14.02.2024, 06:24 - Baxış sayı: 2871

Zakir Məmmədovun “Siracəddin Urməvinin dünyagörüşü” kitabı nəşr edilib


Zakir  Məmmədovun “Siracəddin  Urməvinin dünyagörüşü” kitabı nəşr edilib

XX əsrin 60-cı illərindən elmi yaradıcılığa başlayan, milli fəlsəfi irsimizin əvəzsiz araşdırıcısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun irsi onilliklər keçsə də, elmi dəyərini saxlayır. Bu baxımdan alimin yaradıcılığının ilk illərindən qələmə aldığı “Siracəddin Urməvinin dünyagörüşü” (Bakı, “Füyuzat”, 2024, 196 s.) kitabı mühüm əhəmiyyət daşıyır. Tədqiqatçı mənbələr əsasında, tarixilik prinsipindən və həqiqi alim mövqeyindən çıxış edərək Azərbaycan filosofunun dünyagörüşünü araşdırmışdır. Bu kitabın kiçik bir hissəsi “Siracəddin Urməvi” adlı kitabça kimi 1990-cı ildə çapdan çıxmışdır. Kitabçada orta əsr Şərq fəlsəfəsi tarixində əzəmətli mövqe tutan mütəfəkkirin sosial-siyasi görüşləri və etik fikirləri ilk dəfə olaraq göstərilmişdir. Zakir Məmmədovun yaradıcılığının şah əsəri olan və ilk nəşri 1994-cü ilə aid “Azərbaycan fəlsəfəsi tarixi” kitabında Siracəddin Urməvinin fəlsəfi görüşləri haqqında hissə mövcuddur. “Siracəddin Urməvinin dünyagörüşü” kitabında “Siracəddin Urməvinin dövrü və yaradıcılıq irsi”, “Siracəddin Urməvinin fəlsəfəsi”, “Siracəddin Urməvinin məntiqi”, “Siracəddin Urməvinin sosial-siyasi və etik görüşləri” adlı dörd fəsil vardır.
Kitabda Azərbaycan filosofunun dünyəvi elmlərlə bərabər dini elmləri, xüsusən müsəlman hüququnu dərindən bildiyi, dövlət işləri ilə də maraqlandığı göstərilir. Tədqiqatçı yazır ki, Konya şəhərində qazi işləyən Siracəddin Urməvi 1277-ci ildən etibarən bütün Rum ölkəsinin baş qazisi (kadi əl-küdat) vəzifəsini tutmuşdur. Məşhur sufi şair, mövləvilik təriqətinin banisi Calaləddin Rumi Siracəddin Urməvinin ən istəkli dostlarından biri olmuşdur. Konyada baş qazi işləyən Azərbaycan filosofu geniş biliyinə, böyük zəkasına və yüksək mənəviyyatına görə Mövlanəyə dərin rəğbət bəsləmiş, onun azadfikirlilik meyllərinə qarşı çıxanlara haqq qazandırmamışdır. Əksinə, hüquqşünas alim Calaləddin Rumini qaragüruhdan həmişə qorumuşdur. Siracəddin Urməvinin elmə və sənətə, haqqa və ədalətə, humanizmə və azadfikirlilik meyllərinə böyük əhəmiyyət verməyinin nəticəsidir ki, Calaləddin Rumi onu – Konya şəhərinin baş qazisini yaxşı adam kimi səciyyələndirib tərifləmişdir.
Zakir Məmmədov “Siracəddin Urməvinin dünyagörüşü” kitabında qeyd etdiyi kimi, Siracəddin Urməvinin təbiətşünaslıq, məntiq və fəlsəfəsi ilə birlikdə mütərəqqi sosial-siyasi görüşləri və etik fikirləri dərin elmi məzmununa görə yaşayıb yaratdığı XIII əsrdə seçilmiş və filosofun yaradıcılıq irsi sonrakı əsrlərdə örnək olub yayılmışdır. Alim orta əsrlərdə bəşər elmi-fəlsəfi fikrini zənginləşdirmiş dahi şəxsiyyətlərdəndir. Onun “Məntiqə və fəlsəfəyə dair Nurların doğuşları” (“Mətali əl-ənvar fi-l-məntiq va-l-hikmə”) kitabından Yaxın və Orta Şərq ölkələrində XIX əsrə qədər dərslik kimi istifadə olunmuşdur.
Kitab qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlunun əziz xatirəsinə ithaf edilmişdir.
Zakir Məmmədovun “Siracəddin Urməvinin dünyagörüşü” kitabını çapa hazırlayan, tərtibçisi və ön sözün müəllifi Aytək Zakirqızıdır.