02.07.2021, 11:19 - Baxış sayı: 692

SÜNİ İNTELLEKT TƏFƏKKÜRÜN KİBERNETİK MODELİ KİMİ


Adil Əsədov,
fəlsəfə elmləri doktoru, professor

Mənim mövzum “Süni intellekt təfəkkürün kibernetik modeli kimi” adlandırıldığından mən ilk növbədə iki anlayışa aydınlıq gətirmək istərdim. Bu anlayışlardan biri model anlayışı, ikincisi isə kibernetik model anlayışıdır.
Model nədir?
Bu anlayışın ən əyani və bəlkə də ən paqlaq nümunəsini biz podiumda nümayiş etdirilən modellərdə görürük. Onlar nə üçün model adlandırılır? O səbəbdən ki, bu modellər – gözəllik kanonu adlandırılan riyazi sxemin insani kopiyalarıdır. Burada həmin riyazi sxem orijinal statusunda, podiumda nümayiş etdirilən modellər isə kopiya statusunda çıxış edirlər.
Deməli ki, model hər hansı bir orijinalın bu və ya digər formada kopiyasıdır.
Əgər yuxarıda verdiyimiz nümunədə riyazi sxem orijinal olaraq çıxış edirsə, riyazi sxem eyni zamanda kopiya da ola bilər. Bunun ən möhtəşəm nümunəsi olaraq göstərilə bilər ki, fizika – bütövlükdə təbiətin riyazi modelidir.
Belə olduğu təqdirdə, bəs kibernetik model nədir. Kibernetik model – orijinalın o kopiyasıdır ki, o, orijinalın funksiyasını kopiya edir, yəni nə strukturunu, nə başqa bir atributunu deyil, məhz funksiyasını.
Ən əyani bir nümunəni göstərim. Bizin hər bir iş günü daxilindən keçdiyimiz turniket keşikçinin kibernetik modelidir. Öz strukturununa, tərkibinə, formasına görə turniket keşikçiyə heç nədə bənzəmir. Amma yerinə yerirdiyi funksiyaya görə, turniket keşikçinin eynidir, keşikçi ilə eyni funksiyanı yerinə yetirir.
İnsanın ixtira etdiyi bütün nəqliyyat vasitələri, insanın təbii nəqliyyat vasitəsinin, yəni ayaqlarının kibernetik modelidir. İnsanın ixtira etdiyi bütün nəqliyyat vasitələri insanın ayaqlarına heç də bənzəmir, amma insanın ayaqları ilə eyni fukksiyanı yerinə yetirir, yəni insanın bir məkandan başqa məkana yerdəyişməsini şərtləndirir.
Eləcə də kompyuter. Kompyuter – insan beyninin kibernetik modelidir. Öz strukturununa görə insan beyninə qətiyyən bənzəmir. Amma insan beyninin funksiyasını kopiya edir, insan beyninin gördüyü işi görür.
İnsan təfəkkürünə xas olan xüsusiyyətlərin elektron-hesablama maşınlarında imitasiya oluna bilməsi, insan beyninin fəaliyyəti ilə komputerdə informasiyanın emalı arasında analogiyanın mövcudluğu faktı kibernetikanı təfəkkürün tədqiqat subyektinə, - təfəkkürün özünü isə onun obyektinə çevirir. Təfəkkürün kibernetik modelləşdirilməsi, yəni təfəkkür adlanan varlığın yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilən texniki qurğuların yaradılması onun diqqət mərkəzində dayanır. İnsan təfəkkürünə xas olan xüsusiyyətlərin texniki imitasiyasının mümkünlüyü süni intelektlə praktik məna verir.
Süni intelekt təbii intelektin yerinə yetirdiyi bir çox işləri yerinə yetirə bilir, hesablama aparır, mətni redakrə edir, tərcümə edir, səsləri, gürüntüləri yadda saxlayır, lazım gəldikdə, bu səslər, gürüntülər üzərində dəyişikliklər edir, 3d formatlı printerlər meydana gəldikdən sonra hətta ev də tikə bilir.
Lakin süni intelekt təbii intelektin yerinə yetirdiyi iki funksiyanı yerinə yetirə bilmir. Təbii intelektdən fərqli olaraq süni intelekt fəaliyyət üçün yeni bir məqsəd irəli sürə bilir və həmçinin də insan tərəfindən irəli sürülən məqsədi özünün yaratdığı hansısa bir üsulla həyata keçirə bilmir.
Süni intelekt yalnız təbii intelekt tərəfindən irəli sürülən məqsədləri təbii intelekt tərəfindən müəyyənləşdirilən qaydalar zəminində, yəni konkret proqram əsasında yerinə yetirə bilir.
Sonda süni intelektin bizim bilavasitə fəaliyyətimizdə, yəni elmi fəaliyyətdə təbii intelektdən necə fərqləndiyini diqqətə çardıqmaq istərdim. Bu fərq alim və tədqiqatçı arsaındakı fərqdən qaynaqanır.
Belə ki, alimin elmi fəaliyyət vasitələri təbiidir, təbiətin özü tərəfindən yaradılmışdır, tədqiqatçının elmi fəaliyyət vasitələri isə sünidir, cəmiyyət tərəfindən yaradılmışdır.
Elmi fəaliyyətin heç bir süni vasitəsi, heç bir metodologiya, heç bir kompüter, heç bir internet alimin işini görə bilməz. Elmin bü¬tün bu süni vasitələri tədqiqatçının işini isə görür və son dərəcə asanlaşdırır. Kompüter istifadəçisi üçün bircə search və ya поиск düyməsini basmaq kifayətdir ki, onu maraqlandıran informasiyanı kompüter onun hüzuruna çıxarsın.
Süni intellekt yalnız alim intellektinin işini görə bilmir, yəni yeni bir fikir yarada bilmir, tədqiqatçının, elmi fikri kənar dünyadan əxs edənin, elm axtarıcsının intellektual aktivliyini isə son dərəcə uğurla imitasiya edir.
Heç də təsadüfi deyildir ki, ən ilkin və ən məşhur veb brauzer Internet explorer, yəni Beynəlxalq Şəbəkənin tədqiqatçısı adlanır.
Süni intellekt yalnız sosial xarakter daşıyan və şüur faktına çevrilən təfəkkürü imitasiya edə bilir. Nə təhtəlşüur, nə də şüurdan kənar səviyyədə baş verən təfəkkür prosesi heç bir kompüterə, heç bir internet səhifəsinə keçirilə bilmir. Alimin isə təfəkkür fəaliyyəti, başlıca olaraq, təhtəlşüurda baş verir.
Kompüter, ən azı, elə bu səbəbdən də, alimin gördüyü işi heç zaman yerinə yetirə bilmir.
Lakin bu o demək deyildir ki, intellektual fəaliyyətin süni subyekti olan kompüter substatında fəaliyyət göstərən tədqiqatçı canlı insan substatında fəaliyyət göstərən tədqiqatçını sığışdırıb sıradan çıxaracaqdır. Hər iki növdən olan tədqiqatçı alimin elmi fəaliyyəti üçün əhəmiyyətlidir. Tədqiqatçının elmi fəaliyyəti üçün alimin elmi fəaliyyəti nə qərəcədə mühümdürsə, alimin də elmi fəaliyyəti üçün tədqiqatçı fəaliyyəti bəlkə də elə həmin qərəcədə mühümdür, həm canlı insan substatında fəaliyyət göstərən tədqiqatçının, həm də intellektual fəaliyyətin süni subyekti olan kompüter substatında fəaliyyət göstərən tədqiqatçının.
Alim, təzə bilikləri bilavasitə yaradan kəs olmaqla, insani idrakın bilavasitə subyektidir. İdrak, tədrisdən fərqli olaraq, sırf alim fəaliyyəti sferasıdır. Əgər tədris prosesində insan hazır, bəşəriyyət tərəfindən artıq yaradılmış bilikləri mənimsəyirsə, idrak prosesində o bu vaxta qədər mövcud olmayan bilikləri yaradır. İdrak – mövcudluğu bu vaxta qədər məlum olmayan bir varlığın aşkara çıxarılması, kəşfi ilə bağlıdır.
Alim elmi fikirləri yaradır, tədqiqatçı isə onları yaşadır və nümayiş etdirir.
Lakin, elmi fikir, sadəcə olaraq yaşadılmaq və nümayiş etdirilmək üçün deyil, gerçəkləşdirilmək üçün yaradılır. Gerçəkləşdirilməyən bilik, müəyyən mənada, naqisdir, əgərbelə demək mümkündürsə, eybəcərdir.
Bir daha vurğulayıram ki, heç bir kompüter, heç bir internet alimin işini görə bilməz. Bu, əlbəttə ki, heç də elmdə və idrakda kompüterin əhəmiyyətini inkar edilməsi demək deyildir.
Burada söhbət yslnız insani zəka ilə müqayisədə kompüterin imkanlarının sərhədlərindən gedir. İnsan təfəkkürünün yerinə yetirə biləcəyi funksiyaları yerinə yetirə bilən maşınların yaradılması isə bütövlükdə son dərəcə mühümdür və təfəkkürün kibernetik modelləşdirilməsi kimi səciyyələndirilə bilər. «Kompüterin ixtirası yalnız iki kəşflə – odun və buxar maşınının ixtirası ilə bir sıraya qoyula bilər. Bunların hər üçü bəşəri məhvolmadan xilas etmişlər», - deyərkən Moiseyev tamamilə doğru idi. İnsan tərəfindən yaradılmış bir sıra maşınlar insan beyninin yerinə yetirdiyi funksiyaları, doğrudan da, son dərəcə uğurla yerinə yetirə bilir. Bəs, süni intellekt nəyə qabildir və nəyə qabil deyildir? İndi ümumən məlumdur ki, süni intellekt təbii intellektin yerinə yetirdiyi bir sıra işləri hətta təbii intellektin özündən də daha yaxşı, daha keyfiyyətlə və daha sürətlə yerinə yetirir: müəyyən riyazi hesablamaları apara bilir, müəyyən məsələləri həll edə bilir, müəyyən informasiyanı yadda saxlaya bilir, emal edə bilir, «şəkil çəkə» bilir, «musiqi bəstələyə» bilir, tərcümə edə bilir, redaktə edə bilir. Lakin, süni intellekt öncə də vurğulandığı kimi təbii intellektin gördüyü ən azı iki işi bacarmır. Bu əməliyyatlar problemin qoyuluşu və problemin yeni həllinin verilməsidir. Süni intellekt, birincisi, öz təşəbbüsü ilə yeni bir problem qoya bilmir və qoymur. İkincisi, süni intellekt insan tərəfindən qoyulmuş problemin heç bir yeni həllini verə bilmir. Tədqiqatçı da, təxminən, elə bu cürdür. Başqa cür deyilsə, o məsələlərin ki həlli məntiqi təfəkkürün imkanları xaricindəndir, onları nə süni intellekt, nə də tədqiqatçı həll edə bilmir. Süni intellekt, elə tədqiqatçı təfəkkürü də, əgər belə demək mümkündürsə, məntiqi xarakterlidir. İntuitiv təfəkkürün görə biləcəyi işlər kompüterin imkanları xaricindədir. Elmi fikrin yaradılma prosesi isə qeyri-məntiqi və fərdi olmaqla intuitiv xarakter daşıdığı üçün yalnız təbii intellektin daxilində baş verir. Süni intellekt yalnız insan tərəfindən qoyulmuş problemin yalnız insan tərəfindən yaradılmış üsulla, insan tərəfindən yaradılmış metodologiya ilə həllinə nail olur. Proqram təminatı olmadan kompüter heç nədir. Əgər məntiqin elmi fəaliyyət sferasına gətirilməsi elmi metodologiyanın yaradılmasıdırsa, məntiqin kibernetik fəaliyyət sferasına gətirilməsi proqramlaşdırmadır. Kompüter və internet elmi fəaliyyətlə məşğul olan bir çox insanın işini onlardan daha yaxşı görə bildiyi üçün onları sıxışdırıb aradan çıxarmaqdadır. Alimin irəli sürdüyü, lakin, gerçəkləşdirmədiyi fikir və ideyaların öz icraçısını tapana qədər qorunub saxlanılma funksiyasını bioqrafla, elm tarixçisi ilə, tədqiqatçı ilə, maarifçi ilə və müəllimlə birgə həm də internet yerinə yetirir. Süni intellektin bu işi də elmi fəaliyyətdə tədqiqatçının gördüyü işə bənzəyir və o, tədqiqatçı işini son dərəcə uğurla yerinə yetirir. Elmi metodologiya əsasında fəaliyyət göstərən tədqiqatçı əslində proqram əsasında fəaliyyət göstərən kompüterə bənzəyir. Lakin, elmdə kompüter də, süni intellekt də, internet də son dərəcə gərəklidir, elə tədqiqatçı gərəkli olduğu kimi. Alim elmi idrakın, tədqiqatçı və internet isə elmi hafizənin daşıyıcısıdır.