18.07.2022, 06:57 - Baxış sayı: 359

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilir


“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilirAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilir. Bir neçə gün davam edəcək konfransın açılış mərasimi baş tutub. Konfrans çərçivəsində Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə də tanışlıq olub.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açılış nitqi söyləyib. Azərbaycan - Pakistan əlaqələrinin 30 illiyinə töhfə olan konfransın Lahor Dövlət Kollec Universiteti ilə birgə təşkil edildiyini bildirib. Bu münasibətlə Pakistandan 11 nəfər heyət gəldiyini və artıq müəyyən tədbirlər keçirildiyini xatırladıb. Ötən gün AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovla Rəyasət Heyətində görüş olduğunu, Nizami Gəncəvinin heykəli önündə xatirə şəkilləri çəkildiyini, AMEA-nın Rəyasət Heyətinin binası ilə tanışlıq və qonaqların Azərbaycan Milli Tarix Muzeyini ziyarət etdiyini vurğulayıb.
Konfransda digər məruzəçilərlə yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Eynulla Mədətli “Azərbaycan-Pakistan: Dostluq və qardaşlığın tarixi kökləri” mövzusunda məruzə edib.