29.10.2021, 14:41 - Baxış sayı: 383

ADU-da “Yeddi gözəl, Yeddi mədəniyyət, Yeddi planet” adlı diskin təqdimatı olub


ADU-da “Yeddi gözəl, Yeddi mədəniyyət, Yeddi planet” adlı diskin təqdimatı olubAzərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar “Sönməz Məşəl” mədəni əlaqələr ictimai birliyinin Azərbaycan Diasporuna dəstək Fondunun maliyyə dəstəyi, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının tərəfdaşlığı və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qadın Filosofların Beynəlxalq Şəbəkəsinin üzvü (YUNESKO), İslam fəlsəfəsi şöbəsinin direktoru, Asya Fəlsəfə Assosasiyasının Vitse prezidenti Könül Bünyadzadənin əməkdaşlığı ilə gerçəkləşmiş “Yeddi gözəl, Yeddi mədəniyyət, Yeddi planet” adlı layihə çərçivəsində ərsəyə gəlmiş diskin təqdimatı keçirilib.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Bakı Amerika Mərkəzinin (BAM) təşkil etdiyi tədbirin keçirilməsini yüksək qiymətləndirib, bu tədbirin işığının, əks sədasının universitet auditoriyalarına qədər gedəcəyini bildirib. Rektor multikultural ideyalardan danışıb, Nizami Gəncəvinin zəngin bədii irsi haqqında məlumat verib:
“Nizaminin böyüklüyü onun həm bədii əsərlərində, həm də ondan heç də az əhəmiyyətli olmayan şəxsiyyəti ilə bağlıdır. Füzuli, Nəsimi, Nizami Gəncəvi kimi dahilər multikultural ənənələri gerçəkləşdirən şəxsiyyətlərdir. Nizami insanları sevməyi bacarıb. Azərbaycan xalqının multikultural ideyalarını göstərə bilib. Azərbaycan əzəməti deyəndə biz orada yaşayan bütün xalqların güc və əzəmətini hiss edirik. Bu bir Nizami əxlaqı, Nizami düşüncəsi, Nizami məfkurəsidir.”
Layihənin icrası Nizami Gəncəvinin ana vətənində olan məqbərəsinə virtual səyahətlə başlayıb və onun məqbərəsinə gedən yol boyunca divarların üzərinə çəkilmiş illüstrasiyalara akademik Könül Bünyadzadənin, layihə rəhbəri Şəhla Nağıyevanın və nizamişünas alimin şərhləri ilə birgə ingilis dilindən tərcümə edilərək diskdə yer alıb.
Layihədə AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Nizami Gəncəvinin həm Şərqin, həm də Qərbin zəngin, klassik nümunəsi olan “Yeddi gözəl” poemasındakı numerologiya, həndəsə, astrologiya və rəng simvolizminə bürünmüş insan kamilliyi haqqındakı fəlsəfi fikirləri, İpək yolu ilə Azərbaycan arasındakı sıx əlaqələrin olmasının Nizami Gəncəvinin “Yeddi gözəl”in söylədiyi hekayələrdə öz əksini tapması ilə yanaşı, poemada şərq müdrikliyi və poetik bəlağət rəmzlərinin nümunələrinin verilməsi faktları da yer alıb.
Hələ on birinci əsrdə nəinki Şərqdə, hətta Qərb dünyasında belə qadınlara yüksək qiymət verilmədiyi halda Şeyx Nizami Gəncəvi “Yeddi gözəl” əsərində qadınları yüksək qiymətləndirmiş, onları müdrik müşavir simasında qələmə almışdır. Könül Bünyadzadə qadın müdrikliyini fəlsəfi baxımdan şərh edərək, bunu müasir dövrümüzdə dövlət başçılarının yanında birinci vitse prezident, dövlət müşaviri və xadimləri kimi qadınların fəaliyyətləri ilə əlaqələndirib. Bu araşdırıcı yazının müəllifi olan Könül Bünyadzadə yazıda əks etdirdiyi bu fikirləri ana dilində səsləndirərkən ingilis dilində subtitrlər verilməklə video lentə alınmışdır.
ADU-da “Yeddi gözəl, Yeddi mədəniyyət, Yeddi planet” adlı diskin təqdimatı olubŞairin poemadakı yeddi gözəlinə paralel olaraq müasir dövrün yeddi gözəli - Azərbaycan mədəniyyətini, musiqisini dünyada təbliğ edən ölkəmizin birinci Vitse prezidenti Mehriban Əliyevanın, Qazaxstandan olan Dariqa Nazarbayova, Vels şəhzadəsi, leydi Diananın, Pakistanlı Malala Yusifzainin, Amerikanın vitse -prezidenti Kamala Harrisin, ərəb gözəli kimi Şeyxa Mozanın fəaliyyətlərinə qısa səyahət edilib. Layihədə onların haqqında danışılarkən danışıq mətni ingilis dilində tərcümə olunaraq şəkillər və haqlarında olan videolarla yer alıb.
Azərbaycan Diasporunun Fransadakı fəal üzvü, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova ilə layihənin tərəfdaşı kimi sıx əməkdaşlıq edilmişdir. Təşkilatın üzvü Filip Jüjun layihə çərçivəsində toxuduğu yeddi gözəli özündə əks etdirən xalçanı Nizami ilinə hədiyyə etmişdir. Həmin alçanın toxunma prosesi və tam hazır vəziyyəti müəllifin fotosu ilə birlikdə diskə daxil edilib.
Layihə çərçivəsində “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyinın ən fəal üzvü rəssam Nərminə Vəliyeva yeddi gözəlin rəsm əsərini və Nizami Gəncəvinin portretini çəkərək Azərbaycan Diasporu Dəstək Fonduna hədiyyə edib. Həmin rəsm əsərinin, rəssamın, xalça toxucusunun və toxuduğu xalçanın da rəsmləri diskə daxil edilib.
Tədbir zamanı Azərbaycan Diasporunun Fransadakı fəal üzvü, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının prezidenti Günel Səfərova və Assosasiyanın üzvi Filip Jüjla canlı bağlantı yaradılıb, təəssüratları eşidilib.
Tədbir təşəkkürnamələrin təqdimatı ilə yekunlaşıb.
"Adu.edu.az"