10.05.2023, 10:09 - Baxış sayı: 201

Heydər Əliyev misilsiz xidmətləri ilə xalqının öndəri oldu


Heydər Əliyev misilsiz xidmətləri ilə xalqının öndəri olduQədim tikililərə baxanda diqqəti cəlb edən ilk növbədə onun sütunları olur. Hətta bina özü olmasa belə, onlardan həmin binanın necə olduğunu, nəyə xidmət etdiyini, hətta sakinlərinin kimliyi haqqında məlumat almaq mümkündür.
Dövlət quruculuğunun da öz sütunları var. Onlar nə qədər möhkəm olarsa, üstlərində bərqərar olan fəaliyyət, təklif edilən yeniliklər, iqtisadiyyatın təşkili, daxili və xarici əlaqələrin təşkili də bir o qədər sabit, etibarlı və uzunömürlü olar. Heydər Əliyev siyasətinin də öz möhtəşəm sütunları var. Özündə həm tarixi kökləri, milli-mənəvi dəyərləri, milli identikliyi, həm də bu günün əmin-amanlığını, gələcəyin etibarlı təminatını ehtiva edən bu sütunlar "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir" şüarının təsdiqidir.
Ulu Öndər Azərbaycanın fərqli dövrlərində dövlət başçısı olub: sovet imperiyası illərində, keçid dövründə və müstəqillik əldə edəndən sonra. Belə demək mümkündürsə, xalqın fərqli səviyyələrdə və müstəvidə sınağa məruz qaldığı, fəlakətin kandarında olduğu, hətta xalq olaraq varlığı və yoxluğunun həll edildiyi, xalq və dövlət üçün əhəmiyyətli məqamlarda Heydər Əliyev şəxsiyyəti öz xidmətini göstərib, taleyüklü rolunu oynaya bilib. Çünki o, Azərbaycanın özündə də olsa, ondan kənarda fəaliyyət göstərsə də, xalqla mənəvi bağlarını həmişə qoruyub saxlamağı bacarıb. Məhz bu səbəbdən məkanından, zamanından asılı olmadan Heydər Əliyevin fəaliyyətinin, apardığı siyasətin əsl məqsədi öz xalqının varlığı və gələcəyi üçün qurulan sarayın möhkəm sütunlarını qaldırmaq olub. Bunu yalnız illər sonra tam aydınlığı ilə görmək və təhlil etmək mümkündür. Bizim təhlilimiz də illərlə məhdudlaşmayaraq bütövlükdə Ulu Öndərin siyasətini ehtiva edəcək.
Heydər Əliyev hər zaman Azərbaycanın tarixi köklərinə böyük diqqət ayırıb və bunu həm xalqın, həm də dövlətin varlığı üçün əsas şərtlərdən biri hesab edib. Çoxmilyardlı əhalisi olan dünyada başqalarının arasında yox olmaq təhlükəsi hər zaman var və belə bir şəraitdə xalq kimi öz identikliyini qorumaq çox çətindir. Bunun baş verməməsi üçün ilk baxışda kiçik, mahiyyətinə görə isə çox əhəmiyyətli şərtlər var. Vətən nəsildən-nəslə keçən ən müqəddəs mirasdır. Hər nəsil təməl daşlarını yaxşı tanımalıdır ki, onun üzərində qaldırılan sarayın tikintisində də düzgün iştirak edə bilsin. Tarixi kök deyəndə biz bir millətin var olub inkişaf etməsi üçün zəruri sayılan Vətən adlı torpağı, onun mənəvi sabitliyinin təminatı və qoruyucusu olan milli-mənəvi dəyərləri, düşüncə və mədəniyyət tarixində "imzasını imzalara qatan" mütəfəkkir və şəxsiyyətlərinin nümunə kimi tanıdılmasını nəzərdə tuturuq.
1990-cı ilin noyabr ayının 17-də Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycanın milli bayrağı 70 ildən sonra təkrar qaldırıldı. O zaman sovet imperiyası hələ öz qüvvəsində idi, elə həmin ilin yanvarında öz müqəddəratını həll etmək istəyən dinc əhaliyə divan tutmuşdu. Üçrəngli milli bayrağı təkrar qaldırmaqla Ulu Öndər sanki iki mesaj verdi. Biri imperiyanın başında oturanlara etiraz idi ki, bu xalqın gözünü qorxutmaq mümkün deyil, çünki onun öz yolu, öz kimliyi var. İkinci mesaj isə xalqa idi: sənin bir vaxtlar itirilmiş müstəqilliyini qaytarmağa əzmin də var, imkanın da. Atalar nə qazanır, nə qurursa, oğullar onu qoruyur, onun uğrunda canından keçir, daş üstünə daş qoyurlar. Bir bayraqla məcburi şəkildə unutdurulan neçə əsrlik tarixi qaldırdı.
Böyük bir ağac öz kökləri ilə nə qədər dərinə gedirsə, bir o qədər də qollu-budaqlı olur. Bu budaqlardan biri də ana dilidir. Haydeggerin dediyinə görə, dil varlığın evidir. Buna görə də xalqın var olmasında onun milli dilinin yaşaması ən böyük şərtlərdən biridir. Bütün imperiyalar kimi, sovetlər ittifaqı da şüurları, düşüncələri işğal etmək üçün dildən istifadə edirdi. Düzdür, o dövrlərdə Azərbaycan xalqının mənliyinin, mənəviyyatının, tarixi ənənələrinin qorunmasında başlıca məsuliyyət məhz doğma dildə yazan şairlərin, yazıçıların üzərinə düşürdü. Bununla belə, bu yaradıcılığın özünün də bir dəstəyə, ağıllı yönəltməyə ehtiyacı var idi. İmperiyadan gələn bu təhlükəni Ulu Öndər də gözəl bilirdi və ona görə də dövlət dilinin Azərbaycan dili olması uğrunda böyük bir mübarizə verməli olmuşdu. Müstəqillik illərində dövlət dili haqqında qərar təkrar aktuallaşanda o bunu məhz "dili yaşadanlarla" - alim, şair və yazıçılarla müzakirə etdi və orada hələ imperiya dövrlərində gedən bu gizli, siyasiləşmiş mübarizə haqqında danışdı. Onun özünün dediyinə görə, "1977-1978-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz konstitusiyanı qəbul etdik. Həmin konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir". Əslində, Ulu Öndər dilin tarixini də, köklərini də, xalqın keçdiyi tarixi yolu da gözəl bilirdi və bu qərarla Azərbaycanda hər millətin söz haqqını tanımış olurdu. Ən vacibi isə bu dildə yaşayan milli şüurun qorunması idi və o bunu incə və dəqiq bir siyasətlə etdi: "1970-ci illərin axırı idi - dövlət mükafatları verilirdi. Biz xüsusən Azərbaycan dili haqqında kitab yazmış böyük bir kollektivə dövlət mükafatı verdik. Bu mükafatı onun müəllifinə görə yox, əsərin özünə və bu kitabın dilimizin təhlilinə həsr olunmasına görə verdik. Adətən, biz mükafatları bir romana, bir şeirə, bir poemaya, bir teatr tamaşasına, bir rəsm əsərinə görə veririk. Amma bu mükafatı mən xüsusi mükafat hesab edirəm. Burada mənim şəxsi təşəbbüsüm, şəxsi məqsədim o olubdur ki, ictimaiyyət bir daha bilsin ki, biz dilimizin inkişafına nə qədər fikir veririk". Bu qərarla o, əslində, dilin qorunmasını - öz varlığını qorumaq haqqını Azərbaycanda yaşayan böyüklü-kiçikli hər bir millətin öhdəsinə verdi.
Xalq nə qədər güclü, zəngin potensiala malik olursa-olsun, ağıllı lider, düzgün inkişaf xətti olmasa, onun maddi və mənəvi sərvəti israf olub getməlidir, yaxud xərclənməyən enerji daxildən özünü məhv etməlidir. Təəssüf ki, Azərbaycan bu gerçəkliyi tarixboyu çox yaşayıb. Lakin bir daha belə səhvi etməmək üçün tarixdən dərs çıxartmaq azdır. Belə düşünmək olar ki, ümumiyyətlə, hər xalq üçün layiqli bir liderin yetişməsi həmin xalqın qorunması, dövrün xaosu arasında itib batmaması üçün ilahi lütfdür. Burada millətlə mənəvi əlaqə, onu sevmək, eyni zamanda keçmişini bilib, bugününə dəyər verib, gələcəyini qurmaq bacarığı vacib şərtdir. Məhz bu keyfiyyətlərə malik olduğuna görə, Heydər Əliyev tutduğu vəzifədən, olduğu məsafədən asılı olmadan, öz xalqının öndəri ola bildi.
Lider tarix yaratdığını anlayır və bunun məsuliyyətini dərk etdiyinə görə, atdığı hər addımda bunu nəzərə alır. Tarix bir səhifədən, bir əsrdən ibarət deyil. Buna görə də liderlik özündən əvvəlki tarixi qəbul etmək əzmi, hər şeyin başlanğıc nöqtəsinin yalnız özü olduğunu, tarixin elə onunla başladığını bəyan etmək kimi təhlükəli iddiadan uzaq durmalıdır. Onun böyüklüyü, ululuğu məhz bundadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində Azərbaycanın tarixini geniş təhlil edən Ulu Öndər deyir: "Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsuli-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsuli-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər". İkinci müstəqillik illərində Heydər Əliyev demokratiyanın Azərbaycanda ilk uğurlu addımlarını atdı, dövləti qoruya bildi. Ən vacibi isə öz liderlik bacarığı ilə başqa yanlış addımların atılmasına imkan vermədi.
Lider ilk növbədə millətinin "mən"ini qoruyan şəxsdir, çünki heç də həmişə lider və dövlət başçısı eyni şəxsdə birləşmir, hətta onların bir-birinə zidd olan vaxtları da olur. Heydər Əliyev məhz millətin "mən"ini düşünürdü, ona görə də onunla mənəvi bağı, mental vəhdəti var idi.
20 Yanvar faciəsi ilə bağlı çıxışlarının birində o deyir: "Bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi. Həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Ancaq respublikanın rəhbərləri həmin dəfn mərasimində olmadılar. Bəziləri indi deyirlər ki, gəldilər, keçdilər, amma onlar matəm mərasiminin başında durmalı idilər, əvvəldən axıradək orada olmalı idilər. Əgər onlar xalqın rəhbərləri idilərsə, xalqa başçılıq edirdilərsə, gərək gəlib orada duraydılar. Bu da təsadüfi deyil, çünki yəqin mənəvi hüquqları yox imiş, onlarla xalq arasında böyük bir uçurum var idi". Xalqın lideri ilə dövlət başçısı arasında yaranan ən kiçik uçurum da dövlətin taleyində mütləq böyük bir mənfi iz qoyur: iğtişaşlar törənir, illərlə əziyyətlə qurulanlar bir anda məhv olur, ölkənin sərvəti talanır, millət aclıq çəkir, acizləşir, yad qüvvələrin "yemi"nə çevrilir və sair. Lider-millət vəhdəti yarananda isə ən çətin sınaqlardan da keçmək mümkün olur.
Lider ən kiçik qüvvəni də ümumi qüvvəyə birləşdirməyi bacarır, onun kiçikliyinə, hətta zəifliyinə göz yumub onu kənarlaşdırmır, onu dövlətin zəif halqasına çevrilməyə qoymur. Buraya uşaqlarla ünsiyyətdən tutmuş, Azərbaycanda yaşayan kiçik xalqların icmaları ilə işə qədər hamısı aiddir. 1995-ci ildə Heydər Əliyev respublikada yaşayan ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyir: "Respublikamızın əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. "Azərbaycanlı" məfhumu çox genişdir. Düzdür, azərbaycanlıların minillik kökünə baxsan, bir qismi o kökdən, bir qismi bu kökdən gəlib. Amma onlar hamısı əsrlər boyu azərbaycanlı kimi formalaşıblar. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. Bu "azərbaycanlı" sözü bizi həmişə birləşdirib". Bu sözləri ilə Ulu Öndər Azərbaycanda yaşayan hər xalqın gücünün xarici ölkələrin xain marağına deyil, öz vətəninin rifahına yönəldilməsi üçün əsaslar gətirir, inandırır, təhlükəni müsbət enerjiyə çevirir. Uşaqların beynəlxalq televiziya və radio gününə həsr olunmuş bayram şənliyində isə o, bir qrup uşaqların simasında bütünlüklə Azərbaycanın gələcək nəslinə üz tutur: "Mən şəxsən düşünürəm ki, doğrudan da, bizim xalqımızda incəsənət, musiqi, mədəniyyət baxımından kütləvi istedad var. Yəni bu, ayrı-ayrı adamların istedadı deyil, ümumiyyətlə, bizim xalqımızın çox yüksək istedada malik olmasıdır. ... Çox gözəldir ki, siz Azərbaycanın həyatında olan ictimai-siyasi hadisələri qavrayırsınız, tutursunuz və öz istedadınızla nümayiş etdirirsiniz. Ancaq bilin, siz bu layihələrin gələcək iştirakçısı olacaqsınız. Onları həyata keçirənlər olacaqsınız... Çünki bizi əvəz edən nəsillərimiz var. Belə gənc nəslimiz, uşaqlarımız, istedadlarımız var". Əslində, xalqın hər üzvünə, hər nəslə müraciət etmək ona öz inamını göstərmək, onların tarixən sahib olduğu potensialı səfərbər etmək bacarığıdır.
Nəhayət, liderlik öz xalqına, onun hər bir vətəndaşına sahib çıxmaqdır. Ulu Öndər bunu Suriyada Nəsiminin, Fransada Topçubaşovun məzarını ziyarət etməklə, 1990-cı ilin 20 yanvarında qırğına məruz qalıb çaşqınlıq və vahimə içində qalan xalqına uzaq Moskvadan - cinayəti törədən mərkəzin özündən müraciət etməklə, hər görkəmli şəxsiyyətin yubileyində, anım günündə onu yad edib haqqında xoş sözlərini, təhlillərini söyləməklə məhz xalqının arxasında durduğunu, onun tək qalmadığını bəyan edirdi.
Ulu Öndər Heydər Əliyevin siyasəti ayrıca bir məktəbdir. Burada xalqı ən çətin məqamdan çıxartmaq bacarığından tutmuş, uzunmüddətli strateji planlar qurmağa qədər incə, ancaq olduqca vacib prinsiplər ehtiva olunur. Bu məktəbdə hər sahənin nümayəndəsi özünə lazım olan istiqaməti tapa və yararlana, uğur qazana bilir. Onu tam əhatə etmək bir sahənin hüdudlarından çox kənara çıxır. Heydər Əliyev məktəbi bir tərəfdən, yüksək təhsilin, böyük həyat təcrübəsinin, fitri istedadın, uzaqgörənliyin cəmləşməsidirsə, digər tərəfdən, yüksək insani keyfiyyətlərin, geniş ürəyin, yüksək inamın təzahürü idi. Nitqlərinin birində deyir: "İnsan ümidsiz yaşaya bilməz. Mən bütün həyatımı ümidlə yaşamışam. Bu gün də ümidlə yaşayıram. Ümidlə yaşamışam ona görə ki, gördüyüm işlərə inanmışam, inanıram və onların nəticəsini görmüşəm". Həmin ümidin, inamın nəticəsidir ki, Azərbaycan bu gün uzunmüddətli planlar qurur, superdövlətlərlə eyni masa arxasında bərabərhüquqlu dövlətlər kimi dialoqa girir, öz tələblərini irəli sürür, hüquqlarını qoruyur, müstəqillik illərinin əvvəllərində itirdiyi torpaqlarını şərəflə geri alır, dünyaya müsbət nümunə göstərə bilir.

Könül BÜNYADZADƏ,
fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü

"Azerbaijan-news.az"