27.09.2023, 07:10 - Baxış sayı: 235

Qarabağ Zəfərinə gedən Yolun siyasi-sosioloji və hərbi-təhlükəsizlik fəlsəfəsi – 27 sentyabr 2020-ci il


Rəna MİRZƏZADƏ, Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasət fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri

Vətən müharibəsinin başladığı gün - 27 sentyabr 2020-ci il Azərbaycan Milli Dövlətçilik İnstitutunun Qızıl tarixi, qürur və şərəf simvolu salnaməsidir. Bu tarixdən başlayan Qarabağın azadlığı uğrunda Haqq-Ədalət savaşısübut etdi ki, Azərbaycan Xalqı vahiddir, Bölünməzdir, öz Vətəni-torpaqları uğrunda vuruşa hər zaman hazırdır.
Azərbaycanın hərbi-strateji təhlükəsizlik tarixində - 27 sentyabr 2020-ci il işğalçı Ermənistanın təcavüzünə cavab verilən 44 günlük Vətən müharibəsinin başlanması günüdür. Xalq bu günü 30 il inamla gözləmişdir. Erməni vəhşilikləri, qəddarlıqları bu illər ərzində öz faşist xisləti ilə qəzəb, nifrət hissini söndürməmiş, əksinə daha da alovlandırmışdı.

Qalibiyyət uğrunda tarixi Qarabağ torpaqlarının işğaldan azadlığının başlanğıcı - 27 sentyabr 2020-ci il Qisas günü idi.
Bu illər ərzində “keçmiş dağlıq qarabağ” münaqişəsinin sülh yolu ilə həlli imkanları istiqamətində Prezident İlham Əliyev beynəlxalq aləmdə ciddi siyasi-təbliğati iş aparmışdı.
Xalqın və dövlətin səbrini tükəndirən işğalçının getdikcə azğınlaşması, işğal edilən ərazilərdə möhkəmləndirməyə cəhd, ATƏT-in keçmiş Minsk Qrupunun qəbul etdirdiyi “Əsas Prinsiplər”ə təcavüzkar Ermənistanın əməl etməməsi, saxta “dağlıq qarabağ respublikası”nın mərkəzinin Xankəndindən Şuşaya köçürmə planı – “yeni müharibə, yeni ərazilər” kimi bəyanatlar, dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin qanunsuz olaraq Qarabağa yerləşdirilməsi, toponimlərin adlarının dəyişdirilib, tarixi abidələrin özlərinkiləşdirilməsi kimi dözülməz, riyakar davranışlar xalqın və dövlətin səbrini daşdırmışdı. Başqa bir amil 5 avqust 2019-cu ildə Xankəndində keçirilən mitinqdə Ermənistanın baş naziri N.Paşinyanın “Artsax Ermənistandır və nöqtə” deməsi artıq danışığlar məsələsini belə dağıtdı.

2020-ci il iyulda təcavüzkar Ermənistanın Azərbaycanın dövlət sərhədlərini atəşə tutması, münaqişə zonasından çox uzaq olan Tovuz rayonuna hücumu vəziyyətin daha da gərginləşməsinə səbəb yaratdı. Azərbaycan-Ermənistan dövlət sərhədindəki döyüşlər zamanı 14 iyul 2020-ci il Bakıda ümummilli mitinq keçirildi, on minlərlə insan “Qarabağ Bizimdir”, “Qarabağ Azərbaycandır”, “Eşq olsun Milli Orduya”, “İrəli” şüarları səsləndirərək torpaqlarının azadlığı uğrunda vuruşa hazır olduqlarını bildirdilər. Artıq xalq könüllü səfərbərlik xidmətlərinə yazılırdı. 15 iyul 2020-ci ildə Prezident, Ali Bas Komandan İlham Əliyev bəyan etdi ki, hərbi xidmətə getmək istəyənlər şəxsi məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinə təqdim edə bilərlər. Torpağını işğaldan azad görmək istəyən nəinki oğlan və qızları, hətta xaricdəki soydaşlar, ehtiyatda olan hərbçilər, müharibə əlilləri və veteranlar hərbi əməliyyatlarda iştirak üçün Müdafiə Nazirliyinə müraciət ünvanlamışdılar. Bəlkə də dünyada yeganə xalq idi ki, Ali Baş Komandanın hərb əməliyyatlarına başlamağını istəyir, müharibəni xoş istəklə qarşılayırdı.
27 sentyabr 2020-ci il - 1994-cü ildə bağlanan atəşkəsi pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə ardıcıl zərbələr endirən, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məkanına atəş yağdıran təcavüzkar layiqli cavabını aldı. Şəmkir, Beyləqan, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi və Gəncə şəhərlərində dinc əhalinin yaşayış yerləri raketlərdən bombardmana tutuldu. Azərbaycana qarşı bu yeni təcavüz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Beynəlxalq Humanitar Hüququn, 1949-cu il Cenevrə Konvensiyası, 1993-cü ildə qəbul edilən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal etdiyi ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinin Ermənistan tərəfindən pozulması idi.

27 sentyabr 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziyada xalqa müraciət edərək bildirdi ki, Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda Vətən müharibəsi başladı və bəyan etdi ki: “Qarabağ Azərbaycandır!”. Vətən müharibəsinin hərbi-strateji tarixində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!”şüarı simvola çevrildi.

27 sentyabr Azərbaycan Milli Məclisinin təcili xüsusi iclası çağırıldı və ölkədə “Hərbi vəziyyətin” elan edilməsi qərarı qəbul olundu. Ali Baş Komandan tərəfindən bu qərar imzalanaraq, Bakı şəhəri və ölkənin bir neçə bölgəsində hərbi vəziyyət tətbiq edildi, sentyabrın 28-də də ölkə üzrə qismən səfərbərlik elan olundu. Və:
- Bu haqq və ədalətin bərpasına istiqamətlənən strateji-hərbi-siyasi qərar idi.
- Bu qalibiyyət istəyən Azərbaycan xalqının Dövlət-Ordu Birliyinin təmsili idi. - Bu tarixi Qarabağ torpaqlarının Azərbaycanın bölünməz tərkib hissəsi olmasının siyasi-inzibati-hərbi təsdiqi idi.

Prezident İlham Əliyev vurğuladı ki: “Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur... Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü. İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti idi. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yatarmaqdır. Daha bir səbəb isə Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar dayanıbdır. Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi olmuşdur. Bu təxribat deyilmi? Bu bizə qarşı təhqirdir”.
27 sentyabr 2020-ci il – Prezidentin bu tarixdəki bəyanatı xalqın inam və ruh hissini daha da artırdı, cəbhə boyu əks-hücum əməliyyatlarına başlayan Milli Ordu sürətlə düşmənə ağır zərbələr endirməyə başladı.

27 sentyabrdan başlayaraq 44 gün davam edən və “Vətən Müharibəsi” adlanan savaşda Milli Ordu sarsılmaz gücünü əks etdirdi və Zəfər qazandı.Qarabağ torpaqları işğaldan azad edildi və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs müqaviləsi imzalandı.
Azərbaycanın Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanınrəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağ müharibələri şəhidlərinin xatirəsinin yad edilməsi, onların ailələrinin, həmçinin qazilərə xüsusi diqqət yetirilməsi onların qayğılarının qarşılanmasında müxtəlif səpgili tədbirlərə dəstək verir. Birinci vitse-prezident Xanım Mehriban Əliyeva vurğulayır ki: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən Müharibəsi şəhidlərini heç vaxt unutmayacayıq”.

27 sentyabrdan başlayan Vətən müharibəsi 10 noyabrda Zəfərlə bitdi və 44 günlük müharibənin başa çatması ilə “Yaşat” Fondu, Qarabağ Dirçəliş Fondu təsis olundu. Azərbaycanın Milli Məclisi ilk dəfə olaraq 2020-ci ilin sonunda Zəfər büdcəsi qəbul etdi, işğaldan azad edilən tarixi torpaqların bərpası üçün ilkin olaraq 2 milyard manat vəsait ayrıldı.
Nəzərə yetirək ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsinin mənbəsində ulu öndər Heydər Əliyev dövlət-hakimiyyət quruculuğu siyasətinin də böyük rolu vardır. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən etibarən güclü dövlət, daxili ictimai-siyasi sabitlik, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinsipləri olmuşdu. Prezident İlham Əliyev tərəfindən bu milli strategiya daha da genişləndirilib, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun reytinqini artırıbdır. Ulu Öndər vurğulayırdı ki, “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. Qarabağ Zəfəri Ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasi-hərbi strategiyasının məntiqi göstəricisidir. Bu nöqteyi baxımdan: -Son 30 ildə Azərbaycan tarixi Qarabağ torpaqlarını itirməyə məruz qalmış və Prezident İlham Əliyevin balanslı xarici siyasəti, müasir silahlarla təchiz olunan Ordunun mübarizliyi nəticəsində işğal olunmuş torpaqlar azad edilərək, Azərbaycan xalqının şərəfi, ləyaqəti, milli mənliyi, qüruru, özünə güvənci qaytarılaraq, tarixi ədalət bərpa olundu. Bu mənada Nobel mükafatçısı, hind ekonomist filosofu Amatiya Sen “Ədalət ideyası” kitabında yazdığı kimi: “Müharibələri sona yetirən əxlaq nəzəriyyəsi ədalətə nail olmaq deyil, ədalətsizliyin qarşısını almaq üçündür”. Azərbaycanda ədalətsizliyin də qarşısı alındı.

-Azərbaycan Prezidenti Vətən müharibəsində prinsipiallıq, qətiyyətli siyasi iradə nümayiş etdirdi, xalqın milli maraqlarını cəsarətlə müdafiə etdi, məqsədəmüvafiq, ardıcıl strategiya yürütdü, yekunda Azərbaycanın işğalda olan tarixi ərazilərinin azad edilməsi üçün 27 sentyabr 2020-ci ildə düşmənə onun hərəkəti iləcavab atəşləri ilə hücuma başladı. N.Makiavelli yazdığı kimi: “Düşmənlə iki yolla mübarizə aparmaq olar:birinci qanunlarla, ikincisi güclə”. Azərbaycan Ordusunda hərbi güclə qazandığı uğur üç rayonun - Ağdam, Kəlbəcər və Laçının heç bir döyüş olmadan geri verilməsi ilə nəticələndi. İtki – şəhid vermədən, hərbi əməliyyatsız torpaqların geri qaytarılması dünya hərb tarixi təcrübəsində nadir olan taktiki gedişdir. Bu düşünülmüş və uzaqgörən diplomatik-hərbi strategiyadan qazanılan Qarabağ Zəfəridir.

6- Müzəffər və yenilməz milli Ordunun qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdəlik məharəti və vətənsevərliyi ilə vəhdətdə, eləcə də xalq-dövlət Birliyi, ölkə vətəndaşlarının dövlətlə Həmrəyliyi, Türkiyə kimi qüdrətli dövlətin Azərbaycana siyasi və mənəvi dəstəyi Vətən müharibəsində Qarabağ Zəfərini təmin edən həlledici məqamlarıdır. Qarabağ Zəfəri nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Suqovuşan, Şuşa öz əbədi tarixi sahibinin - Azərbaycan xalqının yenidən coğrafi ərazisinə çevrildi. Nəzərə yetirək ki, müharibələrdə ordu üçün hücum etmək əmri kimi, taktiki manevrlər, yəni - geri çəkilmə, yaxud vuruşun dayanma praktikası da mövcuddur.

27 sentyabr 2020-ci il 44 günlük Vətən müharibəsində Milli Ordu bir an da olsun geri çəkilmədi. Burada açıq sual var – Niyə? Ən müqəddəm şərti ordu-hərbiçilərin məhz öz doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda vuruşması, canlarını belə fəda edərək şəhid və ya qazi olmasındadır. Türkiyənin Ulu Öndəri M.K.Atatürk söylədiyi kimi: “Döyüş zəruri və qaçılmaz olmalıdır, millətin həyatı təhlükə ilə qarşı-qarşıya qalmırsa, hərb bir cinayətdir”.

-27 sentyabr Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan ordusu yüksək hərbi peşəkarlıq, orduda məsuliyyətli nizam-intizam, operativ mobillik, müasir döyüş texnologiyalarına malikliyi və bundan siyasi taktika ilə istifadə edərək Zəfər qazandı.
-27 sentyabr Azərbaycan xalqının dövlətə, orduya etibarı, xalq-dövlət birliyi, Vətən-doğma torpaqlar uğrunda vuruşan döyüşçülərin də mənəvi-psixoloji durumuna müsbət təsir göstərdi. Bunun bir göstəricisi də, məhz yaralanan və hətta ağır vəziyyətdə olan hər bir əsgər və zabitin sağalaraq yenidən vuruş bölgəsinə qayıtmağa səy etməsi idi. Bu, vətənsevərlik, doğma torpağına bağlılıq, eyni zamanda dövlət siyasətinə, Ali Baş Komandana olan güvəncdən və Zəfərə inamdan qaynaqlanırdı.
27 sentyabr Vətən müharibəsi göstərdi ki, Zəfər bir daha Azərbaycanın hərbdəki müvəffəqiyyətinin qarşısında heç bir erməni gücünün, silah-sursatının dayana bilməyəcəyini göstərdi. Xalq-dövlət birliyi düşməni məğlub etdi və Azərbaycan qəhrəman xalq oldu. Azərbaycan Respublikası dövlət sərhədini bərpa etməklə yanaşı, həm də Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaratdı.
Və Bu gün 27 sentyabr 2023-cü il – Qarabağın Zəfərinin Yekunu, Azərbaycan Dövlət Suverenliyinin Bərpasının Qızıl Tarixidir.

Ədəbiyyat siyahısı
1. AzərTac 27.09.2020-ci il
2. Aayda.qov.az/az/new/3223
3. İkisahil . 22 sentyabr 2021
4. Heydər Əliyev. Müstəqillik yolu. B., 1997, s. 39
5. Mynet.com/cevaplar/1998-6366712