31.01.2024, 08:56 - Baxış sayı: 215

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində elmi seminar keçirilib


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində elmi seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində 31 yanvar tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədər elmi seminar keçirilib. Seminarda şöbənin əməkdaşları Lalə Mövsümova (sədr), Zemfira Məmmədzadə, Şahin Bağırov, Davud Həşimov, Zaur Əliyev, Etibar Əsədov, Təzəgül Qasımova, Oktay Rzayev, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova iştirak etdilər.
Çıxışçılar qeyd ediblər ki, 1905-1907-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan “türkləşmək, islamlaşmaq və müasirləşmək” (“türk qanlı, İslam imanlı, Avropa qiyafətli”) məfkurəsi M.Ə.Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir. M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
“Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözlərini daima Azərbaycanın ərazi bütövlüyünə xidmət edəcəyini iştirakçılar vurğulamışlar.