08.11.2021, 13:15 - Baxış sayı: 441

“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” monoqrafiyası Azərbaycan dilində nəşr olunub


“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” monoqrafiyası Azərbaycan dilində nəşr olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Afaq Əsədovanın elmi redaktorluğu ilə türkiyəli professor Mahmud Erol Kılıçın “Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” monoqrafiyası işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Mahmud Erol Kılıçın bioqrafiyası ilə açılan kitab Afaq Əsədovanın “Sufi və şeir” sərlövhəli giriş yazısı ilə başlayır. Giriş sözündə Mahmud Erol Kılıcın yaradıcılığı haqqında ətraflı danışılır. Müəllifin yaradıcılıq xüsusiyyətlərindən bəhs edən Afaq Əsədova qeyd edir: “Mahmud Erol Kılıc təsəvvüflə bəşəriyyət tarixində var olan digər ezoterik məktəb və cərəyanların yaxınlığını bunların birinin digərindən təsirlənərək yaranmasında deyil, şərqli və qərbli insanın günəşə baxmaq üçün başlarını yuxarı qaldırmaq kimi eyni hərəkət etmələri tərzində obrazlı ifadə ilə anladır”.
Vurğulanır ki, tədqiqatçı alim təsəvvüf ədəbiyyatının qneseoloji köklərini İslam dünyagörüşünün özündə görməklə yanaşı, Osmanlı sufi şeirinin poetikasının Qərb poetikası ilə müqayisəli təhlilinə əsasən, “mütləq mənada olmasa da, Osmanlı şeirinin böyük çapda Platonçu poetikasını izlədiyi” fikrini irəli sürür. İslam peyğəmbərinin “şübhəsiz, şeirin bəzisində hikmət...” və “...bəzisində sehr vardır” hədisini çıxış nöqtəsi kimi qəbul edən müəllif sufi şeirinin xüsusiyyətinin “hikmət” qavramı, “məna idarəetmə”, “məna dərinliklərinə dalma” şərti, Aristotelin “kəşf” adlandırdığı bir özəllik olduğunu qeyd edir.
Afaq Əsədova professor Mahmud Erol Kılıcı çağdaş düşüncə sahələrinə hakimlik iddiasında olan postmodernizm dünyagörüşü ilə təsəvvüf dünyagörüşünün təmsilçisi kimi xarakterizə edir. Kitabda müasir türk fəlsəfi-ədəbi fikrinin görkəmli nümayəndələrindən biri olan Mahmud Erol Kılıç tərəfindən təsəvvüfün varlığı, bəşər təfəkkürünün bu günü və sabahı üçün bir örnək təşkil etməsi geniş formada əks olunur.
“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı müəllifinin bölgüsü ilə ayrılmış “Sərlövhə”, “Ön söz”, 4 fəsil və zəngin ədəbiyyat siyahısından ibarətdir. Müəllifin elmi araşdırmaları “Təsəvvüf dünyagörüşü və Osmanlı şeiri”, “Şairlər və şeyxlər: şeirdə insan-kamil simvolu”, “Osmanlı şeirinin konseptual təhlili və təsəvvüf”, “Sufi şeiri kimə xitab edir”, “Təsəvvüf simvolizminin təhrifi və dünyəvi şeir”, “Beynəlmiləl şeir poetikası və Osmanlı sufi şeiri”, “Eşq biliyin qaynağıdır” və s. başlıqlarda təqdim olunur.
“Elm və təhsil” nəşriyyatında çapdan çıxan 220 səhifəlik kitabın redaktoru Tural Cəfərovdur.
“Sufi və şeir. Osmanlı təsəvvüf şeirinin poetikası” əsəri filosoflar, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, görkəmli türk professor Mahmud Erol Kılıcın bu əsəri indiyədək 11 dəfə nəşr edilib və 2004-cü ildə Türkiyə Yazıçılar Birliyinin Tədqiqat mükafatını alıb. Əsər fransız və alban dillərinə də tərcümə olunub.

"Azertag.az"