07.04.2022, 13:07 - Baxış sayı: 577

Post-konflikt dövrünün reallıqları: “əbədi sülh” probleminə real fəlsəfi baxış


Şölət Əlövsət oğlu Zeynalov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası
şöbəsinin aparıcı elmi işçisi, dosent.


XÜLASƏ

Vaxtilə Alman filosofu İ. Kant hesab edirdi ki, yer üzündə böyük sülhdən – “əbədi sülhdən” bəhs etmək İnsan nəslinin əbədi nəcib istəyi olsa da, ona nail olmaq ola bilsin ki, mümkün deyildir. Böyük filosof bu problemin mahiyyətinin əsasını ən ümumi şəkildə dövlətlərin militarist siyasətləri ilə bağlayırdı. Biz etiraf etməliyik ki, bu siyasət bəzi dövlətlər tərəfindən indi də böyük səylə davam etdirilir (məsələn, belə ölkələrə Ermənistanı misal göstərmək olar). Məqalə kommunikasiya, dialoq, dialoq mədəniyyəti, sülh və təhlükəsizlik probleminin nəzəri məsələlərinə həsr olunmuşdur. Burada qeyd edilir ki, sülh və təhlükəsizlik problemi hər bir cəmiyyətin, dövlətin, sivilizasiyanın başlıca problemi kimi çıxış etsə də, əksər məqamlarda yanlış ideoloji, siyasi, milli, etnik, coğrafi və s. maraqlar səbəbindən Yer üzündə problem öz həllini tapmır. Xüsusi qeyd olunmalıdır ki, bu problem Yer üzündə tarixən aktual olmuş və güman etmək olar ki, həmişə də aktual olacaqdır.
Müəllifin qənaətinə görə Azərbaycanın hazırda həyata keçirdiyi dialoq və əməkdaşlıq, sülh və inteqrasiya təcrübəsinin dünyada təbliğ olunmasına ciddi təlabat artmışdır. Həmçinin, məqalədə müasir Azərbaycanın siyasi rəhbərliyinin istər Vətən müharibəsinə qədər, istər elə müharibə dövründə və post-müharibə epoxasında həyata keçirdiyi humanitar strategiyasının həm dünya, həm də regional sülhyaratma və əməkdaşlıqda əvəzsiz bir platforma olduğu elmi-fəlsəfi kontekstdə araşdırılmışdır.
Məqsəd: kommunkiasiya və dialoq mədəniyyətinin dünyada və regional münasibətlərdə sülh, təhlükəsizlik, sabitlik, davamlı inkişaf, birgəyaşayış və həmrəyliyə nail olmaqda yarada biləcəyi imkan və perspektivləri nəzəri anlamda refleksiya etmək; Habelə, dünyada yeni münasibətlər sistemində hər kəsin arzu və istəyi olan “əbədi sülh” probleminə diqqəti çəkmək.
Metodologiya: müqayisəli təhlil, empirik, elmi metod, tarixi və analiz metodları.
Elmi yenilik: dialoq mədəniyyəti və kommunkiasiyanın sülh və təhlükəsizlik, müasir inkişaf və problemlər kontekstində “terapevtik” əhəmiyyətini göstərmək.
Açar sözlər: kommunikasiya, əbədi sülh, dialoq, dialoq mədəniyyəti, səmimiyyət, Azərbaycan təcrübəsi.


Giriş

Hazırda elmi-fəlsəfi ədəbiyyatda yaşadığımız dünya ciddi dəyişikliklər epoxası kimi təfsir edilməkdədir: mütəxəssislər onu bəzən çoxqütüblü, bəzən də yeni dizayn olan, dünya nizamının yaranma epoxasında elmi-texniki tərəqqinin yaratdığı keçid sivilizasiyası kimi xarakterizə edirlər. Bu məsələdə həm nikbin olanlar, həm də pessimistlər kifayət qədərdir. Lakin bununla bərabər hər kəsin qəbul etdiyi ümumi bir ortaq məxrəc də vardır: indi Yer üzündə insanların sayı artmış, dördüncü sənaye inqilabı Qərb sivilizasiyasının beş yüz illik “atılışının” məntiqi nəticəsi olaraq inkişafının pik həddinə doğru irəliləməkdədir (XX əsr Qərb və Şərq nəzəri fikrində bir çox filosoflar bu tərəqqini böhran sivilizasiyası və s. kimi xarakterizə edirdilər) . Keçən əsrin ortalarından başlayaraq bütövlükdə sivilizasiyanın bu revanşı epoxal böhran kimi xarakterizə olunmağa başladı. Məsələn, Alman filosofu M. Haydegger hesab edirdi ki, bu sivilizasion atılışdakı fəlakət qarşısıalınmaz bir xarakter almışdır.
Aydındır ki, “modern – tamamlanmamış layihədir” (Məm¬məd¬za¬də 2012,) Deməli, inkişaf və tərəqqi, sülh və təhlükəsizlik problemi proqnozlaşdırılarkən problemin həllindən deyil, onun bilik, elm və siyasət kontekstində proses kimi dinamikasından danışmaq daha məntiqi olmalıdır. Fakt odur ki, indi elmi-texniki tərəqqi və elmi naliyyətlər cəmiyyətlər, dövlətlər və insanlar üçün yüksək səviyyədə əvəzedilməz bilik, imkan, rifah və güc mənbəyinə çevrilmişdir. Lakin məsələnin digər tərəfi mövcuddur. Bütün bunlar, bizim – müasir insanın “tərəqqi” kimi təfsir etdiyi proses, həm də elə baş verən ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olmaqdadır. Fakt odur ki, hər yerdə humanitar, sosial, siyasi, milli, dini, mənəvi-etik və s. seriya ziddiyyətlər tüğyan etdiyindən məntiqi olaraq Yer üzündə sülh və təhlükəsizlik, kommunikasiya və dialoq problemi – “əbədi sülh” problemi nəinki, öz həllini tapmır, əksinə, o daha da dərinləşməkdədir. Bütün bunlar isə nəzəri fikrin, o cümlədən elmi, fəlsəfi, dini, sosial və siyasi tədqiqatların daha da dərinləşməsi və multidissiplinar aspektdə aparılmasını, xalqlar, millətlər, dinlər və mədəniyyətlərarası əlaqə və münasibətlərdə yeni paradiqmanın tapılmasını məntiqi zərurət kimi alktuallaşdırır. Lakin əvvəlcədən etiraf edək ki, nəzəri olaraq (kamil və ya qeyri-kamil) paradiqmalar dünyad mövcud olsa da, onların praktikaya – real əlaqə və münasibətlərə tətbiqi tarixən olduğu kimi hazırda da problemdir. İndi bizi Orta əsrlərdən, o cümlədən, Yeni Dövr elmi-nəzəriyyələrin meydana çıxdğı “inqilablar epoxasından” kifayət qədər həm zaman ayırır, həm də müasir cəmiyyət yüksək biliklərə əsaslanan “modern cəmiyyət” hesab olunur. Lakin problem ondadır ki, Sivilizasiyanın və texnikanın inkişafı kontekstində – “moderin cəmiyyət” həmişə hansısa təkrar-təkrar ziddiyyətlərlə üzləşir və bu səbəbdən də dünyada sülh məsələsi ciddi həllolunmaz problemə çevirilir. Aydın görünür ki, “modern” olmaq Vəhdəti unutmaq demək də deyildir; yetər ki, insani birliklər, yüksək kommunikasiyaya apelyasiya etmiş olsun. Məqalədə fəlsəfi interpretasiyalardan çıxış edərək qeyd olunur ki, sülhə nail olmaq işi və bu işdə “mobilizasiya” olunmaq “millət ideyasının” təşəkkülünə xidmət edir, müasir filosof Yurgen Habermans hesab edirdi ki, məhz belə bir mədəni, müəyyən mənada “xəyali” vəhdət ona gətirib çıxarır ki, hər hansı bir dövlət ərazisinin əhalisi özlərini müasir milli dövlətin vətəndaşları kimi hiss etməyə başlayır və bununla da ortaq bir konsensusun təməl prinsipləri meydana çıxmış olur (Məmmədzadə 2012, 50).
Azərbaycan bu gün bölgənin lider dövlətidir, 44 günlük Böyük Vətən müharibəsindən sonra regionda çiddi dəyişikliklər baş verməkdədir. Aydındır ki, sülhü istəyən qüvvələr olduğu kimi, ona mane olmağa çalışan qüvvələr də vardır. Ona görə də istər nəzəri, istərsə də praktiki anlamda baş verənlərin təhlili göstərir ki, böyük sülhə nail olmaq üçün istər nəzəri, istər təbliğat-təşviqat işində və praktiki anlamda çox işlər görülməlidir. Məqalə bu xüsusda işlənmişdir. Azərbaycanın həyata keçirdiyi strategi layihələr bu anlamda xüsusi önəm kəsb edir və bu hədəflərin başlıca məqsədi həm regional, həm də bəşəri həmrəyliyin, sülhün, qorunmasına xidmət etməkdədir.

1. Əbədi sülh – utopiya, yoxsa idrakı axtarış?
Problemə nəzəri baxış. Ədəbiyatla tanışlıq göstərir ki, girişdə irəli sürülən problemin tam fəlsəfi və praktiki həllindən əlbəttə danışmaq indi, hətta nəzəri fikirin özü üçün belə son dərəcə problmatikdir – ehtiyatla bəhs edilir. Məsələ ondadır ki, istehsal vasitələrinin inkişafı, əhalinin sayının artması, istehlakın genişlənməsi, zəruri ehtiyaclardan artıq olan mal, mülk, sərvət və s. uğrunda – ola bilsin ki, nüfuz uğrunda savaşlar¬ – “hakimiyyət əzmi”(Nits¬şe, 2) insanda yeni-yeni qorxulu fəaliyyət istiqaməti, həm də mənəvi-psixoloji və s. asosial meyillərin də təkrar, “daima təkrar” istehsal olmasını meydana çıxarmaqdadır. Digər bir kontekstdən yanaşdıqda isə, indi elə bil ki, texniki tərəqqi və elmin yaratdığı ab-hava insanı, sivilizasiyamızı “məst” etmişdir. Problem ondadır ki, müasirliyin məxsusi xüsusiyyətləri təfsir edilərkən elm adamların qənaətinə görə, həqiqətən də məlum olur ki, “fiziki elmlər psixoloji elmi çox qabaqlamışdır”(Dürant 2006, 501). Fakt odur ki, həyatın elə bir sahəsini tapmaq mümkün deyildir ki, orada elmin gətirdiyi “kult”, texnikanın hegemoniyası və ifrat sivilizasion ab-hava hiss edilməsin. “Biz indi fiziki mexanizmə kifayət qədər sahibik və müxtəlif vasitələri istehsal edə bilirik, amma biz hələ elə bir bilik əldə etməmişik ki, onun vasitəsilə müxtəlif dəyərləri öz həyatımızda aktual edə bilək...”(Dürant 2006, 501). Məsələni həddindən artıq konkrektləşdirməyə “sıxılmış vəziyyətdə” təfsir etməyə çalışarkən, problemə bütövlükdə fəlsəfi nöqteyi-nəzərdən yanaşdıqda, asanlıqla müəyyən etmək mümkündür ki, müasir şüurlu insan tipi meydana çıxmışdır. Bilik bir növ insan, cəmiyyət və sivilizasiyada problemlərin sayın mürəkkəbləşdirmişdir. Mürəkkəblik artıq elə bir həddə çatmışdır ki, insanın yaratdığı elmi- texniki tərəqqi onun həyatına rifah gətirmək əvəzinə bütün sahələrdə onu məğlub duruma salmışdır. Filosofların qənaətinə görə indi “insan o qədər predmet, əşya, silah, maşın, müxtəlif cür vasitələr və s. yaratmışdır ki, [bu çoxluğun – predmetlər dünyasının içərisində özünü itirərək Ş. Z.] onlarla rəftar qaydaları, ünsiyyıt, dil tapa bilmir” (İsmayılov 2010, 362). Bəla ondadır ki, bu tip insanı elə bil ki, yaratdığı heç bir şey qane etmir, gedonizm və s. müxtəlif ifrat maraqlar mənəvi normaya çevrilərək insanı kommunikasiya, sülh, birgəyaşayış və s. üçün təhdidlər yaratmağa sövq edir. Təbiətə, dünya və “başqalarına” etimadsızlıq, insan nəslinin mövcudluğu haqqında yanlış təsəvvürlər hər yerdə cəmiyyətlərin sosial, siyasi, iqtisadi, etik idrakı, və s. ünsiyyət modelinin – ekzistensial, etik, mənəvi, humanitar modelinin – korlanmasına səbəb olmuşdur. Yuxarıda fəlsəfəyə istinad edərək qeyd etdik ki, “modern – tamamlanmamış layıhədir: [və fakt odur ki,- Ş. Z.] onun natamamlığı millətin və milli dövlətin formalaşması tarixinin müxtəlif cəmiyyətlərdə fərqli olması ilə bağlıdır”(Məmmədzadə, 58). Hər halda bu faktı bütövlükdə sivilizasiya tariximizin məxsusi xüsusiyyətləri təsdiq etməkdədir. Ona görə də biz münaqişələrin fəlsəfəsindən bəhs edərkən, müxtəlif ziddiyyətlərin baş vermə səbəblərini də məhz, fərqli idraki təfəkkürlərdə və müxtəlif ideologiyaların “zərərliyi” və “yararllığı” həddində axtarmalıyıq. Başqa sözlə desək, aydın olan odur ki, ən əsası, siyasəti və ideologiyaları, dinləri, mədəniyyətləri “təmsil” edən tərəflər özlərini ortaq məxrəcə gətirmək üçün bəzən “əllərində” olan faktiki rallıqları deyil, tarixi “gerçəklikləri”- arxetepləri qabartmaqla problemi daha da dərinləşdirməkdədirlər. Belə ki, sülh və təhlükəsizlik problemindən bəhs edərkən aydın olur ki, bəzən obyektiv olaraq qlobal proseslərdəki tendensiyanın təbiətindən irəli gələn dinamika səbəbindən, bəzənsə sırf zərərli ideologiyaların təbliği sayəsində “biliyin və moderinin” revanşı fonunda mədəniyyətlər, sivilizasiya və dinlər qarşı-qarşıya qoyulmağa cəhd edilir, bununla da hər şey yalnız ideoloji kursun mənafeyinə təslim edilir və s. İndi fakt odur ki, “sülh və təhlükəsizlik” məsələsi bütün problemləri önləmişdir; Problem ondadır ki, hər yerdə hər bir dövlət bu problemin fəlsəfəsindən çıxış edərək həm Yerin resurslarını tükədir, həm də bütün fəaliyyət və inkişaflarıyla bir növ elə bil ki, ətrafı “zəhərləyirlər”: bunun üçün sivilizasiya insanının əlində ciddi əsaslar da vardır: məqsəd təhlükəsizlik və “əbədi sülhə” cəhddir (Zeynalov 2020, 79 - 81). Elminsə konkrekt “sahibi” olmadığından bir növ o ya “susur”, ya da “tərəqqi naminə” fəlakəti artırmağa sövq etdilir; tərəqqi məqsəddir, lakin nəticə fəlakətlidir!
Fəlsəfi kontekstdən – ekzistensial anlamda problemə yanaşdıqda göründüyü kimi “insan çox qəribə memardır. O hər şeyi yaratmağa qabildir, lakin yaratdığını idarə etməyə qabil deyildir. Övlad (sivilizasiya, mədəniyyət, təsisatlar- Ş. Z.) və ya texnika onun məhsuludur, lakin insan heç vaxt deyə bilməz ki, onları asanlıqla idarə edə bilir. Belə olsaydı “atalar-oğullar” problemi, texnikanın yaratdığı problemlər meydana çıxmazdı” (İsmayılov 2010, 362). Başqa formada desək,tarixi tendensiya sübut edir ki, tarixən ənənə ilə novatorluq, müasirliklə tarixi təcrübə arasında ziddiyyətlər bəzən elə bir həddə gəlib çatır ki, konsensusu konfrontasiyalar, dialoq və əməkdaşlığı “maraqların təminatını” həyata keçirən “emissiyalar” əvəz etmiş olur. Dövlətlər də belədir, daima bir dövlət başqa dövlətin problemini həll etməyə girişir. Bu “emissiyada” əlbəttə ki, tamamilə yeni bir məzmun əmələ gəlir, mədəniyyətlər, ideoloji toqquşmalar və s. meydana çıxır. Demək olar ki, Yer üzündə mövcud olan bütün “qüdrətli” dövlətlər öz militarizm siyasətindən əl çəkmək əvəzinə onu daha da dərinləşdirmək və artırmaq imkanları üzərində bütün siyasətlərini həyata keçirməyə cəhd edirlər. Bu səbəbdən də dialoq mədəniyyəti, sülh və s. humanitar problemlərdən bəhs edərkən, əgər biz ziddiyyətlərin sayını sıralamaq istəsək seriya problemlər toplusu ilə üz-üzə olduğumuzu qeyd etmək məcburiyyətində qamış oluruq. Buradan isə bir nəticə hasil olur: sülh və təhlükəsizlik problemini – “əbədi sülh” problemini yalnız nəzəri problem kimi deyil, həm də praktiki, sosial, siyasi, elmi, mənəvi, humanitar və s. olaraq dərk etmək vacibdir.
Belə bir məqamda praktikadan çıxış edərək yalnız bir faktı qeyd edək: 30 ildən artıq bir zamanda daima Ermənistanın təhdidi və işğalçılıq siyasətilə mübarizə aparan ölkəmizin yaxın tarixi göstərdi ki, əksər məqamlarda dünyanın supergücləri böyük sülh və əminəmanlıqdan bəhs etsə də, son anda ikili standartlara meyillənirlər. Bu isə hər şeydən əvvəl bizə dialoq və dialoq fəlsəfəsinin Yer üzündə tam təfsilatı ilə qəbul olumayacağının mesajını verməkdədir. Problem bizim sivilizasiyanın mahiyyətindən gəlir. İnsan yaratdığı sistemin gətirdiyi bəlaların əziyyətini öz varlığında çəkməyə məcbur edilmişdir. Ekzistensial anlamda bunu “azadlığın məhkumluğu” da adlandırmaq olar.

Səmimiyyət problemi - səmimiyyət Azərbaycan təcrübəsində siyasi kateqoriya kim.

Problemin qoyuluşundan çıxış edərək qeyd edək ki, dünya hazırda bir etik, əxlaqi və kommunikasiya problemi yaşayır, əksər məqamlarda dünyada səmimiyyət, rasional siyasət və humanizm bir növ hər cür “insani” və ideoloji maraqlara qurban verilir; bir növ dünyada etimad məsələləri insanlar, təsisatlar və dövlətlər arasında problemə çevirilir. Böyük güclər - hamilər “əbədi sülhdən” danışır, sonucda militarizm siyasəti bəzən açıq, bəzən də “yumuşaq güc” qismində hər şeyə təsir etmiş olur. Bu səmimiyyətsizlik və etimadsızlıq mühitində əsl insani kommunikasiyalar, dialoq beynəlxalq müstəvidə dalana dirənir. Bu anlamda sülh və təhlükəsizlik probleminə praktik anlamda yanaşdıqda heç şübhəsiz məlum olur ki, ölkəmizin dünyada həyata keçirdiyi humanitar strateji xəttə adi bir proses kimi baxmaq olmaz. Azərbaycanın siyasi rəhbərliyinin yüksək dialoji təfəkkürə əsaslanan humanitar siyasətini məhz bu kimi yuxarıda qeyd edilən mənfi tendensiyanın bütün dünyada aradan qaldırılmasına hesablanmış bir yol xəritəsi-paradiqma hesab etmək lazımdır. Bu zərurətdən çıxış edərkən 2013 cü ilin oktyabrın 31 də III Bakı Beynəlxalq Humanitar Forumun açılışında ölkə prezidenti İ. H. Əliyev qeyd edirdi: “Beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar əməkdaşlıq ancaq qarşılıqlı etimad əsasında qurula bilər. Bəziləri hesab edir ki, səmimiyyət siyasi kateqoriya deyildir. Ola bilər. Ancaq biz elə etməliyik ki. səmimiyyət siyasi kateqoriyaya çevirilsin. Əgər belə olsa, onda hesab edirəm ki, dünya daha da təhlükəsiz olacaqdır” (Əliyev 2015, 488). Tendensiyadan çıxış edərkən məqalədə digər bir zəruri qeydi etməyi vacib hesab edirik: Minsk qrupunun 28 illik fəaliyyətini xatırlamaq kifayət edir ki, dünyada baş verən proseslərin mahiyyətini ən ümumi şəkildə görə bilək. Müşahidələr göstərir ki, dünyada sülh mövzusu hər yerdə beynəlxalq təsisatların əsas devizi olsa da konkret faktlarda bu problem – sülh problemi öz təsbitini tapmır. Məsələn, məlum münaqişənin 30 illik tarixi dinamikasını və həll mexanizmindəki “ritorik söz oyunlarını” analiz edərkən görürük ki, xalqların iztirab və faciələri siyaət üçün, bəzən, yəni beynəlxalq siyasət üçün adi bir söz oyunundan elə bil ki, o tərəfə keçmir. Vətən müharibəsində Azərbaycanın əks-hücum nəticəsində hərbə istinad etməsini də biz beynəlxalq “sülh standartlarının” ikili mahiyyətində axtarmalıyıq. Bu kimi səmimiyyətdən uzaq proseslər nəticəsində faktiki olaraq Azərbaycan müharibəyə məcbur edildi və buna baxmayaraq qələbə çaldı. Ancaq biz prosesi fəlsəf refleksiyaya məruz qoyuruqsa xüsusi qeyd edək ki, müharibə olmaya da bilərdi. Bunu görmək üçün heç ola bilsin ki, dərin analizlərə də, ehtiyac yoxdur. Çünki, əsası ulu öndər, mahir strateq, H. Ə. Əliyevi tərəfdən qoyulmuş Azərbaycanın müasir inkişaf modelinin fəlsəfi əsaslarında müharibə mövzusu demək olar ki, ən sonuncu yerlərdən birini tutur, özünümüdafiə xarakteri daşıyır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu barədə açıq mətnlə bildirmişdir. Bu dahi müdriklik idi ki, prezident İ. H. Əliyev də uzun müddət bu strategiyanı yüksək səmimiyyət, əzm və iradə ilə dünya miqyasında, məhz, həqiqi sülh və birgəyaşayışın fəlsəfəsinə əsaslanaraq həyata keçirmişdir və hal hazırda da yüksək əzmlə davam etdirir. İndi hər kəsə aydındır ki, hətta müharibəyə məcbur edildiyi bir ərəfədə də, düşməndən dəfələrlə bütün resursları və hüquqi üstünlüyə malik olmasına baxmayaraq dialoq fəlsəfəsindən çıxış etmək böyük mənəvi güc, müdriklik tələb edirdi.
Təsadüfi deyildir ki, 2021-ci ilin fefral ayının 26 da ermənilərin törətdikləri Xocalı qətliamının 29-cu ildönümü günü –Azərbaycan prezidenti İlham Əliyev bir qurup xarici və yerli KİV nümayəndələri üçün keçirdiyi mətbut konfransında Böyük Britaniyanın “Teleqraf” qəzeti əməkdaşının – “Bu qorxunc soyqırımını anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm. Sizcə davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, gələcəkdə davamlı sülhün tərəfdarı olacaq?” sualını cavablandırakrən Prezident İ. Əliyev əminliklə bildirmişdir: “Əlbəttə ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu görmək üçün mən sizi 10 noyabr Bəyanatı ilə tanış olmağa dəvət edirəm. Mən, Rusiya Prezidenti və Ermənistanın baş naziri ona imza atmışıq. Erməni tərəfi bizə qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq”(https://president.az/articles/507387). Daha sonra Ali Baş Komandan öz fikirlərini davam etdirərək bildirmişdir: “Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışıqlarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar” (https://president.az/articles/50738).
Məsələyə digər bir kontekstdən yanaşdıqda görürük ki, müharibə dövründə Prezident İlham Əliyevin 30 dan artıq beynəlxalq informasiya resurslarına verdiyi müsahibələr və bu müsahibələrdə daima sülh və dialoqa, ortaq məxrəcə qapıların açıq olması mesajları verməsi göstərdi ki, Azərbaycanın strateji hədəflərində müharibə mövzusu yalnız haqqın, ədalətin, beynəlxalq sülhün, birgəyaşayışın təmin edilməsi üçün ola bilər. Əslində, müharibə dövründə Azərbaycana dəstək olan qüvvələrin, dövlətlərin siyasəti də göstərdi ki, Azərbaycanın həyata keçirdiyi bu rasional arturist¬ siyasətin mehvəri dünyada birgəyaşayışın qorunması üçün təməl prinsipləridir. Analizlər göstərir ki, 44 günlük Vətən müharibəsinin real mahiyyətini siyasi, ideoloji, fəlsəfi, idrakı, humanitar və s. anlamda araşdırmaq üçün həm də böyük zaman lazım olacaqdır. Bu anlamda Azərbaycan təcrübəsinin hazırda regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində əvəzsiz resept kimi çıxış etməsi faktdır.

Azərbaycan təcrübəsi – regional sabitliə terapiya üsul kimi

Bütövlükdə yuxarıda toxunulmuş məsələlərin interpretasiysından çıxış edərəkən sual yaranır: Kommunikasiya kontekstində sülh və təhlükəsizlik - “əbədi sülh” probleminə qarşı bir həll mexanizmi tapmaq mümkündürmü? Planetdə baş verən qlobal təhlükələr fonunda – sülh və təhlüksəsizliyə xalqlar, millətlər, sivilizasiyalar necə nail olmalıdır? Dialoq fəlsəfəsini, multikulturalizm, tolerantlıq, sülh və vəhdət ideyalarını bərqərar etmək üçün müharibə variantı qaçılmazlıqdır? Humanitar əməkdaşlıqlar və etnik, milli, coğrafi və s. münaqişələr o cümlədən, dinlər arasında əlaqə və münasibətlər necə tənzimlənməlidir? Bu işdə dialoq fəlsəfəsi və dialoq mədəniyyətinin tətbiq edilməsi və səmimiyyət problemin həllində hansı rolu oynaya bilər? Rasional alturuizm fəlsəfəsindən, ədalətli və ağıllı gücdən istifadə etməklə dünyada bütün münaqişələri həll etmək olarmı? Bu fəlsəfədən çıxış edərək bəşəriyyəti təhdid edən milli, etnik, ərazi uğrunda və s. baş verən lokal və regional münaqişə və müharibələrə son qoymaq olarmı? Qloballaşma və milli maraqların arasında ümumi əlaqlələr və ya toqquşan əks maraqlar nədir? Bütün bu suallar göstərir ki, Azərbaycanın istər Vətən müharibəsi dövründə, istərsə də post-müharibə dövründəki apardığı kommunikativ siyasətin öyrənilməsi dünya üçün nə qədər əhəmiyyətlidir.
Müşahidələr göstərir ki, regional təhlükəsizlik problemi Azərbaycanın şəxsən Prezident İlham Əliyevin həll etməyə çalışdığı ən əsas hədəflərdən biridir. Azərbaycanın müasir hədəflərinin başlıca xətlərindən birini təşkil edən Rusiya və Türkiyəni böyük humanitar, iqtisadi, siyasi inteqrativ proseslərdə yaxınlaşdırmaq cəhdi də buradan gəlir: regionda sülh və təhlükəsizliyi təmin etməkdə rasional siyasətin həyata keçirilməsi. Tarixdə baş vermiş hər çür qarşıdurmalar və müharibələrin yaratdığı nəticələri sağlam təfəkkürlə analiz edərək yeni dialoq platforması ətrafında regional sülhü və təhlükəsizliyi bərpa etmək, müharibə əvəzinə regionda yeni əməkdaşlıqlar və yeni birliklər yaratmaq bu siyasətin əsas xəttini təşkil edir. Yaxın tarixə ekskurs etdikdə görürük ki, əslində bu Azərbaycan dövlət ənənəsinin əsas istiqamətlərindən biridir. Vaxtilə Azərbaycan respublikasının prezidenti İ. H. Əliyev humanitar problemlərin nəzəri və praktiki əhəmiyyətindən bəhs edərkən qeyd edirdi: “Humanitar məsələlərin müzakirəsi, humanitar əməkdaşlıq müsbət istiqamətdə atılan addımdır. Mən hesab edirəm ki, humanitar əməkdaşlığın hər bir aspekti dünya gündəliyinin mərkəzində olmalıdır. Çünki bir daha demək istəyirəm ki, bir çox hallarda siyasi və iqtisadi məsələlər təbii ki, ön plana çıxarkən bu məsələlər bir az diqqətdən kənarda qalır. Buna imkan vermək olmaz”[Əliyev 2015, 488]
Fikrimizcə, Azərbaycanın 27 sentyabr 2020-ci ildə məcburən, qatıldığı ikinci Qarabağ savaşının başlama tarixindən əvvəlki təcrübəsi – həm də elə müharibə dövründəki təcrübəsi, müharibə zamanı humanitar hərəkatın “Azərbaycan Modeli” təcrübəsi – dünyada humanitar-etik siyasətin həyata keçirilməsi işində proqram kimi hər bir dövlət üçün nümunə ola bilər. 30 illik praktiki təcrübə göstərdi ki, Ermənistan kimi aqressiv dövlət təfəkkür və strategiya nöqteyi-nəzərdən sülhə və dialoq fəlsəfəsinə açıq olmadığından bu dövlətlə sülh və anlaşma dinc yolla həyata keçmədi. Bu artıq “moderin cəmiyyətin” problemi yox, zərərli ideoloji kursun praktiki nəticələridir. Bu anlamda biz, İkinci Qarabağ savaşının həllolunma mexanizmini – dünyada sülhün bərqərar olması üçün atılmış addımları – Yeni dünya nizamı üçün də bir prisident hesab edirik. Bu savaşın fəlsəfəsi ondan ibarətdir ki, sözə, dialoq fəlsəfəsinə, humanizm və multikulturalizmə açıq olmayan qapalı terorçu rejimlər, ideologiyalar sülhə məcbur edilməlidir. Hər halda ola bilsin ki, bu metoddan digər regionlarda da istifadə etmək olar. Çünki 27 sentyabrda başlamış və 10 noyabrda bitmiş 44 günlük Vətən Müharibəsi – bu savaşının həm də fəlsəfəsi ondan ibarətdir ki, ermənilərlə “dil tapılmada” dialoq kontekstində işlərə cəhdlər edildi, ancaq proses göstərdi ki, bəzən dialoq fəlsəfəsi qarşı tərəfin təfəkkür qıtlığı, mifik və sərsəm ideyaları, ideoloji deformasiyalar üzündən dalana dirənə bilir. Hər halda sülh və təhlükəsizlik məqsədilə aparılan bu müharibənin fəlsəfəsi düşünürük ki, ən müxtəlif istiqamətlərdən hələ uzun müddət öyrəniləcəkdir. Əslində bu üç səmavi dinlərin faşizm siyasətindən - terror məngənəsindən xilas edilməsi idi. Hər halda bir çox məqamlarda Qərb və dünya ölkələrinin Azərbaycanı dəstəkləməsini də buradan gəlirdi. Ona görə də dialoq fəlsəfəsindən və humanitar siyasətdə Azərbaycan təcrübəsindən terapiya üsulu kimi bəhs edərkən qeyd etmək lazımdır ki, bu – “böyük dialoq prosesi” yalnız bir tərəfin həll edəcəyi birtərəfli proses deyildir; analizlər göstərir ki, bu həm də qarşı tərəfin dünyagörüşündən, ideologiyasından, sülh və təhlüksəsizliyə apelyasiyasından ciddi şəkildə asılı olan prosesdir.
Ölkə başçısı 26 fevral 2021- ci ildə KİV nümayəndələri ilə keçirilən toplantıda bildirmişdir: “Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır” (https://president.az/articles/50738).
İndi regiona sülhmərəmlı qüvvələr gətirilmişdir, bu əslində ermənilər üçün dinc yaşamaqda yeni bir şansın yaranması deməkdir. Amma, həmdə bu inamdayıq ki, mifik erməni ideologiyası ermənilərin idrakından və həyat tərzlərindən ləğv edilməyincə regionda stabilliyin də tam təminatından danışmaq problematik olaraq qalacaqdır. Başqa sözlə desək, biz anlayırıq ki, Yer üzündə “Əbədi sülhdən” danışmaq belə bir mürəkkəb zamanda utopiya hesab edilə bilsə də, bu, o anlama gəlmir ki, bizim –yer üzündə mövcud olan insanın təfəkkür və idrakı yalnız müharibə və münaqişələrə istiqamətlənmişdir. Bəşəriyyətin keçmişi də, indi və gələcəyi də kommunikasiyaya inamdan asılıdır. Bütün dinlərin mahiyyəti Vəhdət ideyasının ətrafında birləşir. Əlbəttə biz nəzəriyyədən çıxış edərkəın anlayırıq ki, “əbədi sülh” müasir insan təfəkkürü üçün nə isə qəribə bir şey kimi də görsənir, tarixin bütün məşəqqətləri, qorxu və iztirabları bizim “canımızdadır”. Sivilizasiyamız hələ ki, bu ziddiyətləri aşmaq iqtidarında deyildir. Amma bu o demək deyildir ki, gələcək insani təfəkkür bu problemi həll etmək iqtidarında olmayacaqdır. Millətlər, xalqlar, cəmiyyətlər mütləq ümumi yaşamaqda bir yol tapacaqdır – tapmalıdır. Sivilizasiyanın və texnikanın inkişafı – “moderin” həmişə hansısa ziddiyyətlərdə olacaqdır. Bu anlamda “modern” olmaq Vəhdəti unutmaq demək də deyildir. Yetər ki, insani birliklər, yüksək kommunikasiyaya apelyasiya etmiş olsun. Biz unutmamalıyıq ki, “mobilizasiya” “millət ideyasının” təşəkkülünə xidmət edir. Məhz belə bir mədəni, Habermansın təbirincə, müəyyən mənada “xəyali” vəhdət ona gətirib çıxarır ki, hər hansı bir dövlət ərazisinin əhalisi özlərini müasir milli dövlətin vətəndaşları kimi hiss etməyə başlayır” (Məmmədzadə 2012, 50).
Böyük sülhə ümidimizi itirməmək şərtiylə məqaləni İ. Kantdan gətirdiyimiz bir fikirlə bitirməyi zəruri hesab edirik. “Əbədi sülh” haqqında traktat bu mövzunun nəcib inkişafıdır”. Lakin Yeni yaranan imperiya hərisliklərində və militarizmin inkişafı fonunda böyük filosof çox gözəl bilirdi ki, “bu cümlə necə də gülməlidir” (Dürant, 2006, 274): “əbədi sülh”. Biz bu fikirlə indi XXI əsrdə – qloballaşan və elmi-texniki inkişafı yüksək şəkildə həyat priroritetinə çevirən sivilizasiyada da razılaşmaq məcburiyyətindəyik! Anlayırıq ki, nə qədər ki, Yer üzündə militarizm, hərb sənayesi, erməni ideologiyası kimi qorxunc millətçi, həm də faşist ideologiyalar mövcud olacaqsa “əbədi sülhü” bir kənara qoyaq, hətta uzunmüddətli regional sülhdən danışmaq həmişə kövrək xarakterli olacaqdır. Ancaq bu həm də o demək deyildir ki, Yer üzündə sülh və sabitliyi təmin etmək mümkün deyildir. Hər halda həm regionda, həm də dünyada yeni bir mədəniyyət, dialoq mədəniyyəti platforması formalaşmaqdadır. Bu təşəkkületmədə başlıca aktorlardan biri Azərbaycandır. Azərbaycan və onun siyasi rəhbərliyinin şəxsən prezident İ. H. Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səmimiyyət üzərində qurulmuş dövlətçilik fəlsəfəsi bu istiqamətdə hər kəs üçün bir örnək kimi çıxış edir. Bu əxlaqi siyasətin fəlsəfəsi bütövlükdə post-konflikt dövrünün realliqlari fonunda region xalqları üçün yeni bir strateji reallıqlar yaradır – birgəyaşayış və konsensus bəşəriyyətin gələcəyidir bundan imtina etmək deyil, bütün dünlər, mədəniyyətlər və cəmiyyətlər bu paradiqmaya doğru istiqamətlənməlidir.

Nəticə
Kommunkasiya və sülhün mahiyyətindən çıxış edərək məqaləni tezis formasında aşağıdakı kimi ümumiləşdirmək olar:
– “Əbədi sülh” anlayışını müasir sivilizasiyanın ontoloji, epistemoloji, ekzistensial mahiyyəti inkar etməsə də onun həyata keçməsi ola bilər ki, bizim təfəkkürümüz üçün məlum deyildir.
– Humanitar siyasət, dialoq fəlsəfəsi, dialoq mədəniyyəti, multikulturalizm, tolerantlıq və s. kimi anlayışlar “əbədi sülhü” tam təmin etmək iqtidarında olmasa da, müasir cəmiyyətlərin əlaqə və münasibətlərinin tənzimlənməsində bu anlayışlardan başqa daha güclü humanitar “terapiya üsulları” mövcud deyildir.
– Azərbaycan həm beynəlxalq səviyyədə, həm də regional səviyyədə xüsusilə Qafqazda birgəyaşayışın təşkil və təmin olunmasında maraqlı olan tərəfdir. Milli mədəniyyətin, milli birliyin qorunmasi, ölkədə və regionda birgəyaşayışın təmin edilməsi – qlobal humanitar siyasət Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin əsas strategiyası kimi çıxış edir.
– Humanitar istiqamətdə özünə güclü tərəfdarlar toplamış Azərbaycan təcrübəsi göstərir ki, bəşəriyyətin keçmişi də, indi və gələcəyi də mədəniyyətlərin, sivilizasiya və dinlərin dialoq və əməkdaşlığa, kommunikasiyaya apelyasiyasından asılıdır.
– “Özünütəcrid” və başqa mədəniyyətlərə, dinlərə, sivilizasiyalara qarşı inamsızlıq “modern dünya” anlayışı ilə uzlaşmayan refleksiyadır. Müasir insani təfəkkür bu refleksiyadan imtina etməklə yeni idraki təfəkkürə apelyasiya edərək dünyada əbədi olmasa da davamlı sülhü təmin edə bilər.


Ədəbiyyat siyahısı
1. Məmmədzadə İ. Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər. Bakı- “Təknur”- 2012.
2. Fridrix Nitsşe. Hakimiyyət əzmi. Yolçu və kölgəsi. Bakı. “ZƏKİOĞLU” nəşriyyatı, 2008.
3. Uil Dürant. “Fəlsəfi hekayətlər” “Zəkioğlu” nəşriyyatı [ing. tərc – A. Əsədov] Bakı – 2006.
4. İsmayılov F. Q. Bəşəri Problemlər. Bakı: Turan Evi, 2010.
5. İlham Əliyev, Azərbaycan tolerantlıq örnəyidir [çıxışlar, nitqlər, görüşlər, təbriklər]. Bakı, 2015. III Bakı Beynəlxalq Forumunda açılış nitqindən.
6. Zeynalov, Ş. Ə. “Dialoq mədəniyyəti və müasirlik”. Bakı “Avropa” nəşriyyatı, 2020.
7. https://president.az/articles/50738
8. Шпенглер О. Закат Европы. В 2-х т, Т.1, Москва: Айрис-пресс, 2006.
9. Философия Мартина Хайдеггера и современность. Ред. Колл. Мотрошилова Н. В.(отвес. ред.) Бибихин В.В. и. д. – М.: Издательство Наука, 1991.


Bax: Шпенглер О. Закат Европы. В 2-х т, Т.1, Москва: Айрис-пресс, 2006, 528.
Тойнби А. Дж. Постижение истории, М.: Прог-ресс. 1996.
Хантингтон С. Столкновение цивилизаций. Пер. с англ. Т. Велимеева, Москва: АСТ, 2006.
Фукуяма Ф. Великий разрыв. Пер. с англ. М.: АСТ, 2004.
Хатами М. Ислам, диалог и гражданское об-щество. Москва: РОССПЭН, 2001.
Философия Мартина Хайдеггера и современность. Ред. Колл. Мотрошилова Н. В.(отвес. ред.) Бибихин В.В. и. д. – М.: Издательство Наука, 1991.
Bax: Шпенглер О. Закат Европы. В 2-х т, Т.1, Москва: Айрис-пресс, 2006, 528 с.

ait.edu.az