02.06.2022, 14:19 - Baxış sayı: 499

Azərbaycan - Pakistan dostluq əlaqələrinə elmi baxış


Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər” adlı monoqrafiyası haqqında qeydlər

Mübariz Ağalarlı
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent

Dünyanın ən qədim sivilizasiya məkanlardan biri də Pakistan bölgəsidir. Tarixlər boyu müxtəlif sivilizasiyaların qovşağına çevrilən bu bölgə islamaqədərki mədəniyyətlərə ev sahibliyi etmiş, islam sivilizasiyası dövründə isə daha da inkişaf edərək müxtəlif mədəniyyətlərin sintezindən yeni bir mədəniyyət sistemi formalaşmışdır.
Məlumdur ki, Pakistan bölgəsində siyasi sistemin və etno-mədəni mühitin formalaşmasında türk etnik-mədəni irsinin böyük rolu olmuşdur. Qədim zamanlardan etibarən bu bölgədə baş verən miqrasiya axınlarının, hərbi-siyasi və etnik proseslər və türk etnoslarının bu proseslərdə davamlı iştirakının, bölgənin müasir etnik-siyasi mənzərəsinin formalaşmasında müstəsna rolu olmuşdur. Xüsusilə də, orta əsrlər dövründə indiki Pakistan ərazilərini də öz hüdudları daxilinə alan türk imperiyaları bölgənin etno-siyasi və mədəni həyatında böyük iz buraxmışdır.
Müasir dövrdə Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlardır. Xüsusilə də, Səfəvilər və Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın bu bölgə ilə çox yaxın siyasi, iqtisadi və mədəni əlaqələri mövcud olmuşdur. Yüz illər öncə mövcud olan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan – Pakistan əlaqələrinin əsasını və təməllərini təşkil edən vacib amillərdəndir. Məhz Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasına düşmüşdür. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır.
Azərbaycan Respublikasının müstəqilliyinin bütün dövrlərində Pakistan dövləti həmişə Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın Qarabağ bölgəsinin erməni faşistləri tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın siyasi və strateji mənafelərini dəstəkləmişdir.
Bu günlərdə şərqşünas alim, tarix elmləri doktoru Eynulla Mədətlinin Azərbaycan – Pakistan dostluq əlaqələrinin elmi-mədəni inkişafına böyük töhfə verən və qardaş Pakistan xalqının və onun dövlətçilik tarixinin ən ümdə məsələlərini əks etdirən “Pakistan: qısa tarixi-siyasi oçerklər” adlı elmi monoqrafiyası nəşr edilmişdir. Kitabın elmi redaktoru Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü Musa Qasımlıdır. Kitaba Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər xə xarici siyasət kafedrasının rəhbəri, hüquq elmləri doktoru, professor, Fövqəladə və səlahiyyətli səfir Namiq Əliyev rəy vermişdir.

Azərbaycan - Pakistan dostluq əlaqələrinə elmi baxışMüxtəlif tarixi mənbələr, elmi əsərlər, müəllifin diplomatik fəaliyyəti dövründə keçirdiyi görüşlər və yazdığı gündəliklərdən faydalanaraq ərsəyə gətirdiyi bu əsər Azərbaycan tarixşünaslıq elminin zənginləşməsinə töhfə verən əhəmiyyətli əsərlərdən biridir. Digər tərəfdən müəllifin bu əsərini Pakistanın tarixini, Pakistan İslam Respublikasının beynəlxalq əlaqələrini, Azərbaycan-Pakistan münasibətlərini özündə əks etdirən ilk monoqrafiya adlandırsaq yanılmarıq.
İlk öncə qeyd edək ki, bu monoqrafiya E. Mədətlinin ilk tədqiqat əsəri deyildir. Onun “Azərbaycan həqiqətləri İran tarixşünaslığında”, “İranda Azərbaycan tarixi məsələləri”, “Tarix və tarixşünaslıq məsələləri”, “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” və digər elmi tədqiqat əsərləri Azərbaycan tarix elminin zənginləşməsində olduqca böyük əhəmiyyətə malikdir.
Onun “Pakistan: qısa tarixi-siyasi oçerklər” adlı monoqrafiyasında tarixin müxtəlif dövrlərində Pakistan bölgəsinin siyasi tarixi şərh edilmiş, tarixlər boyu Pakistan bölgəsini də əhatə edən dövlət və imperiyaların fəaliyyəti elmi tədqiqat əsərlərinə və mənbələrə istinadən şərh olunmuşdur. Əsərdə Pakistan bölgəsinin islamaqədərki tarixi və bu bölgədə islam dininin yayılması prosesi şərh edilmiş, bölgənin etnik və dini mənzərəsi təhlil edilmişdir. Müəllif erkən orta əsrlərdə bölgənin etnik və dini mənzərəsini təhlil edərkən haqlı olaraq qeyd edir ki, “Xilafət valiləri bölgədə bir-birini əvəz etsə və hər dəfə mərkəzi hakimiyyəti bu bölgələrdə gücləndirmək cəhdləri edilsə də, yerli feodal hakimlər daha çox müstəqilliyə can atırdılar. Tədricən Sinddə, Multanda, həmçinin, Mərkəzi Asiyada Xilafət mərkəzindən az asılı olan müstəqil ərəb, türk, fars hakimlərinin meydana gəlməsi prosesi gedirdi və bu dövrdə türklərin yeri və rolu get-gedə artmaqda idi. Hətta Buxarada qurulan Samani hakimiyyətində belə türklərin mövqeyi güclənirdi. Xorasan və Qəznədə hakim olandan sonra Samani hökmdarı Alp-tekin üzünü Hind yarımadasına çevirmişdi və Xeybər keçidində puştulara qalib gələrək Peşavər vadisinə də sahib olmuşdu. Onun varisi Səbuk-təkin bu fəthləri davam etdirmişdi. Əfqanıstanda da türklərin mövqeləri daha da güclənmişdi. Hindi Türki-şahiləri zamanında islam mədəniyyəti bölgədə intişar tapırdı. Get-gedə daha çox yerli hakimlər islamı qəbul edirdilər. Ümumən, yarımadada islam dininin yayılmasında sufi təlimləri həlledici rol oynayırdı. Buddizmin hakim olduğu bölgələrdə belə sufi təlimləri yayılırdı”.
Məlumdur ki, Mərkəzi Asiyanın dövlətçilk sisteminin formalaşmasında Qəznəvi türk dövlətinin böyük rolu olmuşdur. Qəznəvilər sülaləsi 963-1186-cı illərdə dövrün və regionun güclü dövlətini qurmuş və geniş əraziyə sahib olmuşdur. Pakistanın şimal əyalətlərini də əhatə edən Qəznəvilər dövləti Sultan Mahmudun hakimiyyəti dövründə Pakistanın strateji bölgəsi olan Lahoru ələ keçirmiş, 1151-ci ildən etibarən Lahor şəhəri təqribən 30 il bu dövlətin paytaxtı olmuşdur.
Müəllifin bu əsərində Qəznəvilər dövlətinin siyasi tarixi, dini və mədəni mühiti haqqında olduqca əhəmiyyətli məlumatlar yer almışdır. Əsərdə qeyd olunur ki, “Lahorda (Pakistanda şəhər) islamın yayılmasında, xüsusilə Quran və hədislərin mənimsənilməsində 1005-ci ildə buraya gəlmiş Şeyx İsmayıl Buxarinin, Şeyx Hüseyn Zəncaninin, onun müridi Həzrət Şeyx Əlinin böyük xidməti olmuşdur. Onun burada tikdirdiyi məscid və sufi təliminə həsr etdiyi “Kəşfül-Məhcub” əsəri islamın yaylmasında və Buxara-Lahor əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynamışdır. Onun təsiri ilə Lahorun naibi Rai Raju islamı qəbul etmiş, Şeyx Hindi adını götürmüşdür”.
Təqdim olunan monoqrafiyada Pakistanın əyalətlərinin də daxil olduğu Dehli sultanlığı (1206-1526) və Böyük Moğol imperiyasının (1526-1857) siyasi, iqtisadi və mədəni inkişafında Pakistan bölgəsinin rolu əhəmiyyətli dərəcədə işıqlandırılmışdır.
Əsərdə diqqətçəkən məqamlardan biri də Səfəvilər və Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın Böyük Moğol dövləti ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin ətraflı şəkildə şərh edilməsidir. Bu əsərdə Səfəvi-Moğol münasibətlərinin əsasının qoyulması, Babur şahla Şah İsmayılın münasibətləri, Səfəvi hökmdarı Şah I Təhmasibin hakimiyyəti dövründə Səfəvi-Moğol münasibətləri, Moğol hökmdarı Humayun Şahın Səfəvi sarayına sığınması və Səfəvi dövlətinin hərbi köməyi sayəsində hakimiyyətini bərpa etməsi, həmçinin Moğol hökmdarları Əkbər Şah, Şah Cahangir və digər Moğol hökmdarlarının hakimiyyəti dövründə Səfəvi-Moğol münasibətləri də ətraflı şəkildə işıqlandırılmışdır.
Nadir Şah Əfşarın Böyük Moğol dövləti ilə münasibətlərini, Əfşar türk hökmdarı Nadir Şahın Hindistana yürüşlərini Avropa müəlliflərinin elmi əsərləri əsasında təhlil edən E. Mədətli Şərqin sonuncu fatehi Nadir Şahın spesifik siyasi cizgilərini də təsvir etməyi yaddan çıxarmamışdır.
Təqdim olunan kitabda Pakistanın XIX-XX əsrlər dövrü tarixi də işıqlandırılaraq elmi əsərlər əsasında təhlil edilmişdir. Xüsusilə də XIX əsrdən etibarən böyük dövlətlərin bölgədə həyata keçirdiyi müstəmləkəçilik siyasəti, region uğrunda amansız mübarizə, yerli xalqların müstəmləkə zülmünə qarşı azadlıq mübarizəsi, bölgədə hind-müsəlman qarşıdurmaları, baş verən milli-dini hərəkatlar kimi məsələlər əsərin əsas elmi istiqamətlərini təşkil edir.
Pakistanda milli dövlətçilik ideyasının yaranması, təşəkkülü, formalaşması və praktiki nəticələri bəhs olunan əsərin əsas istiqamətləri sırasındadır. Bu əsərdə Pakistan dövlətinin yaradılması prosesində Məhəmməd Əli Cinnah, Əllamə Məhəmməd İqbal kimi ictimai-siyasi xadimlərin rolu, Müsəlman Liqasının fəaliyyəti, Pakistan dövlətinin yaradılması prosesi elmi əsaslarla şərh edilmişdir.
Təqdiq olunan əsərdə Pakistan İslam Respublikası yarandıqdan günümüzə qədərki dövrdə baş verən ictimai-siyasi proseslər təhlil edilmiş, dövlətin siyasi sistemi, hökumət dəyişiklikləri, həyata keçirilən islahatlar müqayisəli şəkildə şərh olunmuşdur.
Əsərin elmi və siyasi əhəmiyyətini artıran məsələlər içərisində Pakistan dövlətinin etnik və mədəni sisteminin təhlili, tarixlər boyu Pakistanda baş verən islami hərəkatlar və dini təriqətlərin şərhi, Pakistan dövlətçiliyində dinin rolu, dövlətin həyata keçirdiyi xarici siyasət strategiyası, dövlətin regional və beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli münasibətlərinin əksi mühüm yer tutur.
Müəllifin müxtəlif dövrlərdə Pakistanla bağlı yazdığı bəzi məqalələrin, xüsusilə də, Azərbaycan-Pakistan münasibətlərinə həsr olunmuş araşdırmaların bu əsərdə yer alması monoqrafiyanın elmi və siyasi əhəmiyyətini artıran əsas amillərdəndir.
Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır.
Heç şübhəsiz ki, Eynulla Mədətlinin bu əsəri Azərbaycan-Pakistan əlaqələrinin inkişafında böyük bir elmi töhfə olmaqla yanaşı, eyni zamanda bu sahədə aparılacaq tədqiqatlara əhəmiyyətli dərəcədə işıq salacaqdır. Həmçinin, hər iki dövlətin elm və təhsil sahəsində əməkdaşlığının inkişafı istiqamətində bu istiqamətli əsərlər elmi baza rolunu oynayır. Ona görə də, bu kitabın elmi ictimaiyyət və bütünlükdə oxucular tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.

ikisahil.az