23.02.2022, 11:32 - Baxış sayı: 795

İqtisadiyyat fəlsəfəsinə dair bəzi qeydlər


İlham Məmmədzadə
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor

Bir çoxları iqtisadiyyatın problemlərini xüsusilə önəmli hesab erdir. Bununla mübahisə etmək niyyətində deyilik. Amma, fikrimizcə, hər halda, iqtisadiyyat fəlsəfəsi olmadan həmin problemlərin əhəmiyyətini necə dərk etdiyimiz, buna müvafiq olaraq necə fəaliyyət göstərdiyimiz, həyatımızı necə qurduğumuz, onu necə görmək istədiyimiz və s. barədə suallara cavab vermək mümkün deyil. Böyük ölçüdə, hər bir filosof iqtisadiyyatın dəyər dünyası, etika, mədəniyyət, insanın əsl mahiyyəti, onun dəyər aləmi, iqtisadi münasibətlərə hansı dəyərlərlə qoşulması ilə əlaqəli olduğunu etiraf edər və bundan sonra həm bazar, həm də qeyri-bazar iqtisadiyyatında idarəetmə, dövlət və ədalətin əhəmiyyət daşıdığı barədə düşüncələrə keçər. Bu haqda həm Qərb, həm də Rusiya fəlsəfəsi, iqtisad elmi və idarəetmə nəzəriyyəsində çox bəhs edilir. Məsələn, I.V. Kuzin «Политико-экономический удел онтологии частного» («Вопросы философии» № 12, 2020, с.49-50 – "Xüsusinin ontologiyasının siyasi-iqtisadi taleyi", "Fəlsəfə məsələləri", № 12, 2020, səh.49-50) adlı məqaləsində bu barədə yazaraq xüsusi mülkiyyətin ümumiliyini, onun universal dəyər kimi tanınması istiqamətində gedən işləri təhlil edir. Fikrimizcə, subyektin iqtisadi həyatı, onun idarəçilik aspekti, siyasi iqtisad bizi yenə də bu məsələnin dəyər dünyası, mənaları, məzmunu, başqa sözlə, fəlsəfəsi və etikasının olduğuna yönəldir, bəzi filosoflar isə həmin konteksti həm də idarəetmə metafizikası adlandıra bilər. Marksın iqtisadiyyata yanaşması, onun siyasi iqtisadı bütünlüklə bu sıradandır. Onun utopiyasının da bu sahəyə aid olması isə başqa məsələdir. Görünür, marksizmdən asanlıqla imtina etməyimiz bu utopiyanı onun bazar və kapitalizm fəlsəfəsindən, iqtisadiyyatın prinsiplərindən ayıra bilmədiyimizlə bağlıdır.
Biz Azərbaycan filosofları olaraq son zamanlar fəlsəfə və süni intellekt problemləri ilə fəal surətdə məşğul olmağa başlamışıq. Həmin problemlərə həsr olunmuş əsərlərimizdə biz süni intellektin rasionallığı, məntiqi, mədəniyyəti və etikasının problemlərinə daha çox diqqət yetiririk, bu isə, şübhəsiz, yalnız fəlsəfənin inkişafı üçün əhəmiyyət kəsb etmir. (İlham Məmmədzadə, Arif Buniyatov Qeyri-səlis məntiq konsepsiyasinin elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları, Bakı, 2021; Pandemiya dovrundə fəlsəfə və Lutfizadənin qeyri-səlis məntiqi”, Bakı, 2021).
Amma axı süni intellekt həm də yeni iqtisadiyyat, rəqəmsal şüur və yeni texnologiyalar, yeni idarəetmə deməkdir. Bəziləri bunun Azərbaycanla necə bağlı olduğunu soruşa bilər. Düşünürük ki, bu cür sual həm də ona görə yaranır ki, biz gələcəyə, gələcəyin indidəki tendensiyalarına yox, daha çox keçmişə diqqət ayırırıq. Onu da qeyd edək ki, bu suallar bizimlə bağlıdır, özü də bilavasitə. Qarabağda “ağıllı şəhər və kəndlər” və s., 44-günlük müharibədə yeni texnologiyalardan istifadə həminm sıradandır, nəqliyyat kommunikasiyalarında, geosiyasi planlarda yeni texnologiyaların tətbiqi və bir çox başqa şeylər onu təsdiq edir ki, problem gələcəyə baxışlar cərgəsindən son dərəcə gərəkli, zəruri məsələlər kateqoriyasına keçir. Bu barədə biz “Prezident İlham Əliyevin Azerbaycanın inkişaf strateqiyası: fəlsəfi, sosioloji və siyasi təhlil” (Bakı, 2021) adlı kitabımızda yazmışıq. Həqiqətən, bu gün idarəetmə, ideologiya, iqtisadiyyat və texnologiyalara, bizim onlarla işləməyə hazır olmağımıza yeni yanaşmalar tələb olunur. Hal-hazırda idarəetmə elmində, fikrimizcə, menecment, iqtisadiyyat, rasionallıq və etikanı bir araya gətirən noonomika anlayışından istifadə edilir. Məsələn, bu mövzuya S.D.Bodrunov "Noonomika" (С.Д.Бодрунов.«Ноономика», M. 2018) adlı maraqlı monoqrafiya həsr edib. Fikrimizcə, bütün müasir ziddiyyətlərinə baxmayaraq yeni texnoloji inqilabın getdiyi və yeni rasionallıq, əxlaq, təhsil və elm, həm də iqtisadiyyatın idarə edilməsində yeni prinsiplər tələb etdiyi ilə mübahisə edən olmaz. Elə həmin "ağıllı şəhərlər" yalnız bio-, nano- texnologiya, kommunikasiya və biliklərlə deyil, həm də yeni yanaşmalarla, biliyin mənimsənilməsi və tətbiq edilməsi prinsipləri ilə, idarəçilər qarşısında yeni tələblərin qoyulması və üzərində düşünməli, fəlsəfi təhlilə məruz qalmalı olan bir çox başqa şeylərlə bağlıdır. Bu məsələlərə görkəmli rus filosofu V.A.Lektorski maraqlı məqalə həsr edib (В.А. Лекторский. «Философия перед лицом когнитивных исследований», «Вопросы философии» №10, 2021 – “Fəlsəfə koqnitiv (1) tədqiqatlar qarşısında”, “Fəlsəfə məsələləri” №10, 2021). Burada o, elm və rəqəmsal şüurun, fəlsəfə və kompüter, hesablama texnologiyaları və s. vasitəsi ilə insan idrakının imitasiyasının qarşılıqlı münasibəti problemlərini təhlil edir. Fəlsəfə, riyaziyyat və kompüter simulyasiyası məsələlərini alman alimi Y.Lenhard da araşdırıb. Onun fikrincə, kompüter simulyasiyaları yeni fəlsəfi fikirllər və ontologiya yaradır. Rus tədqiqatçısı T.V.Həmdəmov da bu barədə yazır (Т.В.Хамдамов. «Компьютерный поворот в философии ХХI в. (Размышления над книгой Йоханнеса Ленхарда «Сюрпризы вычислений. Философия компьютерных симуляций)»// «Вопросы философии» № 5, 2021, с.38 – T.V.Həmdəmov. “XXI əsr fəlsəfəsində kompüter dönüşü. (İohannes Lenhardın “Hesablama sürprizləri”. Kompüter simulyasiyası fəlsəfəsi” kitabı üzərində düşüncələr)”// “Fəlsəfə məsələləri” № 5, 2021, səh.38).
Qeyd etmək lazımdır ki, iqtisadçılar, xüsusən də dar iqtisadi təfəkkürə malik olanlar, təbiət elmlərinin elə bu cür dar düşüncəsi olan nümayəndələri ilə eyin bir mövqe tuturlar: onlar hesab edirlər ki, sosial elmlər, filosoflar fənlərarası metodologiya, fəlsəfə və riyaziyyat, süni intellekt, beyin-şüur fəaliyyətinin təhlili məsələlərindən baş çıxara bilməzlər. Bizcə, burada problem elmlərin bölgüsündə deyil, konkret alimlərin qabiliyyət və imkanlarındadır. Dil, əxlaq, təfəkkür, mədəniyyət və bilik insanın, onun qabiliyyətlərinin unikal, özgün səciyyəvi xüsusiyyətləridir. Və hesab edirik ki, onların təbiət və təfəkkürün qanunlarının dərkindəki, o cümlədən, idarəetmə və iqtisadiyyatda süni intellektdən istifadə edilməsindəki roluna əhəmiyyət verməmək ciddiyyətsizlik olardı. Xüsusən ona görə ki, son zamanlar fəlsəfədə şüurun fəaliyyəti, məntiq, şüurun riyaziləşdirilməsi və rəqəmsallaşdırılması, neyroelm (neyron proseslərini öyrənən fənlərarası elm sahəsi) və etikanın əlaqələri məsələlərinə ciddi maraq gözə çarpır. Fəlsəfədə aparılan fənlərarası tədqiqatlar bu tendensiyaların aktuallaşdığınıı aydın surətdə göstərir. Bu halda iqtisadiyyat şüurumuzun yalnız xüsusi (özəl) təzahür məsələsinə çevrilir. Bu problemlərin dərki üçün heç də hər bir fəlsəfənin yüksək keyfiyyətli material təqdim etməyə qadir olmaması isə başqa məsələdir.
Biz mövcud fəlsəfədə, koqnitiv elmlərə (təbii ki, onlara koqnitiv iqtisadiyyat da aiddir) münasibətdə bir-biri ilə sıx bağlı olan iki yanaşma görürük. Onlardan birincisi ona əsaslanır ki, fəlsəfənin özü koqnitiv elmdə həll olaraq (J. Lenhard), onun bir qisminə çevrilir və əgər hər hansı bir elmdə bu proses baş vermirsə, onda koqnitiv elm və fənlərarası tədqiqatlar haqqında yanlış təsəvvür yaranır. Fəqət, bir sıra filosoflar belə hesab edirlər ki, fəlsəfə koqnitiv elmdə həll olmamalıdır, cünki onun öz vəzifəsi, öz ontologiyası və koqnitiv elmin (hələ koqnitiv iqtisadiyyatı deməyirik) özünün də ona ehtiyacı olan şüur fəlsəfəsi və metafizikası vardır. Burada söhbət ondan gedir ki, belə olduqda, fəlsəfə mədəniyyətin mahiyyəti, onun mentalitetlə münasibəti, əlaqəsi, mədəniyyətdə identikliyin, (2) dəyərlərin tarixən necə formalaşdığı, mentalitetin inkişafda və qərarların qəbul edilməsində, iqtisadi kursun seçilməsində və s. hansı rol oynadığı barədə məlumat verir. Bu məsələlərin dərk edilməsi üçün fəlsəfənin bir çox cəhətdən epistemoloji tədqiqatlara ehtiyacı vardır. Bu barədə daha ətraflı «Философия о современности, истории и культуре» (Баку, 2020) - (“Fəlsəfə müasirlik, tarix və mədəniyyət haqqında”, Bakı, 2020) adlı kitabımızda yazmışıq. İkinci yanaşma fəlsəfədə koqnitiv elm və iqtisadiyyatda istifadə olunan belə tədqiqatların aparılması ilə əlaqədardır: bu, iqtisadiyyatın hansı fəlsəfi və etik məlumatlara ehtiyacı olduğu, iqtisadi həyatda, siyasi proseslərdə hansı tip şüur və biznes- etikasının iştirak etdiyi, iqtisadi qərar qəbul edən subyektin kimliyi barədə informasiyaya malik olaraq iqtisadiyyatda müasir araşdırmalar aparmağa imkan verir. Hər iki yanaşma fəlsəfə ilə koqnitiv idrak nəzəriyyəsi arasında dialoq, əlaqə yaradılması ilə bağlıdır. Bu cür yanaşmada, prinsipcə, ideal halda, fəlsəfə məhz onun əsl vəzifəsini təşkil edən işlə, yəni anlayışlar, dil və şüurun tədqiqi ilə məşğul olur ki, bu da onun koqnitiv elmlər və iqtisadiyyat üçün aktuallığını müəyyən edir.
Bu kontekstdə, fikrimizcə, fəlsəfənin, iqtisadiyyat üçün, xüsusilə onun indiki halında, hansı keyfiyyətlərinə görə əhəmiyyət kəsb edə biləcəyini dəqiqləşdirmək maraqlı olardı. ХХ əsrin 90-cı illərində bir çoxumuz düşünürdük ki, qloballaşma bazar münasibətlərinin üstünlüyünə gətirib çıxaracaq və bütün dünyada kapitalizmin qələbəsini təmin edəcək. Kapitalizmin, onun zəif cəhətlərinin K. Marks və başqaları, özü də təkcə marksistlər deyil, tərəfindən edilmiş tənqidi unudulub. Bu da maraqlıdır ki, F.Fukuyama məşhur məqaləsi və «Конец истории и последний человек», М.2009 (“Tarixin sonu və sonuncu insan”, M. 2009) adlı kitabında iqtisadiyyatda yol verilən liberalizmin qaçılmaz surətdə həllolunmaz ziddiyyətlərə səbəb olduğunu görməyib. Aydındır ki, qələbə alınmadı, bunu müharibələr, imperializm, bərabərsizlik, böhranlar təkzibolunmaz surətdə göstərir. Bizcə, söhbət keçmişə qayıdışdan, olub-keçənlərin bərpasından deyil, elm və fəlsəfənin ziddiyyətlərin aradan qaldırılmasına cəlb edilməsindən, indi artıq kapital və sosial siyasət arasında dialoqun üstünlüklərindən məharətlə faydalanaraq insanların daha az itki verməsi ilə inkişafı təmin etməyə qadir qərarların qəbulunda biliyin üstünlüklərindən istifadə olunmasından gedir. Burada kapitalizmin, xüsusilə onun müasir formasının və sosializmin güclü və zəif cəhətləri, milli şüurumuz, onun hansı şüur və mədəniyyət tiplərini ehtiva etdiyi, onların fəaliyyətdə, təhsilə münasibətdə özünü necə göstərdiyi, ədalətin müxtəlif insanlar tərəfindən necə başa düşüldüyü və cəmiyyətdə müxtəlif şüur tipləri arasında bu konsensusa nail olmağın üsulları haqqında biliklərə əsaslanmaq lazımdır.
Bu mənada fəlsəfə, mədəniyyət, süni intellekt və iqtisadiyyatdakı ümumi biliklərə aid olan universal mövzunun gerçəkliyimizin konkretikasına (müəyyənliyə malik faktlara, əməllərə, işlərə və s.) necə keçdiyi aydın olur. Burada D. Bellin «The Cultural Contradiction Of Capitalism» (N.Y. 1976) ("Kapitalizmin mədəni ziddiyyəti", NY, 1976) əsəri yada düşür, bu əsərdə o, kapitalist ölkələrinin xüsusiyyətlərini bir-birindən onların mədəni ziddiyyətlərinə əsaslanaraq fərqləndirir və əlavə edək ki, bu cür konkretləşdirmənin mədəniyyət və tarix haqqındakı fəlsəfi biliklərin iqtisadi həyata necə təsir göstərdiyinə bilavasitə aidiyyəti var idi. Hər bir birlik öz bütövlüyünə malikdir, fəqət həm də ayrı-ayrı şüurlara (şüur tiplərinə) ayrılır, onlar isə tarixi transformasiyalar yolundan keçərək formalaşmışdır, hətta kapitalizmə heç bir əxlaqi məhdudiyyətlərin xas olnadığı hesab edilən zaman (K.Marksı xatırlayaraq qeyd edirik) müəyyən əxlaq, biznes-etika və məsuliyyəti ehtiva etmiş mədəniyyətlərin qarşılıqlı təsir və əlaqəsi nəticəsində təşəkkül tapmışdır. Burada keçmiş illərin insanların əxlaqi və mədəni şüurunda yığılan siyasəti və iqtisadiyyatı arasındakı münasaibətə dair bütöv bir təsəvvürlər, anlayışların ardıcıl sırası meydana gəlir. İndi dahi və liderlərin etik baxışlarının tarixi və fəlsəfəsinin bir-biri ilə, o cümlədən, iqtisadiyyatımızın mövcud və mümkün vəziyyəti ilə necə bağlı olduğu, şüur tipləri və biznes-etikalar arasındakı münasibətlərin necəliyi, onların həyat şəraitinin, dəyər səmtləşməsinin, yeni texnologiyaların və s. dəyişməsinə baxmayaraq insanların biznesdə konkret davranışında necə təzahür etdiyi aydın olmalıdır.
Əlbəttə, fəlsəfə, hətta bu problemləri araşdırarkən, bəzi hallarda şüurun təzahür və bölünməsinin xüsusiyyətlərini müəyyən etməyə, digər hallarda isə sosioloji məlumatlardan, sosial mediadan əldə edilən informasiyanın köməyi ilə üstün tiplər və səmtləşmələrin kütləvi şüurla necə kəsişdiyini, qarşılıqlı əlaqələrə girdiyini, biliyin bu prosesə necə təsir etdiyini lazımi surətdə tədqiq etməyə qadirdir.
Eyni zamanda, bu fəlsəfi bilik nəinki özümüz haqqında biliklərimizi dərinləşdirə bilər, üstəlik, o hətta davranışı, insandakı vacib (icbari) və əməli (praktik) olan arasındakı münasibətlər sahəsindəki ziddiyyətlərin dərk olunmasını idarə etmək üçün imkanlar yaradır. Görünür, vətəndaşların bazar davranışında pozitiv yönəlişliklərin yoxluğu şəraitində cəmiyyətin problemlərdən qaçınması yollarını tapmaq üçün fəlsəfə davranış üzrə mütəxəssislərin, sosioloqların, psixoloqların səylərini cəmləşdirə bilər. İqtisadiyyatın səmərəliliyi mədəniyyət və mənəviyyatla, əxlaqla möhkəm surətdə bağlıdır, lakin bu əlaqə itirilə bilər. Bərpa məsələsi, ilk növbədə, ideya ilə bağlı, fəlsəfi problem və yalnız bundan sonra sosial-psixoloji, iqtisadi və s. problemdir.
Şüur problemləri, bir çoxlarının düşündüyünün əksinə olaraq, təkcə onun bütövlüyü məsələləri deyil, bu, yalnız şəxsiyyətüstü səviyyəyə (universaliylara) aparan yol deyil, həm də fərdə doğru, təkcə psixologizmə yox, həm də fərdin öz mədəniyyəti, cinsi və mentaliteti ilə iqtisadi həyata qoşulması tərzinə doğru hərəkətdir (seçimin proqramlaşdırılması). Məsələ bu cür qoyulduqda, bizcə, birliyin, cəmiyyətin şüurunun arxitektonikası aydın olur. Bu məsələlərlə bu və ya digər şəkildə, fikrimizcə, M.Veber, XX əsrin ortalarının siyasi filosofları məşğul olurdu (məsələn, Q.Almond göstərək), biz də bu məsələlərlə 80-ci illərdə vətəndaş cəmiyyəti ilə, onun sovet, sonra isə postsovet məkanında necə formalaşmalı olduğu ilə maraqlanarkən müəyyən qədər məşğu l olmuşuq. Konkret olsun deyə, sanki hamının sovet dəyərlərini, tənləşdirici bərabərliyi, fərdiliyə və şəxsi azadlığa mənfi münasibəti necə inkar etdiyini, sonra isə imtinanın heç də özünü hər şeydə göstərməyə başlayan müvafiq şüur tipindən imtina demək olmadığına əyani surətdə əmin olduğunu xatırlayaq. Bu barədə «Введение в этику», Баку, 2004 (“Etikaya giriş”, Bakı, 2004) kitabımızda bəhs etmişik. Aydın olmuşdur ki, keçmişi inkar etsək də o, şüurumuzda qalmaqdadır və tədricilik, kəmiyyət dəyişikliklərinin toplamaq və keyfiyyət dəyişikliklərinə keçmək yolu ilə təkamül etmək, hərçənd həmişə mümkün olmasa da, özünü hətta inqilabi sarsıntılar zamanı xüsusi şəkildə göstərir. Fikrimizcə, indiki buna aid mülahizələrimiz, epistemologiyaya, fəlsəfənin şüurla əlaqələrinə, şüur tipləri ilə iqtisadiyyatın ayrılmasına diqqət yetirilməsi insan və cəmiyyət haqqında bir qədər qeyri-müəyyən təsəvvürləri aradan qaldıraraq onlar barəsində biliklərimizi dəqiqləşdirir.
Biz bilirik ki, bir çox iqtisadçılar hələ də iqtisadiyyatın (varlığın) şüuru müəyyən etdiyini hesab edirlər. Amma bu da bir həqiqətdir ki, şüur həyatımızı, qərar qəbul etməyimizi müəyyən edir, təsəvvür, anlayış və biliklərimizlə, dini və əxlaqi seçimimizlə bağlıdır, biz oxşar olsaq da, müxtəlif, başqa-başqa insanlarıq. Bir çoxları cəmiyyət, mədəniyyət və sivilizasiyaların müxtəlif olduğu ilə mübahisə edir, lakin insanlar da bir-birindən fərqlənir, həm də yalnız psixoloji cəhətdən deyil. Özü də onların fərqləri və qarşılıqlı münasibətləri mədəniyyətləri formalaşdırır və dəyişdirir. Azərbaycanlıların kollektivçi və ya fərdiyyətçi, çalışqan, fəaliyyətli və ya passiv, süst, fəaliyyətsiz, liberal və ya mühafizəkar olduqları barədə sualların cavabı yoxdur, çünki onlar həm o cür, həm də bu cürdürlər. Bu məsələlər, eyni ilə dövlətin iqtisadiyyata müdaxiləsi məsələsi və s. bizcə, iqtisadçıları maraqlandırır. Bizdə onlara cavab olmaya bilər, amma, düşünürəm ki, onu axtarmaq üçün vasitə vardır. Kimliyimiz, necəliyimiz barədə təqribi təsəvvürlər yaradaraq, insanların dəyişmədiyinə əsaslanaraq qeyri-müəyyən binövrədə ümumiləşdirmələr aparmaqdan çəkinmək lazımdır. Biz elmlə, bilk əldə etməklə ona görə məşğul oluruq ki, insanların dəyişmə və dəyişkənliyinin mexanizmini başa düşək, nələrin bizi dəyişdirdiyini dərk edək.
Şüur müxtəlif şüur tiplərinin, mədəniyyətlərin qarşılıqlı təsiri, əlaqəsidir. Bunun rasional dərki cəmiyyətin sabitliyinə gətirib çıxarır, onun müəyyən özünə münasıb istehsalı, biznes sahəsində siyasi-hüquqi münasibətlərin yaradılması, müvafiq mənəviyyatı olan bir sistem kimi inkişafına və s.səbəb olur. Əlbəttə ki, tendensiyalar, dəb, müasirliyə məlum müəyyənlik verən şeylər vardır, fəqət onlar fərqləri aradan qaldırmır. Məsələn, pandemiya hər bir cəmiyyətdə sosial siyasətə zərurət olduğunu göstərdi. Lakin yenə də bu siyasət konkret bir ölkədə insanların necə və nə ilə fərqləndiyini nəzərə alınmaqla aparılmalıdır. Görünür, elə məhz bu, bilik cəmiyyətinə doğru hərəkət, irəliləmə deməkdir. Həyatımızı necə dərk etməyimiz bizi bu cəmiyyətə ya yaxınlaşdırır, ya da ondan uzaqlaşdırır. Bizi ona doğru aparan idrakımız, anlayışımız, qərarlarımız və davranışımızda biliyin nə dərəcədə təmsil olunduğu, onu necə dərinləşdirdiyimiz, genişləndirdiyimiz, ondan necə istifadə etdiyimizdir.
Mədəniyyət və şüurun müxtəlif tipləri arasındakı əlaqənin dərkinə doğru yönəlmiş bu heç də həmişə irəliləmə, mütərəqqi olmayan hərəkətdə çox şey texnologiyalardan, texnologiyalar və biliyin, texnologiyalar və fərdi olanların konvergensiyasından (uyğunlaşmasından, birləşməsindən), lakin həm də ictimai şüurdan asılıdır. Prinsipcə, informasiya texnologiyaları, eyni zamanda, şüurumuzun həm ictimailəşməsinə, həm də fraqmentləşməsinə (qismiləşməsinə) doğru aparır. Lakin onlar həmçinin onu bütün mürəkkəbliyi, şüur tiplərinin bir-birinə qovuşması ilə birlikdə başa düşmək üçün material və imkan verirlər. Məhdud mənada təfsir olunan iqtisadi rasionallıqdan, sosial tənləşdirmədən, cəmiyyətin kobud surədə varlı və yoxsullara bölünməsindən, sinfi bölgüdən və s. kənara çəkilmə prosesi gedir. Bizim rasionallığımız fərqlidir və 90-cı illərin əvvəllərində ondan uzaqlaşmağımız heç də onun cəmiyyətin həyatında malik olduğu əhəmiyyətini itirdiyi demək deyil. Bilik cəmiyyəti, əlbəttə ki, rasionallıqla, elm və təhsil, onlar ilə iqtisadiyyat, bilik və səmərəlilik və s. arasında əlaqələrin dərinləşməsi ilə bağlıdır. Fikrimizcə, bu tendensiyaların təhlili dünyada, cəmiyyətdə, fərdin özündə baş verən hər bir şeyə yanaşmanın ssenari xarakteri daşımasını müəyyən edir.
Və nəhayət, şüuru tədqiq edən fəlsəfənin tətbiqi araşdırmalara çıxışı vardır. Məsələn, “ağıllı şəhərlərin” salınmasında, davamlı inkişafa doğru hərəkətdə onun vəzifə və funksiyalarına aid olan çox şey var. Bu, Qarabağa işin təşkil tempi və prinsiplərinin konkret insanların nə üçün, hansı ümidlərlə, arzu və təşəbbüslə qayıtdıqlarından, nə gözlədikləri və hansı töhfə verəcəklərindən asılı olan böyük qayıdış məsələsində də mövcuddur. Fəqət burada tətbiq sahəsinə bu çıxışlarla məhdudlaşmamaq, eyni zamanda, süni intellekt, nevrologiya və psixologiyanın və s. edə bilmədiklərini fəlsəfənin həyata keçirə biləcəyinə diqqət yetirmək vacibdir. Sonra, unutmamaq lazımdır ki, süni intellekt fəlsəfəyə özünün ümumbəşəri şüur və müxtəlif mədəniyyətlərə xas şüur arasında olan əlaqələrini, mədəniyyətə isə ictimai (milli) şüurun ayrıldığı tərkib hissələrinin fərqini aşkar etməyə imkan verir.
Mədəni-tarixi epistemologiya bu işin həyata keçirilməsi üçün zəruri hissə, mərhələ kimi çıxış edir. Həmin məsələlər kontinental, neomarksist cərəyanlardan tutmuş analitik cərəyana qədər müxtəlif fəlsəfi məktəblərdə bu və ya digər surətdə dərk edilir. Fikrimizcə, ХХ əsrdə filosofların universalizmə, sağlam düşüncə intuisiyalarından həddindən artıq faydalandıqlarına və psixologizmə görə tənqid olunduqlarına baxmayaraq onların mülahizələri getdikcə daha ciddi, məntiqi cəhətdən əsaslandırılmış olur. Zənn edirik ki, fəlsəfənin koqnitiv elmlə dialoqu bu mənada onun üçün kifayət qədər uğurlu, faydalı oldu. Bununla belə, nəzərə almaq lazımdır ki, söhbət təkcə koqnitiv elmin deyil, həm də iqtisadiyyatın, sosial həyatın da fəlsəfəyə, məntiqə, epistemologiyaya ehtiyacı olduğundan gedir.

1. Koqnitiv: ing. cognition – idrak, dərketmə, cognitive – idraki.
2. İdentiklik: ing. identity, lat. identitás – insan psixikasının müxtəlif sosial, iqtisadi, milli, peşə, linqvistik, siyasi, dini, mədəni, gender, irqi və digər qrup və ya digər birliklərə mənsubiyyətinin necə təsəvvür etdiyini onun özü üçün yığcam şəkildə ifadə etmək xassəsi, yaxud özünü həmin qrup və ya birliklərə xas olan xüsusiyyətlərin təcəssümü kimi çıxış edən bu və ya digər şəxslə eyniləşdirmə.