18.03.2024, 07:25 - Baxış sayı: 224

“Abdulla Şaiqin fəlsəfi dünyagörüşü” mövzusunda elmi seminar keçirilib


“Abdulla Şaiqin fəlsəfi dünyagörüşü” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsində “Abdulla Şaiqin fəlsəfi dünyagörüşü” mövzusunda elmi seminar keçirilib. İnstitutun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva seminarı giriş sözü ilə açaraq Azərbaycanın görkəmli klassik şairi, yazıçı və publisisti, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiqin Azərbaycan fikir tarixində tutduğu özünəməxsus roldan bəhs edib, onu bəşəriliyi milliliklə üzvi surətdə əlaqələndirən bir mütəfəkkir ədib kimi xarakterizə edərək, özündən sonra qoyduğu zəngin ədəbi-bədii irsin fəlsəfi qatının öyrənilməsinin əhəmiyyətini qeyd etmişdir.
Şöbənin elmi işçisi Xanımağa İsmayılova “Abdulla Şaiqin fəlsəfi dünyagörüşü” adlı məruzəsində Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında qısa məlumat vermiş, onun “Hamımız bir Günəşin zərrəsiyik”, “Həyat sevməkdir”, “Vətən”, “Əsrimizə xitab”, “Köç”, “Məktub yetişmədi”, “Pirin kəraməti” və s. poetik və nəsr əsərlərində insan, vətən, cəmiyyət, din, sosial ədalət haqqında fikirlərini təhlil etmişdir.
Sonra məruzəçiyə suallar verilmiş, fəlsəfə elmləri doktorları Arzu Hacıyeva, Rafail Əhmədli, fəlsəfə üzrə fəlsəfə doktorları Nicat Məmmədov, Faiq Ələkbərli, Müstəqil Ağayev, Zaur Rəşidov mövzu ətrafında fikir mübadiləsi, müzakirələr aparmışlar.
“Abdulla Şaiqin fəlsəfi dünyagörüşü” mövzusunda elmi seminar keçirilib