18.04.2023, 06:55 - Baxış sayı: 219

“Heydər Əliyevin Ümummilli Liderliyində milli dövlətçilik şüurunun yeri və rolu” mövzusunda açıq dərs keçirilib


“Heydər Əliyevin Ümummilli Liderliyində milli dövlətçilik şüurunun yeri və rolu” mövzusunda açıq dərs keçirilib“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın magistrları üçün “Heydər Əliyevin Ümummilli Liderliyində milli dövlətçilik şüurunun yeri və rolu” mövzusunda açıq dərs keçirilib.
Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov tərəfindən aparılan açıq dərsdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev və digərləri iştirak ediblər.
Füzuli Qurbanov mühazirənin əvvəlində Heydər Əliyevin Ümummilli Liderliyinin təkrarolunmaz bir nümunə olduğunu vurğulayıb, onun bir sıra fəlsəfi aspektlərinə diqqət çəkib. O, Heydər Əliyevin Ümummilli Liderliyinin fəlsəfi-nəzəri dərkində akademik İsa Həbibbəylinin həmin mövzuda ifadə etdiyi bir sıra müddəalarının əhəmiyyətli istiqamətverici rol oynaya biləcəyini əsaslandırıb.
Qeyd edilib ki, Heydər Əliyev liderlikdən Ümummilli Liderliyə qədər inkişaf edən və həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyətdir. O, keçmiş sovet hakimiyyəti mərhələsində də, müstəqillik dövründə də təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat edib. Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçidir.
“Müasir Azərbaycanın hər bir sahəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünür”, - deyə bildirən mühazirəçi müasir Azərbaycanın müstəqil dövlət quruculuğu kontekstində Ümummilli Lider Heydər Əliyevin milli şüura fövqəladə əhəmiyyət verdiyinin fəlsəfəsi üzərində dayanıb. Alim əsaslandırmağa çalışıb ki, müstəqil dövlət quruculuğunda milli şüurun başlıca tərkib hissəsi milli özşüurdur. Öz növbəsində, dövlətçilik şüuru da milli özşüurun nüvəsini təşkil edir. Milli özşüur fərdlərin vətən, millət, dövlət, mədəniyyət, ədalət, ləyaqət, mənəvi-əxlaqi dəyərlər, tarix haqqında təsəvvürlərin, baxışların məcmusundan ibarətdir. Bu keyfiyyətdə fərdlərin milli özşüuru kollektiv miqyasda toplumun özşüurunun məzmununu formalaşdırır. Tədqiqatçılar milli özşüuru fərdi, milli şüuru isə toplumsal mahiyyətli təsəvvürlər sistemi kimi təsnif edirlər.
Füzuli Qurbanov bildirib ki, Heydər Əliyevin Ümummilli Liderliyi kontekstində milli şüur, milli özşüur və dövlətçilik şüurunun qarşılıqlı əlaqəsində müstəqil dövlətçilik prinsipial yer tutur. Həmin mənada dövlətçilik şüuru milli şüurla milli özşüurun ortaq kəsişmə sahəsidirsə, onun əsas elementləri vətən sevgisi, milli mədəniyyət, mənəvi-əxlaqi dəyərlər və müstəqilliyə sadiqlikdir.
“Konkret ifadə edilsə, bu məqam Heydər Əliyevin Ümummilli Liderliyində mədəniyyət və mənəvi-əxlaqi dəyərlər sisteminin toplumun başlıca birləşdirici faktor rolu oynamasını ifadə edir. Bu da avtomatik olaraq fəlsəfi aspektdə Heydər Əliyevin Ümummilli Liderliyində multikultural dəyərlərə əsaslanan dövlət millətçiliyi ideyasını reallaşdırmağın siyasi-nəzəri, idarəetmə və praktiki fəaliyyət aspektlərində aparıcı yerlərdən birini tutduğunu təsdiq edir”, - deyə Füzuli Qurbanov bildirib.
Mühazirəçi diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoyub. O, xalqın intellektual səviyyəsinin inkişafında, milli kadrların hazırlanmasında əvəzsiz rol oynayıb. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən 15 mindən çox yüksəkixtisaslı kadrların hamısı Heydər Əliyev məktəbinin məzunlarıdır.
“Heydər Əliyevin Ümummilli Liderliyində milli dövlətçilik şüurunun yeri və rolu” mövzusunda açıq dərs keçirilibFüzuli Qurbanov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Zəfəri ilə başa çatdığını vurğulayıb. Bildirib ki, bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək aktual mövzuya həsr olunmuş bu cür mühazirələrin sayının və miqyasının çox olmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, gənc nəslin Heydər Əliyev ideyalarını təkcə fəlsəfi aspektdən deyil, bir çox aspektlərdən də mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edən akademik İradə Hüseynova bildirib ki, Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı xeyli artmışdı. Dahi liderin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmışdı və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər yüksəlmişdi. Həmçinin Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi.
Vitse-prezident bildirib ki, Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində müstəqil tariximizdə xüsusi yeri və rolu olan “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalanmışdır. Onun sözlərinə görə, bu, tarixi hadisə idi və Azərbaycanı yeni inkişaf yoluna çıxardı. Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzu durmadan artmaqdadır. Ölkəmiz dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur.
Akademik İradə Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoydu. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun davam etdirən ölkə rəhbərinin həyata keçirdiyi tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib.
science.gov.az