08.02.2024, 06:32 - Baxış sayı: 164

Postmüharibə mərhələsində hibrid təhdidlər - I MƏQALƏ


Postmüharibə mərhələsində hibrid təhdidlər - I MƏQALƏƏgər hamı ancaq öz inamı üzrə savaşsaydı, müharibələr olmazdı.

Lev TOLSTOY

Deyəsən, bir zamanlar De Mopas­sanın dediyi “müharibə dinc qonşuya hücum etdikdə vəhşilik, vətəni müdafiə etdikdə isə müqəddəs borcdur” deyimini “hibrid” müharibələr alt-üst edir. Bu mü­haribə növü üçün “təcavüzkar dövlət” anlamı ilə “vətən qoruyan dinc qonşu” anlayışları arasında elə bir fərq qalmır. Burada əsas olanı kimlərinsə öz maraq­larıdır. O maraqlar tələb etsə, dinc qon­şunu da yerlə-yeksan etməyə hazırdırlar. Dünya düzəni beləcə “postinsanlaşır”...

“Hibrid müharibə” anlayışı

“Hibrid” termini iki fərqli obyektin, prosesin, üsulun, yanaşmanın xüsusi məqsədlə birləşdirilməsini, vahid bucaq altında görülməsini ifadə edir. Bu məna­da “hibrid” “süni sintez” kimi də təsəvvür edilir.
XXI əsrin gəlişi ilə hibrid tez-tez müa­sir müharibənin ən son növlərindən biri konktestində (“hibrid müharibə” adlanır) işlədilir. Hibrid müharibə ümumi səviyyə­də müharibənin klassik üsulları ilə müasir informasiya-kommunikasiya texnologiya­larının xüsusi planda, konsepsiyada və praktiki savaşda birləşdirilməsi əsasında aparılmasını ehtiva edir. Bu ifadənin baş­lıca mənası müharibəni müxtəlif təbiətli əməliyyatları uzlaşdıraraq düşməni məhv etməkdən ibarətdir. Bu zaman gizli hərbi əməliyyatların, təxribatların, kibermühari­bənin və eyni zamanda, rəqibin ərazisin­də müxtəlif dağıdıcı fəaliyyətlərin bir–biri ilə əlaqələndirilməsi özünü göstərir.
Beləliklə, hibrid müharibə ümumi halda siyasi, iqtisadi, informasiya və di­gər hərbi olmayan faktorların hərbi gücə dayanaraq kompleks tətbiqinə əsaslanır. Bu üsullara “hibrid” metodlar da deyirlər. Buradan hibrid müharibənin iki xarakterik xüsusiyyətini müəyyən etmək olar.
Birincisi, hibrid müharibə fərqli mahiy­yətə, xüsusiyyətlərə və funksiyalara ma­lik olan sferaların konkret hədəf uğrunda birləşdirilməsini nəzərdə tutur. Burada maddi, mənəvi, əxlaqi, ideoloji, informa­siya, iqtisadi, energetik, aksioloji, coğra­fi və digər faktorların qarşılıqlı əlaqəsini təşkil etmək lazım gəlir. Özlüyündə bu proses mürəkkəb olduğundan ona nail olmaq asan deyildir.
Eyni zamanda, görünür ki, “hibrid ya­naşma”da klassik anlamda müharibənin sərhədləri mövcud olmur – o, sarmaşıq kimi hədəf seçilmiş cəmiyyətin, hakimiy­yətin, qrupların, sosial kəsimlərin hər birini əhatə edir, onların “içindən keçir”. Bu səbəbdən, hibrid müharibəni tam müəyyənləşdirmək və onun qaynaqları­nı aydınlaşdırmaq çox çətinliklər törədir. Üstəlik, hibrid savaşda, adətən, müasir gəlişigözəl terminlərdən (insan haqları, demokratiya, liberalizm, sabitliyin təmini, vətəndaş cəmiyyəti, milli təhlükəsizliyin təmini, bəşəriyyətə sülh gətirilməsi və s.) istifadə olunur, onların məzmunlarının “arxasında” əsl niyyətlər gizlədilir.
Bundan başqa, hibrid savaşları elan etmirlər. Onları müxtəlif ad altında həyata keçirilər. Onu deyək ki, həmin prosesdə müasir cəmiyyətlərə xas olan bir sıra “so­sial-psixoloji naqisliklərdən” də yararla­nırlar.
Məsələn, cinsi pozğunluqlardan, gen­der məsələlərindən, fərdin tam olması üçün istədiyini etmək haqqına sahib ol­masından, informasiya əlçatanlığının konkret dövlətin və cəmiyyətin əleyhinə olan aspektlərdə istifadədən və s.
Bunun üçün, deyək ki, cinsi azlıqların aksiyalarını təşkil edirlər, bir cəmiyyətdə qadınların özünü aparması və evlənməsi normalarını aşan uyğunsuz hərəkətləri reklam edirlər, feministlərin sərhədsiz ra­dikal və ictimai psixologiyaya zərərverici aspektdə davranışlarına haqq qazandır­mağa çalışırlar. Bu zaman, bir sıra Qərb cəmiyyətlərində özünü göstərən ailə qur­manın pozğun formasını reklam edirlər. Lakin öz cəmiyyətlərində buna qarşı mü­barizə aparırlar.
Digər tərəfdən, mənəvi-əxlaqi dəyər­lərə üstünlük verən cəmiyyətlərdə gənc­lərin söyüşcül, fərdi maraqlarına görə üsyançı və dağıdıcı, ictimai yerlərdə mövcud qanunlara əməl etmək əvəzinə, sayğısız və başqalarını nəzərə alma­yan hərəkətlərinə haqq qazandırma­ğa (məsələn, siqareti yerə atır və deyir ki, “mən azad adamam, istədiyimi edə bilərəm”, irad tutulanda isə “hüquqlarımı pozursunuz” kimi həyasızlıq edirlər) ça­lışırlar. Sonra onlardan öncə “haqsızlıq qurbanı”, sonra isə “qəhrəman demokrat” obrazı düzəldirlər. Bu kimi hallarda, bü­tövlükdə, cəmiyyət və dövlət üçün daha təhlükəli olan bir məqamı da aktuallaşd­rırlar. Bu, cəmiyyətlə hakimiyyət arasında uçurum yaratmaqla, bütövlükdə, legitim­sizlik mühiti formalaşdırmaq və toplumu parçalamaqla bağlıdır. Onun reallaşma üsullarından biri dövlətə rəhbərlik edən və onun komandasına daxil olan şəxslər haqqında yalan, böhtançı, şərləyici infor­masiyaları xüsusi media kanallar vasitə­silə yaymaq ayrıca yer tutur. Bu barədə biz konkret nümunələr üzrə irəlidə bəhs edəcəyik.
Bu fikirlərdən hibrid metodların tət­biqinin ikinci xarakterik xüsusiyyətini müəyyən etmək olar. Bu, istənilən vari­antda hibrid fəaliyyət müharibə məqsəd­lidir, qarşı tərəfi maddi, hərbi, mənəvi, əxlaqi, informasiya, mədəni aspektlərdə məhv etməyi nəzərdə tutur.
Yəni söhbət faktiki olaraq müasir dövrdə müharibənin tarixdə görünməmiş miqyas və səviyyədə müxtəlif üsulların uyğunlaşdırılması əsasında aparılma­sından gedir. Bu da hibrid müharibənin, əslində, bəşəri miqyaslı olduğunu və onu hər yerdə hər bir ölkəyə qarşı gizli apar­maq imkanının mövcudluğunu təsdiq edir. Məhz bunları nəzərdə tutaraq hər­bi mütəxəssislər yazırlar ki, beynəlxalq təhlükəsizliyin və münaqişələrin xarakteri əvvəlki kimi qalır, dövlətlər öncəki dövr­lərdə olduğu kimi müharibələrə cəlb edi­lirlər və “təhlükəsizlik dilemmaları” mey­dana gəlir. Lakin indi “modus operandi” (fəaliyyət üsulu) fərqlidir, çünki radikal surətdə əvvəlki üsullardan fərqli metod­larla savaş aparılır.
Hibrid müharibənin detallarına baş vurmaq bu məqalənin məqsədi deyildir. Lakin, bütövlükdə, dünya dövlətlərinə təsir edən bir neçə məqamı vurğulayaq. Hazırda ABŞ, Rusiya, Çin kimi dövlətlər, NATO hibrid müharibə kontekstində ki­bertəhlükəsizliyi təmin etmək üçün kon­sepsiyalar yaradır, onu, bütövlükdə, ölkə­nin təhlükəsizlik sisteminə daxil edirlər. Bu bağlılıqda Dr Tim Stevens və Dr Joe Burton 2023-cü ildə yazdıqları məqalələ­rində maraqlı faktlar gətirirlər. Yaranmış vəziyyəti, bütövlükdə, “kiberməkanda strateji rəqabət” kimi təqdim edirlər. Onu “informasiya texnologiyaları və məlumat­ların qaşılıqlı əlaqələrinin qlobal sahəsi” kimi xarakterizə edirlər. Nəticədə böyük dövlətlərin xüsusi xidmət orqanlarının, dövlət başçılarının, diplomatik korpusla­rın “kiberməkanda genişmiqyaslı rəqa­bəti” meydana gəlmişdir. Bura, təəssüf ki, cinayətkar qruplar, şirkətlər, hakerlər, hərbçilər və müxtəlif şantajçılar da daxil­dirlər. Onları ümumi halda “kiberkampa­niyanın komponentləri” adlandırmaq olar.
Nümunə kimi, Rusiyanın Krımı ilhaq etməsi zamanı istifadə etdiyi hibrid me­todlarını, hazırda Rusiya–Ukrayna mü­haribəsində Moskvanın tətbiq etdiyi mü­barizə üsullarını göstərirlər.
Bunlardan məqalə müəllifləri belə nəticə çıxarırlar ki, strateji kiberməkan­da NATO rəqabət aparmaq istəyirsə, ilk növbədə “kibersabitliyi saxlamağın ilk sı­rasında olmalıdır”. Bu, nə anlama gəlir? Hər şeydən öncə, Qərb, Rusiya və Çin aktiv surətdə bir-birinə qarşı hibrid me­todlardan istifadə edirlər. Bu da dünya miqyasında müxtəlif yan fəsadlar törədir. Həmin bağlılıqda mütəxəssislərin “boz zona” adlandırdıqları fenomen hər bir re­gion üçün (məsələn, Cənubi Qafqaz) sa­bitlik və sülh baxımından ciddi əhəmiyyət daşıyır.

Bzejinskinin “boz zonaları”

Keçən əsrin sonlarında Z.Bzejinski bir xəritə tərtib etmişdi. Orada “sabitsizlik zonası”, “Avrasiya Balkanları” və “qaynar nöqtələr” cızılmışdı. Sabitsizlik zonası, demək olar ki, bütün Avrasiyanı əhatə edir. “Avrasiya Balkanları” Z.Bzejinskinin təsəvvüründə sabitsizliyə məruz qalmalı olan regionları ifadə edir (o cümlədən, Cənubi Qafqazı və Uzaq Şərqi), qaynar nöqtələr isə konkret münaqişələrin ya­radılmalı olduğu yerlərdir. Z.Bzejinskinin bu bölgüsü, demək olar ki, praktikada reallaşmaqdadır. Hətta yeni münaqişə zonaları da meydana gəlməkdədir. Bu sırada İraq, Suriya, Türkiyə, Yunanıstan, bütövlükdə, Aralıq dənizi, Cənubi Çin də­nizi və digərləri seçilirlər. Rusiya-Ukrayna müharibəsi isə Şərqi Avropaya aiddir.
Bütün bu münaqişələrin hər birində böyük dövlətlər həm öz aralarında, həm də qurban kimi seçilmiş ölkələrə qarşı hibrid müharibənin qaydalarını tətbiq edirlər. Cənubi Qafqaz bunun bariz nü­munələrindən biridir. Bu regionda geo­siyasi mənzərəni kiberüsullarla elə qa­rışdırırlar ki, təhlükəsizlik çox həssas bir vəziyyətə gəlib çıxır. Özü də bu prosesdə dünyanın əsas böyük güclərinin hamısı, demək olar ki, iştirak edirlər.

Cənubi Qafqaz –“boz zona”

Bu əsasda deyə bilərik ki, Cənubi Qafqaz “boz sona”nın mərkəzi məkan­larından biridir. Bəs əsas məqsəd nədir? Niyə Cənubi Qafqaz “boz zona” adlandı­rılır? Məsələnin mahiyyəti, ümumiyyətlə, “boz zona”ya verilən anlamla bağlıdır. Bu termin müasir dünyanın elə məkanlarını əhatə edir ki, orada Qərb “yeni dünya nizamı” çərçivəsində müəyyən etdikləri “yeni qaydalara” uyğun mənzərə forma­laşdırsınlar. “Yeni qaydalar” isə ABŞ-ın müəyyənləşdirdiyi “məcburetmə üsulları” ilə (bir zamanlar ermənilərin də işlətdiyi “Azərbaycanı sülhə məcbur etmək” ifa­dəsini və ya Rusiyanın müxtəlif konteks­tlərdə, “məsələn, Gürcüstanı sülhə məc­bur etmək” kimi tezislərini xatırlayaq).
Belə çıxır ki, ABŞ-ın müəyyən etdiyi “boz zona” termininin məzmununda iki aspekt yer almışdır. Birincisi, dünyanın konkret bir geosiyasi məkanında özü­nü lider sayanları qane etməyən düzən vardır. İkincisi, bu vəziyyəti “düzəltmək” üçün hətta “məcburetmə” üsulundan is­tifadə oluna bilər.
“Məcburetmə” isə əsasən hibrid me­todlarla ya rəqibi çəkindirməyi, ya onu durdurmağı ya da tamamilə zərərsizləş­dirməyi nəzərdə tutur.
Cənubi Qafqaza tətbiqdə bu məqam­lar onu ifadə edir ki, həmin regionda Qərbin arzuladığı və birbaşa onun şəxsi maraqlarına uyğun olan geosiyasi mən­zərə yaratmaq uğrunda mübarizə apa­rırlar. Onu adını “yeni dünya düzəni” ya da “yeni regional geosiyasi nizam” qoy, və ya başqa bir təntənəli ad seç fərq et­məz: söhbət reallıqda amansız, güzəşt­siz, ədalətsiz və bir tərəfin maraqlarının tam təmin edildiyi açıq və gizli üsulların hibridi olan müharibədən gedir. Bu an­lamda Cənubi Qafqaz artıq çoxdandır ki, hibrid müharibənin əsas hədəflərindən biridir!
Bizim region “boz zona” kimi bir sıra geosiyasi və hərbi özəlliklərə malikdir. Həmin özəlliklər Azərbaycanın II Qara­bağ savaşında əldə etdiyi böyük Qələbə­dən sonra yeni məzmun almışdır. “Yeni dünya nizamı” yaradanların heç göz­ləmədiyi bir situasiya meydana gəlmiş­dir. Regionda Azərbaycan-Türkiyə birliyi geosiyasi gedişatın mahiyyətini tamamilə dəyişmişdir. Onun əsas əlamətlərindən biri də kənardan olan hibrid təhdidlərin cilovlanmasıdır. Məhz bu reallıq Cənubi Qafqazın postmüharibə mərhələsində geosiyasi mənzərəsinin aparıcı faktoru­nu təşkil edir və eyni zamanda, onu hib­rid təhdidlərin yeni səviyyədə hədəfinə çevirir. Həmin təhdidlər, təbii ki, ilk növ­bədə bu yeni geosiyasi mənzərəni yara­dan Azərbaycana qarşı yönəlmişdir. Həm daha təhlükəli və həssas formada!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"