09.06.2022, 11:45 - Baxış sayı: 597

Azərbaycan–Pakistan: Sülhə və sabitliyə xidmət edən diplomatik əlaqələrin 30 ili


Eynulla MƏDƏTLI,
tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı sabiq səfiri

Azərbaycan Respublikasının xarici siyasətində Türkiyə Cümhuriyyəti kimi Pakistan İslam Respublikasının da xüsusi yeri və əhəmiyyəti vardır. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin həmrəyliyi və birliyi tarixin sınaqlarından çıxmışdır. Bu birlik günümüzün yüksək təqdirəlayiq gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır.
1991-ci ilin dekabr ayında Pakis­tanın iqtisadi işlər üzrə Dövlət katibi Sərdar Asif Əhməd Əlinin başçılığı ilə rəsmi nümayəndə heyəti Bakıda ilk dəfə səfərdə olmuş və həmin səfər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) qəbul edilməsi məsələsi müzakirə edilmişdir. 30 aprel 1993-cü il tarixində Pakistanın sədrliyi ilə BMT TŞ-nin erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən ilk – 822 saylı qətnaməsi qəbul edildi. Bundan sonra bütün regional və beynəlxalq forumlar­da Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanın haqlı mövqeyini həmişə birmənalı şəkildə dəstəkləmişdir. Pakistan həmçinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində doğma torpaqlarından, yurd-yuvalarından qaçqın düşmüş insanlara dəfələrlə humanitar yardım etmişdir.
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev 1993-cü ilin oktyab­rında Azərbaycan Respublikasının prezidenti seçiləndən sonra ölkəmizin xarici siyasətində Pa­kistanla dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi. 1994-cü il yanvarın 24-də Prezident Heydər Əliyev Azərbaycana rəsmi səfərə gələn Pakistan Xarici işlər naziri Sərdar Asif Əhmədi qəbul etmiş, ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulamış və Pakistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etmişdi.
Həmin ilin martında Prezident Heydər Əliyev Xarici İşlər na­ziri Həsən Həsənovu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Pakistanda keçirilən II zirvə toplantı­sına özünün şəxsi nümayəndəsi kimi göndərdi.
Prezident Heydər Əliyev 4-6 sentyabr 1994-cü il tarixində Qahirədə “Dünya əhalisi və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda iştirakı zamanı Pakista­nın Baş naziri xanım Benəzir Bhutto ilə görüşdü. Sentyabrın 6-da keçirilən mətbuat konfransında Heydər Əliyev bu görüşü yüksək qiymətləndirərək dedi: “Bu gün Pakistanın baş naziri Benəzir Bhutto ilə mənim çox əhəmiyyətli görüşüm və söhbətim olubdur. Biz ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi yollarını müzakirə etmişik, bu barədə həmfikir olmuşuq. Pakistan bir ölkə kimi, bir dövlət kimi Azərbaycan müstəqillik əldə edəndən indiyə qədər ölkəmizə həmişə müsbət münasibət göstərmişdir. Ona görə də, Pakistan ilə əlaqələrimizin bun­dan sonra daha da inkişaf etməsi üçün yaxşı əsas yaranmışdır”.
1995-ci il oktyabrın 9-11-də Pakistanın Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər etdi. Bu, ilk yüksək səviyyəli səfər ölkələrimiz arasın­da möhkəm dostluq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdi, Prezident Heydər Əliyev və Prezident Əhməd Xan Leqari Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında qarşılıqlı münasibətlərin sonrakı istiqamətini müəyyənləşdirən Əməkdaşlıq müqaviləsi imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il aprelin 9-11-də Pakistana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin genişlənməsinə əhəmiyyətli təsir göstərmiş, Prezident F.Ə.Leqari və Baş nazir Benazir Bhuto ilə görüşlər və müzakirələr ölkələrimizin əməkdaşlığının yeni perspektivlərinin müəyyənləşdirilməsində müstəsna rol oynamışdır.
1997-ci il martın 23-də Pakista­nın paytaxtı İslamabadda ölkənin müstəqilliyinin 50-ci ildönümünə həsr edilmiş İslam Konfransı Təşkilatının (İKT, indi İslam Əməkdaşlıq Təşkilatı adlanır) dövlət və hökumət başçılarının növbədənkənar Zirvə konfran­sında Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərov ölkəmizi təmsil etmişdir. O zamandan bəri ölkələrimizin parlamentləri arasında əlaqələr daim yüksələn xəttlə inkişaf etmişdir. Həmin ilin 9-11 dekabr tarixlərində Tehranda İslam Konfransı Təşkilatının konfransının gedişində Prezident Heydər Əliyevin Pakistanın Baş naziri Nəvaz Şəriflə görüşü ölkələrimiz arasındakı münasibətlərin inkişafına daha bir təkan vermiş oldu.
1999-cu il aprelin 28-də Pakistanın baş naziri Nəvaz Şərif Avropaya səfəri zamanı yolüstü bir neçə saat ölkəmizdə olmuş, Binə hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. Həmin ilin may ayında Pakis­tanın Xarici İşlər naziri Məhəmməd Siddiq Xan Kancu ölkəmizdə işgüzar səfərdə olmuşdur.
Qeyd edilməlidir ki, iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası prezidentinin 17 may 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyası təsis edilmiş və baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan tərəfindən komissiyanın sədri təyin edilmişdir. Pakistan tərəfi də qarşılıqlı addım atmışdır. Beləliklə, həmin vaxtdan etibarən Hökumətlərarası Birgə Komissiya öz səmərəli fəaliyyətini davam etdirməkdədir. Əməkdaşlığın demək olar ki, bütün sahələrinə dair məsələlər bu qurumun vaxtaşırı keçirilən iclaslarında müzakirə edilir, müvafiq qərarlar qəbul olunur. Hökumətlərarası birgə komissiya öz işini ardıcıl şəkildə davam etdirir.
Qeyd edilməlidir ki, 9-10 iyun 2000-ci il tarixlərində Tehranda İƏT Zirvə görüşü zamanı Prezident Heydər Əliyevlə Pakistan İslam Respublikasının İcra Hakimiyyətinin başçısı general Pərviz Müşərrəf arasında ayrıca görüş keçirildi. Məhz bu görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə edildi, bundan sonra intensiv şəkildə bu sahənin yüksək rəsmilərinin qarşılıqlı səfərləri gerçəkləşməyə başladı. 15 aprel 2002-ci ildə Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının müdafiə nazirlikləri arasında müdafiə və hərbi sahələrdə əməkdaşlıq üzrə Protokol imzalandı və həmin ilin sentyabrında iki ölkənin hökumətləri arasında müdafiə və hərbi sahədə Əməkdaşlıq Sazişi imzalandı və bu əməkdaşlıq uğurla davam etməkdədir.
2002-ci ilin oktyabr ayının 13-14-də ECO ölkələri dövlət başçılarının İstanbulda keçirilən sammitində Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistan Prezidenti general Pərviz Müşərrəflə görüşü qarşılıqlı münasibətləri daha da möhkəmləndirdi.
Möhkəm və etibarlı təməli Prezident Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərini Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən diqqət mərkəzində tutaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün ardıcıl siyasət həyata keçirməyə başladı. 2 yanvar 2004-cü il tarixində Pərviz Müşərrəfə Pakistan İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik məktubunda Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan möhkəm dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Pakistan Prezidenti Pərviz Müşərrəf 8 iyun 2004-cü ildə Azərbaycana səfər etdi. Görüşdə o, Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək vurğu­ladı: “Bəyan etmək istərdim ki, Pakistan hər zaman Azərbaycan xalqı ilə birlikdə olacaqdır. Dağlıq Qarabağ məsələsində sizin xalqınızın haqlı tələbəni və mövqeyini dəstəkləyəcəkdir”.
Pərviz Müşərrəf bildirdi ki, müdafiə sahəsində də ölkələrimizin ümumi maraqları çoxdur və bu sahədə əməli iş birliyi təmin ediləcəkdir. İmzalanan Birgə Bəyannamədə gömrük, turzim, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq sazişlərində ölkələrimizin qarşıdakı vəzifələri öz əksini tapdı.
Prezident Pərviz Müşərrəf mətbuata bəyanatında dedi: “Dağlıq Qarabağın və onun ətrafında olan rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi hər bir adi pakistanlını narahat edir. Mən bu gün Azərbaycan Prezidentinə söz vermək istəyirəm ki, biz bu münaqişədə Azərbaycanın ərazi bütövlüyünü və haqlı mövqeyini daim dəstəkləyəcəyik”.
Azərbaycan Prezidenti İlham Əliyev 5 aprel 2005-ci il tarixində Pa­kistana qarşıdakı səfəri ilə əlaqədar “Pakistan Observer” qəzetinin baş redaktoru Zahid Malikə müsahibə verdi. Müsahibədə ölkələrimizin qarşılıqlı əlaqələrinin önəmliliyi və daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı.
12 aprel 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakista­na rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Həmin gün Azərbaycan və Pakistan prezidentləri əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşdü, ikitərəfli və çoxtərəfli münasibətlərə dair müzakirələr apardılar. Pakistan Prezidenti bəyan etdi: “Biz, Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləmişik və bu mövqeyimizə bundan sonra da sadiq qalacaq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyik”. Görüşdə siyasi, iqtisadi, müdafiə, turizm, humanitar əlaqələr müzakirə edildi.
Mətbuat üçün bəyanatında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müstəqilliyini bəyan etdikdən sonra biz hər zaman Paksi­tanın dəstəyini hiss etmişik. Pakistan bizi müstəqil ölkə kimi tanıyan ilk dövlətlərdən biri olmuşdur. Həmin vaxtdan etibarən iki ölkə arasındakı əlaqələr çox uğurla inkişaf etmiş­dir. Biz ölkələrimiz üçün vacib olan məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsində Pakistanı həmişə dəstəkləyib və dəstəkləyəcəkdir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsində Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə biz Pakistana minnətdarıq”.
Həmin gün Azərbaycan Prezidentinin şərəfinə Pakistan liderinin verdiyi, Baş nazir Şövkət Əzizin də iştirak etdiyi ziyafətdə Prezident Pərviz Müşərrəf vurğuladı: “Bizim ümumi mədəni dəyərlərimiz var, arzu və duyğularımız eynidir. Dilimiz və ədəbiyyatımızda ümumi meyarlar çoxdur. Danışıqda istifadə etdiyimiz minlərlə ümumi söz var. Nizami Gəncəvidən tutmuş Saib Təbriziyə qədər Azərbaycan şairləri Pakistanda maraqla oxunur... Ürəklərimiz bir döyünür. Biz bütün sahələrdə bir-birimizə yaxınıq”.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Müdafiə Nazirliyinin nəzdində Hərbi İxracata Yardım Təşkilatının sərgisi ilə tanış oldu, Baş nazir Şövkət Əzizlə görüşdü, aprelin 13-də hökumətlər arası sənədlər imzalandı. Mədəniyyət, təhsil, rabitə və informasiya texnologiyaları, maliyə sahəsində sazişlər, nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandum, aviasiya qurumları arasında əməkdaşlıq haqqında protokol imzalandı.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respub­likasının Baş naziri Şövkət Əziz mətbuata bəyanat verdilər. Həmin gün Prezident İlham Əliyev Pakis­tan televiziyasına müsahibə verdi. Prezident siyasi, iqtisadi, beynəlxalq məsələlər, terrorla mübarizə, Dağlıq Qarabağ və Kəşmir məsələsi ilə bağlı sualları cavablandırdı. Həmin gün Prezident İlham Əliyev Azərbaycan səfirliyində oldu. Səfir Eynulla Mədətli Pakistan Azərbaycan Dostluq Cəmiyyəti üzvlərini və Pakistanda təhsil alan, kurslar keçən bir qrup vətəndaşımızı Prezidentə təqdim etdi. İslamabadın “Şəkərpariyan” parkında ulu öndər Heydər Əliyevin 1996-cı ildə əkdiyi ağacın yanında ağac əkdi, məşhur Faysal məscidində oldu və Vətənə döndü.
Prezident İlham Əliyev 4 may 2006-cı ildə Pakistanın Baş naziri Şövkət Əzizlə görüşdü. Görüşdə regional əməkdaşlıq, təhlükəsizlik, iq­tisadi əməkdaşlıq, bölgədəki vəziyyət barədə fikir mübadiləsi edildi.
Azərbaycan Prezidenti 8 iyul 2008-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Müşahid Hüseyn bildirdi ki, ölkələrimizin parlamentlərarası əməkdaşlığının genişlənməsi ikitərəfli münasibətlərimizin daha da inkişafı­na öz töhfəsini verir.
Pakistan İslam Respublikasının Müdafiə Sənayesi Federal naziri Əbdül Qəyyum Xan Catoyun 19 may 2009-cu ildə Azərbaycana səfəri, azərbaycanlı həmkarları ilə görüşü və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına təkan verdi. 22 aprel 2010-cu ildə Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Pakistanın Müdafiə katibi Səid Əthar Əlini qəbul etdi.
Prezident İlham Əliyev 26 yanvar 2011-ci ildə Davosda Pakistan İslam Respublikasının Baş naziri Yusuf Raza Gilani ilə görüşdü. Y.Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. 29 fevral 2012-ci ildə Pakistanın Birləşmiş Qərargah rəisləri komitəsinin sədri Xalid Şamim Vay Azərbaycanda səfərdə oldu və Prezident İlham Əliyev onu qəbul etdi.
Prezident İlham Əliyev 16 oktyabr 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Bakıda keçirilən XII Zirvə toplantısında iştirak edən Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari ilə görüşdü. Pakistan Prezi­denti ölkələrimiz arasında əlaqələrin daim inkişaf etdiyindən məmnunluq ifadə edərək, kənd təsərrüfatı, bank və bir sıra digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğuladı və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətli olacağını qeyd etdi.
Pakistan Prezidenti Məmnun Hüseyn 11 mart 2015-ci ildə Azərbaycana səfər etdi. Görüşdə Prezident İlham Əliyev dedi: “Bizim aramızda çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığımızın əsasını xalqlarımız arasında qardaşlıq əlaqələri təşkil edir”.
Prezident M.Hüseyn ölkələrimizin beynəlxalq siyasi məsələlərdə, Kəşmir və Dağlıq Qarabağ məsələsində bir-birini dəstəklədiyini vurğulayaraq bəyan etdi ki, bəzi “qonşular” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bir sıra zorakılıqları pisləyirik. Xocalı qətliamını qətiyyətlə pisləyirik. Sizi əmin edirəm ki, hər bir çətin və ya yaxşı məsələnizdə sizinlə birlikdəyik. Görüş və müzakirələrdən sonra prezidentlərin imzaladığı “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni, daha yüksək səviyyəsini ortaya qoydu. Məhkumların verilməsi, ADA Universiteti ilə Pakistan Xarici Xidmət Akademiyasının əməkdaşlığı proqramı sənədləri də imzalandı.
Birgə Bəyannaməni xarakterizə edən Prezident İlham Əliyev mətbuata açıqlamasında bəyan etdi ki, “bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşlıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik”.
Pakistan Hərbi Dəniz qüvvələrinin komandanı Məhəmməd Zakaullah 14 yanvar 2016-cı ildə Azərbaycanda səfərdə oldu, Prezident İlham Əliyev onu qəbul etdi. Görüşdə ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyi vurğulandı. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini ifadə edən Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın, ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev 21 yanvar 2016-cı ildə Davosda Pakistanın Baş naziri Nəvaz Şəriflə görüşdü. Prezident İlham Əliyev söhbət zamanı xüsusi vurğuladı ki, bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik. Eyni zamanda, iqtisadi əlaqələrimizin də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini qeyd edən Prezident İlham Əliyev ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlığının imkanları və perspektivlərindən danışdı.
Baş nazir Nəvaz Şərif ulu öndər Heydər Əliyevin Pakistana səfəri zamanı onunla görüşdüyünü, onu hörmətlə xatırlandığını qeyd edərək, Prezident İlham Əliyevin Heydər Əliyevin siyasətini uğur­la davam etdirərək Azərbaycanı dünya miqyasında qüdrətli ölkəyə çevirdiyini söylədi. Prezident İlham Əliyev Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində Pakistanın ədalətli və qətiyyətli mövqeyini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev 1 mart 2016-cı ildə Pakistan İslam Respub­likası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudu qəbul etdi. Həmin il sentyabr ayının 26-da Pakistan İslam Respublikası Müdafiə sənayesi naziri Rana Tənvir Hüseyn Beynəlxalq Müdafiə məhsulları sərgisində iştirak etmək üçün Azərbaycana səfərə gəldi. Onun azərbaycanlı həmkarı ilə görüşündə ölkələrimizin müdafiə sənayesi sahəsində əməkdaşlığının geniş spektri müzakirə edildi. Naziri qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimizin bir-birinə siyasi dəstəyinin əhəmiyyətini xüsusi olaraq vurğuladı.
Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirakdan məmnun qaldığını ifadə edən nazir Pakistan Baş naziri Nəvaz Şərifin adından Prezident İlham Əliyevi Pakistana səfərə dəvət etdi.
Pakistan İslam Respublika­sının Baş naziri Nəvaz Şərifin 14 oktyabr 2016-cı ildə Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyətə malik idi. Görüşdə Prezident İlham Əliyev vurğuladı ki, biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində iş birliyini, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Biz bütün beynəlxalq məsələlərdə bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakis­tanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman Azərbaycanı dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda birlikdəyik”.
Prezident İlham Əliyev Baş nazir Nəvaz Şəriflə verdiyi Birgə Bəyanat zamanı vurğuladı: “Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaq­larını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə Azərbaycan xalqı sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik.
Nəvaz Şərif görüşdə ifadə etdiyi “Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir” fikrini genişləndirərək öz bəyanatında bildirdi ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir. Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident İlham Əliyevlə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür”.
Baş nazir Nəvaz Şərif Azərbaycan Prezidentinə müraciətlə dedi: “Cənab Prezident, deməliyəm ki, Pakistan xalqı Sizin dahi atanız, mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və Sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir”.
28 fevral 2017-ci ildə İƏT Sammitinin işində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri qar­şılıqlı münasibətlərin inkişafının yeni səhifəsini açdı. Həmin gün Prezident İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseyn və baş nazir N.Şəriflə görüşdü. Görüşlərdə ölkələrimizin siyasi, iqtisadi, müdafiə sahəsində əməkdaşlığının ümdə istiqamətləri müzakirə edildi. Dağlıq Qarabağ və Kəşmir məsələsində beynəlxalq çərçivələrdə bir-birinə dəstəkdən məmnunluq ifadə olundu. Pakistan Baş naziri ilə müzakirələrdə müdafiə və müdafiə sənayesində ölkələrimizin konkret layihə və təklifləri mühüm əhəmiyyətə malik oldu, Pakistanın yüksək hərbi sənaye məhsullarının Azərbaycana idxalı üzrə razılaşmalar əldə edildi. Ticarət dövriyyəsinin artırılması, Azərbaycan şirkətlərinin məhsullarının Pakistana ixracının çoxaldılmasının zəruriliyi qeyd olundu. Eləcə də, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi yolları müzakirə edildi.
Martın 1-də Zirvə görüşündə ilk çıxış edən Azərbaycan Prezidenti Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini, 2006, 2012-ci illərdə Zirvə görüşünə Azərbaycanın ev sahibliyini qeyd etdi, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildiyini, iki aydan sonra Azərbaycanın IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi edəcəyini bəyan etdi. Azərbaycanın İƏT çərçivəsində böyük layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğuladı. Prezident İlham Əliyev dedi: “Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim edibdir. Azərbaycan daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilibdir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirəcək, şaxələnmiş boru kəmərləri infrasturkturnu yaratmışıq... Bu ölkələr arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir”.
30 noyabr 2017-ci ildə Prezident İlham Əliyev Pakistanın Bakıda səfərdə olan Xarici İşlər naziri X. Məhəmməd Asifi qəbul etdi. İkitərəfli münasibətlərlə yanaşı, Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlıq məsələləri də müzakirə edildi. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında əməkdaşlığın əlaqələrimizin müxtəlif sahələrdə daha da möhkəmlənməsi işinə xidmət edəcəyini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin iyunun 25-də ölkəmizə səfərə gəlmiş Pakista­nın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübeir Mahmud Həyatı qəbul etdi. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün qardaş Pakistandan, belə yüksək heyətin ölkəmizə gəlməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, “Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.”
26 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulma­ma Hərəkatına üzv olan dövlətlərin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak edən Pakistan prezidenti Arif Alvi ilə görüşdü. Arif Alvi “Qoşulmama Hərəkatı”na qarşıdakı 3 ildəki rəhbərlikdə Azərbaycan Prezidentinə uğurlar diləyərək qardaş ölkə olan Azərbaycanla əməkdaşlığın daha genişləndirilməsini arzuladı. Prezidentlər Qoşulmama Hərəkatı nın beynəlxalq aləmdəki rolunun əhəmiyyətini vurğuladılar. Pakistan Prezidenti ölkələrimiz arasında ticarət, iqtisadi, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edərək, eyni zamanda ölkəsinin energetika sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu bildirdi. Prezident A.Alvi azərbaycanlı həmkarına müraciət edərək dedi: “Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim”.
21 iyul 2021-ci il tarixində Pakistanın Quru Qoşunlarının Komandanı General Qəmər Cavid ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Torpaqlarımızın erməni işğalından azad edilməsi münasibəti ilə Azərbaycan Prezidentini təbrik edən General Cavid bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də ölkələrimizin əməkdaşlığının bundan sonra da səmərəli şəkildə inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
27 iyul 2021-ci il tarixində Azərbaycanda səfərdə olan Pakistan Milli Assambleyasının spikeri Əsəd Qeysərin Prezident İlham Əliyevlə görüşündə də parlamentlərarası münasibətlərlə bərabər ölkələrimizin və xalqlarımızın hər zaman bir-birinin yanında olacağına, beynəlxalq forumlarda bir-birini dəstəkləyəcəyinə əminlik ifadə olundu.
30 noyabr 2021-ci il tarixində Pakistanın Müdafiə sənayesi naziri, Pakistan-Azərbaycan Birgə Komissiyasının həmsədri xanım Zübeydə Cəlal Azərbaycanda səfərdə oldu. Prezident İlham Əliyev onu qəbul etdi. Müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi və bu yöndə iş birliyinin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı.
21 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Pakistana səfəri, onun Baş nazir İmran Xan tərəfindən qəbul edilməsi, ölkələrimizin hərbi əməkdaşlıq üzrə əməkdaşlığının daha da genişlənməsi sahəsində növbəti addım oldu. Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərərgah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə gerçəkləşən bu səfərdə Azərbaycanın Müdafiə nazirinin həm də Pakistanın Milli günü münasibətilə keçiriləcək hərbi parada fəxri qonaq kimi iştirak etməsi idi. Həmin gün Azərbaycan Xarici İşlər nazirinin müavini Elnur Məmmədov da Pakistanda işgüzar səfərdə oldu. İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak edən nazir müavininin Pakistanın Müdafiə istehsalı naziri, Pakistan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının sədri xanım Zübeydə Cəlal ilə görüşündə də ölkələrimizin müdafiə məhsullarının istehsalı sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 Mart – Pakistan günü ilə əlaqədar Pakistanın Baş naziri İmran Xana göndərdiyi təbrik məktubunda ölkələrimizin qardaşlıq münasibətlərinə yüksək qiymət verdi. Məktubunda Baş naziri və qardaş Pakistan xalqını təbrik edən Prezident vurğuladı: “Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan – Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək istəyirəm”. Prezident İlham Əliyev xüsusilə Vətən müharibəsi dövründə (27 sentyabr-10 noyabr 2020) Pakistan dövlətinin sərgilədiyi prinsipial mövqeyin, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyin əhəmiyyətini vurğulayaraq Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini ifadə etdi. Prezident, eyni zamanda işğaldan azad olunmuş bölgələrimizdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərinin də iştirak etməsinin arzu olunduğunu dilə gətirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 aprel 2022-ci il tarixində Pakistan İslam Respublikasının yeni seçilmiş Baş naziri Şahbaz Şərifə təbrik məktubu göndərmişdir. Məktubda vurğulanır ki, möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Göründüyü kimi, ən müxtəlif sahələrdə və səviyyələrdə ölkələrimiz arasındakı intensiv əlaqə və təmaslar son illərdə sürətlə genişlənmişdir. Əməkdaşlıq ikitərəfli çərçivə ilə yanaşı, üçtərəfli formatda: Azərbaycan-Pakistan-Türkiyə olaraq keyfiyyətcə daha yüksək səviyyəyə qalxmışdır. Bütün bunlar hamısı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası münasibətlərinin həm tarixidir, həm də qarşıdakı illərdə ölkələrimizin dostluq və qardaşlığının daha da möhkəmlənməsinə xidmət edən təqdirəlayiq fəaliyyətlərdir. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin illər boyu Pakistana münasibətdə yürütdükləri möhkəm dostluq və əməkdaşlıq xətti bu gün də öz bəhrələrini verməkdədir və inanırıq ki, bundan sonra da hər zaman belə olacaqdır.
xalqqazeti.com