Azərbaycan milli ideyasının fəlsəfi konsepti haqqında
(“Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabı üzərində düşünərkən)
Biz kimik, haraya gedirik? - bu, onların haqqında diskussiyaların aparıldığı, fikirlərin irəli sürüldüyü, sonra yenə mübahisələrin edildiyi problemlər sırasına aid olan məsələlərdir. Yəqin ki, buna görə də milli ideya, fəlsəfə və milli ideya adlı altında çıxan bütün ədəbiyyat oxucuda əsl maraq oyadır. Özü də ki, bu gün ona olan maraq təkcə bizdə yox, dünyada da çox artmışdır, çünki müasirlik - “qlobal transformasiyalar dövrü” hamıya sürprizlər təqdim edir, onun çağırışları isə çətin təhlil olunur. Qloballaşma və identiklik, dünyanın bu və ya digər regionunda müasir identikliyin xüsusiyyətləri, qlobal transformasiyalar dövründə dövlət və liderin rolu - bu, insan, siyasətçi və alimlərin düşüncələrinə hakimlik edən bir çox əsərlərin mövzularıdır. Qloballaşma milli identiklik üçün ən çətin sınaq oldu - bunu bir çox alimlər etiraf edir. Təəssüf ki, onların əksəriyyəti bu çətinliklərin aradan qaldırılmasında dövlət və liderin gücünü lazımi qədər qiymətləndirmirlər.
Qloballaşma dövründə milli ideya problemlərinin siyasi, iqtisadi, mədəni və bir çox digər aspektləri vardır, amma hamı başa düşür ki, fəlsəfi konsept olmadan bütün məlumatları, bütün bu aspektləri bir araya gətirmək, problemi bütün bütövlüyü ilə görmək, onun gələcəyini proqnozlaşdırmaq çətindir, hətta mümkün deyil. Yalnız fəlsəfi yanaşma milli ideyaya keçmişdəki, bugünkü və gələcəkdə olacaq əsas təhdidləri (çağırışları) aşkar etməyə, tarixin müxtəlif mərhələlərində dövlət və liderin rolunu dərk etməyə imkan verir.
Məhz buna görə də akademik filosof Ramiz Mehdiyevin 2017-ci ildə Moskvanın məşhur “Politiçeskaə gnüiklopediə” nəşriyyatı tərəfindən çap edilmiş “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” monumental əsəri həqiqətən böyük əhəmiyyət kəsb edir. Bu kitabda millətin zamanın çağırışlarına cavabında dövlət və liderin, milli ideologiyanın rolunun dialektikasını xüsusilə göstərərək, müasir Azərbaycan milli ideyasının nə olduğunun fəlsəfi və transfənni konsepti verilir.
Fikrimizcə, bu əsər ona görə əhəmiyyətlidir ki, nəinki Azərbaycanın özündə, postsovet məkanında, həm də dünyada diqqət cəlb edəcək Azərbaycan milli ideyasının konseptini təklif edir. Bu gün dünyada artıq çoxları başa düşürlər ki, Azərbaycanın bir çox problemləri, onları həlletmə üsulları Azərbaycanın sərhədləri çərçivəsindən kənara çıxan əhəmiyyət kəsb edir.
Müstəqil Azərbaycan dövlətinin yaradılmasından güclü dövlətə doğru
Milli ideya liderlə, dövlətlə, onun təşəkkülü və inkişafı ilə bərk-bərk bağlıdır. Və akademik Ramiz Mehdiyevin düşüncələrinin əsas leytmotivi, elmi-fəlsəfi və ideoloji aktuallığı onun onlara zamanın çağırışlarına cavab verməyə qadir milli ideyanın formalaşmasında hansı rolu ayırdığı ilə müəyyənləşir. Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar milli ideyanın inkişafında dövlət və liderin rolunu lazımınca qiymətləndirmirlər və zənnimizcə, bu, onunla əlaqədardır ki, XX əsrdə siyasi araşdırmaların mərkəzində daha çox birlik, xalq, siniflər, kütləvi və vətəndaş cəmiyyəti yerləşirdi. Əlbəttə, sovet marksizmi öz diqqətini hakimiyyət, liderlər üzərində cəmləşdirmişdi, lakin onların millətlə, milli inkişaf ilə heç bir əlaqəsi yox idi. Müasir Qərb ədəbiyyatında həm keçmişdə, həm də indi bu məsələlərə diqqət yetirilmişdir. N.Makiavellinin və onun irsini ciddi surətdə araşdıranların əsərlərinə diqqət yetirmək kifayətdir. Məsələn, Hegel, X.Morgentau, E.Kantoroviç və bir çox digər tədqiqatçıları xatırlamaq olar.
XX əsrin son mərhələsində, ölkə qarşısında bütün kəskinliyi ilə müstəqil milli dövlətin yaradılması vəzifəsi durduğu zaman, bizə aydın oldu ki, milli dövlət quruculuğunda liderin, millətin inkişafında isə dövlətin rolu nə dərəcədə vacib və əhəmiyyətlidir. Akademik Ramiz Mehdiyev vurğulayır ki, Azərbaycan öz müstəqilliyinin başlanğıcında zamanın çağırışlarına cavab verə bilmirdi, ona görə ki, ölkə rəhbərliyi vəziyyəti anlamırdı, yeni strategiyalar təklif edə bilmirdi, dünyanın siyasi mənzərəsini, insanların qabiliyyətinin, mənəvi zənginliyinin həyata keçirilməsinə mane olan köhnəlmiş hər şeydən xilas olmaq lazım olduğunu nəzərə almırdı. 90-cı illərin əvvəllərində dövlətimizin sükanı arxasında təsadüfi adamların olması müharibəyə, ərazilərin itirilməsinə, insanların çaşqınlığına və ölümünə, qruplaşmalar arasında mübarizəyə, özbaşınalıq və banditizmin azğınlığına, iqtisadi həyatın tənəzzülünə səbəb oldu. Faktiki olaraq, ölkə fəlakət təhlükəsi həddinə çatdırılmışdı.
Ramiz Mehdiyev hesab edir ki, Heydər Əliyev elə məhz xalqın istəklərini doğruldan lider oldu. Azərbaycan xalqı zəruri keyfiyyətlərə və idarəçilik səriştəsinə, bilik və təcrübəyə malik olan, ən başlıcası isə, xalqı inkişafa doğru aparmaq üçün onun etimadını qazanmış lideri seçərək, taleyini öz əlinə ala bildi. Heydər Əliyevi ölkəyə görə məsuliyyəti öz üzərinə götürməyə qadir olan bir lider hesab edən insanların etimadı onun Azərbaycan prezidenti seçilməsi üçün həlledici dəlil oldu. Akademik Ramiz Mehdiyevin yazdığı kimi, ölkə vətəndaşları onun 1970-1980-ci illərdə birinci dəfə hakimiyyətə gəldiyini unutmayıblar, bu dövr isə Azərbaycan tarixində sürətli inkişaf və hərtərəfli tərəqqi dövrü idi. Çoxlarından fərqli olaraq, onun artıq o zaman Vətənə xidmət etməkdən ibarət konkret missiyası var idi.
Heydər Əliyev xalqın etimadını, hər şeydən öncə, ona görə doğrultdu ki, onun mahiyyəti bundan ibarət təsirli strategiya və fəlsəfəsi var idi: hər bir millətin öz inkişaf yolu vardır, amma o, başqalarının da təcrübəsini nəzərə almaya bilməz. Lakin başqalarının təcrübəsini konkret zaman və məkan şəraitində necə tətbiq etmək lazım olduğunu hələ bilmək lazımdır. O, həmçinin bilirdi ki, dövlət quruculuğu qayda-qanunun yaradılmasından, ordunun, nizami silahlı qüvvələrin formalaşdırılmasından, qanunun aliliyinin bərqərar olunmasından başlayır. Lakin bu məsələlərin həllində çox şey cəmiyyətin şüurundan, onun bu dəyərləri dərk etməsindən asılıdır. Ordu, silahlı qüvvələr, qanuna hörmət və qayda-qanun - bunlar hər bir xalqın, cəmiyyətin inkişafında mühüm dəyərlərdir. Və demək lazımdır ki, akademik Ramiz Mehdiyevin öz kitabında düzgün qeyd etdiyi kimi, Heydər Əliyevin həyat və siyasi təcrübəsi, onun bilik və intellekti, region və dünyada geosiyasi vəziyyəti bütün incəliklərinə qədər başa düşməsi, bir çox digər siyasətçilərin gücü çatmadığı problemləri həll etmək üçün vətəndaşları birləşdirməyə kömək etdi.
Ölkədə vəziyyəti sabitləşdirərək, Heydər Əliyev Azərbaycanın özgün xüsusiyyətləri, mədəniyyəti, ənənələri və imkanları nəzərə alınmaqla onun demokratik yolla təkamüli inkişafına istiqamət götürdü. Əslində, o, Ramiz Mehdiyevin öz tədqiqatında yazdığı kimi, üç əsas problemin həllindən ibarət quruculuq və islahatlar konsepsiyasını irəli sürmüşdü. Birincisi, siyasi sabitliyin yaradılması; İkincisi, çoxvektorlu xarici siyasətinin təmin edilməsi; üçüncüsü, sosial-iqtisadi inkişaf siyasətinin əsasını təşkil etməli olan neft strategiyasının həyata keçirilməsi.
Və demək lazımdır ki, şübhəsiz, əsərin müəllifi haqlı olaraq vurğulayır ki, Heydər Əliyevdə hər hansı MDB ölkələri prezidentlərində olduğundan daha çox inkişaf etmiş nadir iradi keyfiyyətlər və qətiyyət, yüksək siyasi intuisiya, qəbul olunmuş qərarların sona çatdırılması və mövcud problemlərin aradan qaldırılmasında inadkarlıq, problemlərin dərinliyinə varmağa can atma ona tez bir zamanda Azərbaycanı yeni tarixi yola çıxarmasına kömək etdi. Həm də çox vacib bir məqamı nəzərə almaq lazımdır ki, Heydər Əliyev bilirdi ki, yuxarıda göstərilən üç problem eyni bir zamanda həlli edilməlidir, çünki onlardan hər hansı birinin həlli qalanlarını da həll etməyə kömək edirdi. Belə ki, “Əsrin Müqaviləsi” sosial-iqtisadi vəziyyətin sabitləşməsinə səbəb oldu, çoxvektorlu siyasət “Əsrin Müqaviləsi”nin imzalanmasına yol verdi, ölkə Konstitusiyasının qəbul edilməsi isə iqtisadi islahatlara və ölkənin xarici siyasət kursunun həyata keçirilməsinə kömək etdi.
Ümumilikdə isə onun prezidentliyi dövründə respublikanın yeni inkişaf mərhələsi və ölkənin keçid dövrünün başa çatması üçün möhkəm baza yaradıldı. Ona görə də 1993-2003-cü illər Azərbaycan tarixinə müstəqil milli dirçəliş və inkişaf siyasəti illəri ilə səciyyələnən Heydər Əliyev erası kimi, Ramiz Mehdiyevin vurğuladığı kimi, milli ideyanın gerçəkləşdirilməsi dövrü kimi daxil olub. Bu illər ərzində ölkədə çox şey əsaslı surətdə dəyişdi, ölkənin siyasi, sosial, mədəni və xarici siyasət siması başqalaşdı, o, beynəlxalq hüququn tamhüquqlu subyekti oldu. Əlbəttə, ölkədə bir çox problemlərin həllinə mane olan obyektiv çətinliklər və ilk növbədə, qaçqın və məcburi köçkünlərin müsibətli vəziyyəti və s. var idi, lakin bu aspektdə də böyük işlər görüldü.
Ramiz Mehdiyev qeyd etməyi lazım hesab edir ki, bu mütərəqqi dəyişikliklərin əsas uzunmüddətli tərkib hissələri bunlar idi:
- İctimai-siyasi həyatın sabitləşdirilməsi, demokratik prinsip və təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəetmə institutlarının formalaşmadırılması;
- cəmiyyətdə yeni davranış normaları və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik - vətəndaşlığın formalaşdırılması;
- 1994-cü ilin ortalarından başlayaraq, Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın mühüm prioritetlərinin formalaşdırılması;
- müstəqil dövlətin neft strategiyasının yaradılması;
- “Böyük İpək Yolu” layihəsində fəal iştirakı ilə bağlı Azərbaycanın regional logistika mərkəzi kimi rolunun dəyişməsi;
- respublikanın həyat qabiliyyətli tarazlaşdırılmış çoxvektorlu xarici siyasət modelinin formalaşdırılması;
- müasir və döyüş qabiliyyətli Ordu yaradılması və s.
Ramiz Mehdiyev belə bir düzgün tezis ifadə edir ki, xalq müasir şəraitdə millətin inkişaf strategiyası və fəlsəfəsinə malik olan liderə etimad göstərdi. Onun konkret hərəkətləri, tədbirləri, qəbul etdiyi qərarlar, onun xarizması, bəsirəti, iradəsi, təcrübəsi ölkə vətəndaşlarının müasir milli dəyərləri qəbul edilməsində mühüm rol oynamışdır. Millət, dövlətçilik, idarəetmə sistemi, vətəndaş cəmiyyəti, hakimiyyət, inkişaf etmiş iqtisadiyyat, liderlik, milli mədəniyyət, mənəvi dirçəliş, transformasiya, çoxvektorluluq - bu anlayışlar müstəqil və güclü dövlət və cəmiyyət, millət dəyəri konseptinin mahiyyətini açıqlayır. Bu dəyəri konsept azərbaycançılıq, milli ideologiya adlanan fenomenin əsası oldu. Kitabda ideya və ideologiyanın bir-birinə necə qarşılıqlı təsir göstərdiyi, əsaslı surətdə düşünülmüş ideologiyanın milli ideyanın inkişafı və zənginləşməsində hansı rolu oynadığı, ideologiya və elita və gənclərin maarifləndirilməsi, formalaşdırılması arasında əlaqələr dərindən və nəzəri cəhətdən əsaslandırılmış şəkildə meydana çıxarılıb.
Ramiz Mehdiyev yazır ki, milli və dövlət müstəqilliyinin qorunub saxlanması, milli identikliyin inkişafı, dünya birliyinə inteqrasiya bundan sonra azərbaycanlıların milli mənlik şüurunun əsas struktur hissəsi olub. Mahiyyəti və mənasının Heydər Əliyevin öz siyasətində, bütün həyatı ilə yaradıb və ifadə etdiyi azərbaycançılıq ideologiyası bütün cəmiyyətin qəbul etdiyi bu günün və gələcəyin müasir mənəvi, siyasi-mədəni, ideoloji dərki olur. Aydın olur ki, Heydər Əliyev güclü, nəinki öz təsisatları, həm də cəmiyyətlə birliyi ilə güclü dövlət konseptinin əsaslarını yaradıb. Görünür, həm də buna görə İlham Əliyevin Azərbaycanın inkişafı və müasirləşdirilməsinə yönəlmiş səmərəli siyasəti bütün sahələrdə - iqtisadiyyatda, demokratik islahatlarda, mədəni quruculuqda, xarici siyasətdə - uğurla davam etdirilir. Və bu xüsusilə vacibdir, həmin ideologiya müxtəlif xalqları, mədəniyyətləri, ənənələri, konfessiyaları özündə üzvi surətdə birləşdirir. Mədəni müxtəliflik və multikulturalizm siyasəti də öz mənbəyini məhz bu özünüdərk və siyasi xəttdə tapır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev və İlham Əliyevin dövlət quruculuğu təcrübəsini dərk edərək, kitabın müəllifi öz araşdırmasında nəinki ətraflı tədqiq edilmiş güclü dövlət konsepsiyasını təqdim edir, həm də müasir dünya dövlətşünaslıq nəzəriyyəsinə ciddi nəzəri yenilik gətirir. Onun fikrincə, güclü dövlət “özünün güclü dövlət ideyasına əsaslanmalı və onu gerçəkləşdirməlidir, çünki öz xalqının unikal ənənəsinə istinad edir”. Bu tezisə əsaslanaraq, “Azərbaycanda güclü dövlət əlamətləri” göstərilir: “tam müstəqillik, milli iqtisadiyyat və istehsal sahələrinin yeni texnologiyaların bazasında inkişafı. Azərbaycana güclü milli ideologiya lazımdır və bu, Azərbaycanın bütün etnoslarının tolerantlıq və multikulturalizm kimi dayaq element və komponentlərinə malik dövlət ideologiyası olan “azərbaycançılıqdır”. O, mədəniyyət, elm, təhsil və idmanı inkişaf etdirir, sosial siyasəti lazımi səviyyədə saxlayır, pensiyaçı və aztəminatlı vətəndaşlara qayğı göstərir, ictimai asayişi təmin edir. Ona əsaslanır ki, güclü dövlət güclü və müasir orduya malikdir və hər vasitə ilə mülki ictimai qurumları və s. dəstəkləyir.
Milli ideyanın formalaşması mərhələləri haqqında
Çox hörmətli akademik Ramiz Mehdiyevi milli ideya və ideologiya problemləri, onun məzmun və mahiyyətinin formalaşması və təşəkkülü tarixi çoxdan maraqlandırır. O, millətin tarixinin, daha doğrusu, tarix fəlsəfəsinin milli ideyanın hazırda və gələcəkdə inkişafı yollarının dərkini müəyyənləşdirdiyi haqda ideyanın müəllifidir. Bu kitabda ictimai elmdə ilk dəfə olaraq, milli ideyanın formalaşması mərhələlərinin, onun inkişafı və azərbaycanlıların təcrübəsi və özünüdərki, liderlərin fəaliyyəti ilə qarşılıqlı asılılığının ifadə olunması və s. nəzəri əhəmiyyət kəsb edir. Onu da vurğulamaq istərdik ki, o, etnik dirçəliş, milli özünüdərk və Azərbaycan xalqı və millətinin milli ideyasının əsl mahiyyəti, məzmunu və bunu da əlavə edək ki, məğzinin formalaşması arasında əlaqələri aşkar edib.
Milli ideyanın formalaşmasının əsas mərhələrinin inandırıcı surətdə, dəlillərlə əsaslandırılması üçün tədqiqatın müəllifi sosial-siyasi, tarixi və mədəni amillərin təhlilinə müraciət etməyi zəruri hesab edir və yalnız bundan sonra vurğulayır ki, “milli ideyanın təşəkkülünün birinci mərhələsi 1828-1875-ci illəri əhatə edir”. Aydındır ki, etnik oyanış Rusiya ilə bağlıdır: Şimali Azərbaycan əhalisi bu imperiyada yaşayan digər etnoslardan fərqini anlamağa başlayan zaman İranın etnik-mədəni təsirindən, reallığın arxaik qavranmasından azadolma prosesi başlayır. Azadolma prosesini çox hörmətli akademik ziyalıların öz mədəniyyətini, ədəbiyyatını və dilini inkişaf etdirmək istəyi ilə əlaqələndirir.
Burada, fikrimizcə, çox vacib bir məqamı qeyd etmək lazımdır: kitabda milli ideyanın formalaşması və Azərbaycan maarifçilərinin fəaliyyəti arasında əlaqələrə xüsusi diqqət yetirilir. Müəllif vurğulayır ki, “... yaranmaqda olan ziyalılarının parlaq xadimləri ensiklopedik biliklərə malik olan və qabaqcıl rus mədəniyyəti mühitinə və onun vasitəsilə XIX əsr Avropa mədəniyyətinə cəlb olunmuş ilk nümayəndələri Abbasqulu ağa Bakıxanov (1794-1846), Mirzə Kazım bəy (1802-1870), Mirzə Fətəli Axundov (1812-1878) idi”. Onlar öz əsərlərində “biz kimik?” məsələsini qaldırırlar.
Ramiz Mehdiyev elə bu cür də yazır ki, Şimali Azərbaycan əhalisinin etnik baxımdan oyanışı həmin görkəmli mütəfəkkirlərin fəlsəfi, tarixi və ədəbi əsərlərindən qaynaqlanmışdır. Məhz onların arasında ölkənin alternativ inkişaf yol və variantları barədə milli ideyanın inkişafına xidmət etmiş diskussiyalar başlayır. Aydındır ki, o dövrdə bu, insanların yalnız kiçik bir dairəsini əhatə edirdi, onların əksəriyyəti isə hələ də buna etnik məzmun verərək özünü islam dini ilə eyniləşdirirdi. Maarifçilik fəaliyyəti, genişlənən diskussiyalar milli ideyanın ikinci mərhələsinə doğru aparır.
Bu mərhələ 1875-ci ildə Bakıda “Əkinçi” qəzetinin təsis olunması ilə bağlıdır və XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Qəzetin özünün ömrü az oldu, lakin o, müəllifin qeyd etdiyi kimi, “milli oyanış tarixində müstəsna rol oynadı”. İş burasındadır ki, o, kütlələrə maarifçilik ideyalarını çatdırır, dili zənginləşdirir, o, savad yayır və ideyalara maraq oyadırdı. Bu məqamda ziyalılar türk mədəniyyəti ənənələrinə müraciət edir. Belə ki, 1891-ci ildə M.Ə.Şahtaxtinski öz dərc edilmiş məqalələrinin birində “Azərbaycan türkləri” terminini tətbiq etmək təklifini irəli sürür. Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və b. o dövrün görkəmli ziyalılarının nümayəndələridir. Onlar özlərinin əsas vəzifəsini xalqı ayıltmaqda görür və bütün fəaliyyəti ilə bu ali məqsədə xidmət etməyə çalışırdılar. Onlar ilk dəfə olaraq millətin hələ ki, sosiomədəni dəyişikliklərinin demək olar ki, ideoloji əsasını qoyurlar.
Çox hörmətli Ramiz Mehdiyevin qeyd etdiyi kimi, üçüncü mərhələ 1905-1907-ci illər inqilabı ilə başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. Birinci Rusiya İnqilabından sonra Azərbaycan xalqının ictimai-siyasi şüuruna ciddi təsir göstərmiş böyük ictimai dəyişikliklər qeyd olunur. Bu dövrdə ilk siyasi partiyalar yaranır, qəzet və jurnallar təsis edilir, fəal surətdə milli mənlik şüurunun formalaşması və Avropa sivilizasiyası dəyərlərinə yiyələnmə prosesi gedir. Milli-mədəni problemlərin dərkinə meydan verərək mətbuat islamçı ideyaların nəzarətindən azad olur, türkçülük ideyaları yayılır. Müəllif yazır ki, milli ideal xarakteri alaraq, türkçülük milli hərəkata güclü təkan verir, 1917-ci ilin fevral inqilabı ərəfəsində isə ziyalılar və milli burjuaziya Azərbaycanda milli hərəkatın əsas istiqamətverici qüvvəsi mövqelərinə çıxmışdı. Müəllif həmçinin qeyd edir ki, 1905-1906-cı illərin qanlı erməni-Azərbaycan toqquşmaları əhalinin geniş kütlələrinin oyanışına müəyyən təkan verdi, amma ümumilikdə əhalinin geniş kütləsi bu proseslərə hələ də lazımınca qoşulmamışdı.
Bu dövrdə iki milli-siyasi layihənin aktuallığı daha çox idi: “Böyük Turan”ın və Rusiya imperiyasının tərkibində milli-ərazi muxtariyyəti ideyası. Göründüyü kimi, bu dövrdə Azərbaycanın siyasi elitası ölkənin dövlət quruluşu məsələsi üzrə mövqeyini qəti müəyyənləşdirməmişdi. Yəqin elə buna görə də Petroqradda Müəssislər Məclisinin dağıdılmasından sonra, kitabın müəllifinin yazdığı kimi, Zaqafqaziyada məqsədi diyarda hakimiyyətin formalaşdırılmasından ibarət olacaq parlamentin yaradılması barədə ideya meydana çıxdı. Ramiz Mehdiyev bu zaman azərbaycanlıların Türkiyənin tərkibinə daxil olmağa hazır olduqları barədə tarixi sənədlər göstərir, lakin türklər öz problemləri (Birinci Dünya Müharibəsində uğursuzluqları) ilə məşğul olduqlarından bizə müstəqil Azərbaycan uğrunda kampaniyaya başlamağı təklif etdilər. Bu dövrdə vahid milli-dövlət ideyasının təşəkkülü və tərtibatı gedirdi.
Zaqafqaziya Seyminin dağılması, kitabın müəllifinin fikrincə, milli ideyanın formalaşmasının dördüncü mərhələsinin başlanmasına təkan verir. O, uzun sürmədi və 1918-ci ilin mayın sonundan 1920-ci ilin aprelin sonuna qədər davam etdi. 1918-ci il mayın 28-də Müvəqqəti Milli Şuranın ilk iclasında Azərbaycanı müstəqil dövlət elan etmək qərara alındı. Azərbaycan Demokratik Respublikası yaradıldı. O, çoxsaylı problemlərlə üzləşdi, o, hakimiyyəti bolşeviklərə verməyə məcbur oldu, lakin o, milli ideyanın idealını — milli müstəqil dövlətimizin bərqərar olmasını həyat keçirdi.
Ramiz Mehdiyev öz kitabında sovet hakimiyyəti dövründə nələrin baş verdiyinin və milli ideyanın hansı formada mövcud olduğunun, Nəriman Nərimanovun Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün hansı səylər göstərdiyinin təhlilinə də müəyyən diqqət yetirmişdir. Fəqət bu səylər nəticə vermədi. Lakin müəllif vurğulamağı lazım hesab edir ki, 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri olmuş Heydər Əliyev, milli məsələyə münasibətdə kommunist ideologiyasının bütün xüsusiyyətlərinə baxmayaraq, millətin inkişafı problemləri və milli mənafe onun üçün həyatının mənası olduğu dövlət xadimi idi. Bu baxımdan onun milli kadrların hazırlanması, respublikanın müəyyən mənada, mümkün olduğu qədər, özü-özlüyündə əhəmiyyət kəsb edən, özünü təmin edən sənaye-aqrar potensialının inkişaf etdirilməsi üzrə göstərdiyi səyləri etiraf edək. Burada həm dilin inkişafına (Azərbaycan SSR Konstitusiyasında dövlət dili haqqında maddə), həm mədəniyyətə, həm də yaradıcı ziyalılara, elm adamlarına və s. qayğıkeş münasibət var idi. Bu həqiqətən möhtəşəm əzəmətli iş sonradan, 1993-cü ildən sonra öz bəhrəsini verdi.
Milli ideyanın formalaşması və inkişafı prosesinin beşinci mərhələsini fundamental tədqiqatın müəllifi xalqın siyasi oyanışı, onun SSRİ rəhbərliyinin Dağlıq Qarabağın statusuna münasibətdə xəyanətkar mövqeyinin Azərbaycanda doğurduğu siyasi proseslərdə fəal iştirakı dövrü adlandırır. Bir çoxları ümid edirdilər ki, onların fəallaşması ədalətin zəfər çalmasına gətirib çıxaracaq və Moskvanın Dağlıq Qarabağı zorla qəsb etməsinə imkan verməyəcək. Bununla belə, çox hörmətli akademik qeyd edir ki, bu zaman cəmiyyətin fərqləndirici cəhəti böhrandan çıxış yollarının axtarışındakı pərakəndəlik idi. Görünür, bu, cəmiyyətə ərazisinin bir hissəsinin itirilməsi və sonra isə döyüşlərin genişlənməsi şəraitində birlik və əzmkarlıq nümayiş etdirməyə imkan vermədi. Ramiz Mehdiyev bu kontekstdə əzmkarlıq və birlik göstərmək üçün kifayət olmayan “müdafiə millətçiliyi səviyyəsi” terminini işlədir. Bununla belə, həmin dövrdə milli şüurun fəallaşması, milli ideyanın yeni şəraitdə təşəkkül tapması prosesi gedir. Burada məsələ həm də ondan ibarətdir ki, respublikanın rəhbərləri cəmiyyətin milli ideya ətrafında birləşməsinə hazır deyildi.
Milli ideyanın formalaşmasında altıncı mərhələni (yanvar 1990-cı - iyun 1993-cü il) müəllif ictimai şüurun müstəqil milli dövlətin yaradılmasının zəruriliyini dərk etməsi dövrü kimi səciyyələndirir. Yanvar hadisələri, 1990-cı il faciəsi oyanış üçün təkan rolunu oynadı. Eyni zamanda, kitabın müəllifi Azərbaycanın o illərdəki rəhbərlərinin zəif, qorxaq, simasız, liderlik keyfiyyətlərindən məhrum olduğunu vurğulayır. Burada yalnız rəhbərlərin zəif və dardüşüncəli olması deyil, həm də hakimiyyət iddiasında olan və bir çoxunun də ayrı-ayrı xarici dövlətlərin maraqlarına xidmət edən qrupların mübarizəsi öz rolunu oynayıb.
İctimai şüurda bu dövrün özəlliyi bir də ondan ibarət idi ki, dövlət siyasətində kollektiv özünüeyniləşdirmə formalarından biri - yalnız türk mənşəyi ilə eyniləşdirilən məhz sosiomədəni özünüeyniləşdirmə əsas götürülmüşdü. Bu komponent milli ideyanın yeganə məzmunu kimi başa düşülürdü və xarici və daxili siyasətdə bir çox hərəkətlər yalnız bu amillə şərtləndirilmiş idi. Əhəmiyyətli dərəcədə ifadə olunmuş etnik komponentli tərkib hissəsi olan və separatçı əhval-ruhiyyəli ictimai təşkilatların fəallaşması bir çox hallarda bununla bağlı idi. Millətin birləşdirilməsi və dövlət müstəqilliyinin qorunmasına yönəlmiş siyasi xətti həyata keçirmək üçün hakimiyyətin iradəsi çatmırdı. Ramiz Mehdiyev hesab edir ki, “Müstəqillik Aktının” qəbul olunmasına baxmayaraq bu dövrü respublikanın müstəqillik dövrü kimi təsnif etmək çətindir, çünki o, qeyri-sabitlik və siyasi kataklizmlərlə səciyyələnir.
1993-cü ilin iyun ayından milli ideyanın tarixinin 2003-cü ildə onun qəti bərqərar olması ilə başa çatan yeddinci mərhələsi başlayır. Bütün bu dövr ayrılmaz surətdə məhz Heydər Əliyevin siyasəti və ideyaları ilə bağlıdır. Onun siyasəti nəticəsində, Ramiz Mehdiyevin vurğuladığı kimi, millət özünü kollektiv özünüeyniləşdirmənin bütün formalarına daxil edib. Azərbaycan ideyası Azərbaycanda yaşayan və onu öz Vətəni hesab edən bütün qruplar üçün birləşdirici əsas olub.
Azərbaycan bir dövlət kimi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətinin inkişaf vektorları iqtisadi qüdrətinin möhkəmlənməsi ilə yanaşı, ətraf mühitlə ahəngdar qarşılıqlı təsir etməyə çalışan ictimai şüuru tədricən dəyişdirir. Çox hörmətli müəllif öz kitabında qeyd etdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev israr edir ki, “Azərbaycan güclü iqtisadi potensiala malik olan və özünü təmin edən ölkədir. Azərbaycan müstəqil ölkə kimi yaşamaq və uğurla inkişaf etmək qabiliyyətini artıq nümayiş etdirmişdir”. Belə bir dövlət, müəlifin yazdığı kimi, milli ideyanın “ictimai inkişafın yeni mərhələsində” gerçəkləşdiriləcək yeni təzahür formaları, yeni perspektivləri üçün imkan yaradır. Mədəni identiklik, insan hüquqları, insan kapitalı məsələləri aktuallaşır. Bu komponentlər yalnız iqtisadi və siyasi inkişaf üçün deyil, həm də azərbaycanlıların özünüeyniləşdirməsi üçün əhəmiyyət kəsb edir.
Azərbaycan ideyası XXI əsrdə: əsas çağırış və perspektivlər
Bizim bu günü necə başa düşdüyümüz, yaxın gələcək üçün məqsədlərimizin nədən ibarət olduğu barədə məsələyə maraq göstərən yalnız fəlsəfə deyil. Prinsipcə, siyasət, iqtisadiyyat, tarix və mədəniyyət problemlərini araşdırarkən, fəlsəfə nəinki bizim indimizi, milli ideyanın bu gününü dərk etmək, hətta onun gələcək inkişafının konturları və perspektivlərini müəyyən etmək iqtidarındadır. Akademik Ramiz Mehdiyev Azərbaycanın rastlaşdığı bugünkü və gələcək məsələlər barədə düşünərkən aşağıdakı anlayışları dövriyyəyə daxil edir: modernləşmə və innovasiya iqtisadiyyatı, kreativ şüur, kreativ iqtisadiyyat, kreativ sinif, milli kreativ elita və s. Bizim gələcəyimiz, əlbəttə, bu anlayışların ictimai təcrübədə daha dolğun təcəssüm tapacağı ilə bağlıdır....
İlham Məmmədzadə
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru.
"Respublika" qəzeti, 16 aprel 2017-ci il