“Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində “20 Yanvar arxiv sənədlərində” adlı seminar keçirildi
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində “20 Yanvar arxiv sənədlərində” adlı seminar keçirildi. Tədbirdə “20 Yanvar” şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Şöbənin əməkdaşları Lalə Mövsümova (sədr), Zemfira Məmmədzadə, Şahin Bağırov, Davud Həşimov, Zaur Əliyev, Etibar Əsədov, Təzəgül Qasımova, Oktay Rzayev, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova və Günay Cabarova çıxış edərək bildirdilər ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından uzun müddət keç məsinə baxmayaraq xalqımız faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətən azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edilir. 1990 – cı ilin “Qanlı Yanvar” hadisəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. “20 Yanvar” faciəsi, eyni zamanda ümumixalq faciəsi, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.