20.11.2023, 07:18 - Baxış sayı: 475

Fəlsəfi fikir tariximiz haqqında tədqiqat


Fəlsəfi fikir tariximiz haqqında tədqiqat

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildi işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında buraxılmış nəşrdə XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və tanınmış mütəfəkkirlərin yaradıcılığından bəhs olunur.
Müəllif xalqımızın fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını mərhələ və məfkurəvi yönlər üzrə təhlil etmişdir. Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları olmuş türkçülük-azərbaycançılıq, çağdaşlıq və islamçılığın nümayəndələri
(Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Müznib, F.B.Köçərli, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, A.İldırım və başqalarının elmi-nəzəri irsi əsərdə aparıcı yer tutur.
Kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Nəşrin elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur. Əsərin çapına professorlar Sakit Hüseynov və Əlikram Tağıyev, qabaqcıl maarif xadimi, dosent Müstəqil Ağayev rəy veriblər.