17.07.2021, 09:57 - Baxış sayı: 535

“14 iyul: Müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzusunda ümumrespublika videokonfransı keçirilib


“14 iyul: Müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzusunda ümumrespublika videokonfransı keçirilib15 iyul 2021-ci il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr edilmiş Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının, A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin birgə təşkilatçılığı ilə “14 iyul:Müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzusunda ümumrespublika videokonfransı keçirilib.
Videokonfransda A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmlər doktoru Ədalət Qasımov, Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru Füzuli Qurbanov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri Sənan Həsənov, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, həmçinin regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Zaqatala, Ağdaş, Yardımlı, Qazax, Oğuz, Qəbələ, Hacıqabul, Salyan, Ucar, Neftçala, Qax, Kürdəmir, Sabirabad, Yevlax, Sumqayıt, Şamaxı, Samux, Bakı şəhəri Yasamal rayon Heydər Əliyev Mərkəzi, Zərdab) direktor və əməkdaşları iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 52-ci ildönümünə həsr olunmuş konfransı giriş sözü ilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açdı. K. Rəhimova ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun dünya liderləri içərisində yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, Ulu Öndərin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir: “Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri və əldə olunan nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu dünyada və ölkəmizdə gedən siyasi prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib”.
O, dahi liderin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahələrinin inkişafındakı əvəzsiz rolundan söz açıb. Bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışıb.
“14 iyul: Müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzusunda ümumrespublika videokonfransı keçirilibA.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmlər doktoru Ədalət Qasımov çıxış edərək vurğuladı ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yeni Azərbaycanın yaradıcısıdır. Bu böyük şəxsiyyətin azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları və etnik qrupları öz ətrafında birləşdirən, ictimai-siyasi sabitliyə təminat verən vahid milli ideologiyamızın əsasına çevrilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru Fizuli Qurbanov çıxışında qeyd edib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dahi rəhbər Heydər Əliyev Ümummilli Lider səviyyəsini fəth edib. Məhz onun çoxillik siyasi və dövlətçilik fəaliyyəti Azərbaycan dövlətinin çoxəsrlik tarixində birinci olaraq Ümummilli Lider statusunu tamamlayıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Fəlsəfə və Sosiologiya İnstitutu Təşkilatının sədri Sənan Həsənov çıxışında Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Qeyd edib ki, Ulu öndər Sovet hakimiyyəti dövründə dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırmış və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyanın ayrıca bir maddəsində əksini tapmışdır.
Hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyevin Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyduğunu deyən Sənan Həsənov, bu tarixi hadisənin Ulu öndərin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində reallaşdığını diqqətə çatdırıb.
Zərdab rayon Mərkəzi Kitabxanasının müdiri Nailə Əliyeva çıxışında bildirib ki, bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və uğurla həyata keçirilir. Prezident İlham Əliyev müstəqil Azərbaycanı yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.
Videokonfransda çıxış edən Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova vurğulayıb ki, Ulu öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, Azərbaycanda ilk milli ordu quruculuğu prosesinə Naxçıvandan başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.
Videokonfransın sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri yekunlaşdıraraq bildirmişdir ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikası yüksək inkişaf yolundadır. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi irəliyə aparacaqdır.
Sonda Könül Rəhimova belə tədbirlərin yüksək siyasi əhəmiyyətə malik olduğunu söyləyib.
“14 iyul: Müstəqilliyimizə gedən yolda Heydər Əliyev şəxsiyyəti və siyasi reallıqlar” mövzusunda ümumrespublika videokonfransı keçirilib