24.05.2023, 07:11 - Baxış sayı: 171

Füzuli Qurbanov “Süni intellektin yaradılması imkanlarına dair” mövzusunda məruzə ilə çıxış edib


Füzuli Qurbanov “Süni intellektin yaradılması imkanlarına dair” mövzusunda məruzə ilə çıxış edibAR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirildi. Tədbirdə AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Rəyasət Heyətinin elmi katibləri – filologiya üzrə elmlər doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, eləcə də digər məsul şəxslər, alim və mütəxəssislər iştirak edirdilər.
Tədbirdə digər çıxşıçılarla yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov da çıxış etmişdir.
Alim məruzəsində Fəlsəfə və Sosiologiya İnstitutunda süni intelllektin fəlsəfi dərki ilə bağlı bir neçə istiqamətdə tədqiqatların aparıldığını vurğulamışdır. İnstitut alimlərinin bu mövzuda əsərələri dərc olunmuşdur. Həmin istiqamətdə tədqiqatlar prioritetlərdən biri olaraq qalır.
Məruzəçinin mövqeyinə görə, süni intellektin yaradılmasının fəlsəfi təhlili daha geniş aspektlərdə davam etdirilməlidir. Burada humantiar elm sahələri ilə fundamental elmlər, təbiətşünaslıq, informasiya nəzəriyyələri, kibernetik tədqiqatlar və digər müasir sintetik elmi istiqamətlər arasında sıx əməkdaşlığa ehtiyac duyulur.
Nəzəri-metoloji aspektdə belə qənaət əldə etmək olar ki, süni intellektin yaradılması hazırkı mərhələdə tam reallaşmaq səviyyəsindən uzaqdır. Məsələnin fəlsəfi və metodoloji tədqiqinin konkret texniki, texnoloji aspektlə sintezi bu istiqamətdə müəyyən töhfələr verə bilər. Bu səbəbdən, AMEA institutlarının süni intellektlə bağlı apardıqları tədqiqatlar arasında əlaqələrin yaradılması perpsketivli ola bilər – deyə Füzuli Qurbanov vurğulayıb.