13.10.2021, 09:53 - Baxış sayı: 353

Professor Rəna Mirzəzadə videokonfransda gender bərabərliyindən danışıb


Professor Rəna Mirzəzadə videokonfransda gender bərabərliyindən danışıbAMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və prioritet istiqamətlər” mövzusunda keçirilən videokonfransda məruzə ilə çıxış edib.
Bakının 11 rayonunun, eləcə də Sumqayıt və Abşeronun YAP üzvü olan gənclərinin iştirak etdiyi tədbirdə “Siyasi partiyaların fəaliyyətində gender bərabərliyi” mövzusunda çıxış edən professor Rəna Mirzəzadə bildirib ki, bu gün Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir: “Azərbaycanda gender məsələləri ulu öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub, hakimiyyətinin bütün dövrlərində kişi və qadınların siyasətdə və hakimiyyətdə bərabər iştirakına zəmin yaradılıb. Dövlət gender siyasətinin əsası da ulu öndər tərəfindən qoyulub. Məhz onun Fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı Fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir”.
Ümummilli liderin müəyyənləşdirdiyi gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən professor ölkə başçısının müvafiq Fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını söyləyib: “2006-cı ildə “Gender bərabərliyinin təminatı haqqında” Qanun da Prezident İlham Əliyev tərəfindən imzalanıb. Dövlət başçısının 2017-ci il fevralın 21-də imzaladığı müvafiq Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Bu, Azərbaycanda gender siyasətinin göstəricisidir”.
Professor çıxışında vurğulayıb ki, siyasi partiyalarda da, xüsusilə gənclər gender siyasi mədəniyyətinə uyğun olaraq aktiv olmalı, partiya üzvləri cinsindən asılı olmayaraq ictimai həyatda iqtisadi, mədəni, elmi və s. sahələrdə tərəfdaş olmalıdırlar.