02.02.2024, 07:37 - Baxış sayı: 189

Milli maraqlar, seçkilər və Qərbin Azərbaycana qərəzli təzyiqlərinə fəlsəfi baxış – TƏHLİL


Şölət Zeynalov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.


İndi regionumuz çox böyük bir hadisəyə şahidlik etməkdədir. Ərazi tamlığını bərpa etmiş ölkəmizin bütün bölgələrində ən yüksək şəkildə 7 fevral Prezident seçkilərinə həm ciddi hazırlıq gedir, həm də mübaliğəsiz desək, əslində xalq bu seçkilərə getməklə yanaşı, müşahidələr və sosioloji sorğular göstərir ki, o, öz qəlbində, reallıqdan və yaxın tarixi təcrübədən çıxış edərək, seçimini çoxdan etmişdir. Onun seçimi birmənalı şəkildədir: O, öz suverenliyinə, ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə, azərbaycançılıq fəlsəfəsinə, uğrunda döyüşdüyü müqəddəs torpaqlarına, Şəhidlərinin, qazilərinin, Vətən fədailərinin məsləklərinə, birliyə, sosial ədalətə, modern cəmiyyətə, quruculuğa, dialoq fəlsəfəsinə, Milli maraqların təminatına, demokratiyaya, Qalib Liderinə, Ali Baş Komandanına, inkişafda olan Azərbaycanın müstəqillik və rifahına səs verəcəkdir. Lakin bir həqiqət də var: Qərbin bəzi dırnaqarası siyasi institutları ölkəmizə qarşı təzyiq kampaniyasına başlamışdır və bu ədalətsiz təzyiqin fəlsəfi mahiyyəti aydındır. Qərbin siyasi kodekslərində ciddi aşınma baş verir bu isə dünyada ciddi rezonanslara səbəb olmaqdadır.
Müasir Qərb filosofu F. Fukuyama “Tarixin sonu və sonuncu insan” kitabında qeyd edir: “Platonun Leonti ilə bağlı əhvalatında və Havelin göysatanla əlaqədar pritçasında – necə deyərlər, ənənəvi qərb siyasi fəlsəfəsinin başlanğıc və sonunda – biz timosun (insanın ruhani-mənəvi dəyərlərinin) sadə formasının siyasi həyatın mərkəzi faktoru kimi yaranıb ortaya çıxdığının şahidi oluruq. Həm də bu vaxt aydın olur ki, timos hansısa mənada yaxşı siyasi quruluşla əlaqədardır, çünki o, cəsarətin, ictimai ruhun və əxlaqi dəyərlər hesabına kompromisə getməyə qarşı olan istəklərin mənbəyidir. Bu yazarların fikrincə, yaxşı siyasi quruluş qarşılıqlı hücum etməmək barədə müqavilədən daha artıq olan nəiləsə bağılıdır; o həm də insanın öz ləyaqət və dəyərinin tanınması kimi ədalətli arzusunu təmin etməyə borcludur”.
Hazırda ölkəmiz müstəqil tarixinin unikal və şərəfli bir ictimai-siyasi, mənəvi mərhələsini yaşamaqdadır. Uzun müddət düşmən tapdağında qalan torpaqlarımız müasir siyasətə, mədəniyyətlərarası münasibətlərə, siyasi-hərbi əxlaq kodeksinə, qlobal proseslərin gedişatına milli və bəşəri maraqlar kontekstində özünəməxsus ciddiyyəti və strategiyasıyla yanaşan, öz sözü, imzası və rasional paradiqmaları ilə dünyada xüsusi hörmət qazanan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmişdir. Bu tarixdir. Bu tarixin memarı Azərbaycan Xalqının qəlbində özünə əbədi yer tutmuş Müzəffər sərkərdə və müdrik siyasətçi kimi status qazanmış Prezident İlham Əliyevdir. Burada yalnız bir faktı qeyd edək ki, məhz o, Azərbaycan ərazi bütövlüyünü və Dövlət Suverenliyini bərpa edən Qalib sərkərdə və tarixi şəxsiyyət kimi öz adını həm tarixə, həm də azərbaycanlıların ürəklərinə qızıl hərflərlə yazdı. Məsələ ondadır ki, yaxın tarixə nəzər saldıqda görürük ki, İkinci Qarabağ savaşı və 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş birgünlük antiterror əməliyyatının nəticələri dünyada ciddi bir şok effekti yaratdı. Əslində bu, müasir dünyanın hərb və antiterror əməliyyatlarının keçirilmə və separatizmin ram edilməsi tarixində yeni bir səhifə idi. Bu baxımdan qeyd olunan hadisə Azərbaycan tarixi üçün əvəzsiz bir şərəfli nümunə olmaqla yanaşı, o həm regionda, həm də dünyada yeni reallıqlar yaratmış proses kimi mübaliğəsiz desək, hələ uzun müddət nəzəri fikir sahiblərini, siyasətçiləri, politoloqları düşündürməklə yanaşı, dünya miqyasında münaqişə və müharibələrin həllində yəqin ki, bir model kimi uzun müddət öyrəniləcəkdir. Fakt ondadır ki, uzun müddət sülh oyunlarıyla məşğul olan bəzi “beyin mərkəzləri” və münaqişənin həllinə “təhkim” edilmiş siyasi institutların hesablaya bilməyəcəkləri, gözləmədikləri bir anda Azərbaycanın siyasi rəhbərliyinin hərbi-siyasi, geopolitik manevrləri nəticəsində Azərbaycan sözün həqiqi mənasında bütün sferalarda işğala son qoydu. Düşmən həm ideoloji və ideya olaraq, həm də fiziki anlamda faktiki olaraq darmadağın edildi. Bununla bərabər yeni bir tarixi nümunə kimi separatizmin ideoloji, iqtisadi və dırnaqarası siyasi rəhbərliyini fiziki anlamda məhv etmədən, humanizm göstərməklə həbs edərək separatçıların arzularına rəğmən Bakıya “çay içməyə dəvət” etdi. Bu tendensiya isə ümumiyyətlə, həm düşmənlərimizə, həm də üzdə “dost”, arxada düşmən olanlara ciddi bir mesaj verdi: Azərbaycanla güc diliylə danışmaq olmaz, Azərbaycanın siyasi rəhbərliyi milli maraqlar və dövlət müstəqilliyi naminə heç kimə və heç bir dövlətə güzəştə gedə bilməz, – baxmayaraq ki, onun dövlətçilik fəlsəfəsinin əsasları dialoq fəlsəfəsi və dialoq mədəniyyəti üzərində qurulmuşdur. Bu eyni zamanda bir daha onu sübut etdi ki, müstəqillik böyük ərazilər, böyük torpaq sahələrinə malik olmaqla və tarixdə müharibələr, işğallar törətməklə, demokratiya pərdəsi altında neokolonializm siyasəti həyata keçirməklə ölçülmür, müstəqillik milli maraqlara söykənərək, milli ideologiya, milli ideya ətrafında mehvər tapır, müstəqil siyasətlə, ləyaqətli və ictimai əxlaqi kodekslərlə həyata keçirilir. Hər halda bütün bunlar yeni reallıqlardır və bu reallıqlar Cənubi Qafqazda yeni bir dialoq fəlsəfəsi və yeni bir dialoq mədəniyyəti paradiqmasının əsasını yaratmaqla, regionun gələcəyinə böyük perspektivlər vəd edir. Fakt budur ki, Azərbaycan xalqının Qalib sərkərdəsi İlham Əliyevi siyasi strategiyası və milli maraqları müdafiə edən unikal humanizm proqramlarıyla Şərq və Qərb arasında yeni bir dialoq mühiti yaratmağa çalışmaqla eyni zamnda Azərbaycan xalqının tarixi arzularını həyata keçirməyə çalışır: Dünya vəhdətdə mövcuddur və öz inkişafını vəhdət ideyalarında tapa bilər. Ancaq müşahidələr və regionda baş verən tendensiya göstərir ki, bu məsələ nə qədər vacib olsa da, onun həyata keçirilməsi elə də asan məsələ deyildir və bölgənin qeyri-stabilliyi üçün çalışan qüvvələr də kifayət qədərdir. Məsələn, son günlər AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarlar bir daha sübut etdi ki, qərbin milli maraqlarında əsas məsələ demokratiya deyil, xaos şəraitində dövlətlərin təzyiq altında saxlanılması başlıca faktor kimi çıxış edir. Dözümsüzlük artıq qərb siyasi elitasının başlıca meyarı kimi çıxış edir.
Başqa sözlə desək, “Qərb Asiyanın ana qucağından ayrılmış qəlbə olsa da” o, öz “timosuna” - moneteizm kodeksinə sədaqətli deyil və ikili standartlar onun siyasi, əxlaqi, iqtisadi və s. institutlaşmasının əsasını təşkil etməklə “biz” və “özgəsi” bölgülərini davam etdirməkdədir. (Əlbəttə, biz anlayırıq ki, qərb siyasətinin nəhəng ənənələri var və o yalnız aqressiya üzərində qurulmamışdır, lakin bu başqa mövzu olduğundan burada yalnız analitik tənqid qərbin əxlaqi və bəşəri siyasətini “görməzliyə” vuran qərəzli institutlaşmalarına və liderlərinə qarşıdır). Bu isə onu bir daha təsdiq edir ki, indi müstəqil siyasət yürütmək, öz milli maraqlarını müdafiə etmək, tərəflər arasında dialoq mühiti və mədəniyyətini yaratmaq həm də qərəzli qüvvələrin hədəfinə gəlmək kimi bir şeydir. Ona görə də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin təyin edilməsi ciddi faktorlara söykənməklə yanaşı, o tamamilə rasional istiqamətlidir və onun əsaslı vektorlarından birini sülh və təhlükəsizlik naminə bölgədə yeni dialoq mədəniyyətinin təsbiti təşkil etdiyindən, tamamilə məntiqidir və Milli maraqları təmsil edir. Bu baxımdan Qərb institutları qəbul etməlidir ki, Azərbaycan nə tam Qərb, nə də tam olaraq Şərqdir, onun tarixi ənənələrində, həyat tərzində hər iki qütbü təmsil edən bir əxlaqi mədəniyyət dayanır. Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik deyildir və onun həyat fəlsəfəsinin əsasını dialoq, multikulturalizm və tolerantlıq təşkil edir. Hər halda Fransa başda olmaqla bəzi qərb institutları bunu unutmamalıdırlar, Azərbaycanın dövlət strategiyasının əsasları dialoq paradiqmasının inkişafı və dialoq mədəniyyətinin dünyada genişləndirilməsi üzərində qurulmuşdur. Bu Prezident İlham Əliyev strategiyasının başlıca meyarıdır: dünyada sülh və əminəmanlıq təmin edilməli, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət olunmalıdır.
Ona görə də növbədənkənar seçkilərin təyin olumasının bir əsas səbəbi də məhz bununla bağlıdır: Milli maraqlar çərçivəsində sülhün və birgəyaşayışın regionda təmin edilməsi məntiqi zərurətdir. Azərbaycanın milli maraqları dialoq fəlsəfəsindən çıxış etməklə o özündə milliliklə bəşəriliyi, ictimai müqavilə ilə insanların təbii yaşamaq hüququnu və vəhdət ideyalarını özündə əks etdirir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, belə bir məqamda köhnə düşmənlərimizdən – Ermənistandan isə ümumiyyətlə, danışmağa dəyməz: hər şey köhnə qaydadadır, yeni “dayı”, hami, “bacı”, “böyük qardaş” axtarışları fonunda revanşizmə titrək vücud və bükülmüş bellə cəhdlər, qlobal lobbiçilik və göz yaşlarını silmək üçün yeni fransız və hind “dəsmalların” sifarişi və s. Bütün bunlar reallıqdır və Cənubi Qafqazın ən ümumi mənzərəsini təşkil edir, lakin zaman dayanmır və tarixdə dəfələrlə deyildiyi kimi, “qaliblər mühakimə olunmur”: – O ki ola, qalibiyyətin təməli ədalət, beynəlxalq hüquq, sülh, birgəyaşayış, birgəmövcudluq və dialoq fəlsəfəsinin əsasları üzərində qurula. Hər halda Azərbaycanın son 30 illik tarixi sübut etdi ki, Azərbaycan sülh, vəhdət, quruculuq tərəfdarıdır və onun əsaslarını məhz Ulu öndər H. Ə. Əliyev hələ illər öncə mahiranə şəkildə təsbit etmişdir, hal-hazırda da, bu siyasət milli maraqlara, azarbaycançılıq ideologiyasına əsaslanaraq Prezident İlham Əliyevin əsas hədəfi kimi davam etdirilməkdədir. Və Azərbaycanın qlobal miqyasda dostlarının olmasının səbəblərini də məhz burada axtarmaq lazımdır: İlham Əliyev siyasətinin, dövlətçilik və qlobal maraqlarının təməlini əxlaqi siyasət təşkil edir, bu siyasətdə səmimiyyət, güclü Lider siyasi və insani xarizma ən yüksək şəkildə çıxış etməkdədir. Lakin seçkilərin fəlsəfəsindən söhbət gedərkən xüsusi qeyd etməyə dəyər ki, Azərbaycan xalqı hazırda ictimai-siyasi təfəkkürünün ən inkişaf etmiş mərhələsində olduğundan O, özünün Qalib Liderini, yenidən Prezident görmək istəyir və bu istək bir tərəfdən tərəqqi və rifahla bağlı olsa da, digər tərəfdən o yaxın tarixi təcrübədən gəlir. Ona görə də bu istəyə qarşı çıxmaq onun Milli maraqlarına qarşı çıxmaq deməkdir, hansı ki, Qərbin müxtəlif təsisatları “demokratiya” oyunları və siyasi şoulardan istifadə edərək ölkəmizə təzyiq etmək yolunu tutmuşdur. Bu baxımdan sonda bir daha qeyd etməyə dəyər ki, şübhəsiz bu seçkilərə sevinənlər və prosesə dəstək olanlarla yanaşı ona qarşı həm bəri başdan, həm də seçki sonrası “daş və çamur” atmağa cəhd edənlərin də olmasını güman etmək elə də çətin deyildir və bu prosesə artıq qərəzli dairələr tərəfində start da verilmişdir. Xüsusilə, basqıların Qərbin hazırda ciddi xarizmaya ehtiyac olduğu, şəxsiyyət qıtlığı yaşayan mərkəzlərindən olması gözlənilən və başa düşüləndir. Bu onu bir daha təsdiq edir ki, şər şərin, xeyirsə xeyrin yanında özünü xoşbəxt və azad hiss edir: Azərbaycan xeyiri təcəssüm etdiyindən ona qarşı hücumların da olmasını məntiqlə qarşılayır. Fakt budur ki, dünyada indi sülhü və dialoq fəlsəfəsini həyata keçirmək istəyən qüvvələrə qarşı bir şər koalisiyası formalaşmaqdadır. Bu Qərbin də, Şərqin də özündə belədir. Ona görə də Azərbaycana qarşı olan təzyiqlərin səbəblərini aşağıdakı kimi quruplaşdırmaq məntiqidir:
Birinci, İlham Əliyevin şəxsiyyəti timsalında Azərbaycan hazırda tam olaraq tarixin son iki əsrindən fərqli olaraq, ideal şəkildə müstəqil siyasət yürüdür ki, bu da Qərbin “demokratik” bloka sədaqətli olan qüvvələri, xüsusilə, başda Parisin və Avropanın qeyri-səmimi siyasətçisi Makron olmaqla anti-Azərbayca və antiseçki kampaniyasna səbəb olmaqdadır. “Makronizm” bir növ qərbin siyasi ənənələrini və Fransa azadlıq xartiyasını kölgə altına alır. Ermənilərin qərb ölkələrində icazəli “lobbiçiliyi”ni də buraya təbii ki, əlavə etmək yerinə düşərdi: məhz bəzi qərb dairələrinin xeyir-duasıyla həyata keçirilən icazəli anti-türk və anti-azərbaycanlı, islamafob lobbiçiliyi. İkincisi, Azərbaycanın siyasi rəhbərliyinin milli maraqları müdafiə etməsini həm region ölkələrinin bəziləri, həm də məhz, elə Qərbin hegemon dövlətləri qəbul və həzm edə bilmirlər bunun da səbəbi ondadır ki, postsovet məkanında bu hadisə yeni “sözəbaxmayan” liderlərin çoxalmasına səbəb ola bilər. Üçüncüsü, Azərbaycan müstəqillik tarixinin əvvəlki mərhələləriylə müqayisədə indiki qədər heç zaman iqtisadi, siyasi, mədəni, humanitar və hərbi cəhətdən güclü olmamışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi fundamental strategiya nəticəsində Azərbaycan hazırda regional reallıqları diqtə edən ciddi bir aktora çevirilmişdir ki, bu da müasir qlobal nizamda nəzarətə iddialı olan bəzi mərkəzləri və dövlətləri xüsusi narahat etməkdədir. Təbii ki, buraya digər faktorları da əlavə etmək olar.
Bütün bunları nəzərə aldıqda ölkə ictimaiyyəti “demokratiya” illüziyası altında basqılara, bəyanatlara, təzyiqlərə antiseçki təbliğatlara hazır olmalı, Azərbaycanın rifahı, gələcəyi, inkişafı, sabitliyi və əminamanlığı naminə, istənilən təhdidlərə cavab reaksiyasında olmaqla yanaşı, mütləq seçkilərə gəlməli, Müstəqilliyinin, Milli maraqlarının sarsılmaz qarantı Qalib Xalqın Qalib Lideri İlham Əliyevə səs verməlidirlər. Bunu bizdən tariximiz – taleyimiz tələb edir: Milli maraqlarımızın gələcəyi naminə hər birimiz seçkiyə gəlməli, təbii ki, hər kəs azad şəkildə səsvermə hüququndan istifadə etməlidir. Seçki bir mədəniyyət və istimai-siyasi-əxlaqi kodeksdir. Seçki demokratiya yoludur və bu yol nə qədər çətin olsa da o Azərbaycan siyasi rəhbərliyinin ən ümdə strategiyasıdır. Bu yolun təməli Ulu Öndər Heydər Əliyev strategiyası tərəfindən qoyulmuşdur və hal-hazırda uğurla davam etdirilir. Seçki xalqın, millətin, dövlət və dövlətçiliyin mədəni şəkildə, demokratik və mədəni yolla tanınma ehtirasıdır. Qalib Xalqın seçimini heç bir qərəzli siyasi təşkilatkölgə altına ala bilməz.
Məqaləni müasir Qərbin tanınmış yapon əsilli Amerika filosofu F. Fukuyamadan iqtibasla başladığımdan sonda da böyük filosofdan ikinci bir iqtibasla bitirməyi məqbul hesab edirəm. F. Fukuyama yuxarıda adı çəkilən əsərində yazır: “Tanınmaq ehtirası termi ilk baxışda tanış olmayan anlayış kimi görünə bilər, ancaq, əslində o, qərb siyasi fəlsəfəsinin ənənələri qədər qədimdir və insan şəxsiyətinin tamamilə bəlli bir cəhətini ifadə edir. Bu cəhət ilk dəfə Platonun “Respublika” əsərində təsvir edilmişdir, belə ki, Platon burada insan ruhunu üç tərkib hissəsinə ayırıb, onun: arzu edən hissə, düşünən (ağıllı) hissə və “timos” və ya “ruhani” hissə kimi üç elementdən ibarət olduğunu bildirəndə artıq bu mövzuya toxunmuşdur”. F. Fukuyamanın daha sonra haqlı olaraq qeyd etdiyi kimi, insan davranışlarının əsasının böyük qismini ilk iki hissəsini arzu və ağılla əlaqələndirmək tam məntiqidir. Və bu anlayışları individual olaraq insana şamil etməklə yanaşı, onu həm də təsisatlara, ənənələrə, dövlət və cəmiyyətlərə də aid etmək tam məntiqidir. Lakin fikrimizcə, burada üçüncü hissə “timos” və ya “ruhani” hissənin vacibliyi həm də digər hissələrlə bərabər daha önşərt kimi çıxış edir. Hansı ki, bu önşərt tarixən insan zəkasının, insan təbiətinin mayasından çıxış edərək onu böyük dialoqa, birliyə səsləyib. Lakin təssüf ki, bu gün elmi-texniki və hərbi qüdrətin pik nöqtəsində olan bəzi qərb dövlətləri özlərinin tarixi “timos” ənənələrinin əksinə çıxaraq öz “timos”larını unutmaqla bir növ dünyanı sonu bəlli olmayan xaosa sürükləməyə cəhd etməkdədirlər. Bu isə şübhəsiz qərbin həqiqi demokratik ənənələrinə, liberal demokratiyaya, azad qərb təfəkkürünün yaratdığı dəyərlərə qarşı bir əks-mövqe olmaqla yanaşı, həmdə qərbin özünə qarşı bir refleksiyalar yaratmaqla dünyada dialoq mədəniyyətinə də qarşı bir inamsızlıq mühiti formalaşdırmaqdadır. Azərbaycana olan təzyiqlərin də kökü buradan gəlir: Qərb müstəqil, öz milli maraqlarını qorumağa çalışan, müstəqil siyasət yürüdən liderlərə qarşı qısqanclıqla yanaşır. Bu qüvvələr unudurlar ki, Qərb dəyərlərinin də, Şərq dəyərlərinin də özəyində oxşar bir siyasi-əxlaqi kodeks dayanır. Başqa sözlə desək, indi dünyada tanınmaq ehtirasıyla öz milli maraqlarını demokratiya yoluyla inkişaf etdirmək istəyən hər bir xalqın seçiminə hörmət etmək hər iki qütbün vəzifələri sırasındadır. Demokratiya hazırda Azərbaycanın Milli maraqlarının əsas sütunlarından birini təşkil edir. Azərbaycan bu dəyərlərə öz sadiqliyi və sayğılarını göstərməklə Milli maraqlarını təmin etmək üçün azad şəkildə seçkilərə gedir. Xalq bu seçkilərdə öz ənənəsindən, milli-mənəvi dəyərlərindən çıxış edərək azad şəkildə öz seçimini edəcəkdir, onun iradəsinə qarşı dayana biləcək heç bir qüvvə yoxdur və ola da bilməz.

"Bakupost.az"