Fransalı alimlər: Quba məzarlığı erməni millətçilərinin iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir
AMEA-nın Fəlsəfə İnstitutunun dəvəti ilə Bakıda səfərdə olan Fransanın Sofia-Antipolis Universitetinin bir qrup alimi - professorlar Kristian Vallar, Ksavye Latur, Poline Türk və Klodin Terrazzoni-Biblok martın 31-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Qonaqlara ətraflı məlumat verən Fəlsəfə İnstitutunun direktoru, prof. İlham Məmmədzadə ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb. Bildirib ki, XX əsrin ən faciəli soyqırımlarından biri kimi tarixə düşən 31 Mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir.
Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Fransalı alimlər gördükləri mənzərədən dəhşətə gəldiklərini bildirirərək qeyd ediblər ki, bu məzarlıq erməni millətçilərinin iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.
Ekskursiyaya tarix elmləri doktoru Solmaz Rüstəmova Tohidi bələdçilik edib.