26.09.2023, 10:50 - Baxış sayı: 308

Azərbaycan fəlsəfə elminin Zümrüd qaşı – Zümrüd Quluzadə fenomeni


Rəna Mirzəzadə
Professor, AMEA FSİ “Siyasətin fəlsəfəsi və
sosiologiyası” şöbəsinin müdiri


Azərbaycan fəlsəfə elminin Zümrüd qaşı – Zümrüd Quluzadə fenomeni

Zümrüd Quluzadə - müasir Azərbaycan fəlsəfə və ictimai elmində bitməz-tükənməz ideyaları, təklif, tövsiyyə, fikirləri ilə Tarixləşən Alim filosof, ictimaiyyətçidir. Zümrüd Quluzadə fenomen alim idi. Həqiqətən də Platon məntiqi ilə desək: “Fenomenlik ideyanın təzahürüdür”. Zümrüd Quluzadə AMEA Fəlsəfə İnstitutunun görkəmli Qadın Alimi, tanınmış Şəxsiyyət, kübar Ziyalı, Elmin fədaisi, Elm Ustadı, Elm mürşüdü, əsilzadə idi. Zümrüd Quluzadə - Prezident İlham Əliyev tərəfindən ölkənin ən Ali təltifləri - Şöhrət Ordeni, Əməkdar Elm Xadimi, Prezident Təqaüdü ilə təltif edilən, Dövlətçi Vətəndaş, Dövlətçi Alim, Azərbaycanın nüfuzlu və görkəmli İctimai Xadimi idi.

Zümrüd Quluzadə - Keçmiş sovet və rus etno-politoloqu Viktor Şnirelmanın “Yaddaş müharibələri, Cənubi Qafqazda miflər, identiklik və siyasət” adlı əsərini tənqid etmiş, hətta AMEA Reyasət Heyətində dəyirmi masada geniş müzakirəsini keçirmişdi. Əsəri Azərbaycan tarixi və mədəniyyət konsepsiyalarının Cənubi Qafqaz regionuna etno-siyasi münaqişələr zəminində bir növbəti Təxribatı adlandırmış, müəllifin qərəzli və əsassız saxta fikirlərinə dəlilli, sübutlu faktorlarla cavablandırmışdı.

Zümrüd Quluzadə ictimaiyyət elminin universal Tədqiqçisi idi. İstər gender, istər sosio-mədəni inkişafın konseptual problemləri, istər Alban ölkəsinin qısa tarixi haqqında, istər mənəvi mədəniyyət tarixşünaslığı, istərsə də fəlsəfə tarixinin mübahisəli problemləri və s. kimi məsələlərin araşdırmaçısı idi. Zümrüd Quluzadə Azərbaycan fəlsəfə məktəbinin nümunəvi, örnək qadın Alimi idi. Onun məntiqindən süzülən, yorulmaz qələmi ilə yazılan Hürufilik, sufizm, kamillik fəlsəfəsi, Nizami gerçəklik konsepsiyası, Nəsimi dühası, Füzuli irsi, “Kitabi-Dədə-Qorqud”da milli-mənəvi dəyərlər, islam bölgəsi fəlsəfəsi, Seyid Nigarının mənəvi-mədəni tarixdə təsvir və təfsiri, ümumvəhdət fəlsəfəsi, Seyid Yəhya Bakuvinin xəlvətiyyə cərəyanı haqda, sivilizasiyalararası dioloqun universallığı barəsində və s. çoxsaylı, çoxtərəfli, çox istiqamətli, çox mövzulu təhlilləri, məqalələri, kitabları Azərbaycan ictimai elmində fenomen Alim olması sübutu, Akademik baxışlı, universal düşüncəli, qlobal məntiqli təfəkkür daşıyıcısı idi. Zümrüd Quluzadə 65 il müddətində AMEA Fəlsəfə İnstitutunda fəaliyyət göstərsə də, bir sıra Ali məktəblərdə də məruzələr oxumuş, dissertant və doktorantlara elmi rəhbərlik etmiş, çoxsaylı elmi kadrlar yetirmişdir.

Zümrüd Quluzadə İctimai Xadim idi. İstər ölkə daxili, istərsə də beynəlxalq müstəvidə baş verən ictimai siyasi-mədəni hadisələrə laqeyd qalmır, bir vətəndaş təəssübü ilə çağırışlar edir, Azərbaycan qadın hərəkatının görkəmli nümayəndəsi, Azərbaycanda genderşünaslıq elminin yaradılmasının banilərindən biri, prinsipial, elm insanının hüquqlarının müdafiəçisi və tələbkar, milli maraqları üstün tutan vətənsevər, qətiyyətli, öz sözü olan, öz imzasına hörmət edən, mübariz, mətin, əsl əxlaq təcəssümü idi. Zümrüd Quluzadə sadiq həyat yoldaşı, qayğıkeş ana, sevgili nənə idi. Və Zümrüd Quluzadə Analar Anası, kimsəsizlərin Anası, valideynsizlərin Dəstəkçisi idi.

Zümrüd Quluzadə Azərbaycan fəlsəfə elmində məktəb yaradan, müxtəlif mövzularda çoxsaylı forumlar, dəyirmi masa, elmi seminarlar təşkil edən, müstəqil “Şərq problemləri fəlsəfəsi” jurnalının təsisçisi, Baş redaktoru idi. Zümrüd Quluzadə alim, məhşur, nüfuzlu Qadın, İctimai Xadim haqqında nə qədər yazılsa da, danışılsa da bitməz, çünki, okean kimi dərin idi. 90 yaşın içində də tükənməz enerji ilə təhlillər edirdi, müsahibələr verirdi, hadisə və proseslərə münasibət bildirirdi, Dünyaya sabitlik, Qarabağa sülh, ölkəmizə rifah dilərdi. Zümrüd Quluzadə - bu Gözəl İnsan, nəcib Qadın, Alimlər Alimi, Xanımlar Xanımı, Kübar Qadın, əsilzadə Ziyalı bu gün də sıralarımızdadır, əsərləri, məqalələri, kitabları, sözü-söhbəti, Hamiliyi, Bütövlüyü, ətənsevərliyi, Azərbaycançılığı ilə...

Zümrüd Quluzadə haqda şəxsən mənim üçün yazmaq çətin, danışmaq ağrılıdı. Fəxr edirəm və fəxr etmişəm kimi Zümrüd Quluzadə yetirməsi olmuşam. Zümrüd Quluzadə mənəvi Anamız, Böyük Dostumuz, Yolgöstərənimiz, elmdə Məsləhətçimiz, həyatda Məsləkdaşımız idi. Zümrüd Quluzadə ürəyi Böyük, əməli saf, daxilən insanlığın fəlsəfəsi - əsl Fenomen Şəxsiyyət idi. Uşaqla da, böyüklə də “Siz” ifadəsi ilə danışardı. Zümrüd xanım, elmdə örnəyimiz, mənim bu gün həyatımın çatmayan Dostu, hər gün zəngləşdiyim, itkisini hələ də həzm edə bilmədiyim, sanki indicə zəng edəcəkmiş kimi gözlədiyim Məsləkdaşımız, tənbehlə “bu hadisəyə niyə laqeyidik?” qınağını eşitmədiyimiz, amma hər yerdə, hər zaman, hər mötəbər tədbirdə Adı səslənən, Əzizimiz, elmdə, sevdiyiniz 65 il fəaliyyət göstərdiyiniz Fəlsəfə İnstitutundasınız, ictimai həyatımızdasız. Zümrüd Quluzadə Böyük insan, Xanımlar Xanımı, Alimlər Alimi, Ustad Filosof, daim onu sevənlərin xatirəsində yad ediləcək, əsərləri ilə çox, çox sevdiyi fəlsəfi araşdırmalarda anılacaqdır. Allah qəni-qəni rəhmət etsin Sizə, Uca Qadın!