27.04.2023, 07:16 - Baxış sayı: 263

“Müasir dövrdə fəlsəfənin tədrisi problemləri” mövzusunda seminar keçirilmişdir


“Müasir dövrdə fəlsəfənin tədrisi problemləri” mövzusunda seminar keçirilmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsində “Müasir dövrdə fəlsəfənin tədrisi problemləri” mövzusunda seminar keçirilmişdir. Seminarın rəhbəri a.e.i., dos. Rauf Məmmədov açaraq əvvəlcə Ramazan bayramı münasibətilə iştirakçıları təbrik etmiş, sonra mövzu ətrafında danışmaq üçün sözü a.e.i., dos. Zeynəddin Şabanova vermişdir.
Z.Şabanov əvvəlcə fəlsəfənin keçdiyi yola qısa ekskurs edərək, fəlsəfənin bugünkü böhranlı vəziyyəti ilə bağlı fikirlərini söyləmişdir. O, qeyd etmişdir ki, hazırda elmlər-elmi olan fəlsəfə öz problemlərinin həlli istiqamətində bir sıra çətinliklərlə, süni yaradılmış və heç bir məntiqə sığmayan problemlərlə üzləşir. Müxtəlif tipli və fərqli mahiyyətli hadisə və proseslərin cərəyan etdiyi müasir qloballaşan və dinamik inkişaf edən cəmiyyətdə problemlərin mənasını dərk etmək, düzgün qərar vermək, ilk səbəbi öyrənmək üçün dərin fəlsəfi biliklərin olması zərurətini əksəriyyət qəbul edir. Məhz buna görə də müxtəlif elm sahələrində problemlərin fəlsəfi izahına cəhd edirlər (riyaziyyatın fəlsəfəsi, fizikanın fəlsəfəsi, siyasətin fəlsəfəsi, idarəetmənin fəlsəfəsi, dövlətçilik fəlsəfəsi və s.). Fəlsəfi biliklərin köməyi ilə bütün sahələrdə uğurlar əldə etmək, həqiqəti üzə çıxarmaq mümkündür. Fəlsəfənin belə rolu haqqında qədim dövrdən bu günə kimi mütəfəkkirlər maraqlı fikirlər irəli sürüblər.
Hazırda, dünyada fəlsəfənin tədrisi yeni məlumat texnologiyalarının tədris prosesinə aktiv daxil olması sayəsində xeyli genişlənmişdir. Bu da tələbələrin ənənəvi metod və formalarla (mühazirələr və məşğələlər) bilik əldə etməklə bərabər müxtəlif növ işgüzar oyunlar, beyin həmləsi, təlimlər, problemli müzakirələr, diskussiyalar, sərbəst mövzular, yazılı və elektron oçerklər, esselər, referatlar, kuizlər, debatlar, situasiya vəziyyətləri və s. kimi yeniliklərin fəal şəkildə tətbiq olunmasına imkan verir.
Müasir həyat cəmiyyətin hər bir üzvündən təbiətin, ətraf aləmin və sosial reallığın sirrlərinə dərindən bələd olmağı, əsl mahiyyəti öyrənməyi tələb edir. İnsanın dünyada yeri, onun dünyagörüşü, həyatın mənası, daxili mənəvi aləmi ilə bağlı nəzəri məsələlərə nüfuz etmək də eyni dərəcədə zəruridir. Həmin vəzifələrin həlli məhz fəlsəfi biliklərin dərinliyi ilə bağlıdır. Yalnız fəlsəfi dünyagörünüşünə yiyələnməklə dünyanın quruluşu haqqında, sosial inkişaf, onun qanunauyğunluqları və təfəkkür prosesləri haqqında həqiqi biliklər əldə etmək mümkündür. Son illərdə Azərbaycan ali məktəblərinin tədris planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə ayrılan saatların azaldılması, mədəni-mənəvi dəyərlərin yetərincə təbliğ olunmaması böyük narahatlıq doğurur.
Tədris zamanı müəllim tədris etdiyi fənnin məzmununu formalaşdırarkən onun tam açıqlanmasına imkan yaradan, stereotip standart düşüncədən kənara çıxaraq yaradıcı axtarış üçün şərait yaratmalı olan bir təhsil texnologiyası sistemi qurmalıdır. Bu kontekstdə qeyd edək ki, bütün yaradıcı yönümlü vəzifələrin həlli bu istiqamətdə irəliləməni nəzərdə tutur. Uzun müddətdir ki, fəlsəfə, insanın həqiqi elm sahəsinə qalxmasına imkan verən bir pilləkənlə müqayisə olunur.
İnformasiya texnologiyalarının istifadəsi müxtəlif formalarda həyata keçirilə bilər (portallarda və internet saytlarında məlumat axtarışı; kompyuter testləri; mühazirələrin elektron təqdimatı, elektron referatların hazırlanması və s.).
İnformasiya Texnologiyaları tədris vasitələrinə əsaslanan fəlsəfənin öyrənilməsi prosesində yaradıcı təfəkkürün formalaşmasına töhfə verən yenilikçi nümunələr verilməli və bu vasitələrin tətbiqi və istifadəsi zamanı mövzularda ortaya çıxan problemlər müəyyən edilməlidir.
Bu gün ali təhsildə kifayət qədər geniş yayılmış metodlardan biri situasiyalı öyrənmə metodu və ya keys-analiz metodudur. Keys-analiz metodologiyasını hazırlayan və istifadə edən müəllimin işi iki mərhələdən ibarətdir. Birinci mərhələdə keysin tərtibi və onun analizi üçün kifayət qədər mürəkkəb yaradıcılıq işləri aparılır. Bu iş dərsdən kənar vaxt aparılır və müəllimin tədqiqat, metodiki və konstruktiv fəaliyyətlərini əhatə edir. İkinci mərhələdə keysin ilkin təhlili aparılır və auditoriyada bu təhlilin effektiv təqdimat forması araşdırılır.
Ümumiyyətlə, fəlsəfə fənninin tədrisi zamanı müəllim yeni metodlardan istifadəyə üstünlük verməli, hadisə və proseslərin mahiyyətini asan yolla izah etməli, tələbələrin dünyagörüşünü nəzərə almalıdır.
Seminarda suallar cavablandırılmış, təkliflər irəli sürülmüş, prof. Ə.Abasov, prof. Ə.Abbasov, dos. R.Məmmədov, dos.M.Nəcəfli böyük maraq doğuran fikirlərini bölüşmüşlər.