05.09.2022, 07:41 - Baxış sayı: 367

Siyasət, elm və fəlsəfə: İdeologiyanın və idarəetmənin qarşılıqlı təsir imkanları Azərbaycan reallıqlarında


Siyasət, elm və fəlsəfə: İdeologiyanın və idarəetmənin qarşılıqlı təsir imkanları Azərbaycan reallıqlarındaSiyasi elm bizə nə üçün lazımdır

Siyasi biliklər sisteminin idarəetmədə roluna dair həmişə müxtəlif fikirlər mövcud olub. Müasir reallıqlarda bu bir qədər də dərinləşərək cəmiyyətdə sosial-siyasi münasibətlərin, xalq-lider birliyinin, inkişafın strateji xəttinin, milli özünüdərkin qarşısına çıxan yeni çağırışların hərəkətverici qüvvəsi rolunda çıxış etməyi qarşısına qoyur. Bu zaman siyasi biliklər sistemini əhatə edəcək siyasi fikir axını vahid milli hədəflərin müəyyənləşdirilməsinə nail olursa, yaxud fayda verə bilirsə onda onun elmi əsasları yaranır. Aydındır ki, bu vahid milli ideologiyanın nəzəri bazasının bərqərar olması mərhələsindən sonra baş verən prosesdir. Burada lider amili və onun siyasi elmin formalaşmasına təsir imkanları çox həlledicidir. İnkişafın Azərbaycan modeli bu tezisin tam elmi əsaslarını bərqərar edib. Bu model sübut edib ki, dövlətin bütün sahələrinə siyasi biliklər sisteminin nüfuz etməsi əslində təkcə qarşıya qoyulan hədəflər üçün deyil, onları reallaşdırmaq və uğurlu nəticələr əldə etmək üçün vacibdir. Onlar arasında formalaşdırılan əlaqə iqtisadi tərəqqidən tutmuş, siyasi sistemin dayanıqlığına və ideologiyanın dərk olunmasınadək geniş sistemi bir birinə bağlayır. İndi anlamaq çətin deyil ki, bir sıra ölkələr məhz bu əlaqələri xalqın mənafeyi və dövlətin maraqları naminə tətbiq etmədikləri yaxud edə bilmədikləri üçün tənəzzülə məruz qalırlar. İnkişafı bu tamlığın vəhdətindən kənarda təsəvvür etməyin mümkün olmadığını da siyasi təcrübə özü sübut edib. Bu bir reallıqdır ki, istər Qərb, istərsə də Şərq siyasi mühitində üzun illər bir çox siyasi proseslərin təsiri ilə siyasi elm cəmiyyətin arzu istəklərini ifadə etməyib. Siyasi elmin təkcə hakimiyyətə, hakim qruplara xidmət etməsi kimi tendensiyaların mövcudluğu özünü biruzə verdikcə onun elmi nəticələri dayanıqlığını itirmiş hətta çevrilişlərin baş verməsi zərurəti yaranmışdır. Bunu inkişafı iflasa uğradan nəticələrdə görmək mümkündür. Lakin əsl həqiqət budur ki, müasir siyasi elmi legitim idarəçilikdən kənarda təsəvvür etmək əsla düzgün deyildir. İndi Azərbaycan siyasi sisteminin bərqərar etdiyi siyasi iradə, siyasi legitimlik, hakimiyyətin sosial-ideoloji təfəkkürə etdiyi çağırışlar və əldə olunan ümummilli nəticələr siyasi elmin qarşısında duran mühüm vəzifələri müəyyən edir. Siyasi elmin vaciblik elementi də elə buradan başlayır. Əgər praktiki baxımdan həyata keçirilən siyasətin növbəti mərhələ üçün əhəmiyyəti və onun verdiyi fayda cəmiyyətə elmi əsaslarla təlqin və təbliğ edilmirsə bu hal cəmiyyətdə ideoloji və siyasi təfəkkürün əlaqələrində durğunluq yaradır. Növbəti mərhələnin uğurlu olmasını şübhə altında qoyur. Bu baxımdan hətta siyasətin sadəcə məşğuliyyət deyil, elm olduğu kimi nəzəriyyənin praktiki mahiyyəti Azərbaycan reallıqları ilə tam üzə çıxıb. Bütün bünları geniş təhlil edərkən siyasət elminin nə dərəcədə vacibliyini və əhəmiyyətini dərk etmək çətin deyildir. Deməli siyasi elm idarəetmənin legitimliyi üçün yeni çağırışların və hədəflərin bələdcisi kimi cəmiyyətin bütün sahələrində və idarəetmədə mühüm rola malikdir.

İdarəetmədə elm: qarşılıqlı təsir yeni hədəflərin tələbidir

Müasir elmi-texnoloji proseslər zamanı əldə edilən nəticələr sübut edir ki, elm və idarəetmənin qarşılıqlı təsiri cəmiyyətin tələbatından yaranan strateji xətti müəyyənləşdirir. XX əsrin sonunda bu tələb elmi innovasiyaların və yeni texnoloji proseslərin tətbiqini nəzəriyyədən praktikaya çevirmək zərurətini demək olar ki, bütün bəşəriyyətdə aktual etdi. Sürətli inkişaf çevik idarəetməni, çevik idarətmə isə elmi texnoloji proseslərə daha dəqiq və sərrast əsaslanmanı zərurətə çevirdi. Belə qaçılmaz reallıq özü həm də insanların arzu istəklərini, onların sosial iqtisadi tələblərini qarşılayarkən məlum oldu ki, dövlət idarəçiliyində elə bir sistemin olması zəruridir ki, o rəqəmsal və elektron hökumətin fəaliyyətini sosial tələbatla uzlaşdırsın və anbaan meydana çıxan tələblərin qanunauygunluğunun elmi əsaslarını hazırlasın. İnkişafa səbəb olan proqnozların həyata keçirilməsi üçün addımlar atılsın. Siyasi fikir azadlığından tutmuş, azad medianın formalaşması, habelə mənəvi dəyərlərə transformasiya zamanı milli özünüdərkin elmi əsaslarının yaradılmasınadək zəruri islahatlar məhz elmin və idarəetmənin qarşlıqlı təsir imkanlarının birləşdirilməsi zərurətini ortaya qoydu. Simsiz mobil şəbəkələrin və daha sürətli istehsal texnologiyalarının əl əməyini azaltması kimi prosesin insanların gündəlik həyat tərzinə təsiri ilə yanaşı dövlət idarəçiliyindəki roluna nəzər etmək elmin idarəetmədəki çağırışlaına dair fikrimizə aydınlıq gətirmək üçün kifayət edir. Fikrimiz mövcud olanların şərhi deyil elmin nailiyyətlərinin idarəetmədəki rolunu dərk etməyə hər zaman qayıdışın təlqin edilməsidir. Digər tərəfdən demək zəruridir ki, bütün bu proseslərə çevik yanaşma Azərbaycan Respublikasının 30 illik Milli İnkişaf Konsepsiyasında açıq aydın özünü göstərdi. Çünki bu amillərin qarşılıqlı təsirinin müəyyənləşdirdiyi hədəflər yeniliklərin sosial tələblərlə uzlaşdırılmasını təmin edib. Ulu Öndər Heydər Əliyev öz siyasi xarizması ilə iqtisadi sıcrayışa, hüquqi dövlətə, onun mühüm komponenti olan vətəndaş cəmiyyətinə və bütün bunların fonunda sabitliyi təmin edən inkişaf strategiyasına nail olması elmin idarəetmədəki rolunu önə çəkməsi ilə sıx bağlıdır. Bu strateji xətt Prezident İlham Əliyevin sürətli inkişaf fəlsəfəsində yalnız uğurların əldə edilməsini şərtləndirən səbəb olaraq elmi əsaslara malikdir. Ona görə də AMEA-nın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, onun Nizamnaməsinin yaradılması, təkmilləşdirilməsi, idarəetmədə bütün sahələrin elmi potensialla, elm adamlarının fəaliyyəti ilə uzlaşdırılması qısa zamanda çox böyük milli uğurların göstəricisi kimi əhəmiyyətlidir. Uğurlu hərbi-siyasi mütəşəkkillik, sağlam siyasi mühit, idarəetmədə şəffaflıq, iqtisadi inkişafda elmin rolu sabitliyin təmin olunması və dayanıqlı sosial proqnozların verdiyi nəticələr elmin rolunun göstəricisi kimi tədqiqat mövzusu olub və olacaqdır... Bütün bu proseslərdə həm də müasir elmin üfüqi dialoq olduğunu demək mümkündür. Lakin son zamanlar elmi alimlərimizin yalnız vertikal münasibətlər kimi tətbiq etmələri də yeni və müsbət istiqamətdir. Belə çoxşaxəli prosesdə fəlsəfənin məntiqin və etikanın köməyi ilə birləşdirici rola malik olması isə özü bir reallıqdır. Çünki idarəetmə, iqtisadi sistem, ideoloji və mənəvi dəyərlərdə yeniliklərə transformasiya informasiya texnologiyaları dövründə analitik təfəkkürün və məntiqi düşüncələrin necə cavab verəcəyinə çox ehtiyac duyur.

İdeologiyada siyasətin və fəlsəfənin dialoq çağırışları

Biz milli ideologiyanın təşkilatlanmış və bütöv milli maraqların ifadəsinin uğurlu milli strategiyaya çevrildiyi bir mərhələni yaşayırıq. Keçdiyimiz mərhələ göstərir ki, siyasi baxımdan azərbaycançılığın mahiyyəti özü elmidir. Milli düşüncələrin ifadəsidir. Elmi təhlillər və fikir axını əsaslandırdı ki, azərbaycançılıq ideologiyası siyasəti və fəlsəfəni idarəetmədə dialoqa çağıran ümummilli təlimdir. Bu Azərbaycançılıq ideologiyasının nəzəri bazadan praktiki təlimə çevrilməsi zamanı elmi əsaslarının mükəmməlliyini ifadə edib. Deməli, azərbaycançılıq ideologiyası elmi, siyasi və fəlsəfi mahiyyət kəsb edir. Ona görə ki, bu ideologiyasının birləşdirdiyi dəyərlərin dərin kökləri vardır. Onun əsrlərlə formalaşdırdığı milli mənəvi zənginlik, xalqın qəhrəmanlığı, həm dəyərlərin özünəməxsusluğu həm də bu günümüzə gətirib çıxaran unikal biliklər xəzinəsi vəhdət təşkil edir. Azərbaycançılıq ideologiyası ona görə siyasidir ki, o milli yetkinlik yaradıb, güclü dövlətin formalaşması üçün möhkəm təməl formalaşdırıb. Fəlsəfi mahiyyəti onun bu günümüzlə gələcəyin arasında möhkəm təməlin qoyulması ilə yanaşı cəmiyyətin birləşdirici funksiyasına nail olmasındadır. Onun əsasında dayanan dialoq fəlsəfəsi mahiyyət baxımından tərəfləri ortaq fikrə gətirən müasirliyin çağırışı kimi dəyərləndirilməlidir. Çünki, hədəfində demokratiyanın, fikir pülüralizminin, milli özünəməxsusluğun tərənnümünün kompleks analizini ifadə etdiyi üçün fəlsəfi mahiyyət daşıyır. Biz burada elmiliyi onda görürük ki, proses nəticə etibarı ilə milli istəyi, sosial sifarişin xarakterini, dialoq mədəniyyətinin forma və metodlarını bir arada tətbiq edərək güclü sosial bazaya sahib olub. Məsələn Prezident İlham Əliyevin islahatlar konsepsiyasında xüsusi yer tutan - siyasi partiyalar arasında şəffaf və sağlam münasibətlərin tənzimlənməsi üçün anlaşma təşəbbüslərinin yeni siyasi mühitin formalaşmasına yol açdığının elmi əsasları açıq həqiqətlərdir. Çünki, etiraf edilməlidir ki, siyasi mühitdə indiyədək heç bir siyasi qüvvənin iradəsi ümummilli istəyi bu səviyyədə ifadə edə bilməmişdir. Anlamaq çətin deyil ki, indiyədək qarşıya qoyulan ideyalar artıq nəzəriyyədən reallığa çevrilmişdir. Bu da sosial sifarişin mövcud siyasətdə özünü tapmasının təsdiqidir. Nəticələrin xarici siyasətə olan təsiri isə hər iki amilin bir-birinə uğurlu transformasiyasını tamlaşdırıb. Deməli, bu birləşdirici funksiyanın əsl mahiyyətini fəlsəfi və siyasi elmlər şüurlara çatdırmalıdır.
Açıq həqiqətdir ki, Vətən müharibəsi Azərbaycan xalqının haqq ədalət uğrunda mübarizəsi idi. Müharibəyə qədər və müharibə zamanı siyasətin, elmin və ideologiyanın qarşılıqlı vəhdəti güclü milli iradəni tam ifadə etdi. Milli şüurda nəzəri baxımdan formalaşan strateji vəhdət ümumxalq mübarizəsinin nəticələri ilə tarixi yaddaşı ifadə etdi. Tarixin məhz belə həlledici mərhələsi Azərbaycan xalqının milli birliyi üçün əvəzssiz fürsət yaratdı, millətin malik olduğu potensialı üzə çıxardı. Bu zaman siyasi partiyaların dövlətçilik ətrafında birləşməsi ilə aparılan siyasi dialoq ümumxalq qələbəsinin mühüm və vacib şərti kimi qiymətə layiqdir. Hazirki tarixi şərait bizə imkan verdi ki, güclü lider, güclü siyasi iradə və milli potensial bir arada dialoq həyata keçirsin. Ölkə başçısının siyasi iradəsi nəticəsində könüllü olaraq 50 siyasi partiyanın birləşməsi göstərdi ki, ölkədə bütün sahələrdə yeni dialoq mühiti formalaşıb. Doğrudur, bir və ya iki partiya bu fəlsəfənin mahiyyətini siyasi və dövlətçilik anlamında düzgün qiymətləndirə bilməyib. Vətən müharibəsinə qədər və postmüharibə dövründə bu istiqamətdə aparılan işlərin kökündə sosial təhlillər, analizlər, nəticələrlə şərtlənən nailiyyətlərin qəbul etdirilməsi elmi əsaslara malikdir və burada elmin rolu danılmazıdır. Təbii ki, belə proses siyasi elmlərin və fəlsəfənin üzərinə çox mühüm məsuliyyət qoyur. Bu baxımdan post müharibə dövründə də siyasi partiyalara edilən çağırışlar məhz ölkənin inkişafı naminə dialoq fəlsəfəsini prioritet olaraq qarşıya qoyan hədəfdir. Demək mümkündür ki, o milli birliyin mühüm mərhələyə qədəm qoyması kimi tarixi vəzifəni həll etmişdir. Siyasi dialoq isə nəticə etibarı ilə müsbət nəticə vermişdir. Deməli müasir şəraitdə süni intellekt, xarici siyasət və müharibə faktoru və daxili siyasət bir-birinə təsirlərini elə artırır ki, onların siyasi və ideoloji baxımdan bütöv təhlili ön plana çıxır. 2020-ci fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin faktlara elmi yanaşması və alternativi olmayan arqumentləri ortaya qoyması bütün dünyanı heyrətə gətirdi. Bu elmi məntiqli yanaşmanın təsirindən nəinki Ermənistan və onun havadarları hətta bütün dünya dərk etdi ki, uzun illər dünya informasiya məkanı populizmin təsirində imiş. Bu sterotipin dagıdılması əslində Azərbaycanın haqq ədalət mübarizəsində elmin, intellektin, yetkin siyasi təfəkkürün möhtəşəm qələbəsi idi. Açıqca görmək mümkündür ki, onun kökündə fundamental elmi məntiq dayanırdı.
Daha bir fakt odur ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə hər il Bakıda keçirilən, Vətən müharibəsindəki qələbədən sonra isə işğaldan azad olunmuş ərazilərimizdə reallaşan bütün beynəlxalq tədbirlər mahiyyət baxımından beynəlxalq aləmlə tam fərqli bir dialoq mühiti yaradıb. Onun formalaşmasında Azərbaycanın daxili inkişafındakı sabit və dayanıqlı islahatlar və proseslərə konseptual baxışları həyata keçirən sağlam ideoloji və elmi mühitin olması dayanır. Bütün bunları Azərbaycanın dünyaya etdiyi çağırışlarda və dünyaya nümünə olacaq yeniliklərin elmi əsaslarında açıqca görmək mümkündür.

Ölkədə dövlətcilik təliminin siyasi və fəlsəfi əsaslarını geniş imkanlara malik olan elmi mühit həyata keçirməlidir

Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası bütün istiqamətlərdə öz praktiki nəticələrini təsdiq edib. Vətən müharibəsinin siyasi-ideoloji nəticələri xalqımızın tarixində Heydər Əliyev mərhələsinin xalqın iradəsi ilə tamlığına yeni reallıqlarla aydınlıq gətirib. Bu gün zəruri olan odur ki, biz şüurlara bu kimi həqiqətlərin hökm etməsini düşünərkən milli ideologiya - müdrik siyasət və güclü dövlət anlayışlarında Azərbaycan modelini öyrənməli, təlqin etməli və gələcək nəsillərə elmi irsi kimi öyrətməliyik. Çünki onun konkret meyarları və nail olduğu hədəfləri var. Aydındır ki, bu işin səmərəli və daha dərindən öyrənilməsini elmi-siyasi-analitik mərkəz, dərin elmi biliklərə sahib olan alimlər, mütəxəssislər həyata keçirməli, fəaliyyət daha da dərinləşməli, yeni istiqamətlər formalaşmalı, tədqiqat və təbliğat işinin vəhdəti bir arada aparılmalıdır. Bunun üçün daha geniş imkanlar yaradılmalı, alimlərimizin fəaliyyət istiqamətləri isə yeni reallıqlara cavab verməlidir. Fikrimizcə AMEA-nın yeni Nizamnaməsində ən mühüm istiqamətlərdən biri də bu olmalıdır ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimini Prezident İlham Əliyevin siyasi varislik konsepsiyasi ilə uzlaşdırıb onun uğurlarının miqyasını ölkəmizin idarəetmə strukturlarında praktiki fəaliyyətlə daha sıx bağlasın, bu fəaliyyət üçün dərin nəzəri bazanın formalaşmasını təmin etsin. Biz təəssüflə qeyd etməliyik ki, ölkəmizin idrəetmə strukturlarında və bir sıra ideoloji təşkilatlarda praktiki fəaliyyət elmi –ideoloji- nəzəri bazadan səmərəli faydalana bilmir. Prezident İlham Əliyevin etimadını doğrultmayan, dövlətin ideoloji xəttini dərindən bilməyən kadrların və məmurların fəaliyyətindəki neqativ hallar buna əyani sübutdur. Biz hesab edirik ki, AMEA-nın yeni Nizamnaməsinın formalaşması siyasi-ideoloji sahədə fəaliyyət istiqamətlərimizə daha geniş imkanlar yaratmalıdır. Çünki siyasət-elm və fəlsəfənin vəhdəti güclü dövlətçiliyin təməl prinsiplərinə və dayanıqlığına tövhə verən mühüm faktordur.....

İlham Məmmədzadə
fəlsəfə elmləri doktoru, professor
Sənan Həsənov
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent