13.01.2023, 07:58 - Baxış sayı: 316

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda keçirilən elmi konfransda məruzə ilə çıxış edib


Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda keçirilən elmi konfransda məruzə ilə çıxış edib2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin böyük zalında AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli məruzə ilə çıxış edib. E.Mədətli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin parlaq şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi, zəngin siyasi irsi və gələcək nəsillərə ötürdüyü siyasətin varisliyi ənənəsi təkcə bizim ölkəmizdə deyil, yaxın və uzaq xarici ölkələrdə də politoloji tədqiqatlar üçün aktual mövzulardandır.
- Heydər Əliyev siyasi irsinə maraq illər keçdikcə daha da artmaqdadır. Xüsusilə də türk xalqları arasında Heydər Əliyevin şöhrəti, nüfuzu hər zaman diqqətçəkici olmuşdur və SSRİ hökumətinin rəhbərliyindəki yüksək məqamında rəhbərlik etdiyi çox mühüm sahələrdə gördüyü ölçüyəgəlməz işlərlə, həyata keçirdiyi layihələrlə, eyni zamanda güclü iradəsi və cazibədar şəxsiyyəti ilə o, ümumxalq ehtiramını qazanmışdı.
1990-cı illərin əvvəllərində dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çöküş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas edib, sabitlik və inkişaf yoluna yönəldən, öncə qonşu ölkələr, ardından dünyanın aparıcı gücləri ilə milli maraqlar zəminində münasibətlər quran Heydər Əliyevin xilaskarlıq missiyası, xalqı birləşdirib öz ardınca apara bilmək qabiliyyəti bir sıra ölkələr üçün əsl ustad dərsləri oldu.
22 iyul 1990-cı ildə doğma şəhəri Naxçıvana gələndən az sonra Naxçıvan seçiciləri Azərbaycan rəhbərliyinin və onun Naxçıvandakı funksionerlərinin təzyiqinə baxmayaraq fərdi təqaüdçü, heç bir vəzifə və imtiyaza malik olmayan Heydər Əliyevi həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçərək böyük xilaskarlıq missiyası üçün ona yol açdılar. Onun hələ sıravi deputat kimi Naxçıvandakı hadisə və prosesləri milli müstəqillik yoluna istiqamətləndirməsi, bir sıra inqilabi dəyişikliklərə yön və rəvac verməsi, milli mənafeyə aid məsələlərdə iradə və çəsarət göstərməsi, Azərbaycan Ali Sovetinin tribunasından davam edən erməni təcavüzü şəraitində bağışlanmaz passivlik və prinsipsizlik göstərən, hələ də Moskvanın diktəsilə öz xalqına münasibətdə xəyanətkarlıq edən respublika rəhbərliyini kəskin tənqid etməsi və vəziyyətdən çıxış yolları göstərməsi hər kəsin zehnində və qəlbində möhkəm inam yaratmışdı ki, yalnız Heydər Əliyev Azərbaycan xalqını bu çıxılmazlıqdan qurtara bilər.
Ermənistanın Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzü şəraitində, eyni zamanda Azərbaycanın mərkəzi hökumətinin Naxçıvana və naxçıvanlılara qarşı əsassız təzyiqlər göstərdiyi bir vaxtda - 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının hamısı yekdilliklə səs verərək Heydər Əliyevi Naxçıvan Muxtar Respublika Ali Məclisinə Sədr seçdilər. Həmin dövrdə Naxçıvandakı ictimai-siyasi proseslərin şahidi olan və onları dərindən təhlil edən akademik İsa Həbibbəyli yazır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr vəzifəsinə seçilməsi geniş mənada Azərbaycanda dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş ümumrespublika əhəmiyyətli tarixi hadisədir. Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasında ümummilli vəzifələri qətiyyətlə həyata keçirən Heydər Əliyevin simasında ölkəmizin müstəqilliyinin qarantı olacaq qüdrətli dövlət xadimini görür, ona böyük ümid və inam bəsləyirdi.
Naxçıvan MR Ali Məclisinin Sədri seçiləndən sonra qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan "Ümid" körpüsünün tikintisinə başlandı. Təməli 1991-ci il oktyabrın 29-da - Türkiyə Cümhuriyyətinin Quruluş Günündə atılan bu körpü 1992-ci il mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Günündə artıq "Vüsal" körpüsü kimi Heydər Əliyevin və Türkiyə hökumətinin başçısı Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan - Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi.
Ali Məclisin Sədri kimi, Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğalından xilası, sosial-iqtisadi vəziyyətin düçar olduğu ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi.
Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri, dövlət və hökumət başçıları ilə görüşləri və müzakirələri nəticəsində Azərbaycan hökuməti tərəfindən gözümçıxdıya salınan Naxçıvana yollar açmaq, əhalini aclıq və soyuqdan qorumaq mümkün oldu.
Sovetlər dönəmində olduğu kimi, hansı vəziyyət olursa-olsun Heydər Əliyev təhsilə böyük önəm verirdi və Azərbaycan gənclərinin Türkiyədə təhsil almasını çox vacib və gərəkli hesab edirdi. Onun 1992-ci il mart ayının 22-24-də Türkiyə Cümhuriyyətinə səfərinin yekunu olaraq imzalanmış "Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq Protokolu"nda da bu mühüm milli əhəmiyyətli məsələyə xüsusi yer ayrılmışdı. Ankarada Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Turqut Özal qəbul etmişdi. Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdu. Görüşlər zamanı Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı məsələlərə də toxunulmuş, fikir mübadiləsi edilmişdi. Əməkdaşlıq protokolunda iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı, daha bir maddə - hər il 100 nəfər naxçıvanlı gəncin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı. Heydər Əliyevin bu təşəbbüsü həmin dövrdə Naxçıvan əhalisinin ərzaq, enerji və sair həyati zəruri ehtiyacları qədər lazımlı idi, belə ki, cəmiyyətdə baş verən böhranlı proseslər təhsil sahəsinə də ağır zərbə vurmuşdu. Eyni zamanda blokada şəraiti naxçıvanlı gənclərin ölkənin əsasən paytaxtda yerləşən ali məktəblərində təhsilə müntəzəm davam etmələrinə də ciddi əngəllər yaratmışdı. Belə bir şəraitdə Türkiyə universitetlərinin öz qapılarını açması və azərbaycanlı tələbələrin təhsilinin və yaşamının qardaş dövlət tərəfindən qarşılanması olduqca böyük imkan idi. Bu əsl qardaşlıq köməyi idi. 1992-ci il oktyabrın 5-də Heydər Əliyev Türkiyədə təhsil almağa göndərilən 75 nəfər naxçıvanlı gənclə Muxtar Respublika Ali Məclisində keçirdiyi görüşdə qardaş Türkiyəyə olan hüsn-rəğbətini bəyan edərək demişdi ki, onun rəhbərliyi ilə 1976-cı ildən sonra hər il 800-900 nəfər və böyük əksəriyyəti, 95 faizi azərbaycanlılar olan gənclər Sovet İttifaqının təxminən 50 şəhərindəki ali məktəblərdə təhsil almağa göndərilirdilər. Ulu Öndər deyirdi: "...Mən o dövrdə gənclərimizin bir qisminin də Türkiyədə təhsil almasının çox həsrətində olmuşam. Çünki Türkiyə ilə Azərbaycan tarixən son dərəcə yaxın olublar. Bunu sübut etməyə ehtiyac yoxdur. Lakin o vaxtlar belə bir imkan yox idi".
Qeyd edilməlidir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında və dünya siyasətinə inteqrasiyasında, ölkəmizin siyasi-iqtisadi, elmi-texniki, mədəni-mənəvi maraqlarının formalaşdırılıb reallaşdırılmasında atdığı mühüm addımlar sırasında qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulması aparıcı yer tutmağa başladı.
Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım oldu.
Ulu Öndər Heydər Əliyevin 8-11 fevral 1994-cü il tarixdə Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı. Əlbəttə, bundan əvvəl də, Azərbaycan öz istiqlalını elan edən vaxtdan qardaş Türkiyə ölkəmizə yardımlarını əsirgəməmişdi. Həmin ağır illərdə Türkiyə dövlətinin və xalqının göstərdiyi yardımlar olduqca dəyərli idi, naxçıvanlılar üçün isə həyati əhəmiyyətə malik idi. Lakin eyni zamanda ölkələrimizin dövlətlərarası münasibətlərində nizamsızlıq, qeyri-ardıcıllıq, emosional çalarlar daha çox idi. Prezident Heydər Əliyev bu müasibətləri tamamilə yeni siyasi-iqtisadi və mənəvi müstəviyə qaldırdı.
Qeyd edilməlidir ki, Ulu Öndərin 5-8 may 1997-ci il tarixdə Türkiyə Cümhuriyyətinə növbəti rəsmi səfəri əhatəliliyi, keçirilən görüşlərin sıxlığı, müzakirə edilən məsələlərin və qəbul edilən sənədlərin zəruriliyi ilə qarşılıqlı münasibətlərdə qoyulan təməlin necə möhkəm, etibarlı olduğunu bir daha təsdiqlədi. Mayın 5-də Heydər Əliyevə Türkiyə Respublikasının "Dövlət nişanı"nın təqdim olunması mərasimində çıxış edən Ulu Öndər dedi: "Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir".
Türkiyədə də səsləndirildiyi kimi, Heydər Əliyevin "Bir millət- iki dövlət" tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Nəzərə alınmalıdır ki, Ulu Öndər "Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir dedikdə yalnız etnik olaraq türkləri deyil, bütövlükdə Azərbaycan xalqını, onun bütün etnik tərkibini və mənzərəsini əhatə etməklə, bir millət kimi nəzərdə tuturdu. Şübhəsiz ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də zamanında "Nə mutlu türküm deyənə!" ifadəsi ilə bütün Türkiyə Cümhuriyyətinin vətəndaşlarını və özünü türk sayan hər kəsi nəzərdə tuturdu.
Ulu Öndərin vəfatından sonra Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, qardaş Türkiyə ilə münasibətlərdə də Heydər Əliyev siyasətini yaradıcılıqla davam etdirdi və "Bir millət-iki dövlət" düsturunu dövlətlərimizin və xalqlarımızın qarşılıqlı əlaqələrinin strategiyasına çevirdi. Bu düstur həm regionumuzda, həm də beynəlxalq çərçivədə Azərbaycan-Türkiyə münasibətlərinin işlək və səmərəli açarı olaraq keçən hər gün daha da aktuallaşdı, dövlət siyasəti olmaqla yanaşı, qardaş xalqlarımızın ruh və könül birliyi siyasəti kimi də dolğunlaşdı, ölkələrimizin iqtisadi, ticari, mədəni, hərbi-siyasi əlaqələri ilə daha da zənginləşdi və yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Bu düstur həm də türk dövlətlərinin və toplumlarının bir-birinə yaxınlaşmasını şərtləndirən cazibə mənbəyi keyfiyyəti qazandı.
3 oktyabr 2009-cu il tarixdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları Zirvə görüşü keçirib, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (Türk Şurası) təsis etdilər. Bundan sonra ardıcıl keçirilən Zirvə görüşləri türk dövlətlərinin əməkdaşlığının inkişafına əhəmiyyətli təsir göstərdi. 2019-cu il oktyabr ayının 15-də Bakıda keçirilən VII Zirvə görüşü Heydər Əliyev ideyalarının bariz təcəssümünə çevrildi. Artıq Özbəkistanın da Türk Şurasının tamhüquqlu üzv olaraq qatıldığı görüşdə ümumtürk birliyinin formalaşması istiqamətində, türk dövlətlərinin bir-biri ilə yaxınlaşmasında, ortaq mənafelər naminə əməkdaşlıq formalarının genişləndirilməsində on il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə imzalanmış Naxçıvan sazişinin önəmli rol oynadığı vurğulandı.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib qardaş ölkənin dəstəyini ifadə etdi, həmişə olduğu kimi, belə taleyüklü məqamda da Türkiyənin Azərbaycanın yanında olduğunu vurğuladı.
Prezident İlham Əliyev bəyan etdi ki, Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkəyə xəbərdarlıq oldu - kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır. Prezident İlham Əliyev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət - iki dövlət" kəlamı indi bütün Türkiyə və Azərbaycan üçün bir işıq yoludur.
Əlbəttə, Azərbaycanın müstəqilliyinin 30 ilində qardaş Türkiyə ilə münasibətləri yüksək səviyyədə təsbit edən, əməkdaşlığın müxtəlif sahələrində geniş imkanlar açan bir sıra hüquqi sənədlər imzalanmış, bir sıra sahələrdə əhəmiyyətli əməli addımlar atılmışdır.
Keçən otuz ilə yaxın müddətdə Azərbaycanla Türkiyə arasında imzalanmış hüquqi sənədlərə, illərlə davam və inkişaf edən qarşılıqlı münasibətlərin məntiqliyi və təbiiliyinə baxmayaraq, həm Vətən müharibəsinin gedişində, həm də ondan sonra ölkəmizə qarşı başladılan "soyuq müharibə"yə və təzyiqlərə sinə gərməkdə Azərbaycan və Türkiyə prezidentlərinin ölkələrimizin milli maraqlarına xidmət edən siyasəti və onların şəxsi dostluq və qardaşlıq münasibətləri yeni bir sənədin imzalanmasını şərtləndirirdi. Buna görə belə hesab etmək olar ki, Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin (13 oktyabr 1921-ci il) imzalanmasından tam 100 il sonra Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dönəmin başlandığını ortaya qoydu. Azərbaycanın təcavüzkar Ermənistan üzərində tarixi qələbəsindən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Şuşa şəhərinə səfər etməsi və 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə arasında "Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanan sənədlərin zirvəsi oldu.
Bu həm də Ulu Öndər Heydər Əliyevin "Bir millət - iki dövlət" düsturunun əməli müstəvidə təzahürü idi. Yəni Azərbaycan-Türkiyə birliyinin strategiyası kimi real zamanda, real coğrafiyada, bəlli hərbi-siyasi şəraitdə özünü təsdiq etdi. Bölgədə söz və nüfuz dairəsi yaratmağa və təcavüzkar Ermənistanı dəstəkləyib ölkəmizin azadlıq müharibəsinin tarixi zəfərini heçə endirməyə çalışan digər gücləri də bu birliyin qüdrəti ilə hesablaşmağa məcbur etdi.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq Azərbaycan və Türkiyə beynəlxalq iqtisadiyyata geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, eləcə də sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihə üzərində işləyirlər. İşğaldan azad olunmuş bölgələrimizdə qardaş Türkiyənin yaxından iştirakı digər türk ölkələri üçün də yaxşı nümunədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik" mövqeyi əməkdaşlığımızın başlıca strateji prinsipinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" tarixi düsturu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.

azerbaijan-news.az