23.12.2021, 12:04 - Baxış sayı: 543

AZƏRBAYCANÇILIĞIN ZƏFƏR YOLU


AZƏRBAYCANÇILIĞIN ZƏFƏR YOLUAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlinin “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu” kitabı bu günlərdə “Turxan” nəşriyyatında nəşr edilmişdir.
Müəllifin Naxçıvan MR Ali Məclisinin deputatı olaraq Ulu Öndərin rəhbərliyi altında çalışması, sonrakı illərdə isə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Təbrizdə Baş konsulu (1996-2002) və ölkəmizin Pakistanda Fövqəladə və səlahiyyətli səfiri (2002-2010) vəzifələrinə təyin edilməsi, xidməti vəzifələrlə əlaqədar Ulu Öndərlə görüşmələri ona Ulu Öndəri dərindən dərk etməklə yanaşı, həm də duymaq, hiss etmək, Heydər Əliyevin daxili yaşantılarını “görə bilmək” kimi tarixi şans yaradıb. Kitabın ayrı-ayrı paraqraflarında bu təmasların və ünsiyyətin təcəssümü olan fikirlər yer almışdır.
E. Mədətlinin bu kitabı Heydər Əliyevin şəxsiyyət, dövlət xadimi və lider kimi dərk edilməsi, öyrənilməsi və dəyərləndirilməsi sahəsində hələ çox işlər görülməsinin vacibliyini diqtə edir. Bu baxıımdan kitabın ilk fəslinin “Heydər Əliyevin fenomen şəxsiyyəti və dövlətçilik strategiyası” adlandırılması tam yerinə düşür və maraq doğurur.
Müəllif Prezident İlham Əliyevin siyasətinə milli birlik və həmrəylik kontekstində ətraflı nəzər salaraq İlham Əliyevi Heydər Əliyevin siyasi varisi kimi xarakterizə edir və Ulu Öndərin dövlətçilik xətti üçün böyük əhəmiyyəti olan multikulturalizm, xalq-dövlət birliyi və insan amili kimi vacib məqamlara İlham Əliyevin necə böyük önəm verdiyini təhlil etməyə çalışır.
Müəllif Prezident İlham Əliyevin Zəfər strategiyasına azərbaycançılıq ideologiyasının potensialı kontekstində analitik nəzər salır, məsələnin mərkəzinə isə insan amilini qoyur, Azərbaycançılıq ideologiyasının Zəfər Yolunun strateji hədəfinin İnsan amili olduğunu vurğulayır.
Kitabda sonuncu fəsil 44 günlük Vətən Savaşının fəlsəfi-tarixi analizinə həsr edilib. E.Mədətli yazır: “O günlərdə ordumuza ümumxalq dəstəyini, dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcansız izləmək mümkün deyildi” (səh., 231). Bunların fonunda müəllifin ölkəmizin ziyalılarının, xüsusilə elm adamlarının “dövlətimizin və ordumuzun yanında olması”nı ifadə etməsi diqqətə layiqdir. Müəllifin postmüharibə mərhələsində ölkəmizdə quruculuq işlərinin davam etməsini nəzəri-tarixi aspektdə analiz etməsi də diqqətçəkicidir.
Kitabın son bölümündə E. Mədətli maraqlı ümumiləşdirmə edərək yazır ki, Vətən müharibəsində qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunan Zəfər yoludur; bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın Qələbə yoludur; öz soykökümüzə, əcdadlarımızın bizə miras qoyduğu ənənələrə Sədaqət yoludur; azad edilmiş torpaqlarımızın dirçəldilməsi və Quruculuq yoludur; xalqımızın ulu öndər Heydər Əliyev siyasətinə, bi siyasəti polad iradəsi ilə dönmədən həyata keçirən , Azərbaycanın ərazi bütövlüyünü təmin edən, tarixi qələbənin memarı və komandanı Prezident İlham Əliyevə inam yoludur.