını irəli sürə bilər, onun işığında yaşaya bilər.
Turan anlamına gələn regionda yaşayan bəzi xalqlar, məsələn, qazaxlar Avraziya komsepsiyasına meyillənirlər. Çünki bu coğrafi əraziləri məskunlaşdıran rusların və türk xalqlarının dil və mədəniyyətlərində xeyli oxşar cəhətlər yaranmışdır və Avraziya adlı yeni bir imperiya Çin, ABŞ, Avropa kimi güc mərkəzlərilə rəqabətə girə biləcək yeni bir güc mərkəzinin meydana gəlməsilə nəticələnə bilər. Rus-türk ittifaqı bir sıra məsələlərə də aydınlıq gətirər. Bu ittifaq erməni iddialarına da birdəfəlik son qoya bilər. Türklərin həm öz aralarında, həm də qonşuları arasında olan qarşılıqlı əlaqələrin möhkəmlənməsi bütövlükdə region üçün çox sərfəlidir və hətta ermənilər də bundan bəhrələnə bilərlər. Rusiyanın həm daxilində, həm də xaricində yaşayan türk xalqlarının sayı, əraziləri, iqtisadi-siyasi və hərbi gücü Rusiyanı vadar edəcək ki, türk faktorunu nəzərə alsın və onlarla ittifaqa meyl etsin. “Avrasiya” konsepsiyası 1866-ci ildə Nikolay Danilevskitərəfindən (onun “Rusiya və Avropa” əsərilə) indi bizim başa düşdüyümzdən bir qədər fərqli şəkildə irəli sürülmüşdür, yəni Rusiya əlahiddə bir mədəniyyət daşıyıcısı kimi həm Qərbi, həm də Şərqi özündə birləşdirir. Bu ideya sonralar bir qədər deformasiyaya məruz qaldı və özünə Rusiyadan əlavə türkləri də əlavə etdi, yəni Avrasiya rusların və türklərin birlikdə yaratdıqları sivilizasiya dünyasıdır. Bu ideyanın reallaşa biləcəyindən əndişələnən qonşularımız, xüsusən də ermənilər ona qarşı çıxır, ruslarla türklərin hər hansı bir iş birliyinə mane olmağa çalışırlar. Amma bu millətlərin maraq və mənafeləri birliyə kökənmişdir. Onu da deyim ki, XXI əsrdə bu ideya Qazaxıstan prezidenti Nur Sultan Nazabayev tərəfindən daha çox dəstək almışdı və post Sovet məkanında yaşayan rus türk xalqları üçün cəlbedici görünə bilər.
Yuxarıda yazılanlara yekun vuraraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” konsepsiyası real gerçəkliyə əsaslanır və gələcəkdə “bir millət, bir dövlət” anlamına doğru inkişaf edə bilər. Şübhəsiz bunu birdən birə deyil, tədricən həyata keçirmək olar və bu, gələcəkdə yarana biləcək rus türk ittifaqına doğru apara bilər. Belə bir ittifaqı türklər İran üçün də təklif edə bilər. Beləliklə regionda stabillik və tərəqqi əldə oluna bilər ki, bu da bölgə xalqlarının maraq və mənafelərinə tam cavab verə bilər.


Ədəbiyyat
İ.Məmmədzadə. Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar, Təmayüllər, Perspektivlər. “Elm və təhsil”, Bakı-2019
F.Qurbanov, E.Mədətli “Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlil”. “Elm və təhsil” Bakı – 2020
Ə.Tağıyev. İnsan və millət fəlsəfəsi (ideyalar və reallıqlar) “Avropa”, Bakı – 2017
F.Ələkbərli. Azərbaycan türk fəlsəfəsi və ictimai fikir tarixi
(XIX-XX əsrlər) I Hissə, “Elm və təhsil” Bakı-2018;
F.Ələkbərli göstərilən əsərin II Hissəsi, 2020
Azərbaycan tarixi (kollektiv – red. M.Abdullayev) dərslik, Bakı Universiteti nəşriyyatı – 2015
Ə.Tağıyev. Fəlsəfi məntiqi problemlər. Azərbaycan milli gerçəkliyi kontekstində, (tarix və müasirlik) Bakı – Admin, 2020
Ə.Nicat. Dünya filasofları. Bakı – 1995
Z.Göyalp. Türkçülüyün əsasları, Bakı, Azərnəşr, 1991
Azərbaycan ədəbiyyatı tarixi üç cilddə, II cild XIX əsrin əvvəllərindən 1917-ci ilə qədər. AZ.SSR EA nəşriyyatı, Bakı – 1960
Paul Aron. Tarixin böyük sirləri, ADİMU, Bakı, 2013