05.04.2018, 09:39 - Baxış sayı: 1073

Firudin İbrahiminin "Sülh uğrunda" əsərinə bir baxış


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, fövqəladə və səlahiyyətli səfir

1945-ci il dekabrın 12-də Təbrizdə yaranan və bir il sonra o zamankı ölkədaxili və xarici səbəblər üzündən süqut edən Azərbaycan Milli Hökumətinin, onun üzvlərinin fəaliyyəti və aqibəti onilliklər keçsə də, hər zaman İranda və onun sərhədlərindən kənarda, xüsusilə, Azərbaycan Respublikasında, eləcə də dünyadakı bütün azərbaycanlılar arasında maraq doğurmaqda davam edir.
Baş nazir Seyid Cəfər Pişəvəri daxil olmaqla Milli Hökumətin nazirləri, hüquq mühafizə və qoşun rəhbərləri, digər yüksək məsul vəzifəli şəxsləri barəsində, eləcə də, bu hökumətin ideya və təşkilati rəhbəri olan Azərbaycan Demokrat Firqəsi (ADF) haqqında çoxlu araşdırmalar, elmi, publisistik tədqiqatlar, xatirələr meydana çıxmışdır.

Qeyd etmək lazımdır ki, Təbrizdə bir il ərzində Milli Məclisin (sonra Əyalət Əncüməni) və Milli Hökumətin qəbul etdiyi qanun və qərarlarda, S. C. Pişəvərinin nitqləri və çıxışlarında, ADF-nin orqanı "Azərbaycan" qəzetinin materiallarında və digər çoxlu sənədlərdə xalqımızın milli-demokratik hərəkatının məntiqi nəticəsi olaraq, ikinci dünya müharibəsi bitəndən sonra regionda yaranan şəraitdən istifadə edərək təşəkkül edən Azərbaycan Milli Məclisi və Milli Hökuməti barəsində dəyərli məlumatlar, təhlillər və ümumiləşdirmələr verilmişdir. Bu sənədlərin və materialların öyrənilməsi, təhlil edilib, elmi süzgəcdən keçirilərək geniş oxucu mühakiməsinə verilməsində AMEA-nın akademiki, millət vəkili Gövhər Baxşəliyevanın rəhbərlik etdiyi Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin təqdirəlayiq xidmətləri vardır. Həmin şöbənin müdiri, Cənubi Azərbaycan tarixinin tanınmış tədqiqatçısı, tarixçi-diplomat Səməd Bayramzadənin və şöbənin digər əməkdaşlarının ardıcıl səyləri ilə son illərdə bir sıra dəyərli elmi araşdırmalar meydana çıxmışdır. Xüsusilə, bir neçə ay öncə S. Bayramzadənin səyi ilə Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin ilk 90 sayının orijinalında olduğu kimi, birinci hissə olaraq kitab-qəzet halında ilk dəfə nəşr edilməsi əlamətdar hal kimi qeyd edilməlidir. Burada tədqiqatçıya kitabın qalan üç hissəsinin də hazırlanıb nəşr edilməsində uğurlar arzuladığımızı da ifadə etməyi lazım bilirəm.
Təqdirəlayiqdir ki, Azərbaycan Milli Hökumətinin Baş prokuroru olmuş, görkəmli hüquqşünas və azadlıq mücahidi Firudin İbrahiminin "Sülh uğrunda" (Paris Sülh Konfransı barədə qeydlər - 1946) kitabı bu yaxınlarda S. Bayramzadə tərəfindən ərəb əlifbasından bizim əlifbaya çevirməklə tərtib edilib, ətrafı ön söz, qeydlər və şərhlərlə "Elm və təhsil" nəşriyyatında nəşr edilmişdir. Tədqiqatçının kitaba yazdığı əhatəli müqəddimədə F. İbrahiminin həyatı və ictimai-siyasi fəaliyyəti barəsində ətraflı məlumat verilir və qeyd olunur ki, o, 29 iyul - 15 oktyabr 1946-cı il tarixlərində Parisdə 21 dövlətin iştirakı ilə təşkil olunmuş Sülh Konfransında Azərbaycan Milli Hökumətinin mətbuat nümayəndəsi kimi iştirak etmiş, konfrans və onun iştirakçısı olan dövlətlər və nümayəndə heyətlərinin fəaliyyəti barədə arayışlarını Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin orqanı olan "Azərbaycan" qəzetinin 9 noyabr - 12 dekabr 1946 tarixləri arasında çıxmış 23 sayında "Sülh uğrunda" başlığı altında çap etdirmişdir.
1918-ci ildə Astara şəhərində (İran) doğulmuş F. İbrahimi 1945-ci ilin mayında Tehran Universitetinin hüquq fakültəsini bitirəndən sonra Xarici İşlər Nazirliyi və "Ettelaat" qəzetinin iş təklifinə baxmayaraq, Azərbaycana qayıdıb doğma Vətəninə xidmət etməyə başlamışdı. Hələ 1943-cü ildən S. C. Pişəvərinin təsis etdiyi "Ajir" qəzetində məqalələrlə çıxış edən F. İbrahimi İran Xalq Partiyası sıralarına qoşulmuşdu, ölkənin bir sıra demokratik yönlü mətbuat orqanları ilə, o cümlədən, "Rəhbər", "Mərdan", "Zəfər", Cənubi Azərbaycanda nəşr olunan "Xavər-e nou" (Yeni Şərq), "Azərbaycan" qəzetləri ilə yaxından əməkdaşlıq edirdi. F. İbrahiminin 1945-ci il sentyabrın 5-də ADF-nın rəsmi orqanı kimi çap edilməyə başlayan "Azərbaycan" qəzetindəki silsilə məqalələri xalqımızın zəngin tarixi və mədəniyyətinin öyrənilməsi və təbliğində əvəzsiz əhəmiyyətə malik idi, xüsusilə, onun qəzetin 42-ci sayından 60-cı sayınadək (31 oktyabr-21 noyabr 1945-ci il) "Azərbaycan danışır...iftixarlı tariximizdən bir neçə parlaq səhifə" başlıqlı məqalələri Azərbaycan türklərində milli şüurun oyanması və inkişafında əhəmiyyətli rol oynamışdır. Təqdirəlayiqdir ki, həmin 19 məqalə Milli Hökumət zamanı Təbrizdə Sovet Mədəniyyət evi tərəfindən "Azərbaycanın qədim tarixi haqqında" adı ilə nəşr edilmişdir.
Beynəlxalq münasibətlər və hüquqi məsələlərdən yaxşı baş çıxardığına və publisistik məharətinə görə Milli Hökumət F.İbrahimini Paris konfransına İrandan qatılan dörd nəfərlik mətbuat nümayəndəliyi tərkibində Parisə göndərmişdi. Bu mötəbər konfransda Azərbaycanın səsini duyurmaq üçün bundan başqa vasitə yox idi. Təbrizdə Azərbaycan türkcəsində yazılmış pasporta Fransa vizası alınması Tehranda - İran Xarici İşlər Nazirliyində nə qədər təəccüb və narazılıqla qarşılansa da, bir qədər əvvəl Azərbaycan Milli Hökuməti ilə mərkəzi İran hökuməti arasında əldə edilmiş razılaşmanın şərtlərinə görə nəhayət bu məsələ həllini tapmışdı. F. İbrahimi bu barədə yazmışdı: "Mənim pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və nəticədə Azərbaycan dilində yazılmışdır. Ona görə də mən bu pasportu həmişə bir əziz yadigar kimi saxlayacağam".
F. İbrahiminin yazdığı hesabatlarla yanaşı, konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətləri, partiya və mətbuat xadimləri ilə görüşləri Azərbaycanın səsini dünyaya çatdırmağa xidmət etmişdir. Onun Misir, Əlcəzair, Tunis, Mərakeş nümayəndələri ilə görüşləri və Azərbaycan milli-demokratik hərəkatı barəsində onları məlumatlandırması, həmçinin, Azərbaycan haqqında onların fikirlərini öyrənməsi və Azərbaycan hökumətini məlumatlandırması əhəmiyyətli idi. Ərəb ölkələrinin mətbuat nümayəndələri ilə görüşü barəsində F. İbrahimi hesabatında yazır ki, onların nəzərində Ərəb Dövlətləri Liqası böyük bir milli qüvvə kimi görünürdü və ona görə belə düşünürdülər ki, bütün müsəlman xalqlarının nicatı bu qüvvədən asılıdır. Mən Ərəb Dövlətləri Liqasının nə olduğunu və həqiqi mahiyyətini onlar üçün izah etdim və anlatdım ki, "hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddaratına sahib olmaqdan ötrü yalnız bir qüvvəyə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir".
Firudin İbrahiminin "Sülh uğrunda" əsərinə bir baxış
Azərbaycan Milli hökumətinin varlığını, həyata keçirdiyi islahatları konfransda görüşdüyü nümayəndə heyətlərinə şərh edən F. İbrahimi Təbriz radiosunda Azərbaycanda baş verən inqilabi hadisələr barəsində Azərbaycan dilində verilən xəbərləri izləyən bir misirli gənc ilə söhbətindən sonra yazır ki, xalqımızın azadlıq vədəsi verən nidası bütün Yaxın Şərq ölkələrini bürümüş və piramida ətəklərində öz vətəninin həqiqi azadlığını arzu edən misirli cavana mübarizə dərsi öyrətmişdir.
Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsinin yaranmasının bir illik bayramı münasibətilə Təbrizin dövlət teatrı salonundakı nitqində F.İbrahiminin Paris Sülh konfransından göndərdiyi hesabatları yüksək qiymətləndirərək demişdir: "Bizim hərəkatımız dil vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur... İndi dünyanın yazıq millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar".
F.İbrahiminin ABŞ, Böyük Britaniya, Fransa, SSRİ və başqa dövlətlərin yüksək nümayəndə heyətlərinin fəaliyyətləri, müzakirə edilən məsələlər, alınan nəticələr haqqında məlumat və fikirlərində o dövrdə müharibədən sonrakı dünya düzəninin necə formalaşdırıldığı haqqında maraqlı təhlillər vardır. Onun Böyük Britaniyanın Baş naziri U.Çörçilin 19 sentyabr 1946-cı ildə Sürix universitetində etdiyi məruzədən gətirdiyi nümunə bu baxımdan maraqlıdır. Baş nazir demişdi ki, biz Avropada sülh və təhlükəsizlik şəraiti yaratmalıyıq. Ona görə "Avropa Birləşmiş Dövlətləri" kimi bir qurum yaratmalyıq... Almaniyanı da yeni hücum qüvvəsindən məhrum etmək lazımdır. Amma gərək keçmişi yaddan çıxardıb cəza verməkdən vaz keçək...
F.İbrahimi yazırdı ki, Paris Sülh konfransında əslində, demokratik və ədalətli bir sülhə qarşı geniş mübarizə gedirdi... Anqlo-sakslar rəqibsiz bir surətdə dünyaya hökm etmək istəyirdilər. Faşist işğalı nəticəsində siyasi etibarı sarsılmış Fransa Müqavimət hərəkatı sayəsində Avropa və dünya siyasətində yüksək mövqe qazanmağa çalışırdı... Sovet nümayəndələri bütün xalqların azadlıq və istiqlalını müdafiə edirdilər və kiçik xalqların hakimiyyət haqqına müxalif olan təhriklərə qarşı ciddi mübarizə aparırdılar... Bu kimi məlumatlardan aydın görünür ki, F.İbrahiminin arayış və təhlilləri dəyərli idi və gənc Azərbaycan hökumətini dünyada gedən proseslərdən xəbərdar etmək məqsədi də daşıyırdı.
F. İbrahimi Təbrizə döndükdən sonra yenidən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, hüquq-mühafizə sahəsindəki fəaliyyətini davam etdirirdi. Lakin o, 12 dekabr (21 Azər) 1946-cı il tarixində İran şahlıq rejiminin amansız ordusu ilə qeyri-bərabər döyüşdə, ADF MK-nın binasında 34 saatlıq silahlı müqavimətdən sonra həbs edilib zindana salındı. Həbsxanada yüksək ləyaqətini qoruyub saxlayan F. İbrahimi İran xəbər agentliklərinin birinin "Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?" sualına belə cavab vermişdi: "Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs edilən günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik".
Kitabın ön sözündə qeyd edildiyi kimi, Şah rejiminin ədalətsiz məhkəməsində də, 1947-ci ilin may ayının 23-də Təbrizin Səttarxan xiyabanındakı meydanda dar ağacına aparılanda da F.İbrahimi azadlıq işinə dönməz sədaqətini bir daha nümayiş etdirmişdi. Onun məhkəmədə irticaçı şah rejimini ittiham edən nitqi bu gün də İran azadlıqsevərlərinin qulağında səslənməkdədir. F. İbrahimi demişdi: "Gün gələcəkdir ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar".
Qeydlərimin sonunda vurğulamaq istərdim ki, əlbəttə, tarix özü ən yaxşı ədalət tərəzisidir. XX əsrdə Cənubi Azərbaycanda başlayan və bütün İrana demokratiya dərsi verən, əsla bölücülük salmadan bütövlükdə İranı azad, demokratik bir dövlətə çevirməyə, Azərbaycana isə onun tərkibində muxtariyət hüququ qazandırmağa çalışan milli-demokratik hərəkatları zalımlıqla boğan şahlıq rejiminin süpürülüb atılması bunun ən yaxşı nümunəsidir. Bu isə Firudin İbrahimi və onun kimi fədakar azadlıq mücahidlərinin hədər yerə mübarizə aparmadıqlarının göstəricisidir.