Dosent Zaur Əliyevin Web of Science və Scopus indeksli jurnalda məqaləsi çap olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, s.e.ü.f.d., dosent Zaur Əliyevin Scopus və Web of Science beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazaları) indeksləşən Kubanın La Revista “Universidad y Sociedad” (RUS), A kateqoriyalı jurnalında "İrəvanın beynəlxalq hüquqi statusu" başlığında məqaləsi dərc edilib. Xarici hüquqşünasların rəyi və qeydləri ilə hazırlanan məqalədə İrəvan şəhərinin 1918-ci ildə erməni federasiyasına paytaxt kimi verilməsinin hüquqi tərəfləri təhlil edilib. Məqalədə qeyd edilir ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma əksini tapmayıb: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb. Batum müqaviləsində həmin razılaşmanı özündə ehtiva edən hər hansı bir maddə yoxdur. Məqalədə bu məsələlərlə yanaşı Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sonradan İrəvanın taleyi və hüququ statusu ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.Sonda qeyd edilir ki, Keçmiş İrəvan xanlığının ərazisinin dolayısı hüquqi varis olan Azərbaycan Milli Şurasının səlahiyyət hədlərindən kənara çıxaraq, ərazilərin verilməsi ilə nəticələnən və hüquqi varisin (İrəvan xanlığı və onun əhalisinin) rəyini öyrənmədən qəbul etdiyi qərar neqativ hüquqdur və İrəvan əhalisinin mülkiyyət hüquqları əleyhinə qarşı birbaşa kobud hüquq pozuntusudur. Yaranmış vəziyyətdə problem obyektiv və düzgün şərh edilməli, İrəvanın xanlıq kimi dövlət varisliyi və xanlığın əhalisinin milli tərkibi nəzərə alınmaqla, qanuni varisliyi təmin edilməlidir. İrəvan xanlığının daxil olduğu torpaqların həqiqi sahibi bu ərazilərdə yaşayan Azərbaycan xalqıdır.