14.06.2023, 10:17 - Baxış sayı: 263

“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın I cildi işıq üzü görüb


“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın I cildi işıq üzü görübAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 1-ci cildi tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə işıq üzü görüb. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 30 May 2023-cü il tarixli, 03 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.
Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin birinci cildində XIX əsr Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi (A.A.Bakıxanov, Z.Şirvani, Q.Zakir, M.M.Nəvvab, X.Natəvan, F.Kəminə, Heyran xanım, M.Hidəci, M.M.Şükuhi, S.Ə.Nəbati, Ə.Axundoğlu, M.H.Nigari və başqaları); 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü (M.Ş.Vazeh, T.Z.Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F.Axundzadə, N.Vəzirov, Z. Marağalı və başqaları); 3) Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları (C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə, M.T.Sidqi, S.Ünsizadə və başqaları).