22.02.2023, 15:59 - Baxış sayı: 228

“Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” adlı seminar keçirilib


“Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində  “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” adlı seminar keçirilibBu gün “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində s.e.ü.f.d.dos., şöbənin aparıcı elmi işçisi Zaur Əliyev “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” adlı mövzu ilə çıxış etdi. Seminarda şöbənin əməkdaşları Lalə Mövsümova (sədr), Şahin Bağırov, Davud Həşimov, Təzəgül Qasımova, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda təcrübə keçən Bakı Slavyan Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin IV kurs tələbələri iştirak etdilər.
Zaur Əliyev çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Zaur Əliyev o dövrdə Ağdamda yaşadığı üçün hadisələrin canlı şahidi kimi gördüklərini bildirirək bu soyqırımın bəşəriyyət üçün ağır cinayət olduğunu iştirakçıların diqqətinə çatdırdı. Çıxışında “Siyasətin fəlsəfəsi və Sosiologiya” şöbəsində  “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” adlı seminar keçirilibZaur Əliyev bildirdi ki, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalininməhvi üçün ən qəddar üsullara əl atmışlar. Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində “İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
Xocalıda baş verənlər hərbi cinayət idi. Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi.
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, ermənilərin terrorçu, işğalçı əməllərinə qarşı qəti tədbirlər görülməmişdir. Lakin ölkə rəhbərliyinin bu məsələ ilə bağlı gördüyü işlər bizə əminliklə deməyə əsas verir ki, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edəcəklər.