27.08.2021, 15:44 - Baxış sayı: 763

Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir


Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir“Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır – daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir”.

Mehriban Əliyeva





Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Dara düşən, həlli müşkül problemlərlə qarşılaşan yüz minlərlə insan, ilk növbədə, onun adını tutur, məktub göndərir, qəbuluna düşür. Və heç biri ümidsiz qalmır.
Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir. ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, anası Aida İmanquliyeva görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.
Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. O, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Axşam evinə, ocağına, balalarına bir xoşbəxtlik, bir savab, bir səadət aparan, yaxşılığı, xeyirxahlığı gündəlik işi bilən Mehriban xanım Əliyeva hər kəsə nur paylayır.
Möhtərəm Prezidentimiz - İlham Əliyev cəmiyyətdə gender bərabərliyinin inkişafı çərçivəsində respublikanın həyatında qadınların rolunun daha da yüksəlməsinə yönəlmiş güclü strategiyanın həyata keçirilməsini təmin edir. Azərbaycan qadını bəşəri dəyərləri özündə ehtiva edən bugünkü cəmiyyətimizdə “Birinci xanım” ənənələrini bərqərar edərək dövrün tələblərinə uyğun inkişaf etdirməyə nail olmuşdur. Respublikamızda qadın hərəkatının geniş vüsət alması, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişləndirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq – alim, akademik Zərifə xanım Əliyeva olmuşlar.
Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir.
Böyük insanlıq doğulduğun yurda, yuvaya, üzü üstə düşüb qalmış qara daşa, suya həsrət bir ağaca, gözü yaşlı bir anaya diqqətdən, qayğıdan, sevgidən başlayır. “Məsləkim tərcümeyi-halımdır”, – deyən böyük Abbas Səhhətin sözlərini eynilə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da aid etmək olar. Saflıq, gözəllik səltənəti qoynunda doğulan, ana təbiətin saflığını, əzəmətini xasiyyətində, xarakterində yaşadan bu məğrur qadın həyatda yüz minlərin idealına çevrilib.
"Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahının yüksəlməsi əsasında quran Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya məxsusdur. Mehriban xanım Əliyevanın dediyi kimi “Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə ki, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”.
Rumıniyanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman çıxışında qeyd etmişdir: “Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu və digər tədbirlər çərçivəsində Mehriban Əliyeva ilə görüşləri böyük hörmətlə xatırlayıram. Mənim bu tədbirlərdən təəssüratlarım elədir ki, Mehriban Əliyevanın fəaliyyəti ümumilikdə Azərbaycanın milli-mədəni dəyərlərinin təşviqinə yönəlib. O, həm də öz işi ilə Prezident İlham Əliyevin Azərbaycanın inkişafına yönəlmiş uğurlu siyasətinə böyük töhfə verir”.
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsədə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, o, bir sıra ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.
Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.
Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.
“Talassemiyasız həyat naminə” layihəsi də ciddi qayğının nəticədir. Uşaqlar arasında geniş yayılmış irsi xəstəliklərdən biri də talassemiyadır. Talassemiya irsi qan xəstəliyidir. Ölkəmizdə hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Bu xəstəlikdən əziyyət çəkənlərin daim qana ehtiyacı olur. Talassemiyanın əsas səbəblərindən biri qohumlar arasında bağlanan nikahlardır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir.
2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilməyə başlanmışdır. Bu layihə çərçivəsində inkişaf etmiş Avropa dövlətlərinin talassemiya ilə mübarizə sahəsində təcrübəsi ətraflı öyrənilib. Həmin ölkələrin tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri zamanı təcrübə mübadilələrinin aparılması nəticəsində yerli mütəxəssislər hazırlanmışdır.
Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Fond hər zamankı ənənəsinə sadiq qalaraq 28 dekabr 2012-ci il tarixində uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Həmçinin Vaşinqton Elmlər Akademiyası və UNESKO “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır.
Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.
Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır.
2020-ci il bütün dünyada COVID-19 pandemiya dövrü Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizin bu bəladan az itki ilə qurtarmağa imkan verdi. “Vətənimizə, bizim ümumi evimizə bəla gəlib”, - deyə xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.
Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə möhtəşəm zəfər tarixi yazdı."Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”. 44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğlanacaqdır”.
Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Günel MƏLİKLİ,
AMEA YAP İdarə heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri

Science.gov.az