05.11.2022, 08:07 - Baxış sayı: 299

AMEA-da “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilib


AMEA-da “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilib
Noyabrın 4-də AMEA-nın Rəyasət Heyətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların rəhbərliyi, YAP ilk ərazi partiya təşkilatlarının sədrləri, AMEA-nın Vətən müharibəsindəki iştirakçıları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə vətən yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu günlərdə ölkəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış tarixi Qələbə ilə Vətən müharibəsinin ikinci ildönümünü qeyd edir. Diqqətə çatdırıb ki, ölkəmizin çoxəsrlik tarixində Azərbaycançılıq ideologiyasının işığında respublikamızın ərazi bütövlüyü ilə nəticələnmiş Vətən müharibəsi ilə müqayisə edilə biləcək hadisə yoxdur. Akademik İsa Həbibbəyli Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış böyük Qələbənin cənab Prezident İlham Əliyevin həm dövlət başçısı və diplomat, həm Ali Baş Komandan və görkəmli sərkərdə, həm də bir ideoloq kimi apardığı mübarizənin nəticəsi olduğunu deyib.
Həmçinin qeyd edib ki, dövlət başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində respublika iqtisadiyyatının inkişafı təmin edilib, hərbi quruculuq işlərinə xüsusi diqqət yetirilməklə bərabər müasir, 21-ci əsrin texnologiyaları ilə silahlanmış peşəkar ordu formalaşdırılıb, Vətən müharibəsində mühüm rol oynamış Azərbaycanın yeni vətənpərvər nəsli yetişdirilib və bütün bunlar bizim Qarabağdakı zəfərimizin başlıca amillərindəndir.
İkinci Qarabağ müharibəsinin dünya hərb tarixinə ədalət müharibəsi kimi daxil olduğunu deyən AMEA prezidenti vurğulayıb ki, 21-ci əsrin müharibə strategiyası ilə icra edilən Azərbaycan ordusunun “Dəmir yumruq” əməliyyatı beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir və onun detalları bu gün dünya miqyasında hərb elmi tərəfindən öyrənilir.
Azərbaycanın müharibə strategiyasının təməllərinin Ümummilli Lider Heydər Əliyev tərəfindən atıldığını və cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və reallıqları əsasında zənginləşdirildiyini bildirən akademik İsa Həbibbəyli tarixi zəfər nəticəsində “Böyük Ermənistan” xülyasının dağıdıldığını, ordumuz qarşısında tab gətirməyərək döyüş mövqelərini və silah-sursatlarını ataraq qaçan “məğlubedilməz erməni ordusu” mifinin yerlə-yeksan edildiyini, dünyadakı erməni lobbisinin fiaskoya uğradıldığını söyləyib.
AMEA-da “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilibÖlkə başçısı İlham Əliyevin tələbi əsasında 10 noyabr bəyanatına salınmış kommunikasiya əlaqələrinin açılması bəndinin yüksək əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli Zəngəzur dəhlizinin tarixi İpək yolunun bərpası olduğunu, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə səmərəli körpü rolu oynayacağını, həmçinin türk birliyinə töhfə verəcəyini bildirib, bütövlükdə bu dəhlizin Cənubi Qafqaza sülh gətirəcəyini vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladan AMEA rəhbəri qardaş Türkiyə ilə strateji müttəfiqliyimizin Vətən müharibəsində sarsılmaz bağlarla daha da möhkənləndiyini, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı “Şuşa Bəyannaməsi” ilə isə daha da gücləndiyini söyləyib, bu gün birgə ordu quruculuğu istiqamətində mühüm addımların atıldığını deyib.
Diqqətə çatdırıb ki, ötən iki il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağa Böyük Qayıdışla bağlı tarixi işlər həyata keçirilib, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları açılıb, Ağalı kəndinin sakinləri öz doğma yurdlarına köçürülüb, Şuşanın tarixi memarlıq nümunələri bərpa edilib, Cəbrayılda bir çox kompleks istifadəyə verilib və bu proses hazırda yüksək sürətlə davam etməkdədir.
Böyük Qayıdışla bağlı Azərbaycan elminin qarşısında da mühüm vəzifələrin dayandığını bildirən akademik İsa Həbibbəyli 2021-ci ildə Akademiyanın Rəyasət Heyətinin işğaldan azad edilmiş ərazilərdə AMEA-nın vəzifələri haqqında qərarın qəbul olunduğunu, tədqiqat və dissertasiya işlərinə yenidən baxıldığını, ölkə başçısının xalqa müraciətləri, müsahibələri, tarixi qələbə münasibətilə paraddakı nitqi və s. məlumatların yer aldığı “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabının işıq üzü gördüyünü söyləyib. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşri olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının çapdan çıxdığını diqqətə çatdırıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Qarabağın dilçilik pasportu olan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın hazırlanaraq çap edildiyini söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, alimlərimiz tərəfindən Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı, mədəniyyəti, tarixi zəfərin fəlsəfəsi və s. istiqamətlərdə tədqiqatlar genişləndirilməli, dissertasiya işləri, məqalələr, monoqrafiyalar yazılmalıdır. Eyni zamanda, Vətən müharibəsindən əvvəlki proseslər, müharibənin gedişatı və postmüharibə dövrü humanitar və ictimai elmlər tərəfindən geniş tədqiq edilməli və gələcək nəsillərə çatdırılmalıdır.
AMEA kollektivinin və ailə üzvlərinin də İkinci Qarabağ müharibəsində yaxından iştirak etdiyini vurğulayan akademik İsa Həbibbəyli Akademiyanın Əsas binasında AMEA-nın Vətən müharibəsindəki iştirakçıları üçün guşənin açıldığını, xüsusi albomun işıq üzü gördüyünü deyib.
Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin alimlərimiz tərəfindən daim dəstəkləndiyini və AMEA-da aparılan elmi tədqiqatlarla bu siyasətə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edən akademik İsa Həbibbəyli Zəfər Günü münasibətilə dövlət başçısını və Akademiya kollektivini təbrik edib.
Konfransda, həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru Kərim Şükürov “Vətən müharibəsində qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir”, AMEA-da “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilibFəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə “Tarixi zəfərin fəlsəfəsi və yeni reallıqlar”, həmin institutun aparıcı elmi işçisi, Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev “Vətən müharibəsi qənimətləri əsasında Azərbaycan həqiqətlərinə baxış” və fəlsəfə elmləri doktoru Rahid Ulusel “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zəfər diskursu: milli iftixardan qələbəyədək” adlı məruzələrlə çıxış ediblər. Bundan əlavə, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun, Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynovun və Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, Vətən müharibəsi iştirakçısı Ramin Qəribovun çıxışları dinlənilib.
Sonda tədbirdə iştirak edən AMEA-nın Vətən müharibəsi iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
AMEA-da “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilib


"Science.gov.az"