08.11.2021, 10:46 - Baxış sayı: 320

AMEA-da Zəfər gününə həsr edilmiş toplantı keçirilib


AMEA-da Zəfər gününə həsr edilmiş toplantı keçirilibNoyabrın 5-də AMEA-nın Əsas binasında Zəfər Gününə həsr edilmiş və Azad Həmkarlar İttifaqının (AHİ) 2021-ci ilin yekunlarına dair hesabat toplantısı keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, I və II Qarabağ müharibəsinin iştirakçıları, AMEA-nın elmi müəssisə və təşkilatlarının həmkarlar komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə AHİ-nin sədri, professor Habil Qurbanov rəhbərlik etdiyi qurumun 2021-ci ilə dair hesabat məruzəsini təqdim edib. O, Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən danışıb.
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsində ölkədə il ərzində çoxsaylı iş yerlərinin açılması, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması istiqamətində müvafiq işlərin həyata keçirildiyni vurğulayan sədr AHİ-nin il ərzində gördüyü işləri diqqətə çatdırıb.
H.Qurbanov elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək vermək, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü, maddi-sosial problemləri olan şəxslərə ittifaq tərəfindən yardımların göstərildiyini bildirib. O, AMEA işçilərinin mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması məqsədi ilə teatr və konsertlərə biletlərin verildiyini vurğulayıb. Məruzəçi AHİ-nin fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından, perspektivdə görüləcək işlərdən də danışıb.
Həmçinin Azad Həmakarlar İttifaqı və ilk təşkilatlar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna, “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna ianələrin köçürüldüyünü, şəhid ailələri və qazilərimizlə görüşlərin təşkil olunduğunu, onlara yardımların edildiyini, o cümlədən bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
H.Qurbanov ittifaq tərəfindən pandemiya dövründə də aztəminatlı ailələrə yardımların edildiyini, əməkdaşların vaksinasiyasının təşkilinin həyata keçirildiyini, AMEA-nın Əsas binasında dezinfeksiya işlərinin icra olunduğunu söyləyib.
Sonda Vətən müharibəsində iştirak edən, şəhid ailəsi, zabit və qazilərə və “İlin peşəkar gəncləri”nə Fəxri diplomlar və mükafatlar təqdim olunub.