02.07.2021, 11:23 - Baxış sayı: 1043

Lütfi Zadənin qeyri-səlis çoxluqlar və linqvistik dəyişənlər nəzəriyyəsi


Afaq RÜSTƏMOVA
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya
cəmiyyətinin fəlsəfəsi və sosiologiyası”
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru


Bu il dünya şöhrətli alim, Kaliforniya Universitetinin (Berkeli) professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur. Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində böyük dəyişikliklərə yol açan görkəmli şəxsiyyətlərdən biridir. Alimin irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müasir mərhələdə müxtəlif elm sahələrinin inkişafında dərin iz buraxdı və yeni yanaşma metodları yaratdı.
Aristotelin məntiqi Avropa mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Lakin bu məntiq sonrakı dövrlərdə təfəkkürə kifayət qədər sirayət edə bilmədi, çünki o müxtəlif situasiyaların, hadisələrin ayrı-ayrı hissələrə (obyektlərə) bölünməsi prosesini ifadə etmək və bu hissələr arasında münasibətləri aydınlaşdırmaq üçün kifayətli deyildi. Aristotelin məntiqinə Hegel tamamilə fərqli münasibət bildirdi. O, öz dialektikasında göstərdi ki, dünyanı müəyyən xüsusiyyətlərə malik obyektlərin cəmi şəklində deyil, bir-birilə qarşılıqlı münasibətdə olan obyektlərin toplusu kimi görmək lazımdır. Təbii ki, bu zaman xüsusiyyətlər inkar olunmur, lakin münasibətlər anlayışı, xüsusiyyətlər anlayışından daha geniş çalar alır.
Aristotelin anlayışında dünya statik xüsusiyyət daşıyır, əksinə dialektika münasibətləri öz predmetinə çevirərək, obyektləri müxtəliflik, hərəkət və inkişafda təqdim edir. Bu, maddi varlığın tarixi şərtiliyini təsdiq edir. Aristotelin təsəvvüründə isə dünya əbədi, şərtsiz mahiyyət daşıyır. Hegelin dialektikası məntiqdə yeni mərhələ sayıla bilər, çünki artıq məntiqi formalizm öz mahiyyətini itirmişdi.
Fundamental nəzəriyyələrilə elm tarixində ciddi dəyişikliklərə yol açan Lutfi Zadə apardığı ardıcıl tədqiqatlar sayəsində dünya elmində yeni bir epoxa yarada bildi. Onun irəli sürdüyü qeyri-səlis məntiq dünya elmində və insanın həyata münasibətdə, fəlsəfi baxışlarında sözün gerçək mənasında inqilab yaratdı. Bu nəzəriyyə insanı dünyanı daha rəngarəng görməyə və qavramağa və beləliklə də dünyadakı gərginliyi azaltmağa, öz həyatını və başqalarının həyatını asanlaşdırmağa yollar göstərir və bunu təşviq edir. Yəni Lutvi Zadənin məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir, çünki onun bütün nəzəriyyələrinin mərkəzində insana yönəliklik durur.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi", "soft kompyutinq" və "sözlə işləyən kompüter nəzəriyyəsi". Bu nəzəriyyələr intellektual texnologiyaların inkişafına güclü təsir göstərmiş, müasir informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, XX yüzillikdə fəlsəfi-psixoloji konsepsiyaların tədqiqində yeni imkanlar yaranmışdı. Son illərin psixologiyasını çoxları, o cümlədən, bəzi filosoflar, cəmiyyətin təhlilində bir vasitə kimi təqdim edirlər. Lakin bir çox alim və mütəfəkkirlər insanlar arasında olan münasibətlərin və bunların formalarının təs¬virində psixologiyaya verilən xüsusi əhəmiyyətə şübhə ilə yanaşırdırlar. Bu haqda Rikkert və Vindelbandın fikirlərini qeyd etmək olar. Onlar hesab edirlər ki, fərdi təsəvvürlərin təsviri subyektiv mahiyyət daşıyır. Bu mənada psixologiya ictimai elmlər üçün metodoloji funksiya rolunu oynaya bilməz.
Belə şəraitdə, linqvistika bir elm sahəsi kimi daha önəmli status qazanmağa başladı. Bu elmi istiqamətin mənsub olduğu dil modellərinin bir sıra üstünlükləri vardır, eləcə də bunlar psixoloji istiqamətə xas olan subyektivizm və irrasionallıqdan kənardırlar. Həmçinin kommunikasiya sxemlərinə əsaslanılaraq izah edilən qarşılıqlı əlaqələr insanların varlıqla bağlı münasibətlərinin təsvirinə müvafiq şərait yaratdıqlarından, müxtəlif münasibətlərin rasional dərkində müəyyən kompromislərin əldə olunmasına və bu situasiyaların özünəməxsus xüsusiyyətlərinin aşkar edilməsinə zəmin yaranır. Bu yanaşma tərzində humanitar mahiyyətin (dil, subyektivlik, fərdilik) qorunub saxlanılması ilə yanaşı, formanın sabitliyi də (dil, dil vahidlərinin, eləcə də оnların funksiyalarının əlaqəsi) pozulmur.
Lütfi Zadə orijinal elmi fikirlər yaradan və yeni elmi istiqamətlər formalaşdıran çox az sayda qabaqcıl alimlərdən biridir. Demək olar ki, onun nəşr etdirdiyi hər bir əsər elm aləmində bir hadisəyə dönürdü. Onun əsas ideyalarından biri də ondan ibarətdir ki, təbii dilə əsaslanan insan təfəkkürü ənənəvi riyazi formalizmlər çərçivəsində təsvir edilə bilməz. Bu mənada alimin irəli sürdüyü qeyri-səlis, dəqiq olmayan sərhədlərə malik çoxluqların tətbiq edilməsi fikri mürəkkəb struktura malik humanist sistemlərin əsaslandırılması və modelləşdirilməsinin təhlili üçün daha çevik yanaşmanın inkişafına zəmin yaratdı. Bu ideyanın meydana gəlməsinə isə rəqəmin dəqiqliyi ilə gerçək dünyanın qeyri-dəqiqliyi arasında mövcud olan boşluğun dərk edilməsi təkan verdi. Lütfi Zadə sübut etdi ki, dəqiq sərhədlərə malik olduğu ehtimal olunan riyaziyyatdan fərqli olaraq, insan hissləri və onun dünya qavrayışı konkret çərçivəyə sığmır. Alimin gəldiyi bu qənaət ona sonsuzluq və müxtəliflik riyaziyyatını yaratmağa imkan verdi.
Keçən əsrin ortalarında Lütfi Zadə mexanistik sistemlərdən fərqlənən “humanistik sistemlər” anlayışını ortaya qoydu. O, hesab edirdi ki, bu gün mübahisə doğuran bir məsələ mövcuddur. Bu da ondan ibarətdir ki, adi kəmiyyət metodlarının vasitəsilə “humanistik sistemlər”in təhlilində lazımi effekt əldə oluna bilmir, çünki bu sistemlər, mexanistik sistemlərdən fərqli olaraq, daha çox mürəkkəb və qeyri-müəyyən xarakterə malikdirlər. Mürəkkəb sistemlərin analizində hesablama maşınları böyük həcmli informasiyanı sürətlə və dəqiqliklə emal etməklə yanaşı, qarşılıqlı əlaqədə olan yüzlərlə, hətta minlərlə dəyişənlərin izahını mümkün edir. Məsələn, burada nəqliyyatın, iqtisadi planlaşdırmanın və s. idarə olunması nəzərdə tutulur. Hesablama maşınlarının meydana gəlməsi kəmiyyət metodlarının insan biliklərinin bir çox sahələrində geniş yayılmasına səbəb oldu. Lakin bunları humanistik sistemlər haqqında söyləmək mümkün deyil. Doğrudan da, maşınlardan istifadə fəlsəfədə, psixologiyada, ədəbiyyatda, hüquqda, siyasətdə, sosiologiyada və s. biliklər sahəsində mövcud olan problemlərin həllinə işıq sala bilmədi. Hesablama maşınlarının köməyi ilə biz təfəkkür proseslərinin dərk olunmasında irəli gedə bilmədik. Bunun səbəbini alim bu sahənin bilavasitə insan təfəkkürü, düşüncəsi, mülahizəsi və s. ilə bağlı olması ilə əlaqələndirir. Başqa sözlə, bir çox hallarda, xüsusilə ictimai elmlər üçün, dəqiq kəmiyyət metodları yetərli deyil. Bu halda L.Zadə dəqiqliyin və elmiliyin mütləq göstəricisi hesab olunan rəqəmi linqvistik dəyişənlərlə – sözlərlə, cümlələrlə əvəz edilməsini müvafiq hesab etmişdir.
L.Zadə linqvistik dəyişənləri X, T(X), U, G, M işarələri ilə xarakterizə edir. Burada X – dəyişənin adını, T(X) – X term-çoxluğunu, yəni onun linqvistik mənalarının cəmini; U – universal çoxluğu; G – term çoxluğunu (T(X) yaradan sintaktik qaydanı; M – hər bir linqvistik mənaya (X) ona müvafiq ifadəni (MX) qoyan semantik qaydanı nəzərdə tutur. Burada M(X) qeyri-səlis U altçoxluqlarını nəzərdə tutur. Rəqəmlərdən deyil, sözlərdən və cümlələrdən istifadə onunla izah olunur ki, linqvistik təsvir daha az konkretliyi ifadə edir. Məsələn, “Bu oğlan cavandır” ifadəsi “Oğlanın 25 yaşı var” ifadəsindən daha az konkretliyi bildirir.
Linqvistik mənanın və 25 rəqəminin eyni rola malik olması məqamı nəzərə alınaraq, “cavan” sözünü Yaş dəyişəninin linqvistik mənası kimi qəbul etmək olar. Əgər 20, 21, 22, 23 rəqəmlərini çox cavan, cavan olmayan, hədsiz cavan, o qədər də yaşlı olmayan və s. ifadələrilə tutuşdursaq, bu fikri təqdim olunan linqvistik mənalar haqqında da söyləmək olar.
Linqvistik dəyişənlərin mənalarının cəmi bu dəyişənin term-çoxluğunu təşkil edir. Məsələn, Yaş linqvistik dəyişəninin term – çoxluğunu L.Zadə belə ifadə edir:
Т (Yaş) = cavan+cavan olmayan+çox cavan+
+o qədər cavan olmayan+çox-çox
cavan+…+qoca+qocaolmayan+
+çox qoca+o qədər qoca olmayan+
+nə qədər cavan və nə o qədər qoca+…
…+ orta yaşlı+ orta yaşlı olmayan+…
+ nə qoca və nə də orta yaşlı+…+hədsiz qoca.
+işarəsi burada hesab cəmini deyil, birləşməni ifadə edir. (Bax: Новое в зарубежной науке. № 3, 1976, c.11.)
L.Zadə linqvistik dəyişənlərin rəqəm dəyişənlərindən fərqini onda görür ki, burada mənanı rəqəmlər yox, sözlər, cümlələr ifadə edir. Sözlər az dəqiqliyə malik olduğundan, linqvistik dəyişənlər hadisələri təxmini təsvir etməyə imkan verir. Çünki kəmiyyət dəyişənləri çox mürəkkəb hadisələrin öhdəsindən gələ bilmir. Başqa sözlə, L.Zadənin irəli sürdüyü bu nəzəriyyəyə əsaslanılaraq saysız-hesabsız modifikasiyalar sayəsində müvafiq modellər reallaşdıraraq ictimai və humanitar elmlərdə mövcud problemlərin daha obyektiv, gerçəkliyi daha adekvat əks etdirə bilən həll yollarını müəyyənləşdirmək olar.
Burada biz yaş dəyişəninin linqvistik mənasını nəzərdən keçirdik, bu dəyişən hər hansı bir keyfiyyəti, xüsusiyyəti, mahiyyəti, münasibəti, davranışı və s. ifadə edə bilər.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Lütfi Zadə qlobal miqyasda əsərlərinə ən çox istinad edilən alimlərdən biridir. Onun yaratdığı elmi məktəblər və laboratoriyalar yarım əsrdən çoxdur ki, bir sıra ölkələrdə uğurla fəaliyyət göstərir. Professor Lütfi Zadə dünyanın 25 ölkəsindəki nüfuzlu universitetlərin fəxri doktoru, beynəlxalq təşkilatların bir çox medallarına layiq görülmüş və bir çox Milli Elmlər Akademiyalarının üzvü olmuşdur.
L.Zadənin əslən azərbaycanlı olmasına dair müxtəlif fikirlər dolaşsa da, özünün vəsiyyətilə onun Bakıda dəfn edilməsi bu fikirlərə son qoydu. Bununla o, sübut etdi ki, dünya miqyasında tanınmış alim olmaqla yanaşı, həm də Azərbaycan xalqının böyük oğludur. Ömrü boyu qəlbi Vətən sevgisilə döyünən L.Zadə elm və texnikanın inkişafındakı misilsiz xidmətlərinə görə Azərbaycanın ən yüksək mükafatlarından biri olan "Dostluq" ordeninə layiq görülməsi də əbəs deyil, çünki özündən sonra ölçüyəgəlməz elmi irs qoyub getmiş bu insan yalnız öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün böyük işlər görmüş və bununla da mənsub olduğu xalqın adını tarixə həkk etdirmişdir.